Məhkəmə qərarları › İş №2-1(105)-278/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-278/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-278/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(118)-605/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı "xxxx" MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsində öz əksini tapan 189441,40 manat kameral vergi yoxlanılmalı məbləğin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsində öz əksini tapan 189441,40 manat kameral vergi yoxlamalı məbləğinin silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-cı il tarixli **********613500 nömrəli qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 205949,40 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarlarda hesablamaya əsas kimi cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi sətrində öz əksini tapan 8160333,0 manat məbləğ ilə həmin bəyannamənin 1 nömrəli əlavəsinin “Ehtiyatlar” sətrində göstərilən 8468622,60 manat məbləğ arasında 308289,60 manat fərqin yaranması göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində malların təqdim edilməsindən gəlir 8609117,7 manat, gəlirdən çıxılan xərclər 8522587,54 manat, o cümlədən əmək haqqı 12360 manat, MDSS haqları 2711,0 manat, malın dəyəri, yəni alınan neft məhsulları 7414634,03 manat, idxal olunan mallar 1092882,51 manat, bank xidməti üzrə xərclər 1000 manat, mənfəət 86530,16 manat, mənfəət vergisi isə 17306,03 manat bəyan edilmişdir. Bəyannamənin 1 nömrəli əlavəsinin “Ehtiyatlar” sətrində dövr ərzində daxil olan ehtiyatların həcmi 8507516,54 manat (alınan neft məhsulları 7414634,03 manat, idxal olunan mallar 1092882,51 manat) əks etdirilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanının vergilərin hesablanması üçün gətirdiyi dəlil tamamilə əsassız və yanlışdır. Belə ki, qərarda göstərilən göstəricilər vergi bəyannaməsində öz əksini tapan göstəricilərdən fərqlidir. 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən ümumi dövriyyə də mənfəət vergisində göstərici ilə eynilik (ümumilikdə 8609117,7 manat) təşkil edir və həmin dövriyyə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə təsdiq edilmişdir. Bundan başqa cəmiyyətin şəxsi hesab vərəqəsində 202317,16 manat kameral yoxlanılmalı məbləğ mövcuddur. Həmin borcun silinməsi ilə bağlı vergi orqanına müraciət edilsə də, cavabdeh vergi orqanı həmin müraciəti təmin etməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, Vergi Məcəlləsinin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə 198711,17 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********474900 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə dövr üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək dövr üzrə hesablanmış kameral vergi məbləği əsassız olaraq azaldıldığından kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği bərpa edilmiş və yenidən vergi ödəyicisinə 188843,37 manat kameral vergi məbləği üzrə xx.xx.2020-ci il tarixli **********509300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Uçotbaza məlumatlarına əsasən əsas fəaliyyət növü yanacağın topdan satışı olmasına baxmayaraq, e-qaimə faktura üzrə iddiaçının təqdim etdiyi mallarla (dizel, nəqliyyat xərcləri, təbii dolğu çınqılı, qırmadaş (şeben) 5-15 fraksiyalı və s.) e-qaimə faktura üzrə əldə etdiyi və idxal əməliyyatları ilə aldığı mallar (profil, dizel, benzin, müxtəlif tikinti materialları, blaknot, divar saatları, kağızdan çap olunmuş etiketlər və s.) arasında çeşid fərqliliyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndində vergi ödəyicilərinin təqdim etdiyi e-qaimə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab olunur. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(118)-605/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli **********153233 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən cəmiyyət üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2018 - oktyabr 2021 hesabat dövləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən qərar ilə əhatə olunan hesabat dövrü (2019-cu il) təyin edilmiş səyyar vergi yoxlaması ilə də əhatə olunmuşdur. Bu isə o deməkdir ki, səyyar vergi yoxlaması 2019-cu ilin mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğinə yenidən qiymət verəcəkdir. Bu səbəbdən də, hesab edir ki, 2019-cu hesabat ilinin aqibəti səyyar vergi yoxlamasının nəticəsindən asılı olduğundan, hazırkı iş üzrə iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddianın və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası izah edir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(118)-605/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi tələbinə iddia ərizəsi geri götürülmüş hesab edilsin və bu əsasla 2-1(105)-278/2022 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar