Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-281/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı müraciətinə göndərilmiş cavab məktubunun qanun pozuntusu kimi tanınması və s. tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(118)-405/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı 14.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödədiyi 0,57 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29.11.2021-ci ildə iddiaçı iddia tələbinə əlavə verərək, İcbari Tibbi Sığorta Dövlət Agentliyi 30.10.2021-ci il tarixdə SS756464689 ştrix kodlu sifarişli məktub-zərfinin içərisində köhnə tarixli, yəni 05.10.2021-ci il tarixli PHŞ/1-2-2021-23992 nömrəli cavab məktubu qoyaraq ona göndərilməsi faktının məhkəmə tərəfindən qanun pozuntusu kimi tanınması, 14.09.2021-ci il, 17.09.2021-ci il tarixli ərizələrinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinin cavabdehin qanun pozuntusu kimi tanınması, poçt göndərişlərinə görə ödənilmiş pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 18.01.2022-ci ildə iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması və poçt göndərişlərinə görə ödədiyi 0,57 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24.01.2022-ci il tarixində iddiaçı iddia tələbinə sonuncu dəqiqləşmə ərizəsi verərək, İcbari Tibbi Sığorta Dövlət Agentliyi 30.10.2021-ci il tarixdə SS756464689 ştrix kodlu sifarişli məktub-zərfinin içərisində köhnə tarixli, yəni 05.10.2021-ci il tarixli PHŞ/1-2-2021- 23992 nömrəli cavab məktubu qoyaraq ona göndərilməsi faktının məhkəmə tərəfindən qanun pozuntusu kimi tanınması, 14.09.2021-ci il tarixli ərizəsinə və 88 nömrəli formanın müvafiq qaydada göndərilməsində elektron sistemin işləməsi səbəbindən süründürməçiliyə yol verildiyi haqqında 17.09.2021-ci il tarixli “Təkrar” göndərdiyi ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilmədiyinin cavabdehin qanun pozuntusu kimi tanınması, poçt göndərişlərinə görə ödənilmiş 1,34 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sifarişli məktubla 14.09.2021-ci il tarixli ərizəni göndərmişdir. Həmin ərizəsində elektron sistemin işləməməsi səbəbindən sənədlərin müvafiq qaydada göndərilməsi ləngidildiyindən şikayətlənirmiş və yazmışdır ki, ona aid elektron qaydada təkrar göndərdiyi TQS №88 formasının kağız daşıyıcısında olan sənədin surəti məlumat üçün göndərilsin və elektron göndərişin tarixi haqqında məlumat verilsin. Həmin ərizənin daha da bir nüsxəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti alsa da, bu günə kimi cavab verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlara nəzarət etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vəzifəsidir. Cavabdeh təşkilat iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 98-ci bəndinə istinad edərək 05.10.2021-ci il tarixli məktubun ona 30.10.2021-ci il tarixində göndərilməsi zamanı guya pozuntuya yol verildiyini göstərmişdir. Tərəflərindən qanun pozuntusuna yol verilməmişdir. Belə ki, həmin təlimatın 97-ci bəndinin tələblərində qeyd edilib ki, imzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. 98-ci bənddə isə qeyd edilib ki, göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir. Məlum göndərilən sənəd 05.10.2021-ci il tarixində qeydə alınmış, ona çıxış nömrəsi verilmiş və imzalanması üçün təqdim edilmişdir. Bunu sənədə baxanda da görmək olur, belə ki, sənədin çıxış nömrəsi və tarixi kompüterdə çap edilmiş formadadır. Bunların sənədin imzalanmasından sonra yazılması isə qeyri-mümkündür. Sənəd 05.10.2021-ci il tarixində qeydiyyata alınmış, imzaya təqdim edilmiş (buna səbəb əvvəlcədən elektron sənəd dövriyyəsi sistemində sənədin draft formasına razılığın alınmasıdır), imzalanması isə 30.10.2021-ci il tarixində həyata keçirilərək göndərilməsi üçün təqdim edilmiş, elə həmin gün də sənəd işlənilərək göndərilmişdir. Ən əsası isə odur ki, 29.09.2021-ci ildə daxil olan və qeydiyyata alınan 14.09.2021-ci il tarixli müraciət 30 iş günü müddəti pozulmadan cavablandırılmışdır. Bununla bağlı sübutlar isə məhkəməyə təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(118)-405/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki cavabdehə qarşı məhkəmə işləri prosessual qanunun tələbləri pozularaq, faktiki olaraq eyni vaxtda aparılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 27.01.2022-ci il tarixli, 2-1(118)-405/2022 nömrəli və 27.01.2022-ci il tarixli 2-1(118)-406/2022 nömrəli iddianın mümkün sayılmadığı haqqında qərardadlarını hakim bir nəfəsə elan etmişdir. Məhkəmə iclaslarında cavabdehlər öz aralarında məsləhətləşərək döyüş taktikasını qururdular. O, bu faktdan irəli gələrək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiasına baxılarkən Sumqayıt İnzibati Məhkəməsinin haqqında 2-1(118)-2245/2021 nömrəli işdə ərizə verərək ikinci cavabdeh kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də cəlb edilməsini istəsə də, bu hüququ təmin etməmişdir. Bu insan hüquqlarının təmin edilməsi onun üçün çox əhəmiyyətli olsa da, qərardadda əksi yazılmışdır. Avropa Konvensiyasının “Məhkəmə İnsan hüquqlarının bərpası üçün ən səmərəli vasitədir” ümüdi ilə gəlsə də, Sumqayıt İnzibati Məhkəməsinin iddianın mümkün sayılmadığı haqqında 27.01.2022-ci il tarixli 2-1(118)-405/2022 nömrəli qərardadının üçüncü səhifəsinin 2-ci, 3cü, 4-cü abzasları, dördüncü səhifəsinin 3-cü abzasından başlayaraq beşinci səhifəsi, 406 nömrəli qərardadındakı üçüncü səhifəsinin 1-ci, 2-ci, 3-cü abzasları ilə eyni olduğundan göründüyü kimi, hakim işi dərindən öyrənmək istəməmişdir. Vəsatətinə birinci instansiya məhkəməsində əhəmiyyət verilmədiyindən, apellyasiya məhkəməsinə vəsatətlə müraciət edir ki, cavabdeh təşkilatının daxil olan ərizələrin qeydiyyatı kitabı məhkəmə baxışına təqdim edilsin, ərizənin kitabda qeydə alınması vərəqinin möhürlə təsdiqlənmiş surəti (işə tikilməsi üçün) məhkəməyə təqdim edilsin. Əgər elektron qaydada qeydiyyat aparılırsa, belə olan halda kağız daşıyıcısında çapa verilmiş elektron sənədin əsas möhürlə təsdiqlənmiş vəziyyətdə iki nüsxəsi məhkəmə baxışına təqdim edilsin, onlardan biri ona məlumat üçün verilsin. Məlumatı vaxtında ona verməməklə hüquqları pozulmuşdur, zərfin içərisinə köhnə tarixli məktubun qoyulması ilə vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozmasına yol verilmişdir. Korrupsiya ilə mübarizə haqqında qanunun 9.3.8-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Məhkəmə iclas protokolu, məhkəmə işi ilə tanış olmaq hüququ pozulmuşdur, protokolu oxumaq üçün şərait yaradılmamışdır. Odur ki, apellyasiya şikayətindən sonra yuxarı instansiya məhkəməsində əlavəsini vermək hüququnu özündə saxlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Hazırki işin hallarından görünür ki, İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 14.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, TQS forma 88 adlanan sənədin elektron sistemin işləməməsi səbəbindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilməməsinə görə təcili tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd olunan müraciət 20.09.2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmişdir. 17.09.2021-ci ildə İddiaçı yenidən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək TƏBİB-in internet elektron sisteminin işləməməsi səbəbindən TQS forma 88 adlanan sənədin göndərilməsinin mümkün olmamasını bildirərərək təcili tədbirin görülməsini xahiş etmişdir. Həmin müraciət 22.09.2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmişdir. İcbari Tibbi Sığorta üzrə X4 Quliyevin müraciətinə əsasən Sumqayıt şəhər 3 saylı Ailə Sağlamlıq Mərkəzinə 05 oktyabr 2021-ci ildə PHŞ/1-2-2021-23992 saylı məktub göndərərək, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar baş dövlət sanitariya həkimi tərəfindən təsdiq edilmiş metodiki göstərişlərə riayət edilməklə həyata keçirilməsini ciddi nəzarətdə saxlanılmasını tapşırmışdır. Həmin məktubun bir nüsxəsi də İddiaçı göndərilmişdir. Qeyd olunan məktub İddiaçı çatdırılması üçün 30.10.2021-ci ildə poçt xidmətinə təhvil verilmişdir. İddiaçı isə cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli məktubun 30 oktyabr 2021-ci ildə poçt xidmətinə təhvil verilməsini Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 98-ci bəndinə istinad edərək bildirir ki, göndərilən məktublar imzalan gün poçt xidmətinə təhvil verilməlidir, lakin cavabdeh təşkilat sənədi imzaladıqdan 25 gün sonra həmin sənədi poçt xidmətinə təhvil vermişdir. Bu isə kobud qanun pozuntusu hesab olunmalıdır. Cavabdehin nümayəndəsi isə sənədin 05 oktyabr 2021-ci ildə qeydiyyatdan keçdiyini, lakin 30 oktyabr 2021-ci ildə imzalandığını bildirərək, qanun pozuntusunun olmamasını bildirir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İşdən görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iddiaçının müraciətindən sonra 05 oktyabr 2021-ci il tarixli məktubla Sumqayıt şəhər 3 nömrəli X5 müraciət edərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlərini vermişdir. 05 oktyabr 2021-ci il tarixli məktubda İddiaçı hansı müraciətinə əsasən tədbirin göstərilməsi qeyd olunmasa da, Sumqayıt şəhər 3 nömrəli X5 göndərilmiş məktubun İddiaçı tərəfindən edilmiş müraciətlərdən sonra tərtib edilməsi həmin müraciətlərə əsasən görülmüş tədbirlər ilə bağlı olmasına dəlalət edir. Bundan başqa, iddiaçının yuxarıda qeyd olunan ərizələrlə müraciət etməkdə hüquqi marağı əlilliyin təyin edilməsi və bununla bağlı sənədlərin alınması ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 28.01.2022-ci il tarixli 2- 1(112)-1780/2022 saylı qərarından çıxarışın surətindən görünür ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsinə” dair iddia tələbi təmin edilmiş, ona üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, hazırkı halda iddiaçının hər-hansı subyektiv hüququnun pozulması müəyyən olunmur. Halbuki, subyektiv hüququn pozulması iddianın mümkünlüyü şərtlərindən biridir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(118)-405/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-281/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-281/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver