Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-279/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndələri X5 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2-1(118)-131/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri 25-ci məhəllə ünvanında 1.104 hektar torpaq sahəsi 24.07.2007-ci il tarixdə MH 00111159 nömrəli çıxarışa əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 2013-cü il tarixdə satılarkən məlum olmuşdur ki, 0.204 ha hissəsi zəbt edilmişdir. 0.81 ha hissəsi alqı-satqı ilə özgəninkiləşdirilmiş, qalan 0.204 ha hissəsi bu günədək cavabdehin sifarişi əsasında inşa edilmiş çoxmərtəbəli mənzillər tikilərkən zəbt edildiyindən istifadəsi mümkünsüz olmuşdur. Bununla əlaqədar bu günədək edilən müraciətlər nəticəsiz qalmış, aidiyyəti qurumlar tərəfindən heç bir kompensasiya ödənilməmiş, zəbt olunmuş formada qalmaqdadır. Müraciətlərə cavab olaraq bildirilmişdir ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi 2011-ci il tarixdə Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmişdir. Ziyanın ödənilməsi ilə əlaqədar Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də bu günədək heç bir nəticə verməmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixdə 80 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın 4.3.5.11-ci yarımbəndi ilə Quba-Xaçmaz iqtisadi rayonu ərazisində mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri çərçivəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba Rayon İcra Hakimiyyətinə 10 mart 2010-cu il tarixdə 14/30-106 nömrəli məktubla müraciət etmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı 24 avqust 2010-cu il tarixdə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə” 136 nömrəli sərəncam imzalamışdır. Sərəncamın 1-ci hissəsində Nazirliyin müvafiq məktubu, 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə X3, Quba Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, ayrılmış torpaq sahəsi göstərilməklə şəhərin yerquruluşu planından çıxarışı nəzərə alınmaqla, Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0.3 hektar torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qeyd edilmişdir. Həmçinin, Quba bələdiyyəsinin 25 avqust 2010-cu il tarixdə “Quba şəhərində mədənisosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 47/02 nömrəli X2 tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunlarına müvafiq olaraq Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 1266/2 saylı məktubu nəzərə alınaraq, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2 üç min) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X3 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlamış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Göründüyü kimi Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlil və şəhid ailələri üçün Quba rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binasının yerləşdiyi ərazi Nazirlik tərəfindən zəbt edilməmiş və İddiaçı mənsub olduğu qeyd edilən ərazinin əvəzinə tələb etdiyi maddi təminat Nazirliyə qarşı yönələ bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(118)-131/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov) Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddianı mümkün hesab etməyən birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində yaşayış binasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inşa etməsinə baxmayaraq, həmin torpaq sahəsinin ayrılması haqqında sərəncam Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq yaşayış binasını inşa etdikdən sonra həmin binanı Quba Rayon İcra Hakimiyyətinin balansına vermişdir. Halbuki, iş materillarından görünür ki, ümumiyyətlə torpaq sahəsi icra hakimiyyəti deyil, bələdiyyə tərəfindən icra hakimiyyətinin müraciəti əsasında ayrılmışdır. İkincisi ayrılan torpaq sahəsinin ölçüsündə hər hansı zəbt yoxdur, üzərində sifarişçi olan cavabdehin sifariş etdiyi tikilinin iddiaçının torpaq sahəsinə girməsi nəticəsində zəbt yaranmışdır. Sifarişçi olaraq cavabdeh bu hadisəyə görə kompensasiya ödəməli olduğu halda bundan yayınır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər, üçüncü şəxs Quba Bələdiyyəsi 04 may 2021-ci il tarixli, 417 saylı məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2-1(118)-131/2021 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçı ərizəsində mülkiyyətində olan torpaq sahəsinin 0.81 ha hissəsini alqı-satqı ilə özgəninkiləşdirdiyini, qalan 0.204 ha hissəsinin isə cavabdehin sifarişi əsasında inşa edilmiş çoxmərtəbəli mənzillər tikilərkən zəbt edildiyini bildirərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsində yaşayış binasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilməsinə baxmayaraq, həmin torpaq sahəsinin ayrılması haqqında sərəncamın Quba Rayon İcra hakimiyyəti tərəfindən verildiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşayış binası inşa edildikdən sonra həmin binanın Quba Rayon İcra Hakimiyyətinin balansına verildiyinə istinad edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyini iddiaya cavab verməli olmayan cavabdeh hesab etmiş və bu əsasla ddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianı mümkünsüz sayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İlk öncə kollegiya qeyd edir ki, iddiaçı, ərizəsində mülkiyyətində olan 1.014 ha torpaq sahəsinin 0.81 ha hissəsini satdığını, mülkiyyətində qalan 0.204 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, iş materiallarına alqı-satqıdan sonra iddiaçıda qalan 0.204 ha torpaq sahəsina dair sonuncunun mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə edilməmiş və birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal araşdırılmamışdır. Belə ki, iddiaçı məhkəməyə alqı-satqıdan əvvəlki çıxarışın sadə kserosurətini təqdim etmiş, təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 001 saylı çıxarışa əsasən, Quba şənəri, 25-ci məhəllə ünvanında yerləşən 1.014 ha torpaq sahəsi 24.07.2007-ci il tarixdə mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Digər tərəfdən cavabdeh iddiaya dair münasibətində X3na əsasən, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün Quba şəhərinin 25-ci məhəlləsində 0.3 hektar torpaq sahəsi ayrıldığını və Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 136 nömrəli sərəncamı ilə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verildiyini bildirsə də, nə torpağın ayrılması barədə Bələdiyyənin qərarı, nə də tikintiyə icazə verilməsi barədə İcra Hakimiyyətinin sərəncamı iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı ərizəsində və apelyasiya şikayətində Bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması zamanı deyil, məhz cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinə binanın tikintisi həyata keçirilərkən ona məxsus torpağın zəbt edildiyini və nəticədə ziyan vurduğunu bildirsə də, birinci instansiya məhkəməsi qeyd edilən xüsusatı ümumiyyətlə araşdırmamış, İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipini pozmuşdur. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Odur ki, işə təkrar baxılarkən işin sadalanan xüsusatları, iddiaçının subyektiv hüququnun, yəni mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi faktının mövcudluğu, zəbt faktı olduğu təqdirdə bunun Bələdiyyə tərəfindən tikinti üçün torpaq sahəsinin ayrılması zamanı və yaxud cavabdeh tərəfindən yaşayış binasının inşası zamanı yaranması müəyyən edilməli, zəruri olduğu təqdirdə bununla bağlı mütəxəssis rəyi alınmalı və yalnız bundan sonra iddianın mümkünlük şərtlərinə qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2-1(118)-131/2021 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(105)-279/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-279/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver