Məhkəmə qərarları › İş №2-1(105)-282/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-282/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-282/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, keçmiş illər üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3984/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 4 ay 21 gün (xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2017-ci illər üzrə cəmi 1 ay) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş (НЗ seriyalı, ******* nömrəli hərbi biletlə də sübut olunur), xx.xx.1981-xx.xx.2017-ci ilə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt boru-prokat zavodu) çalışmışdır. X3 Təhsili Komitəsinin 2517 nömrəli attestatına əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978ci illərdə texniki peşə məktəbində təhsil almışdır. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 77 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1981ci ildən xx.xx.2017-ci ilədək X4 sexində fəhlə, metal çeşidləyən və təhvil verən, çatı quran vəzifələrində işləyib. xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilədək ödənişsiz məzuniyyətdə olub. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxiv sənədlərinin bir hissəsinin məhv olması səbəbindən tələb olunan sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, keçmiş illər üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-54534/2023 saylı məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Məktubun əslinin poçt vasitəsilə göndərilməsi bildirilsə də, cavab ala bilmədiyindən, müraciəti əsasında xx.xx.2023- cü il tarixdə məktubun surəti ona təqdim edilmişdir. Dövlət Sosial Müdafiə Fondu imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 7-ci maddəsində nəzərdə tutulan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna, 25 il sığorta stajı olmadığına görə ona 60 yaşdan pensiya təyinatına imkan vermir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən xüsusi stajı mübahisələndirilməmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” hazırda qüvvədə olan qanuna deyil, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına uyğun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.2017-ci ilə kimi "xxxx" ASCdə (keçmiş Sumqayıt boru-prokat zavodu) rəngsaz, metal çeşidləyici və təhvil verən, çatı quran, boru kəsici peşələrində işləmişdir. xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilə kimi ödənişsiz məzuniyyətdə olmuşdur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li əlavəsində İİİ. Metallurgiya istehsalı (qara metallar) 20400000 bölməsinin 2a yarımbölməsində metal qırıntılarının ayrılması ilə məşğul olan stropçular (2040200а188971), 4a yarımbəndində metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər (2040400а- 1753b), boru və pəstahların kəsiciləri (2040400a-17968) peşələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında təsdiq olunmuş məlumatlardan və "xxxx" ASC-nin verdiyi arayışdan göründüyü kimi o, xx.xx.2006-cı il tarixə kimi güzəştli pensiya təyini üçün lazım olan 25 il ümumi əmək stajını xx.xx.2004-cü ildə və 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlər üzrə xüsusi əmək stajını 1997-ci ilə kimi tam toplamış, xx.xx.2016-cı il tarixdə nəzərdə tutulan 56 il 6 ay yaş həddinə çatmışdır. Həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun imtina üçün əsas gətirdiyi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması, ödənişsiz məzuniyyətdə olduğu müddətin sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə dəlilləri hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Qanunun normaları ilə uyğunluq təşkil edir və həmin normalara istinad edilməklə əsaslandırılır. O isə əvvəllər qüvvədə olan və yuxarıda göstərdiyi qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan normativ aktların məzmunundan da göründüyü kimi həmin vaxt pensiya təyini üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması tələbi yox idi, 25 il sığorta stajı deyil, ümumi əmək stajı tələbi var idi. Ödənişsiz məzuniyyət müddətinin xx.xx.2006-cı il tarixə kimi ümumi əmək stajına daxil edilməsi həm əmək qanunvericiliyinin, həm əvvəllər qüvvədə olan pensiya qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə tamamilə uyğundur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək 57 yaşına çatdığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 4 ay 21 gün (xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2017-ci illər üzrə cəmi 1 ay)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının cavabdeh orqana təqdim etdiyi Azərboru ASC-nin iddiaçıya dair 2 may 2017-ci il tarixli 77 nömrəli arayışında xx.xx.1997-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. İddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2016-cı il tarixədək 25 il ümumi stajı, 12 il 06 ay güzəştli iş stajı olmalıdır. Yuxarıdakı qeydlərdən də aydın olur ki, iddiaçının yetərincə ümumi stajı yoxdur, yəni 25 ildən azdır. xx.xx.1981xx.xx.1997-ci il tarixləri arasındakı dövrlərin staja daxil edilməməsi səbəbi isə qanunvericiliyin tələblərindən irəli gəlir. Qanunvericiliyin tələbləri ilə yanaşı, vətəndaşın 17 il boşdayanmada olması həmin dövrün iş stajına daxil edilməsi ilə əlaqədar heç bir məntiqi açıqlama yoxdur, ödənişsiz məzuniyyətdə olmaq, yəni boşdayanma o anlama gəlir ki, şəxs işləməyib. Buradan o nəticəyə gəlirik ki, hər hansı br şəxs işləməyib sadəcə ödənişsiz məzuniyyətə çıxaraq pensiyaya çıxa bilər. Göründüyü kimi gəlinən nəticə absurd və bir o qədər də qeyri-qanunidir. 17 ilin sosial sığorta stajına daxil edilməsi digər əmək pensiyasına çıxan şəxslərin hüquqlarını, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipini də pozmuş olur. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 il sosial sığorta stajı çatmır. Əlavə olaraq qeyd edək ki, iddiaçıya 60 yaşdan da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt yəni xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə 3 tələb vardı: 1) qanunla müəyyən edilmiş minimum pensiya kapitalına malik olmaq; 2) 25 il sosial sığorta stajının olması; 3) 12 il 06 ay güzəştli iş stajının olması. İddiaçının 25 il sığorta stajının olmaması ilə yanaşı, pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın sığora hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16980,94 manat təşkil edir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1527/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1(102)-1517/2022 nömrəli qərarlarından da aydın olur ki, ödənişiz məzuniyyətdə olan dövr sosial sığorta stajına daxil edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3984/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). İnzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş (eyni zamanda əmək kitabçasında da qeyd edilib), X3 Təhsili Komitəsinin 2517 nömrəli attestatına əsasən xx.xx.1977-xx.xx.1978- ci illərdə texniki peşə məktəbində təhsil almış, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1981xx.xx.2017-ci illərdə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt boru-prokat zavodu) çalışmışdır. Lakin eyni zamanda "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 77 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı əmək kitabçasına əsaslanaraq ona 57 yaşının tamam olduğu xx.xx.2016cı il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə yaş və stajının tam olması səbəbindən ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir. İşdən göründüyü kimi, iddiaçının adı 1997-ci ildən 2017-ci il tarixə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt boru-prokat zavodu) işçi statusunda qalsa da, ödənişsiz məzuniyyətdə olmuş və həmin halı özü də təsdiq etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun normaları tətbiq edilərək əmək pensiyası hesablana bilməz. Belə ki, həmin qanunla tələb olunan şərtlərdən iddiaçının ümumi iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Yəni, iddiaçı 1997-2006-cı illər ərzində (ümumilikdə isə 1997-2017-ci illərdə) ödənişsiz məzuniyyətdə olduğu üçün (6 ay istisna olmaqla) onun iş stajının hesablanmağa başlandığı 1977-ci ildən ödənişsiz məzuniyyətə çıxdığı 1997-ci ilə qədər dövrü əhatə etməklə 25 ili tamamlanmır. İddiaçının çalışdığı illərdən iş stajına daxil edilən dövr - xx.xx.1977-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1980-ci illər, xx.xx.1981xx.xx.1997-ci illər və 2006-2007-ci illər üzrə 1 ay hesablanmaqla ümumilikdə 19 il 04 ay 24 gündən ibarətdir. Bu müddət güzəştli şərtlərlə pensiya təyinatı üçün kifayət etmir. Həmçinin, iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan da güzəştli şərtlərlə pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun tələbləri ödənilmədiyindən təyin edilməsi mümkünsüzdür. Çünki tələb olunan ümumi iş stajı ödənilmir və iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı kifayət etmir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmayaraq 20 ilə qədər dövrü əhatə etmişdir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamış, iddiaçı həqiqətən də həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olduğunu təsdiq etmiş, boşdayanma halının olmasının işəgötürənin təqsiri üzündən baş verməsi sübut edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işəgötürənin onu ödənişsiz məzuniyyətə buraxması və bu müddətdə iş yerini saxlaması inkaredilməz faktdır. Ödənişsiz məzuniyyətin müddətinin uzun olmasının onunla əlaqəsi yoxdur. İşəgötürənə ərizə ilə müraciət etməmiş, öz xahişi ilə ödənişsiz məzuniyyət götürməmişdir. İşçilərin, o cümlədən ödənişsiz məzuniyyətə göndərilməyi işəgötürənin məcburiyyətdən irəli gələn qərarı olmuşdur. Həm də bu dövrün hamısını deyil yalnız işdə olduğu müddətlə birlikdə 25 il təşkil edən dövrünün iş stajına daxi edilməsini xahiş etmişdir. Məhkəmənin boşdayanma halının olmasının işəgötürənin təqsiri üzündən baş verməsi sübut edilməmişdir. Nəticəsi də həqiqətdən uzaqdır. Məhkəmə nəzərə almamışdır ki, bu hal təkcə onunla bağlı deyil, zavodda çalışan çoxlu sayda işçilərlə bağlı qərar idi. Bu halda hər hansı təminat almamış və bu qərarın onların ziyanına olmasını kimsə mübahisə edə bilməz. Məhkəmənin yetərli ümumi staja malik olması barədə sənəd təqdim edə bilməmişdir nəticəsi də həqiqətə uyğun deyildir. Belə ki, əmək kitabçası və işəgötürənin müvafiq arayışı təqdim edilmişdir. Məhkəmə sadəcə ödənişsiz məzuniyyətdə olmanın xx.xx.2004-cü ilə kimi olan dövrünün ümumi əmək stayına daxil edilməli olmamasına dair cavabdehin mövqeyi ilə razılaşmışdır ki, bunun da sübut etmə ilə əlaqəsi yoxdur. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İşəgötürənin təqsiri üzündən istehsalın, axım xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsi xx.xx.1999-cu il tarixdən qüvvədədir. Ödənişsiz məzuniyyət isə 1997-ci ildə, yəni həmin qanunun qüvvəyə minməsindən 2 il əvvəl olmuşdur. Eyni zamanda işəgötürənin qanuna əməl etməməsi, öhdəliklərini yerinə yetirməməsinə görə işçi cavabdehlik daşıya bilməz və bu hal onun ziyanına şərh edilə bilməz. Məhkəmə ödənişsiz məzuniyyətin “boşdayanmanın” işəgötürənin təqsirindən baş verməsinin sübut edilmədiyini göstərdiyi halda. Həmin halı araşdırmamış, işəgötürənin mövqeyini aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, do ktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. ] Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; [59] ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971-ci il) Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazimi hallarda tərəfin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4,6). Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ..... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;.... Maddə 54. Əmək şəraitinin təmin edilməsi 1.İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: .... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; .... Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: ....məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. .... Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1997xx.xx.2017-ci illər arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğundan, həmin dövr iş stajına daxil edilməsi mümkün olmamış, bu səbəbdən də iddiaçının tələb olunan 25 il ümumi iş stajına malik olması halı müəyyən edilməmiş, tələb olunan pensiya kapitalnın məbləği 40320 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16980,94 manat olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. İddiaçı xx.xx.1998-xx.xx.2017-ci illərə aid dövrlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçı xx.xx.1997xx.xx.2017-ci illər arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğundan, həmin dövrü iş stajı kimi nəzərə almamış, iddiaçı isə həmin dövrdə işləməməsinin səbəbinin işəgötürənin təqsiri ucbatından olduğundan, yalnız o deyil, bir çox işçilərlə bağlı bir hal olduğundan, öz ərizəsi əsasında məzuniyyətdə olmadığından, əmək kitabçasında və işəgötürən tərəfindən təqdim edilmiş arayış mövcud olduğundan, həmin dövrün iş stajı kimi nəzərə alınmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbində ödənişsiz məzuniyyətdə olmanın əsasları qeyd edilmişdir. Belə ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 1997-1999-cü illərə aid dövrdə qüvvədə olan əmək qanunvericilik normasına əsasən əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, sonrakı dövrlərə (1999-2005) aid qüvvədə olan əmək qanunvericilik normasının tələbinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (ƏM-nin 129-cu maddəsi). Həmçinin, ƏMnin 128-ci maddəsinin tələbinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qısamüddətli məzuniyyətdə olmamış (1997-2017-ci il) və qanunvericiliklə müəyyən edilmiş ödənişsiz məzuniyyətin verilməsi üçün əsas olmuş hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi iş stajına aid edilməsini nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin dispoztiv şərtləri nəzərə alınmaqla, hətta 6 ay məzuniyyətdə olduğu müddət iddiaçının iş stajına daxil edilsə belə, yenədə qanunla tələb olunan azı 25 il ümumi iş satjı şərti ödənilmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajı tamamlanmadığından, cavabdeh inzibati orqan tərəfindən ona əmək pensiyası təyin etməkdən imtina etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iş materialları əsasında iddiaçının ödənişsiz məzuniyyətdə olmasına səbəb boşdayanma halının olması, bunun işəgötürənin təqsiri nəticəsində baş verməsi, boşdayanmanın başlanması barədə iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya öədniş edilməsi halları müəyyən edilmir. İddiaçı tərəfindən həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının həmin dövrlərdə işləməsi halı müəyyən edilmədiyindən, onun barəsində ödənilməmiş məcburi dövlət sığorta haqları üzrə borcunun yaranmasından söhbət gedə bilməz. Bu baxımından hazırki mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin hissədə də istinad etdiyi şikayətin dəlilıəri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3984/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar