Məhkəmə qərarları › İş №2-1(105)-28/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-28/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-28/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-269/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı məxsus 30 iyul 1968-ci il tarixli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1968-ci tarixdən xx.xx.1970-ci il tarixədək və xx.xx.1972-ci tarixdən xx.xx.2002-ci il tarixədək İxtisaslaşdırılmış “Sənayemexanizasiya” 2 nömrəli X1 İdarəsində (hazırkı “Azərsənayetikinti” SC) çilingər işləmişdir. X6 Heyətinin 01 mart 1989-cu il tarixli, 1 nömrəli iclas protokoluna əsasən İddiaçı “Polimer” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmiş və ona 340 nömrəli bağ sahəsinin ayrıldığı qeyd edilmişdir. Ayrılmış 340 nömrəli bağ sahəsi Sumqayıt şəhərinin “Yaşma” ərazisində “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində göstərilmişdir. “Polimer” bağçılıq yoldaşlığı tərəfindən iddiaçıya 38 nömrəli üzvlük kitabçası verilmiş və həmin sənəddə onun bağçılıq cəmiyyətinə 1986-cı ildə qəbul edildiyi qeyd edilmiş, həmçinin, yoldaşlığın adlı siyahısından çıxarışda iddiaçının adı (340 nömrəli bağ sahəsi) göstərilmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə və publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, “Polimer” Bağçılıq Yoldaşlığının 340 nömrəli bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********32 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtinanı onunla əsaslandırılmışdır ki, iddiaçıya və o cümlədən, həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş “Polimer" bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıqyoldaşlığı üzvlərinin siyahısı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, qeyd olunan bağçılığa dair arxiv sənədləri aidiyyəti üzrə təhvil verildikdən və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin asillərini ərizəyə əlavə etdikdən sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhərinin “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş 340 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 İdarə Heyətinin xx.xx.1989-cu il tarixli 1 saylı protokol qərarına əsasən iddiaçı bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunmuş və “Yaşma” bağlar massivində yerləşən 340 saylı bağ torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin vaxtdan sözügedən bağ sahəsi onun icarə və istifadəsindədir. 340 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb çıxarış verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh ona ünvanladığı məktubda bağçılıq yoldaşlığı üzvlərinin siyahısının Ərazi İdasinə təhvil verilmədiyini əsas gətirərək ərizəsini təmin etməmişdir. İddiaçı bağçılıq toldaşlığının adlı siyahısından çıxarışı cavabdehə təqdim etmişdir. Hesab edir ki, X3 arxiv sənədlərinin vaxtında cavabdehə təqdim edilməməsi iddiaçının günahı deyildir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına uyğun olaraq müvafiq bağ sahələrinə dair arxiv sənədlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunması üçün aidiyyəti üzrə göstəriş verilməsi barədə Sumqayıt Şəhər icra Hakimiyyəti başçısına Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 noyabr 2020-ci il tarixli **********97 nömrəli məktub göndərilmişdir. Odur ki, arxiv sənədləri təqdim olunduqdan sonra sözügedən ərazilərdə yerləşən bağ sahələri üzərində hüquqların qeydiyyata alınması ilə bağlı müraciətlərə qanunamüvafiq qaydada baxılacaqdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-269/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X6 Heyətinin 1 saylı Protokolundan 01 mart 1989-cu il tarixli çıxarış 1989-cu il tarixə aid olsa da, üzərindəki möhür və protokoldan görünür ki, çıxarış latın əlifbası ilə yazılmış, sənədin verilmə tarixi isə göstərilməmişdir. Göründüyü kimi iddiaçının bağ sahəsi ilə bağlı sənədləri qanunvericiliyin tələblərinə uyğun deyil, eyni zamanda ona və o cümlədən, həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş “Polimer" bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı cavabdeh orqana təhvil verilməmişdir. Bu isə ümumilikdə həmin ərazidə yerləşən bağ sahələri ilə bağlı sənədlərin olmadığını və ya müvafiq quruma təhvil verilmədiyini göstərir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, X5 təhkim edilmiş bağ sahələrinin əksəriyyəti dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1989-cu ildə Sumqayıt şəhərində idarə, müəssisə və təşkilatlara torpaq sahəsi paylanılan zaman püşkatma yolu ilə iddiaçıya verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi yerləşən ərazi bağçılıq ərazisidir. “Polimer” bağçılıq yoldaşlığının adlı siyahısından çıxarışda adları göstərilən şəxslərdən yalnız bir nəfərə ayrılmış bağ torpaq sahəsinə dair onun adına reyestrdən çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhərinin “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş 340 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır (Qanunun 8.0.7-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi 1986-cı il tarixli, 38 nömrəli “Polimer” bağçılıq yoldaşlığının üzvlük kitabçası, X6 Heyətinin 01 mart 1989-cu il tarixli, 1 nömrəli iclas protokolu və s. sənədlərə istinad edərək mübahisəli torpaq sahəsinin ona Sumqayıt 2 nömrəli Trestdə işlədiyi dövrdə “Polimer” bağçılıq yoldaşlığı tərəfindən 340 saylı bağ sahəsi kimi ayrıldığını iddia edir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Qanunun 8.0.7-ci maddəsində göstərilən üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməlidir. Yəni, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və üzvlük kitabçası bağ torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün birgə əsas kimi çıxış edir. Hazırkı iş üzrə cavabdehin imtinasının yeganə dəlili “Polimer" bağçılıq-yoldaşlığı cəmiyyətinin üzvlərinin adlı siyahısının cavabdeh orqana təhvil verilməməsidir. İddiaçı tərəfindən tələbinin əsası kimi təqdim olunan sənədlərin mötəbərliyinin araşdırılması istiqamətində araşdırma aparmadan cavabdehin imtinasını əsaslı sayaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən məhkəməyə Sumqayıt şəhər X9 02 avqust 1988-ci il tarixli, 16 nömrəli iclas protokolunun 9.249.2 nömrəli qərarı təqdim edilmişdir. Həmin qərardan görünür ki, bağçılığı inkişaf etdirmək məqsədilə Sumqayıt şəhərinin idarə, müəssisə və təşkilatlarının bağçılıq yoldaşlıqları arasında Bakı-Rustov magistral yolunun Nasosnu kəndinin arxasında yerləşən 750 ha torpaq sahəsinin bölünməsi aparılmış, qərara əlavə edilmiş siyahıda sadalanan 15 ədəd idarə, müəssisə və təşkilatların bağçılıq yoldaşlıqlarına torpaq sahələrinin ayrılması, həmçinin, ümumi sahəsi 600 kv.m. olan torpaq sahələrinin siyahıda göstərilən müəssisə, idarə və təşkilatların bağçılıq yoldaşlıqlarının hər bir üzvünün müddətsiz istifadəsinə verilməsi qərara alınmış, siyahının 8-ci bəndində iddiaçının həmin dövrdə işlədiyi 2 nömrəli Trestə (“Sənayemexanizasiya” 2 nömrəli X1 İdarəsinə) 29,0 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Həmçinin, iddiaçı tərəfindən də birinci instansiya məhkəməsinə 1986-cı il tarixli, 38 nömrəli “Polimer” bağçılıq yoldaşlığının üzvlük kitabçası, X6 Heyətinin 01 mart 1989-cu il tarixli, 1 nömrəli iclas protokolu, bağçılıq yoldaşlığının adlı siyahısından çıxarış, bağçılıq yoldaşlığına təhkim edilmiş torpaq sahələrinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsindən çıxarışın əsilləri təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçı 1986-cı ildə “Polimer” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilərək ona 340 nömrəli bağ sahəsinin ayrılmış və iddiaçının adı bağçılıq yoldaşlığının adlı siyahısında da göstərilmişdir. Kollegiya hesab edir ki, bağçılıq sənədlərinin cavabdeh orqana təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və iddiaçı tərəfindən təqdim edilən sənədlərdəki məlumatların həqiqiliyini şübhə altına ala bilməz. Bundan əlavə, işə baxan məhkəmə X6 Heyətinin 01 mart 1989-cu il tarixli, 1 nömrəli Protokolunu çıxarışın latın əlifbası ilə yazıldığı və sənədin verilmə tarixinin göstərilmədiyi əsası ilə mötəbər hesab etməmişdir. Halbuki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin özünə təqdim edilən həmin iclas protokolundan çıxarışdan görünür ki, protokolun tarixi 01 mart 1989-cu il tarix olaraq qeyd edilmiş, eləcə də, protokol “Polimer” Bağçılıq Yoldaşlığının sədri tərəfindən imzalanmış və yoldaşlığın möhürü ilə təsdiq edilmişdir. Möhürün latın qrafikalı əlifba ilə yazılması isə kollegiya hesab edir ki, hazırkı halda həmin sənədin qeyri-mötəbər olduğu qənaətinə gəlməyə əsas vermir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən “Polimer” Yoldaşlıq Bağçılığı Cəmiyyətinin idarə heyətinin üzvü X8 ifadəsində bildirmişdir ki, iddiaçının işlədiyi müəssisədə 1989-1990-cı illərdə aparılmış bölgü nəticəsində müəssisəyə verilmiş 76 bağ torpaq sahələrindən biri də iddiaçıya ayrılmışdır. “Polimer” Bağçılıq Cəmiyyətinin ərazisi böyükdür, ümumilikdə, cəmiyyətdə 5 böyük zavod mövcuddur. İddiaçıya məxsus torpaq sahəsi “Polimer İME-2” ərazisində yerləşir. Bununla bağlı şahid tərəfindən məhkəməyə 2 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin X7, habelə bağçılıq təsərrüfatı tərəfindən təsdiq edilmiş Sumqayıt şəhəri Yaşma ərazisində İMİ-2-nin işçilərinə verilən bağ sahələrinin siyahısı təqdim edilmiş, həmin siyahıdan görünür ki, iddiaçının vaxtilə işlədiyi İxtisaslaşdırılmış Mexanizasiya İdarəsi 2nin ümumilikdə 75 nəfər işçisinə Sumqayıt şəhəri Yaşma ərazisindən bağ sahələri ayrılmış, siyahının 35-ci bəndində iddiaçının da adı göstərilmişdir. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Polad” Yaşma bağçılıq cəmiyyəti, “Tikinti materiallarının sənayesi fəhlələrinin həmkarlar ittifaqı”, “Azəryerqurlayihə” İnstitutu tərəfindən təsdiq edilmiş “Sumqayıt şəhərinin müəssisə və təşkilatlarına Yeni Yaşma adlı ərazidə bağçılıq-bostançılıq məqsədilə “Polimer” bağçılıq yoldaşlığına təhkim edilmiş “torpaq sahəsinin planı” sənədindən müəyyən edilir ki, yoldaşlığa ayrılmış torpaq sahələrinin nömrələri və həmin bağ sahələrinin verildiyi şəxslərin adları göstərilmiş, eləcə də, 340 nömrəli bağ sahəsinin qrafasında iddiaçının adı və soyadı qeyd edilmişdir. Apellyasiya baxışı zamanı qeyd edilənlərdən əlavə, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və bununla bağlı məhkəməyə “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 20 avqust 2024-cü il tarixli müayinə (baxış) aktı” təqdim edilmişdir. Həmin sənəddən görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə və faktiki 0,06 ha təşkil edir. Müayinə aktına əlavə edilən orto-foto xəritədən çıxarışdan da torpaq sahəsinin “Polimer” bağçılıq yoldaşlığına təhkim edilmiş ərazidə yerləşdiyi görünür. Beləliklə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması nəticəsində bağçılıq yoldaşlığının üzvlük kitabçası, iddiaçının bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilməsi barədə iclas protokolu, eləcə də üzvlərin adlı siyahısında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilən sənədlərdən görünür ki, iddiaçının da adının qeyd olunduğu “Polimer" bağçılıqyoldaşlığının adlı siyahısından çıxarışda adı göstərilən şəxslərdən X4 ayrılmış 24 nömrəli bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına **********47 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin, kollegiyanın növbəti sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə “Polimer" bağçılıq-yoldaşlığı tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinə dair dövlət reyestrində aparılmış qeydiyyat sənədləri və bu qeydiyyatların aparılmasına əsas olmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, bağçılıq-yoldaşlığı tərəfindən ayrı-ayrı vətəndaşlara ayrılmış 30 nömrəli və 44 nömrəli bağ torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında **********99, **********40 reyestr nömrələri ilə qeydiyyata alınmışdır. Eləcə də, həmin torpaq sahələri vətəndaşların adına hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi ayrılmasına əsas olmuş sənədlər - Sumqayıt şəhər X9 02 avqust 1988-ci il tarixli, 16 nömrəli iclas protokolu, “Polimer" bağçılıq-yoldaşlığının iclas protokolları və üzvlük kitabçası əsasında qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – “Polimer” X6 Heyətinin 01 mart 1989-cu il tarixli, 1 nömrəli Protokolu və 38 nömrəli üzvlük kitabçasına əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-269/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhərinin “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş 340 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar