Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-280/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “04.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 1,37 manat pulun cavabdehdən onun xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(118)-406/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “04.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 1,37 manat pulun cavabdehdən onun xeyrinə tutulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı 12.10.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinin cavabdehin qanun pozuntusu kimi tanınmasını, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 0,67 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə əlavə verərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09.08.2021-ci il tarixli **********4 №-li imzasız məktubunu ona göndərməsi faktını, poçt zərfinin içərisinə köhnə tarixlə məktubunu qoyması hərəkətlərinin məhkəmə tərəfindən cavabdehin qanun pozuntusu kimi tanınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əlillik müddətinin qurtarması ilə bağlı Sumqayıt şəhər 1 saylı poliklinikasından ona aid elektron qaydada göndərilmiş TQS №288 formasına görə nəticə qərarını nazirliyin tabeliyindəki (TSERAS) agentlikdən kağız daşıyıcısında istəsə də, onlardan cavab ala bilmədiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdir. Böyük çətinliklərlə cavab məktubu ala bilmiş, lakin agentliyin 09.08.2021-ci il tarixli cavab məktubu imzasız olduğuna görə və agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olduğuna görə 04.09.2021-ci il tarixli şikayət ərizəsini nazirliyə göndərmişdir. Lakin, bu günə kimi 04.09.2021-ci il tarixli müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 yazılıb: idarə heyətinin tərkibi 4 nəfərdən - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir. İdarə heyətinin vəzifələri aşağıdakılardır: təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək; agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək; agentlikdə daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə bu nizamnamənin 4.11.11-ci yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək. Əlilliyin qiymətləndirilməsi haqqında qərardan şikayət verən vətəndaşın şikayətinə 5 ay keçməsinə baxmayaraq hələ də baxılmayıb. Halbuki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.4-cü bəndinə əsasən şikayət “İnzibati icraat haqqında” qanuna əsasən inzibati qaydada və ya İPM-ə uyğun olaraq məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, şəxs əyani müayinəyə cəlb edilir. İnzibati qaydada verilən şikayətə, Qaydanın 3.5-ci bəndinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Xidmət (hazırda Agentlik) “İnzibati icraat haqqında” qanuna uyğun olaraq baxmalı olduqları halda, hələ də baxmamaları özbaşınalığın məqsədli şəkildə edildiyini ortaya qoyur. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə qaydanın 3.8-ci bəndinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaradılmış komissiyada 15 iş günü müddətində baxılması və sadə səs çoxluğu ilə qəbul edilən qərarların elə həmin gün altsistemə daxil edilməsi də baş verməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsində aşağıdakı kimi vəzifələri yazılıb - öz səlahiyyətləri daxilində nazirliyin strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək. Cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, halhazırda İddiaçı onun təmsil etdiyi təşkilata qarşı əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbinə baxılır. İddiaçının qeyd olunan müraciətlərə cavab qanunvericiliyin tələblərinə uyğun olaraq verilib və heç bir qanun pozuntusuna yol verilməyib. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(118)-406/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının protokoluna dair qeydlərdə yazdığı kimi məhkəmə işi ilə ötəri tanış olmuş, məhkəmə iclas protokolunu oxumaq imkanı verilməmişdir, çünki hakim köməkçisi ona demişdir ki, vaxtı yoxdur və buna görə də, o, məhkəmə iclasının protokolu ilə tanış ola bilməmişdir, protokolu oxumaq üçün şərait yaradılmamışdır, qəbzdə işlə ötəri tanış oldu yazaraq imzalamışdır. Hakim hüquqşünas Günay Musayevaya yardım edərək, son məhkəmə iclaslarını təkrar-təkrar təxirə salmaqda cavabdeh tərəfə cavablandırmanın təkrar-təkrar etməkdə şərait yaradırdı, hətta bu haqda şikayət kimi 17.01.2022-ci il tarixli ərizəsində hakimə yazmışdır. Qərardadın müəyyən etdi hissəsinin ikinci abzasında 12.10.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi məsələsinin məhkəmədən həlli tələbi barədə, yazsanız da, belə bir tələb hazırkı məhkəmə işində yazmamışdır. Cavabdehin cavabının qəbulolunmaz olduğu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 11.01.2022-ci il tarixli ərizəsində və həmin ərizənin bir nüsxəsini hakimə yazmışdır ki, məlumatı vaxtında ona verməməkdə hüquqları pozulmuşdur, zərfin içərisinə köhnə tarixli məktubun qoyulması ilə vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozmasına yol verilmişdir. Korrupsiya ilə mübarizə haqqında qanunun 9.3.8-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Cavabdehin cavabının qəbulolunmaz olduğu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 11.01.2022-ci il tarixli ərizəsində yazmışdır ki, tənəffüs çatmazlığı İİ dərəcəni öz sənədində qəsdən yazılmamışdır. Bu əvvəlki ərizəsindən fərqli olduğundan, hakim cavabdehin nümayəndəsinə öyrətdiyi kimi tələm-tələsik 3 dəfə cavab göndərməklə cavab verməmək hüququnun qazanılması kimi bağlı hesab oluna bilməz, yeni məlumat olduğuna görə vətəndaşların müraciətləri haqqında qanunun tələblərinə əsasən və korrupsiya ilə mübarizə haqqında qanunun tələblərinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən baxılmalıdır. Bu haqda məhkəmə iclasında ətraflı demişdir. Vəsatətinə hakim əhəmiyyət vermədiyindən 29.11.2021-ci il tarixli ərizəsində ona etiraz verdiyi barədə yazmışdır və şifahi olaraq məhkəmə iclasında ətraflı əsaslandırmışdır, çünki bir dəfə ona başqa işdə verdiyi etirazına əsasən məhkəmə işi hakimdən alınaraq, başqa hakimə verilmişdir. Həmin ərizəsində yazılıb ki, daxil olan ərizələrin qeydiyyatı kitabından müraciətinin qeydə alınması vərəqinin möhürlə təsdiqlənmiş surəti (işə tikilməsi üçün) məhkəməyə təqdim edilsin. Əgər elektron qaydada qeydiyyat aparılırsa, belə olan halda kağız daşıyıcısında çapa verilmiş elektron sənədin əsas möhürlə təsdiqlənmiş vəziyyətdə nüsxəsi məhkəmə baxışına təqdim edilsin. Cavabdeh tərəfə məhkəmə baxışında təqdim etmək tapşırmılmışdır. Əgər növbəti məhkəmə iclasına cavabdeh məhkəmə sorğusuna sübutları təqdim etməsə, cavabdehdən sübutları ala bilməsə, belə olan halda etiraz verəcək. Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə əsasən hər müraciətə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməlidir. Cavab vermək o demək deyildir ki, cavabın surəti göndərilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən ərizədə göstərilən məsələyə baxılıb, əsaslandırılmış cavab verildikdə baxılmış hesab oluna bilər, lakin ərizəsinə cavab yox surəti göndərildiyindən cavab verilmiş hesab oluna bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə 17.12.2021-ci il tarixli ərizəsinin ona çatdırılması barədə hökumət portalından sübutu hakimə verərək, ətraflı əsaslandırmağına baxmayaraq, qərardaddan göründüyü kimi protokolda bu haqda heçnə yazılmamışdır, cavablandırmanın sadə yox, sifarişli məktubla göndərilməsini xahiş etmişdir. Məhkəmədə iş gedə-gedə yenə də hüquqlarını pozmaqla 08.01.2022-ci il tarixdə AZ 1100 poçt şöbəsinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin köhnə, yəni 15.12.2021-ci il tarixli **********7№-li məktubu ünvanına göndərilməsi üçün təhvil verilmişdir və 11.01.2022-ci il tarixdə sadə poçt zərfi ilə göndərilmiş məktub ünvanına çatdırılmışdır. Görünür cavabdeh məhkəmədən belə qorxmur, kiməsə arxayındır. Məhkəməyə müraciəti olduğundan, mühüm əhəmiyyət kəsb etdiyindən, sadə yox, sifarişli məktubla cavablandırmaların aparılması xahişinə də əhəmiyyət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun ümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İşdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, onun əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan müraciətə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.08.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktub İddiaçı tərəfindən qəbul edilmişdir. 04 sentyabr 2021-ci il tarixdə İddiaçı yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək məsələsinə yenidən baxılaraq günahkar şəxslərin cazalandırılması barədə məktubla müraciət etmişdir. Həmin məktuba yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 25.10.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Daha sonra eyni məzmunlu məktub 15.12.2021-ci ildə yenidən İddiaçı göndərilmişdir. Hal-hazırda İddiaçı cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli məktubun 30 oktyabr 2021-ci ildə poçt xidmətinə təhvil verilməsini Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 98-ci bəndinə istinad edərək bildirir ki, göndərilən məktublar imzalanan gün poçt xidmətinə təhvil verilməlidir, lakin cavabdeh təşkilat sənədi imzaladıqdan 16 gün sonra (09.08.2021-ci il tarixli məktub 25.08.2021-ci ildə göndərilməsinə istinad edir) həmin sənədi poçt xidmətinə təhvil vermişdir. Bu isə kobud qanun pozuntusu hesab olunmalıdır. Cavabdehin nümayəndəsi isə İddiaçı göndərilən müraciətlərin qanuna uyğun qaydada göndərilməsinə istinad etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respubikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmin Qanunun 10.1-ci və 10.2-ci maddələrinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. İşdən görünür ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən cavab verilmişdir. Bundan başqa, iddiaçının yuxarıda qeyd olunan ərizələrlə müvafiq dövlət orqanlarına müraciət etməkdə hüquqi marağı əlilliyin təyin edilməsi və bununla bağlı sənədlərin alınması ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 28.01.2022-ci il tarixli 2- 1(112)-1780/2022 saylı qərarından çıxarışın surətindən görünür ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsinə” dair iddia tələbi təmin edilmiş, ona üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, hazırkı halda iddiaçının hər-hansı subyektiv hüququnun pozulması müəyyən olunmur. Halbuki, subyektiv hüququn pozulması iddianın mümkünlüyü şərtlərindən biridir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(118)-406/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-280/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-280/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver