Məhkəmə qərarları › İş №2-1(105)-279/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-279/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-279/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Abşeron-Xızı regional filialına qarşı 04.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(118)-1711/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. İddiaçıya ümumi xəstəlik səbəbindən (diaqnoz: ikitərəfli anadan gəlmə bud çanaq oynağının çıxığı və s.) üçüncü dərəcəli əlliliyi ƏƏSMN-nin TSEK tərəfindən 04.04.2019-ci il tarixdə müəyyən edilmişdir.

2. İddiaçının X2 16.02.2021-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı 26.07.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdehin 10.08.2021-ci il tarixli, **********0 nömrəli məktubunda TSEK tərəfindən iddiaçının sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən qərarı 04.04.2019-cu il tarixdən verildiyi üçün (18 yaşdan) ona ailə başçısını itirilməsinə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat İmtina ilə razılaşmayan iddiaçı 12.08.2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2000-ci il tarixdən “anadangəlmə ikitərəfli budçanaq oynağının çıxığı, hər iki budçanaq oynağının artrozu, konturakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli animiya” xəstəliyinin daşıyıcısı olması faktının təsdiq edilərək ona 04.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək 04.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2000-ci ildə anadan olmuşdur. “Anadangəlmə ikitərəfli budçanaq oynağının çıxığı, hər iki bud-çanaq oynağının artrozu, konturakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli animiya” xəstəliyindən əziyyət çəkir. Ona 04.04.2019-cu ildə yuxarıda qeyd edilən xəstəliyə görə müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. X2 16.02.2021-ci ildə vəfat etmişdir. Anadangəlmə yuxanda qeyd edilən xəstəlikdən əziyyət çəksə də, ona xəstəliklə əlaqədar müavinət təyin edilməmişdir. O, həmin həmin xəstəliyə anadangəlmə tutulsa da, əlilliyə görə pensiya 18 yaşı tamam olandan sonra təyin edilmişdir. Sözügedən xəstəliyin daşıyıcısı olmasını tibbi sənədlər təsdiq edir. Məsələ ilə əlaqədar AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 savlı Reqional Ərazi Filialına müraciət edərək, anadan olan tarixdən yəni, xx xxxx 2000-ci il tarixdən “Anadangəlmə ikitərəfli budçanaq oynağının çıxığı, hər iki bud-çanaq oynağının artrozu, konturakturası. ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiysının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defısitli animiya" xəstəliyinin daşıyıcısı olması faktının təsdiq edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi xahiş olunmuşdur.

Cavabdehin etirazının dəlilləri

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya əlillik ilkin olaraq 04.04.2019-cu il tarixdə təyin edilmişdir. Həmin tarixdə iddiaçının yaşı 18-dən çox (xx.xx.2000-ci il təvəllüdlüdür) olmuşdur. İddiaçının ailə başçısını itirməyə görə pensiya alması üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli idi. Bundan əlavə, iddiaçının üçüncü dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçıya ilkin olaraq 04 aprel 2019-cu il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özüözlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə”, yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab edilməsinə əsas vermir. Həmçinin bu iddia ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14.09.2021-ci tarixli 2-1(102)-1123/2021 nömrəli qərarı mövcuddur. Qərarda qeyd olunmuşdur ki, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə baqlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(118)-1711/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi 2019-cu ildə, yəni 18 yaşı çatandan sonra müəyyən edildiyindən yuxarıda qeyd olunan normaların məzmunu ona da şamil edilməlidir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı sağlamlıq imkanlarının uşaqlıqdan məhdud olmasını güman etdiyi halda əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin əvvəlki tarix kimi göstərilməsini tələb edə bilər.

10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. İddia ərizəsində göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, iddiaçının bütün xəstəlik kağızlarında, eləcə də əlilliyinin müəyyən edilməsi barədə cavabdeh orqanın qərarında da qeyd edilmişdir ki, bu xəstəliklər anadangəlmə olmuşdur, yəni bu xəstəliklər sonradan (18 yaşdan sonra) qazanılmamışdır. Buna baxmayaraq məhkəmə öz qərarını əsaslandırmaq üçün göstərmişdir ki, “bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin anadangəlmə sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir”. İddiaçı hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə səhvdir və həm tibb elminə, həm bu barədə olan komissiyanın rəyinə, eləcə də qeyd edilmiş maddi normaların məna, məzmun və tələblərinə ziddir. Belə ki, tibbi sənədlərdə, eləcə də cavabdeh orqanın komissiyasının rəyində onun xəstəliyinin “anadangəlmə” olması birbaşa göstərilmişdir. Belə olan halda onun əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsi heç də bu xəstəliyin sonradan (18 yaşı tamam olandan sonra) qazanılmış xəstəlik olması qənaətinə gəlinməsi üçün əsas deyildir. Onun xəstəliyi anadangəlmə olmuş, bu xəstəlik anadangəlmə əlilliyini təsdiq edir, sadəcə olaraq həmin əlillik rəsmi olaraq 18 yaşdan sonra rəylə təsdiq edilmişdir. Ona görə də o, 18 yaşadək əlilliyi olan şəxs hesab edilməlidir və iddiası da bu əsasla təmin edilməlidir. Belə ki, onun sağlamlıq imkanlarının məhdudluğu 19 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, anadan olduğu tarixdən mövcud olduğundan, həmçinin o anadan olandan atası ölənə kimi onun maddi yardımı, təminatı ilə dolandığından, indi isə sağlamlıq imkanı məhdud şəxs olduğu üçün cavabdehin üzərinə iddia ərizəsində göstərilən öhdəliyin qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

12. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək atasının vəfat etdiyi 16.02.2021-ci il tarixdən başlayaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının ərizəsi icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: ... 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

17. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın cıəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

19. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluqunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyqun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iddiaçının 18 yaşına çatandan sonra, yəni 04.04.2019-cu ildə xəstəliyə görə müddətsiz 3-cü dərəcəli əlillik təyin edilməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, iddiaçı onun əlilliyinin anadangəlmə olmaı əsası ilə ailə başçısı olan atasının vəfatına görə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtinasında və etirazında iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs olmadığını, əlilliyini 18 yaşdan sonra əldə etdiyini, iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan subyektlərin sırasına aid olmadığını bildirmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün ilk növbədə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2 -ci maddəsinin tələbləri mövcud olmalıdır.

26. Hazırkı qərarın 19-21-ci bəndlərində sadalanan qanunvericilik aktlarına görə şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Belə ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

27. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.

28. Oxşar işlər üzrə Ali Məhkəmənin qərarlarında əks etdirilmiş hüquqi mövqeyə əsasən tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" sözləri ilə ifadə olunması (hazırkı halda iddiaçıya aid sənəddə “ikitərəfli anadan gəlmə bud çanaq oynağının çıxığı” qeyd edilməsi) avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.

29. Beləliklə, istinad olunan qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz.

30. Buna görə də hazırkı iş üzrə iddiaçının sağlamlıq imkanlarının məhdudluğu 04.04.2019-cu il tarixində (18 yaşı tamam olduqdan sonra) qəbul edilmiş TSEK qərarı ilə müəyyən olunduğundan, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bu səbəbdən cavabdehin iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı imtinası, eləcə də birinci isntansiya məhkəməsinin məhkəmələrin iş üzrə gəldiyi nəticələ qanuni və əsaslı olmuşdur.

31. Birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq göstərmişdir ki, iddiaçı sağlamlıq imkanlarının uşaqlıaqdan məhdud olmasını güman etdiyi halda əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin əvvəlki tarix kimi göstərilməsini tələb edə bilər. Belə ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini, həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(118)-1711/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar