Məhkəmə qərarları › İş №2-1(105)-281/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-281/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-281/2025 17.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2786/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 2786/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N2-ci ilin fevral ayından hərbi toplanışa səfərbər edilərək N saylı hərbi hissə komandirinin əmri ilə 4-cü taborda sıravi əsgər kimi xidmətə başlamışdır və N iyul N3-cü il tarixdə döyüşlərin birində yaralanaraq, müalicə üçün Silahlı Qüvvələrin mərkəzi hərbi hospitalına göndərilmişdir. Müalicə aldıqdan sonra N nömrəli hərbi hissəyə qayıdaraq xidməti davam etdirmişdir. Xidmət zamanı bir neçə dəfə ayrı-ayrı hərbi hissələrin tərkibinə ezam edilərək müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişdir. Bu zaman cəbhədə döyüşən əsgərlər heç nəyin qeydiyyatını aparmırdılar, ancaq döyüş barədə fikirləşirdilər. İddiaçı ilə xidmət keçən əsgər dostları xidmətini təsdiqləyə bilərlər və əgər zərurət yaranarsa həmin adamlar şahid qismində məhkəməyə gələ bilərlər. Bununla əlaqədar iddiaçı veteran adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi” üzrə komissiyaya müraciət etmişdir, oradan müraciətinə imtina cavabı aldıqdan sonra hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi - hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; - bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 1 noyabr 2013-cü il tarixli arxiv arayışına əsasən iddiaçının N iyul N3-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanının 1.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bənlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2- 1(102)-1161/2017 nömrəli iş üzrə Qərarına, prosessual hüquqi əsası kimi İPM-in 14.3, 38, 47.2, 48.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 77, 154-cü maddələrinə istinad edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onunla hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular müharibə veteranı statusu almış olsalar da ona bu status verilmir. Onun döyüş əmliyyatlarda iştirak etməsini təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 fevral 2024-cü il tarixli, 546 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 192 №-li əmrilə (əsas: səh 36, §2) 4-cü taborun sıravi əsgəri İddiaçı xəstəliyi ilə əlaqədar olaraq N iyul N3-cü il tarixdən müalicə üçün hərbi hospitala getmiş hesab edilmişdir. Qubadlı Hərbi Prokurorluğunun 29 aprel 2024-cü il tarixli, 3-3-230/2-2902/24 nömrəli və 29 may 2024-cü il tarixli, 3-3-230/2-3680/2024 nömrəli məktublarından görünür ki, Qubadlı Hərbi Prokurorluğunda xx xxxxx 1971-ci il təvəllüdlü İddiaçı barəsində hər hansı cinayət işi və ya təqsirləndirici material araşdırılmamışdır. Nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması və hərbi hissə komandirinin xidməti barədə məlumat aşkar olunmaması onun günahı hesab oluna bilməz. Məhkəmə işdə olan sənədləri tam və hərtərəfli araşdırmamış, prosessual və maddi normalarının tələblərini pozmuş, düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı N2-ci ilin fevral ayından hərbi toplanışa səfərbər edilərək N saylı hərbi hissə komandirinin əmri ilə 4-cü taborda sıravi əsgər kimi xidmətə başlamasına, N iyul N3-cü il tarixdə döyüşlərin birində yaralanaraq, müalicə üçün Silahlı Qüvvələrin mərkəzi hərbi hospitalına göndərilməsinə, müalicədən sonra N nömrəli hərbi hissəyə qayıdaraq xidmətin davam etdirilməsinə, xidmət zamanı bir neçə dəfə ayrı-ayrı hərbi hissələrin tərkibinə ezam edilərək müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edilməsinə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli iclasının qərarı ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli 2/2-12696 nömrəli məktubla məlumat vermişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə iddia tələbi əsassızdır. Etirazın dəlili ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1912 nömrəli arxiv arayışına əsasən iddiaçının xx.xx.N3-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli 546 nömrəli məktubla məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 192 №-li əmri ilə 4-cü taborun sıravi əsgəri İddiaçı xəstəliyi ilə əlaqədar olaraq N iyul N3-cü il tarixdən müalicə üçün hərbi hospitala getmiş hesab edilmişdir. N (, 850, 851) №-li hərbi hissə komandirinin yanvar-dekabr N2-ci il, yanvar-iyun, avqust-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2013-cü il tarixli 2/222 nömrəli arayışından müəyyən edilir ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı 30 iyul N3-cü il tarixdən 17 avqust N3-cü il tarixə kimi MN MHKH-da “tənəffüs funksiyasının pozulması ilə müşayət olunan burun çəpərinin əyriliyi” diaqnoz ilə stasionar müayinə və müalicədə olmuşdur. N nömrəli Hərbi Hissənin komandiri xx.xx.2024-cü il tarixli 2411 nömrəli məktubla məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, İddiaçı N nömrəli Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və döyüş əməliyyatlarının tütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçulara (mülki işçilərə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların ğütün təminat növləri üzrə tapşırıqları yerinə yetirilməsi ilə bağlı ezam olunmasına dair hər hansı arayış, akt hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında və digər sənədlərdə heç bir qeydiyyat aşkar edilməmişdir. Qeyd edilmiş məlumatların həqiqiliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində mövcud olan sənədlərlə təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçının stasionar müalicəsi bitdiyi 17 avqust N3-cü il tarixdən sonra hərbi xidmətini, qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənəd arxiv materiallarında aşkar olunmamışdır və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçının hərbi əməliyyatlarda iştirak edilməsi ilə əlaqədar yaralanması, xəsarət alması barədə heç bir sənəd mövcud olmadığından, sübut edilməmişdir Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən şahidlərin ifadələrində ziddiyyətlər olduğuna görə məhkəmə tərəfindən onlara dair müvafiq sorğu ilə cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən sorğuya cavab olaraq göndərilmiş məktubdan müəyyən edilir ki, həmin şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh inzibati orqanın dəlillərini əsaslı hesab edərək bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin - şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının olması tələb olunur. Lakin qeyd olunan tələblərin iddiaçıya münasibətdə mövcud olması sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...” “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ... Hazırkı halda iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmir, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2786/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar