Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-283/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-167/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin fevral ayında “veteran” statusunun verilməsi üçün komissiyaya müraciət etmişdir. Belə ki, o, döyüş zonasını təhlükəli və strateji olan yanacaq məhsulları ilə təmin etmişdir. Ozü 1956-cı ildə Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndində anadan olmuşdur. Keçmiş SSRİ hərbi hissələrində xidmətdən sonra Azərbaycan Respublikasının müxtəlif dövrlərdə 225, 226, 112, N saylı hərbi hissələrində xidmət etmişdir. Hal-hazırda xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. Sənədlərdə göstərildiyi kimi, 26.05.N2-ci ildə Qubdalı rayonuna, 23.07.N2-ci ildə Füzuli rayonuna, 07.08.N2-ci ildə Zəngilan rayonuna ezam olunması təsdiq olunur. Həmin illər vəziyyətin çox gərgin vaxtında “oddan təhlükəli” yanacaq materiallarının döyüş zonasına aparılması nə qədər qorxulu və çətin olduğu bilinməlidir. Hər hansı bir təxribatın olması mümkün idi. Belə ki, iddiaçıdan əvvəl gedən maşınlardan biri təxribat nəticəsində partlamışdır. Nəticədə şəxsi heyət külə dönmüşdür. Bu hadisə iddiaçının başına gələ bilərdi. Lakin indi ona “veteran” adını layiq bilmirlər. Müdafiə Nazirliyinin cavab məktubunda deyilir ki, iddiaçı döyüş tapşırığını yerinə yetirməmişdir. İddiaçı hərbi hissəni texnikanın işləməsi üçün yanacaq məhsulları ilə təmin etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-167/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim C.Məmmədov.) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: mübahisələndirilən qərarında məhkəmə iddianın təmin edilməsinin əsası kimi N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71 və 37 əmrlərilə döyüş əməliyyatları gedən bölgələrə (N2-N3-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına) iddiaçının ezam olunmasını göstərir. Məhkəmə hesab edir ki, iddianın mümkünlüyünə münasibətdə iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi arqumentləri labüd hesab etmişdir. Belə ki, iddiaçının qulluq etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi ilə bağlı arqumenti əsassız hesab edərək iddiaçı döyüş əməliyyatları gedən zonalara ezam olunmasını əsas götürərək iddiaçıya müharibə veteranı statusunun verilməsini əsas götürərək iddianı təmin etmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 46 nömrəli əmrilə yeni yanacaq və sürtkü anbarının tikintisi üçün “Horadiz” dəmir stansiyasına, 23 iyul N2-ci il tarixli 56 nömrəli əmrilə yanacaq və sürtkü yağlarının daşınması üçün Füzuli rayonuna, 07 avqust N2-ci il tarixli 60 nömrəli əmrilə “Mahmudlu” stansiyasına, 25 sentyabr N2-ci il tarixli 71 nömrəli əmrilə yanacaq və sürtkü yağlarının daşınması üçün Qubadlı rayonuna, 03 iyul N3-cü il tarixli 37 nömrəli əmrilə 3 gün müddətində rəsmi məsələləri həll etmək üçün N saylı hərbi hissəyə və N avqust N3-cü il tarixli 46 nömrəli əmrilə 20.08.N3-cü il tarixindən 3 gün müddətində rəsmi məsələləri həll etmək üçün “Mahmudlu” stansiyasına gizir İddiaçı xidməti ezam olunmuşdur. Məhkəmə iddianın təmin edilməsinin əsas hesab etmiş N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71 və 37 əmrlərilə döyüş əməliyyatları gedən bölgələrə ezam olunmasını göstərsə də, həmin ezamiyyətlər döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakşılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakşılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. İddiaçı əsas kimi N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71 və 37 əmrlərilə döyüş əməliyyatları gedən bölgələrə (N2-N3-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına ezam olunmasını əsas göstərsə də, həmin ezamiyyətlər xidməti olmuş və döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Məhkəmə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının düzgün təfsirini verməmiş, yanlış nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-167/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və iddiaçının həqiqətən də N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71, 37 nömrəli əmrləri ilə döyüş əməliyatları gedən bölgələrə (N2-N3-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına ezam olunması) ezam olunmasına əsaslanmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1 -ci bəndinə əsasən "Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunma və bunun müvafiq sənədlərdə əks edilməsidir. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı əsas kimi N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71 və 37 əmrlərilə döyüş əməliyyatları gedən bölgələrə (N2-N3-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına) ezam olunmasını əsas göstərsə də, həmin ezamiyyətlər xidməti olmuş və döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71, 37 nömrəli əmrləri ilə döyüş əməliyatları gedən bölgələrə (N2-N3-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına ezam olunması) ezam olunmuşdur. Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət etmişdir. (səh 41) İş materiallarında olan hərbi biletin surətindən görünür ki, iddiaçı hərbi qulluqçu olmuş, 01.04.N2-29.06.N2-ci illərdə N saylı hərbi hissədə, 29.06.N2-02.09.N3-cü illərdə N saylı hərbi hissədə anbar rəisi olmuş, 02.09.N3-21.07.N5-ci illərdə minik avtomobillərinin alay tağımının komandiri olmuşdur. N saylı hərbi hissənin N saylı 14.08.N7-ci il tarixli arayışından görünür ki, baş leytenant İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 07.08.N2-ci il tarixdən 25.09.N2-ci il tarixədək Füzuli və Qubadlı rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya döyüş əməliyyatları gedən zonalara ezam olunmuş hərbi qulluqçu kimi yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi dəlillər iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina üçün əsas ola bilməz. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-167/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-167/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-283/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-283/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver