Məhkəmə qərarları › İş №2-1(105)-283/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-283/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-283/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı İmtinanın əsassız hesab olunması və torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şamaxı rayon Mərzəndiyə kənd X3 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 nömrəli protokolundan görünür ki, Sabir qəsəbə üzrə nümayəndəlik tərəfindən tərtib olunmuş əhalinin siyahısı 173 ailə 881 nəfər təsdiq edilməsi, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxarılması, mövcud 988 ha torpaq sahəsinin; dövlət mülkiyyətinə saxlanan torpaq 380 ha, bələdiyyə mülkiyyətinə verilən torpaq 312,7 ha, o cümlədən ümumi istifadə olan torpaq 297,2 ha, ehtiyat fondu 140 ha, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün 11,5 ha, xüsusi mülkiyyətə verilən cəmi 637,3 ha bundan 637,3 ha həyətyanı sahədən ibarət təsdiq edilməsi qərar alınmışdır.

2. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı protokolundan çıxarışdan görünür ki, Dövlət Yerquruluşu mütəxəssisi tərəfindən hazırlanmış baş plan sxem üzrə püşkatma aparmaq üçün yerli X1nın qərarı əsas hesab edilmişdir. Vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələrin onların mülkiyyətinə veriləcək torpaq payından çıxılması qərara alınmışdır.

3. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı protokolundan görünür ki, Şamaxı rayon Mərzəndiyə kənd X3 komissiyasının 25 fevral 1998-ci il tarixli qərarları təsdiq edilmişdir.

4. Şamaxı rayon Mərzəndiyə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Şamaxı rayon X1 tərəfindən tərtib edilmiş 27 dekabr 2001-ci il tarixli cədvələ 1 saylı əlavədən görünür ki, həmin cədvəldə İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur.

5. JN-066 KOD 41014028 seriyalı Torpağa mülkiyyət hüququna dair dövlət aktı iləndan görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə 6,0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı və onun ailə üzvlərinə verilmişdir.

6. JN-077a KOD 41014028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əçlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı 08.02.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Xidmətin arxivində və elektron kadastr məlumat bazasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Şamaxı rayon Mərzəndiyə kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan siyahıda X3 komissiyası tərəfindən iddiaçının və digər ailə üzvlərinin adları (cəmi 12 nəfər) siyahıya daxil edilmiş, qanuni istifadəsində olan 0.09 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,80 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq iddiaçıya və ailə üzvlərinə 6,0 ha pay torpaq sahəsi verilmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək, Şamaxı rayonunun, Mərzəndiyyə kəndində yerləşən onun ailəsinə məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdehin 04 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6,0 ha pay torpağı verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN0066, kod 41014028 nömrəli Dövlət aktı tərtib edilmişdir. İslahat Komissiyasının qərarın əsasən onun mülkiyyətinə yalnız 6,0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0,80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. Torpaq sahəsinin çatışmayan hissəsi 0,80 ha həyətyanı torpaq sahəsi ilə əvəzlənməsi və şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi. Torpaq sahəsi onların ailəsinə Şamaxı rayon Mərzəndiyyə Bələdiyyəsi tərəfindən verilmişdir. Odur ki, torpaq ayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 0,80 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 04 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, imtinanın əsassız hesab olunması və zəbt sahəsi kimi iki qat ölçüdə pay torpaqlarından çıxılmaqla onların mülkiyyətinə verilmiş 0,80 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında“ Qanunun tələblərinə əsasən Şamaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektə 0,64 ha torpaq payı verilməsi nəzərdə tutulmuşdur. İddiaçının ailəsi 12 nəfərdən ibarət olması nəzərə alınaraq onlara 7,68 ha torpaq sahəsi verilməli olmuşdur. Amma istifadə etdikləri 0,80 ha zəbt olunmuş torpaq sahəsi iki qat ölçüdə pay torpağından çıxılaraq cəmi 6 ha torpaq sahəsi verilmişdir. Bununla da həmin zəbt olunmuş torpaq sahəsi fakitiki olaraq onun və ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsini öz adıda dövlət qeydiyyatına aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh heç bir tutarlı əsas olmadan ona imtina cavabı vermişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ididaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağının verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktının tərtib edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətə yalnız 6.0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0.80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. İddiaçı iddia etdiyi 0.80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında: Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkün olmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2-1(118)-841/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 0,80 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir və cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış, iddiaçıların hüquqlarını pozmamışdır.

15. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən hallara və birinci instansiya məhkməsinin qərarının məzmununa istinad edərək göstərir ki, qərarla razı deyildir, onu qanunsuz, əsassız və ədalətsiz hesab edir. İddiaçı iş üzrə müvafiq sənədlərə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iddia tələbinin əsaslılığına dəlalət edən yetərincə sübutların olmasına baxmayaraq iddia tələbini rədd etmiş və cavabdehin imtinasını qanuni saymışdır. Məhkəmə guya onun faktiki istifadəsində həqiqətən də 0,80 ha torpaq sahəsi ilmasının və həmin torpaqğın onun pay torpağından çıxılmasının öz təsdiqini tapmadığını qeyd etmişdir. Halbuki məhkəməyə təqdim olunan sənədlərdə həmin zəbt olunmuş torpaq sahəsinin ikiqat ölçudə hesablanmaqla ona və ailə üzvlərinə düşən pay torpağından çıxıldığı təsdiq olunur və qeyd edilən torpaq sahəsi də onun və ailə üzvlərinin faktiki istifadəsindədir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasının 09.11.1991-ci il tarixli Torpaq Məcəlləsi Maddə 114. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin ödənilməsi Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən, aidiyyəti üzrə geri qaytarılır. İdarələr, müəssisələr, təşkilatlar və vətəndaşlar torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər;

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

22. Azərbaycan Respublikasının 25.06.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsi Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinin qeydiyyata alınmasından imtinası təşkil edir.

28. Cavadehin imtinasının, habelə etirazının əsas dəlilləri ondan ibarətdir ki, İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə yalnız 6,0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0,80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir.

29. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillərə uyğun olaraq araşdırma apararaq düzgün olaraq müəyyən etmişdir ki, təqdim edilmiş Şamaxı rayon Mərzəndiyyə kənd X3 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqların çıxılmasından qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. İdidaçının apellyasiya şikayətinə əlavə etdiyi Şamaxı rayon İcra Hakimiyyəti başçısının Mərzəndiyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.01.2022-ci il tarixli arayışının və Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin 26.02.2009cu il tarixli arayışının məzmunundan da müəyyən olunur ki, torpaq islahatı aparılan zaman iddiaçının isitfadəsində kəndin prerespektiv sahəsində 0,80 ha zəbt torpaq sahəsi olmuşdur.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, bu qərarın 20-23-cü bəndlərində istinad edilmiş normaların tələbləri baxımından da, torpaq islahatı həyata keçirilərkən özbaşına zəbt edilmiş torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nə həmin vaxt qüvvədə olan qanunvericilikdə, nə də torpaq münasibətlərini və daşınmaz əmlak üzərində hüquqıarın dövlət qeydiyyatını tənzimləyən sonrakı normativ-hüquqi aktlarda nəzərdə tutulmamışdır.

31. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi zəbt etdiyi 0,80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar