Məhkəmə qərarları › İş №2-1(105)-28/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-28/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-28/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-493/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçının təqdim etdiyi JN-316, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, həmin dövlət aktı X1 adına Quba rayonu Susay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı ilə Quba rayonu Susay kəndi ərazisindən sahibkarlıq məqsədi üçün satılmış 0,57 ha torpaq sahəsinə dair tərtib olunmuşdur.

2. Quba rayon İcra Hakimiyyəti başçısının 152 saylı, 06 iyul 2012-ci il tarixli sərəncamı ilə C.Abbasova mülkiyyətində olan və rayonun Susay kəndi ərazsində yerləşən 0,57 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə su hovuzlarının və həmin ərazinin 100 kv.m hissəsində qeyri-yaşayış binasının tikintisinin aparılmasına razılıq verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır.

3. İddiaçı cavabdeh X4 qarşı əmlakın qaytarılması tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, 07 dekabr 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə tərəflər arasında 06 dekabr 2018-ci ildə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda olmuşdur: 1.Cavabdeh X7 iddiaçının “İddiaçı 520.000 (beş yüz iyirmi min) manat həcmində maliyyə vəsaiti hesabına, Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X1 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə inşa edilmiş Balıqçılıq təsərrüfatının X7 tərəfindən İddiaçı qaytarılması tələbinə dair iddiasını taç şəkildə qəbul edir bu şərtlə ki, həmin obyektin sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonun Susay kənd sakini X6 icarəyə verilməsinə görə vergi orqanlarına hesabat verib müvafiq vergiləri ödədiyi üçün 3 il müddətinə toplanmış 3600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün özünün xərclədiyi 1400 manat, cəmi 5000 manat pul İddiaçı tərəfindən ona ödənilsin. Gələcəkdə də bu barədə İddiaçı qarşı heç bir tələbi olmayacaq və özündə olan həmin torpaq sahəsinin alınması, tikintiyə icazə verilməsinə dair bütün sənədləri, eskiz layihələrini İddiaçı təhvil vərəcəkdir.

2. İddiaçı da öhdəsinə götürür ki, sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonun Susay kənd sakini X6 icarəyə verilməsinə 3 il müddətinə toplanmış 3600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün X1 xərclədiyi 1400 manat, cəmi 5000 manat pulu ona tam şəkildə ödəyəcəkdir.

3. Bu barışıq sazişi Quba Rayon Məhkəməsinin qərardadı ilə təsdiq olunduqdan sonra X8, Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X1 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin İddiaçı mülkiyyətinə keçməsinə, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin torpaq sahəsi və əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına etirz etmir.

4. İddiaçı yuxarıda qeyd edilən torpaq sahəsi və onun üzərində yerləşən balıqçılıq təsərrüfatı üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması və texniki pasortun hazırlanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan JN-0316 KOD30323018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdehin üzərinə Quba rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(027)- 2743/2018 saylı qərardadını icra edərək, Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2012-ci il tarixli 152 nömrəli sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı yuxarıda istinad edilən sənədlərə və Quba Rayon Məhkəməsinin 2(027)- 2743/2018 saylı, 07 dekabr 2018-ci il tarixli qərardadına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qanuni qüvvədə olan məhkəmə aktını icra etməkdən, bununla da İddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edir və bunun üçün də heç bir rəsmi hüquq normasına əsaslanmır, əksinə bununla bağlı qüvvədə olan hüquq normalarının tələblərini də qəsdən təhrif edir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respubliikası Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qanunun 21.1-ci maddəsinə görə də məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Cavabdehin imtina məktubunda göstərilən "...JN- 316 KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsi, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında da öz əksini tapmaması"na gəldikdə, bu hal qeyd olunan torpaq sahəsinin ayrılması və üzərində də balıqçılıq təsərrüfatının mövcudluğu faktını inkar edə bilməz. C.Abbasova Quba rayonun Susay kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,57 hektar torpaq sahəsinin satılması barədə Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-cİ il tarixli 11 saylı qərarı və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 18 may 2006-cı il tarixli JN : 316 KOD 30323018 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, hazırda qanuni qüvvədə olan hüquqmüəyyənedici sənədlərdir. Həmin sənədlərin dövlət qeydiyyatına alınması, eləcə də İdarənin elektron məlumat bazasında qeyd olunmasının təmin edilməsi də vətəndaşın yox, bilavasitə cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidməti vəzifəsidir. İstinad olunan 8-ci maddədə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 12 əsas sadalanır ki, bunlar da bir-birilə qarışdırıla bilməz və hər biri özlüyündə hüquqların dövlət qeydiyyatı üçün ayrılıqda sərbəst əsaslardır. Bundan başqa dövlət qeydiyyatına alınması tələb olunan obyekt heç də həmin maddələrdə göstərildiyi kimi “çoxmənzilli bina, qeyri-yaşayış binası və hündürlüyü 12 metrdən çox olan yaşayış evi", eləcə də “tikintisinə icazə tələb olunan tikinti obyekti" deyildir. Qanuni qüvvədə olan məhkəmə aktından və iş materiallarından da göründüyü kimi, dövlət qeydiyyatına alınması tələb olunan obyekt balıqçılıq təsərrüfatıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Hazırkı halda hüquqların dövlət qeydiyyatından imtinası üçün cavabdehin əsaslandığı hallar hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi hallarına aid deyildir. Ona görə də cavabdeh DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə Quba rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)-2743/2018 №-li qərardadını icra edərək, Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli İİ saylı qərarı ilə X1 adına verilmiş 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN- 316 Kod 303230018, 1 8 may 2006-cı il) torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulmalıdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-493/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən dövlət aktı ilə qeydiyyata alınmış torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi ilə qeyd edilən dövlət aktı əsasında başqa şəxsə məxsus əmlak həmin əmlakın mülkiyyətçisi tərəfindən iddiaçıya verilmişdir. İddiaçı hal-hazırda sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və yuxarıda qeyd edilən hüquq normalarına görə torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Qərar daha sonra onunla əsaslandırılır ki, qanunvericilikdə balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmadığı və bu halda məlumatlandırma icraatının həyata keçirilməli olması təsbit edilmişdir. Belə olan halda cavabdeh orqanın sözügedən əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tikintiyə icazə sənədinin tələb edilməsi qanunsuzdur. Beləliklə cavabdehin öz imtinasında göstərdiyi dəlillər iddiaçının hüququnun qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barıdə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Şikayətdə imtina məktubunun və Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, 07 dekabr 2018-ci il tarixli qərardadının məzmununa, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına istinad edilməklə göstərilmişdir ki, həmin qərardada əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır. Şikayət daha sonra onunla əsaslandırılır ki, vətəndaş tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunduğu kimi JN-0316 KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” dövlət aktlarının qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bununla da, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin daşınmaz əmlakın faktiki ölçüləri, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Bundan əlavə inzibati işlə bağlı iddiaya qarşı münasibət bildirilməsi ilə bağlı sərəncam, o cümlədən iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır və nəticə olaraq cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməsi mümkün olmamışdır.

12. İddiaçı 28 mart 2023-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinə etiraz və daha sonra isə izahatına əlavə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

14. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, etirazın və izahatına əlavənin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ...8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 2.Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 3.Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 4.Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir (xx.xx.2008-ci il tarixli 666-İİİQD nömrəli Qanunla 12-ci maddənin 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılmışdır.). Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ...yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;

18. İləmAzərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”. 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

22. Belə ki, işin yuxarıda istinad edilən faktiki hallarından müəyyən olunur ki, iddiaçı hüquqmüəyyənedici sənədlər qismində: a) JN-316, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktını; b) Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli Sərəncamını; c) Quba rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(027)-2743/2018 saylı qərardadını cavabdeh inzibati orqana təqdim etməklə 1,57 ha torpaq sahəsi və orada inşa edilmiş balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh yuxarıda göstərilən əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə yuxarıda qeyd edilən məzmunda gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 8.0.4) nəzərdə tutulmuşdur.

24. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi məhkəmə qərardadının məzmunu, habelə apellyasiya baxışı zamanı tələb edilərək öyərnilmiş Quba rayon Məhkəməsinin icraatında olmuş 2(027)-2743/2018 saylı mülki işin materialları əsasında qeyd edir ki, həmin qərardadla mülki iş üzrə tərəflər (hazırkı iş üzrə iddiaçı və JN-316, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı adına olan X7) arasındakı mülki mübahisə yuxarıda qeyd olunan məzmunlu barışıq sazişinin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi ilə yekunlaşmış, qərardad qanuni qüvvəyə minmişdir.

25. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin iş üzrə mübahisə predmeti olmuş torpaq sahəsinin özünün daşınmaz əmlakın dövlət reyesterindəki qeydiyyatının mötəbərliyi qeyd edilən mülki iş üzrə məhkəmə araşdırmasının predmeti olmamış, habelə hazırkı iş üzrə cavabdeh inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin iş üzrə tərəf və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmiş, qərardadda onun üzərinə qeyd edilən torpaq sahəsinin və balıqçılıq təsərrüfatının iddiaçının adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması ilə bağlı vəzifə qoyulmamışdır.

26. Eyni zamanda iş materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və müvafiq sərəncamın cavabdehə təqdim edilməməsi səbəbindən cavabdeh idda ərizəsinə dair etiraz təqdim etməmişdir.

27. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri əsasında aparılmış araşdırma və müvafiq sorğulara verilmiş cavablarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında və apellyasiya şikayətində göstərildiyi kimi, X1 adına olan JN-316, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır.

28. Eyni zamanda "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma nəticəsində X2 adına verilmiş JN-0316 (kod ********) nömrəli Dövlət Aktına dair arxiv və elektron kadastr məlumatları aşkar edilməmişdir.

29. Həmçinin qeyd edilən dövlət aktının verilməsinə əsas olmuş Quba rayonu Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarın arxiv surətinin təqdim edilməsi ilə bağlı sorğulara cavab olaraq X13 Filialı tərəfindən Quba rayonu Susay bələdiyyəsinin heç bir il üçün sənədlərinin X13 filialına təhvil verilmədiyi bildirilmiş, Susay bələdiyyəsinin özünün cavabında isə bələdiyyənin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə X5 ayrılmış 0,57 ha torpaq sahəsinə dair sənədlərin bələdiyyədə müəyyən edilmədiyi qeyd edilmişdir.

30. Beləliklə, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi JN-316, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının mötəbərliyi öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı hər-hansı əlavə hala istinad etməmiş və sübutlar təqdim etməmişdir.

31. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdehin müvafiq torpaq sahəsinin və balıqçılıq təsərrüfatının müayinəsinin nəticəsi olaraq təqdim etdiyi məlumatda sözügedən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında dövlət mülkiyyətində olan köçəri mal-qara düşərgəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü, vətəndaş tərəfindən istifadə olunan torpaq sahəsinin naturada 1.185 ha təşkil etdiyi, torpaq sahəsinin üzərində tikintialtı sahəsinin 228 kv.metr olan anbar və soyunub-geyinmə otağı, 1630.0 kv.metr sahəsi olan balıqçılıq su hovuzu, 117 kv.metr olan hovuz və 39 kv.metr olan gözətçi otağının mövcud olduğu qeyd edilmişdir.

32. İddiaçının nümayəndəsi isə apellyasiya baxışı zamanı məhkəmnin sorğularına cavab olaraq təqdim edilmiş sənədlərlə əlaqədar əlavə olaraq balıqçılıq təsərrüfatının inşa olunduğu torpaq sahəsinin 1.185 ha deyil, 0.82 ha olduğunu bildirərək müvafiq sənədlər, habelə həmin 0.82 ha torpaq sahəsinə dair Quba rayonu Susay bələdiyyəsinin yerquruluşu sxemini təqdim etmişdir. Qeyd edilən sxemdən də görünür ki, mübahisəli torpaq sahəsi “mal-qara düşərgəsi” kimi şərti işarələnmiş ərazidə yerləşir.

33. Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarına əsasən mal-qara düşərgələrinin torpaqları kənd təsərrüfatı təyinatlı torpalar kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olan torpaqlara daxildir. Belə olan halda isə Quba rayonu Susay bələdiyyəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olan həmin torpaq sahəsini satmaq hüququ olmamışdır.

34. İşin yuxarıda qeyd edilən halları, habelə təqdim edilmiş JN-316, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin Dövlət aktının verilməsinə əsas olmuş bələdiyyə qərarının arxiv əsasları olmadığından iddia tələbi müvafiq torpaq sahəsinə dair hissədə, habelə qeyd edilən torpaq sahəsində inşa edilmiş balıqçılıq təsərrüfatına münasibətdə isə iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından təmin edilməməlidir.

35. Kollegiya balıqçılıq təsərrüfatı üzərində na münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçının da istinad etdiyi xx.xx.2013-cü ildən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi məhz mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində olan balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Quba rayon İcra Hakimiyyəti başçısının C.Abbasova balıqçılıq təsərrüfatının yaradılması məqsədilə su hovuzlarının və həmin ərazinin 100 kv.m hissəsində qeyri-yaşayış binasının tikintisinin aparılmasına razılıq verilməsi barədə sərəncamı isə 06 iyul 2012-ci il tarixlidir. Bundan əlavə, iddiaçının təqdim etdiyi müvafiq balıq yetişdirmə təsərrüfatının işçi planında balıqyetişdirmə hovuzları ilə yanaşı ölçüləri 8x12 olan əsaslı tikili və 6x18 olan talvar da nəzərdə tutulmuş, müayinə zamanı isə tikintialtı sahəsi 228 kv.metr olan anbar və soyunub-geyinmə otağı və 39 kv.metr olan gözətçi otağının mövcud olması müəyyən olunmuşdur

36. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

38. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-493/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar