Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-278/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əhmədov Elman Məmməd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3034/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. 184256 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1980-ci illərdə Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil almışdır. İddiaçıya məxsus ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983xx.xx.1986-cı illərdə qazanxana sexində, xx.xx.1986 - xx.xx.1986-cı İlərdə “Rossiya”, xx.xx.1986-xx.xx.1987-ci İllərdə 2 saylı “Aqrosənayetikinti”də, xx.xx.1987-xx.xx.1987-ci il “Ninzenksiy” sovxozunda, xx.xx.1987-xx.xx.1988-ci və xx.xx.1988-xx.xx.1989-cu illərdə Tramkombinatda, xx.xx.1989-xx.xx.1998-ci illərdə Boruprokat zavodunda, xx.xx.1999xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə işləmişdir. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989cu il tarixdə Azərbaycan Boruyayma zavodunun mexaniki alət sexinin dəmirçi-qazanxana sahəsində qazla kəsici peşəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə həmin sexdə əl ilə elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1999-cu ildə Mexaniki Təmir sexində avadanlıqların əl ilə elektrik qaynaqçısı briqadasına elektrik əl qaynaqçısı peşəsinə keçirilmiş və xx.xx.2002-ci il tarixində qanunvericiliyin tələblərinə əməl olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1999cu il tarixindən xx.xx.2002-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə “Azərboru" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. SOCAR Etilen Polietilen zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 24 fevral 1983-cü il tarixindən 28 mart 1986-cı il tarixinə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir" zavodunun qazan-qaynaq sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş XXXİİİ bölməsinin 23200000-19906 şifrinə əsasən 2 saylı Siyahı üzrə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqəşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisastexniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 3-17-1/2-M-77258/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi ümumi iş stajının 25 ildən az, cəmi 23 il 8 ay 8 gün olması göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun təhsil müddəti də nəzərə alınmaqla (23 il 8 ay 8 gün + 2 il 10 ay 19 gün) 26 il 6 ay 27 gün ümumi əmək stajı, 12 il 8 ay 4 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 10 ay 19 gün) Ermənistan SSR-də 16 saylı orta ixtisas-texniki məktəbində təhsil almışdır. Cavabdeh qanunsuz olaraq onun təhsil müddətini ümumi iş stajına daxil etməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixədək təhsil müddətidə nəzərə alınmaqla ümumi iş stajının 26 il 06 ay 27 gün, güzəştli iş stajının isə 12 il 08 ay 04 gün olmasını əsas gətirərək ona 60 yaşdan, yəni xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğu qeyd etmişdir. İddiaçı daha əvvəl xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-77258/2023 nömrəli məktubla iddiaçının kifayət qədər ümumi iş stajının olmadığını bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 8 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı İl, xx.xx.1986xx.xx.1987-ci İl, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə 2 il 9 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26991.19 manat təşkil edir. Qanunvericilik normaların qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən sosial sığorta stajı 25 ildən azdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3034/2023 qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçınnı müraciətinə və inzibati icraat materiallarına iddiaçının 1977-1980-ci illərə aid təhsil barədə diplomu təqdim edilsə də, cavabdeh həmin dövrü onun ümumi iş stajına daxil etməmişdir. Cavabdeh tərəfindən təhsil müddəti də iddiaçının ümumi iş stajına daxil edildikdə iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququnun təyin edilməsi üçün üç şərt ödənilməlidir: qanunvericiliklə müəyyən edilmiş yaş həddi; 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 il olması; 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, İddiaçı tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (23 il 8 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.1999-30.11,1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006- 2022-ci illər üzrə 2 il 9 ay)) təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26991.19 manat təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisastexniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının malik olduğu ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının pensiya təminatına imkan verən məbləğdə olmaması halına istinad edərək, iddiaçı barəsində güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir, habelə cavabdeh tərəfindən iddiaçının təhsil aldığı dövr ümumi iş stajına daxil edilməmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Cavabdeh iddiaçıya münaisbətdə 23 il 8 ay 8 gün iş stajına malik olmasını, habelə qanunla müəyyən edilmiş 12 il 6 ay güzəştli iş stajına malik olması halını qəbul edir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hərbi xidmətdə olduğu dövr (2 il) və təhsil aldığı dövrlər (3 il) təşkil edir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının təhsil aldığı dövr 3 il təşkil etməklə, ona dair sənəd (diplom) mövcud olmuşdur. Cavabdeh tərəfindən isə həmin hal ümumi iş stajının hesablanması zamanı nəzərə alınmamışdır. Bu hal isə qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçının təhsil aldığı müddət onun ümumi iş stajına daxil olan müddət kimi qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə cavabdehin imtina əsasları qanunazidd olmuşdur. Göründüyü kimi indiki halda iddiaçıya münasibətdə təhsil aldığı dövr hal nəzərə alındığı halda, onun malik olduğu ümumi iş stajının müddəti (cavabdeh tərəfindən mübahisələndirilməyən dövr 23 il 8 ay 8 gün + 3 il təhsil müddəti) qanunla tələb olunan 25 il sığorta stajı müddətindən artıq təşkil edir. Həmçinin, məhkəmə kollegiyası qanunla tələb olunan digər şərtlə bağlı onu qeyd edir ki, cavabdeh iddiaçının qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olduğunu qəbul edir. Eyni zamanda həmin hal iş materiallarında olan işəgötürənlər tərəfindən təqdim edilmiş arayışlarla da öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan güzəştli iş stajı barədə arayışların məzmunundan görünür ki, iddiaçı 24 fevral 1983-cü il tarixdən 28 mart 1986-cı il tarixə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexində elektrik qaynaqçısı peşəsində işləmiş, həmin peşə müvafiq siyahı üzrə XXXİİİ bölməsinin 2300000-19906 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Digər arayışın məzmunundan görünür ki, xx.xx.1989-cu il tarixdə Azərbaycan Boruyayma zavodunun Mexaniki Alət sexinin dəmirçi-qazanxana sahəsində qazla kəsici peşəsinə qəbul olunmuş, xx.xx.1990-ci il tarixdə həmin sexdə əl ilə elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1999-cu ildə Mexaniki Təmir sexində avadanlıqların əl ilə elektrik qaynaqçısı briqadasına elektrik əl qaynaqçısı peşəsinə keçirilmiş və xx.xx.2002-ci il tarixdə əmək müqvailsinə xitam verilmişdir, işlədiyi müddətdə xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur, qeyd edilmiş peşələr müvafiq siyahı üzrə 33-cü “Ümumi peşələr” bölməsinin “qaz qaynaqçıları” (23200000-11620), “əl ilə elektrik qaynaq aparan elektrik qaynaqçıları” (23200000-19906) peşələri ilə eynilik təşkil edir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün zəruri şərtlər mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Göründüyü kimi, qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün mütləq şərt kimi pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının olması tələb olunmur. Bu baxımından cavabdeh tərəfindən imtina, etiraz və şikayətin dəlili kimi həmin hala istinad edilməsi formal xarakter daşımaqla, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət veirlmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin (Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tələbi nəzərə alınmaqla, iddia tələbinin keçmiş müddət üçün ödənilməyən pensiya məbləğinin ödənilməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3034/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-278/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-278/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver