Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-281/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(118)- 1942/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2021-ci il üzrə 19551,46 manat əlavə dəyər vergisi hesablanmışdır.
2. Tərəflər arasında yaranmış mübahisə həmin qərar əsasında hesablanmış vergilərlə bağlı olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarın etibarsız hesab edilməsi və hesablanmış 29644,04 manat əlavə verginin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarı ilə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının müəyyən edilmiş müddətdə hesablanmadığına görə kameral yoxlama yolu ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 59.1-ci maddəsinə əsasən İddiaçı MMC-yə 20644.04 AZN (iyirmi min altı yüz qırx dörd manat dörd qəpik) əlavə vergi hesablanmışdır. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyinin, qanunvericiliyin pozulması ilə əlaqədar İddiaçı MMC-yə tətbiq etdiyi qərar etibarsız hesab edilməklə qanunsuz hesablanmış əlavə vergi ləğv edilməlidir. Belə ki, cavabdeh aparılan araşdırmalar zamanı guya riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 97757.30 AZN (doxsan yeddi min yeddi yüz əlli yeddi manat 30 qəpik) olan elektron qaimə fakturalar əldə edildiyi və mənfəət vergisi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmiş, yaranmış kənarlaşma üzrə 19551,46 AZN (on doqquz min beş yüz əlli bir manat 46 qəpik) mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh riskli vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı “Riskli vergi ödəyicisinin”, o cümlədən riskli əməliyyatların meyarlarının təsdiq edilməsi haqqında qərarına istinad edərək cəmiyyətə əsassız olaraq əlavə vergi tətbiq etmişdir. Mülki Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericiliyin müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətlərini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Cavabdeh tərəfindən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 49, 59-cu maddələrinin tələbləri və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı qərarının tələbləri kobudcasına pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxsinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
6. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia ərizəsində iddiaçının riskli vergi ödəyicisi olmadığı və düzgün olmayaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilərək əsassız olaraq 19551,46 manat vergilərin hesablandığı göstərilərək 29 aprel 2022-ci il tarixli, **********293400 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbinin dəlillərini əsassız hesab edir. İddiaçıya 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 19551,46 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması keçirilərkən aparılmış, araşdırma zamanı iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDVsiz dəyəri 97757,3 manat olan elektron qaimə fakturalar əldə edildiyi və mənfəət vergi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma üzrə 19557,46 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********293400 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 97757,3*20%=19551,46 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********293400 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1- ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(118)-1942/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********293400 qərarının ləğv edilməsi, həmin qərara əsasən hesablanmış əlavə vergi məbləğinin silinməsi qərara alınmışdır.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 19551,46 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması keçirilərkən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 97757,3 manat olan elektron qaimə-fakturalar əldə edildiyi və mənfəət vergisi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma üzrə 19551,46 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********122800 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 97757,3*20%=19551,46 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********293400 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; (...)
Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
17. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
18. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir.
19. Hazırkı iş üzrə cavabdeh kameral vergi yoxlamasının aparılması qərarına gəlmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərara əsasən İddiaçı MMC-yə 2021-ci il üzrə kameral vergi yoxlaması ilə 19551,46 manat məbləğində əlavə vergi məbləği hesablamışdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə edilən alğı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alğı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alğı-satqı əməliyyatları həyata keçirdiyi 12 adda olan müəssisə, iddiaçının alğı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
22. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi yuxarıda sadalanan əməliyyatların riskli hesab edildiyini bildirsə də, məhz hansı səbəbdən əməliyyatların riskli olduğunu açıqlamamış, buna dair vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
23. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(118)-1942/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.