Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-28/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (əvvəlki adı:DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004-cü il tarixdə verilmiş JN-234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2- 1(118)-275/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004-cü il tarixdə verilmiş JN-234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004-cü il tarixdə verilmiş JN- 234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə iddiaçının mərhum həyat yoldaşı X2 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququ AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən dövlət torpaq reyestri kitabında qeydə alınmış və onun adına 30 iyun 2004-cü il tarixli JN-243F KOD 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhumla birgə nikahda olduğu dövrdə əldə etdikləri 0,10 ha torpaq sahəsinə dair 30 iyun 2004-cü il tarixli JN-243F KOD 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Çıxarışın verilməsi barədə iddiaçının müraciətinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-275/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004-cü il tarixdə verilmiş JN-234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-275/2021 nömrəli qərarından cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir”. X1 məxsus Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair şəhadətnamə barədə məlumatlar 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmamışdır və mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın xx.xx.2019-cu il tarixində qəbul edildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Qeyd olunduğu kimi mübahisələndirilən JN-243F (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-275/2021 nömrəli qərarının ləğv edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-275/2021 nömrəli qərarı “ DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004cü il tarixdə verilmiş JN-234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi”nin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilməli, iddianın təmin olunmasına dair qərar çıxarılmalıdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun” 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində isə mübahisələndirilən torpaq sahəsinə dair “mülkiyyət hüququnun” X1 məxsus olmasının qeyd olunmasında texniki səhvə yol verilərək, məhz “mülkiyyət hüququnun” mərhuma məxsusluğu göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respubkikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC – yə Quba sovxoz-texnikumu Aqrar İslahat Komissiyasının 17 fevral 2000-ci il tarixli, 14 saylı qərarının mətninin “Qərar” hissəsinin 2ci bəndində göstərilən “Təsərrüfatın torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı təsdiq edilsin” nəticəsinə istinad olaraq göstərilən siyahının rəsmi qaydada təsdiq edilmiş surətinin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı sorğu göndərilmişdir. Həmin verilən sorğuya cavab olaraq bildirilmişdir ki, Quba rayonu, Alekseyevka İƏD ərazisinə daxil olan kəndlər üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında mərhum X4 və İddiaçı adları aşkar edilməmişdir. Quba rayonu, Alekseyevka kəndi üzrə həyətyan torpaq sahəsinə dair subyektlərin siyahısında 243-cü sırada (JN- 243F kod ********) heç bir vətəndaşın adı qeydə alınmamışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 adına verildiyi qeyd olunmuşdur. Torpağın mərhum N.İddiaçı dövlət aqrar islahat komissiyasının qərarı əsasında əldə etməsi DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş şəhadətnamə ilə təsdiq edilir. Həmin şəhadətnamənin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında qeydə alınmaması barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funksiyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnu məhdudlaşdırmamalıdır. Yuxarıda qeyd olunduğu kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(118)-275/2021 nömrəli qərardadına əsasən müəyyən olunur ki,cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə iddiaçıya imtina cavabı 26 noyabr 2019-cu il tarixdə verilmiş,iddiaçı tərəfindən iddia ərizəsi isə 07 sentyabr 2020-ci il tarixdə qaldırılmışdır. İddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək,həmin imtina cavabını aldıqdan sonra Covid-19 xəstəliyi ilə bağlı pandemiya başladığından və imtina cavabında məhkəməyə müraciət etməklə hüququnun olmasının qeyd edilmədiyini və iddiaçının pandemiya və tətbiq edilmiş karantin rejimi ilə əlaqədar məhkəmələrin işləmədiyini düşündüyünü izah edərək iddia müddətinin bərpa olunmasına dair qərardad çıxarılmasını xahiş etdi. Bununla əlaqədar yuxarıda qeyd olunan birinci instansiya məhkəməsinin həmin qərardadı ilə İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı DTXK-nın Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004-cü il tarixdə verilmiş JN-234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iddia müddəti bərpa edilmişdir. Məhkəmə kollegiyası həmin imtina məktubuna əsasən həmçinin digər əsasla iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Qeyd olunan imtina məktubundan göründüyü kimi iddiaçı cavabdehə əvvəl ünvanladığı məktubda fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir.Həmin məktuba cavab olaraq ərizəçiyə bildirilmişdir ki, “Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə aid JN-243F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.10 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır. Bununla əlaqədar cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Yuxarıda qeyd olunan imtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh həmçinin hazırkı iş üzrə iddia ərizəsində qeyd olunan torpaq sahəsinə dair mərhumun adına Şəhadətnamənin qeyri-qanuni əsaslarla verildiyini mübahisələndirmişdir. Bundan əlavə isə apellyasiya qaydasında baxılarkən iddiaçının mübahisələndirilən torpaq sahəsinin qeydiyyata alınmasına dair cavabdehə ərizə ilə müraciət etmiş,cavabdeh tərəfindən ərizəyə eyni əsasla imtina cavabı verilmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki,hazırkı iş üzrə verilmiş iddia ərizəsi mümkün iddiaya aiddir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 3-cü şəxs qismində işə cəlb olunmasına dair cavabdehin vəsatəti həmin hüquqi şəxs hazırda mövcud olmadığından məhkəmə kollegiyasının protokol qərardadı ilə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-275/2021 nömrəli qərarı dəyişdirilməli və iddianın təmin olunmasına dair qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-275/2021 nömrəli qərarı dəyişdirilsin. İddiaçı iddiası təmin edilsin. DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 iyun 2004-cü il tarixdə verilmiş JN-234F kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka İƏD ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-28/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-28/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver