Məhkəmə qərarları › İş №2-1(105)-278/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-278/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-278/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, öhdəliyin icrası haqqında iddia növü, işin araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı dövlət aktı kitabında 6352 nömrə ilə qeydə alınmış Abşeron rayonu 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 3M/816 saylı alğısatqı müqaviləsi əsasında əldə etdiyi və istifadəsində olan 0,0983 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(118)- 815/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət aktı kitabında 6352 nömrə ilə qeydə alınmış Abşeron rayonu 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 3M/816 saylı alqı-satqı müqaviləsi ilə istifadəsində olan 0.10 hektar torpaq sahəsini onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət aktı kitabında 6352 nömrə ilə qeydə alınmış Abşeron rayonu 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 3M/816 saylı alqı-satqı müqaviləsi əsasənda əldə etdiyi və istifadəsində olan 0,0983 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli ЗМ/816 saylı alqı- salqı müqaviləsi ilə 0.10 hektar torpaq sahəsi satılmışdır. Həmin alqı-satqı faktı Dövlət aktı kitabında 6352 nömrə ilə qeydiyyata alınmışdır. Hal-hazırda həmin torpaq sahəsi iddiaçınını faktiki istifadəsindədir. O, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir.Lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdirildiyi (45 m) aşkar edilmişdir. Bundan başqa sənəd üzrə torpaq sahəsi 0.1043 ha göstərilsə də, müayinə baxışı keçirilən zaman 0.0983 ha olduğu müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(118)-815/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Dövlət aktı kitabında 6352 nömrə ilə qeydə alınmış Abşeron rayonu 01 saylı dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 3M/816 saylı alqı-satqı müqaviləsi əsasənda əldə etdiyi və istifadəsində olan 0,0983 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam və ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını 87.7.1-ci maddəsininin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə mübahisə predmetini torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələb təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda iddia tələbinin əsaslılığının yoxlanılması üçün bir sıra iş üçün mühüm əhəmiyyət kəsb edən, işin nəticəsinə birbaşa təsir edən və araşdırılmalı olan hallar mövcud olduğu halda, həmin hallar birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq araşdırılmamışdır. Belə ki, qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranmasının əsası kimi müvafiq alqı-satqı müqaviləsinə istinad etmişdir. Lakin iş materiallarına qeyd olunan müqavilə əlavə edilməmiş, habelə birinci instansiya məhkəməsi tərəfindən özünün xidməti vəzifəsinə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin alqı-satqı müqaviləsinin, habelə onun əsasında verilmiş müvafiq torpağa mülkiyyət hüququna dair Dövlət Aktının müəyyən edilməsi ilə bağlı olan hal araşdırılmamışdır. Başqa sözlə iddia olunan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edə bilən hansı sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Halbuki, qeyd olunan halların aydınlaşdırılması işin halları baxımından mülkiyyət hüququnun yaranmasının əsası kimi çıxış edən ilkin sənədlər olmaqla, həmin sənədlərin mövcudluğunun araşdırılması işin nəticəsinə təsir etməklə, iş üçün əhəmiyyət kəsb edən hal kimi çıxış etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan tərəfindən imtinanı əsası kimi istinad olunan hallardan görünür ki, iddia olunan torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdirilməsi halı qeyd olunmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, hazırki iznibati iş üzrə cavabdeh inzibati orqan müayinə olunan faktiki torpaq sahəsinin 0,025 ha hissəsinin sənəd üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halına istinad etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar işin halları baxımından araşdırlmamış, qeyd olunan uyğunsuzluğun nədən ibarət olması, onun yaranma əsasları, habelə iddia olunan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halının mövcud olub-olmaması, mövcud olduğu halda, bu halın nədən ibarət olması, mülkiyyət hüququna və qanunla qorunan maraqlarına toxuna bilməsi və ya birbaşa təsir ehtimalinin mövcudluğu aydınlaşdırılmamışdır. Halbuki, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə görə araşdırılmalı idi. Həmçinin, indiki halda isə iş üzrə qəbul edilmiş qərarın başqa şəxslərin mülkiyyət hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsirinin olması ehtimalı real mövcud olduğundan, habelə həmin şəxslər müəyyən edilərək, iş üzrə zəruri cəlbetmə və ya aid cəlbetmə qaydasında üçüncü şəxs qimsində cəlb edilməsi il bağlı əsasların mövcudluğu da müzakirə olunmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edə bilən hansı sənədlərin (alqı-satqı müqaviləsi, Dövlət Aktı və digər) mövcudluğu müəyyən edilməli, daha sonra həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni sahibliyində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi halı araşdırılmalı, habelə üst-üstə düşmə halı müəyyən edildiyi halda, həmin torpaq sahəsinin sahibləri (mülkiyyətçi və ya qanuni sahibi) olan şəxslər müəyyən edilməklə, onların iş üzrə zəruri cəlbetmə vəya adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi əsasları müzakirə edilməli, qeyd olunan hallar işin halları baxımından araşdırılmalıdır. İşə təkrar baxan birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının iş üzrə hüquqi mövqeyini nəzərə almaqla, yuxarıda qeyd olunan halları araşdırmalı, bu çərçivədə müvafiq sənədləri tələb etməli, həmçinin, həmin sənədləri işin halları baxımından iş üzrə digər sübutlarla birlikdə İPM-in 12.1-ci maddəsinin tələblərinə riayət eidlməklə qiymət verməli,iş üzrə digər şəxslərin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinin əsasları müzakirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(118)-815/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı dövlət aktı kitabında 6352 nömrə ilə qeydə alınmış Abşeron rayonu 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 3M/816 saylı alğısatqı müqaviləsi əsasında əldə etdiyi və istifadəsində olan 0,0983 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar