Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-281/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 3055/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən verilmiş 22 iyul 1986-cı il tarixli, 863 nömrəli diploma əsasən iddiaçı 01 sentyabr 1985-ci il tarixdə Sumqayıt şəhər 12 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 22 iyul 1986-cı il tarixdə elektrik qaynaqçısı peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ 50 illiyi pambıq sovxozunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 65 nömrəli trestdə elektrik qaynaqçısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda əl ilə elektrik qaynaqçısı işləmiş, xx.xx.1994-cü il tarixdə həmin müəssisədə briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdən bir il müddətinə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.2005-ci il tarixdən işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdən hal-hazıradək "xxxx" ASC-də işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 01 oktyabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 24 fevral 2023-cü il tarixli, 3-17-1/2-B-38161/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan "xxxx" ASC-nin 3 noyabr 2022-ci il tarixli, 016/22 nömrəli arayışında xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur.Laki sözügedən arayışda həmin müddətdə əl ilə qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat qeyd edilməmişdir. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" ASC-nin arxivində iddiaçının işləməsinə dair arxiv sənədləri aşkarlanmamış, qeyd olunan arayışın isə müvafiq olaraq, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən tərtib olunduğu müəyyən olunmuşdur. Qeyd olunan faktlar adıçəkilən müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli birgə akt ilə təsdiq olunmuşdur. Bu səbəbdən, güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay 9 gün (xx.xx.1986-xx.xx.1987-ci il və xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı 52 yaşından - xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildən əmək fəaliyyətinə başlamaqla, hal-hazırki tarixədək işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən sığrtaolunan iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3055/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Dəmir Beton məmulatları zavodunda əl ilə elektrik qaynaqçısı işləməsi ona həmin peşə üzrə 5-ci dərəcənin verilməsi barədə əmək kitabçasında aparılan qeydlər və müəssisə tərəfindən verilən güzəştli iş stajı barədə arayışla öz təsdiqini tapır. Həmin müəssisə üzrə arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının ziyanına təfsir edilə bilməz. Belə ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, cavabdeh iddiaçının 1986-1987-ci illərdə elektrik qaynaqçısı işlədiyi dövrü onun güzəştli iş stajına daxil etsə də, bundan sonra həmin peşədə işlədiyi dövrü (1987-2005) daxil etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi sahələrin Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmış peşələrlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Eləcə də, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının cavabdehə müraciəti zamanı 52 yaşdan pensiya tələbini əsassız olaraq dəyişdirməklə ciddi prosessual pozuntuya yol vermiş və iddia tələbini 60 yaş üzrə güzəştli şərtlərlə pensiya tələbi üzrə müəyyənləşdirmişdir. Belə ki, iddiaçının cavabdehə pensiya təyini ilə bağlı müraciəti zamanı iddiaçı tərəfindən onun digər yaş kateqoriyası ilə bağlı tələbi qeydə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr iddiaçının ümumi iş stajına daxil edilsə də, müəssisə tərəfindən məhz iddiaçıya münasibətdə müvafiq əmrlər təqdim olunmadığından və güzəştli arayışda əl ilə qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat göstərilmədiyindən həmin dövr güzəştli iş stajına daxil edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı
İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 20 sentyabr 2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ 50 illiyi pambıq sovxozunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 65 nömrəli trestdə, xx.xx.1987-ci il tarixdən "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavoduna işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən bir il müddətinə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.2005-ci il tarixdən işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdən halhazıradək "xxxx" ASC-də işləyir. Eyni zamanda iddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, (02 il), 01 sentyabr 1985-ci il tarixdən 22 iyul 1986-cı il tarixədək Sumqayıt şəhər 12 nömrəli orta texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır (10 ay 21 gün). Beləliklə, iddiaçının hərbi xidmət, təhsil və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1986xx.xx.1987-ci il və xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 7 il 4 ay 9 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-yə qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən qazla kəsən, xx.xx.2016-cı il tarixdən elektrik qaz qaynaqçısı, xx.xx.2017-ci il tarixdən qazla kəsən vəzifəsinə keçirilmiş, halhazıradək həmin müəssisədə işləyir. "xxxx" ASC tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 55 nömrəli güzəştli arayışdan da görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində elektrik qaz qaynaqçısı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək qazla kəsən, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək elektrik qaz qaynaqçısı vəzifələrində işləmiş və xx.xx.2017-ci ildən hazırki dövrədək isə qazla kəsən peşəsində işləyir. Göstərilən peşələr ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışlardan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də elektrik qaz qaynaqçısı və qazla kəsən vəzifələrində işləmişdir. (06 il 07 ay 05 gün) İddiaçının işlədiyi elektrik qaz qaynaqçısı və qazla kəsən vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qazla kəsicilər və qaz qaynaqçıları qeyd edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda işlədiyini təsdiq edən arxiv sənədlərinin aşkar olunmadığını, bu faktın həmin müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli aktla təsdiq edildiyini, həmçinin, müəssisə tərəfindən verilmiş güzəştli arayışda iddiaçının əl ilə qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat qeyd edilmədiyini, arayışın əmək kitabçası əsasında tərtib edildiyini, bu səbəbdən güzəştli iş stajının 12,5 ildən az olduğunu qeyd etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında mübahisələndirilən xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün iddiaçının ümumi iş stajına daxil edilsə də, güzəştli arayışda əl ilə qaynaq aparıbaparmadığı barədə hər hansı məlumat qeyd edilmədiyindən həmin dövrün güzəştli iş stajına daxil edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavoduna 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə ixtisas komissiyasının qərarı əsasında ona əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi 5-ci ixtisas dərəcəsi verilmiş, xx.xx.1994-cü il tarixdə briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdən isə öz hesabına məzuniyyətə buraxılmışdır. Göründüyü kimi, iddiaçının adıçəkilən müəssisədə xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsinə qəbul edildiyi göstərilməsə də, həmin tarixdən 2 il sonra ona əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi 5-ci ixtisas dərəcəsi verilməsi onun 1987-ci ildə də qəbul edildiyi vəzifənin məhz əl ilə qaynaq aparan elektrik qaynaqçısı olduğunu sübut edir. Bununla yanaşı, cavabdeh iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 65 nömrəli trestdə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində (“əl ilə qaynaq aparan” sözü göstərilmədiyi halda) işlədiyi dövrü güzəştli iş stajına daxil etsə də, "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda eyni vəzifədə işlədiyi dövrü belə staj kimi qəbul etməmiş, eləcə də, bununla bağlı hərəkətsizliyini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Hazırki halda isə cavabdeh tərəfindən iddiaçının xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edib, eyni vəzifədə işlədiyi xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövrün daxil edilməməsi ilə bərabərlik prinsipi pozulmuşdur. “Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodu tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, 016/22 güzəştli arayışdan da görünür ki, iddiaçı 12 may 1987-ci il tarixdən 04 dekabr 2003-cü il tarixinə kimi tam iş günü zavodda elektrik qanaqçısı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Reapublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXXİİİ bölməsinin 23200000-19906 şifrəsinə əsasən (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları" Zavodu 11 noyabr 2003-cü ildə özəlləşdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışda iddiaçının xx.xx.1987xx.xx.2003-cü il tarixlərində "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi göstərilsə də, əmək kitabçasından görünür ki, iddiaçı həmin vəzifədə yalnız xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işləmiş, xx.xx.1994-cü il tarixdən isə briqadir vəzifəsinə keçirilmişdir. Eləcə də, arayışda iddiaçının işlədiyi briqadir vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Odur ki, kollegiya hesab edir ki, briqadir vəzifəsi güzəştli vəzifə sayılmadığından, iddiaçının həmin vəzifədə işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrü güzəştli iş stajına daxil etməməkdə cavabdeh haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. (06 il 08 ay 19 gün) Həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmamasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatının davamında hətta vəzifə təlimatları təqdim edilsə belə, müəssisə tərəfindən məhz iddiaçıya münasibətdə müvafiq əmrlər təqdim olunmadığından həmin dövrü güzəştli staja daxil etmədiklərini bildirmişdir. Kollegiya cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövr ərzində də iddiaçının xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə əmək kitabçasının mötəbərliyini şübhə atına alan hər hansı sübut və sənəd təqdim edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, əmək kitabçası mötəbər sənəddir və iddiaçının həmin müəssisədə işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 23200000 kodlu XXXİİİ bölməsinin 23200000-19906 şifrinə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğun gəlir. Beləliklə, işin sadalanan hallarına əsasən iddiaçının 2 nömrəli siyahı üzrə cavabdeh tərəfindən mübahisələndirilməyən 7 il 4 ay 9 günlük müddətlə birlikdə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 20 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3055/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.