Məhkəmə qərarları › İş №2-1(105)-284/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-284/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-284/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2N9-cu il tarixli, 2-1(085)-183/2N9 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 18.N.1984-cü il tarixdə doğulmuşdur. 22.07.2002-ci ildən N.N.2004-cü ilədək hərbi xidmətdə olmuş, 02.04.2003-cü ildən 19.06.2003-cü ilədək “sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 553 saylı, 23.12.2003-cü il tarixli, hərbi hissə komandirinin N saylı N.N.2004-cü il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və 10.08.2N8-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, N nömrəli hərbi hissənin travma haqqında arayışında onun şəxsi ehtiyatsızlıq nəticəsində yaralandığı göstərildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müalicə aldığı N saylı hərbi hissənin komandirinin verdiyi 12 nömrəli forma arayışda onun xidmət etdiyi müddətdə düşmən tərəfindən atılan güllə nəticəsində sağ budunun 1/3-nin yaralanması öz təsdiqini tapdığından ona müharibə veteranı adı verilməlidir. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müdafiə orqanları və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar və s. əsasında verilir. Hazırki iş üzrə iddiaçı da döyüş əməliyyatlarında iştirak etmişsə, həmin döyüş əməliyyatları ilə əlaqədar yaralanmışsa, bu əsaslarla bağlı xəsarət almasını təsdiq edən sənəd təqdim edirsə, cavabdeh iddianın qanuni və əsaslı həllini məhkəmənin mülahizəsinə buraxır. Həmçinin, son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ödənilməsinə dair iddiaçının hüququ ancaq müharibə veteranı adı və vəsiqəsini əldə etdiyi andan əmələ gələ bilər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2N9-cu il tarixli 2-1(085)- 183/2N9 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2N9cu il tarixli 2-1(105)-663/2N9 nömrəli qərarı ilə (hakimlər N.Nəsibov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və V.Cəfərov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2020-ci il tarixli 2-1(102)-961/2020 nömrəli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), Z.Quliyev və R.Nəbizadə) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-663/2N9 nömrəli, 10.12.2N9-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının yaralanması şəraiti müəyyən olunmalı və iddiaçının yaralanması ilə bağlı işə əlavə olunmuş sənədlərdəki ziddiyətli məlumatlara aydınlıq gətirilməlidir. İşin apelyasiya instansiya məhkəməsində araşdırılan hallarından göründüyü kimi, cavabdeh, iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaralandığını bildirsə də bunu sübut edə bilməmiş, eynilə yaralanma şəraitini də izah edə bilməmiş, iş materialları ilə iddiaçının düşmən gülləsi tərəfindən yaralandığı təsdiq olunmuş, apelyasiya instansiya məhkəməsində bu uyğunsuzluq araşdırılmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı müvafiq hərbi hissədə xidmət edərkən döyüş gözləmə mövqeyində olduğu vaxt yaralandığını iddia etmiş, lakin apelyasiya instansiya məhkəməsi iddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş zonasında yerləşməsini, iddiaçının döyüş əməliyyatlarında iştirak edibetmədiyini və yaralanma şəraitini ətraflı araşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar kassasiya şikayətinin dəlilini əsaslı hesab edir və bildirir ki, iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində yaralandığı təsdiq olunduğundan onun baş vermə şəraiti hərtərəfli araşdırılmalı, yaralanmanın döyüş əməliyyatları zamanı baş verib-verməməsi məsəsləsinə aydınlıq gətirilməli olduğu halda, apelyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamış, bununla da Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmuşdur. Təkrar apellyasiya baxışı zamanı iddiaçı iddia tələbini dəqiqləşdirərək, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 2-1(105)-317/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 saylı, 31 iyul 2N9-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 287/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 2-1(105)-317/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakim İ.Şəfiyev) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qərarda qeyd edilir ki, işin araşdırılması ilə əlaqədar olaraq müxtəlif sorğular etmişdir. N saylı hərbi hissənin göndərmiş olduğu sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış epikrizin surəti məhkəməyə göndərilmiş və həmin sənəddə iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinədə olması ilə bağlı qeydiyyat vardır. Yəni onun düşmən tərəfindən atılan atəş nəticəsində yaralandığı təsdiq olunur. Məhkəməyə təqdim edilən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin 15 may 2N8-ci il tarixli. 417 saylı sənədində onun 22.07.2002-ci ildən N.N.2004-cü ilədək N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində sağ budun yuxarı 1/3-nin güllə yarası diaqnozu ilə N saylı hərbi hissədə müalicə almağı təsdiq olunur. Lakin işə baxan hakim bu sənədlərə əhəmiyyət verməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının “müharibə veteranı” adı almaq hüququ hərbi hissənin döyüş əməliyyatları aparması, iddiaçının bu döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması ilə yarana bilərdi. Halbuki, N nömrəli hərbi hissə döyüş zonasında yerləşsə də, iddiaçının xəsarət aldığı vaxtda döyüş əməliyyatları aparmamış, iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Məhz buna görə də N nömrəli hərbi hissə travma haqqında arayışında iddiaçının şəxsi ehtiyatsızlıq nəticəsində xəsarət almasını göstərmişdir. 12.2. 20 may 2003-cü il tarixli 61 saylı müayinə aktında da iddiaçının “səngərin üstünə çıxaraq ayaqyoluna getməsi və qalxıb qayıtmaq istəyərkən düşmən tərəfindən atəş açılaraq onun sağ buduna dəyməsi” göstərilir. Həmin qeydlər iddiaçının özünün deməsinə əsasən aparılmışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qanunvericiliyin 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuların bilavasitə döyüş əməliyyatlarında iştirak etməsini və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını şərt olaraq müəyyən etdiyini, lakin, iş materialları ilə iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət almasının müəyyən edilmədiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) 1994-cü il 12 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Hazırkı işin hallarına görə iddiaçı N aprel 2N3-cü il tarixdə N saylı hərbi hissədə xidmət apararkən düşmən tərəfindən atılan güllə nəticəsində yaralandığını və bu səbəbdən ona müharibə veteranı vəsiqəsi verilməli olduğunu bildirir. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə bəhs olunan yaralanma faktı 1994-cü il 12 may tarixindən sonraya aid olduğuna görə, hazırki iddianın təmin olunması üçün “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə əsasən üç şərt mütləq mövcud olmalıdır: 1. İddiaçının döyüş zonasında yerləşən hərbi hissədə xidmət etməklə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; 2. Bu döyüşlər ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması; 3. Bu barədə hərbi idarəetmə orqanlarının verdiyi sənədlərin olması (Müdafiə Nazirliyi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar). Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N.11.2020-ci il tarixli 2203 nömrəli məktubundan görünür ki, iddiaçı 22.07.2002-ci il tarixdən N.N.2004-cü il tarixədək N № hərbi hissədə əsgər hərbi rütbəsində qulluq etmişdir. Həmin hərbi hissə bilavasitə düşmənlə üzbəüz döyüş növbətçiliyi aparmaqla yanaşı düşmənin hər hansı təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün döyüş tapşırığı yerinə yetirməkdədir. Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki: “iddiaçının döyüş şəraitində xəsarət alması faktını müəyyən etmək üçün apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutlardan biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin 15.05.2N8-ci il tarixli 417 saylı arayışıdır. Arayşda qeyd olunur ki, iddiaçı 22.07.2N2-ci ildən N.N.2004-cü ilədək N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində 02.04.2003-cü ildən 19.03.2003-cü ilədək “Sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinədə olmuşdur. Lakin həmin arayışda, bu məlumatın hansı mənbəyə (şəxsi işi, hərbi hissənin arayışı və s.) istinadən verildiyi göstərilməmişdir və işə baxmış məhkəmə bu arayışı sübut kimi qəbul etməsinə baxmayaraq, onun əsasını təşkil edən sənədləri tələb etməmişdir. İddia tələbi təmin edilərkən məhkəmənin istinad etdiyi digər sübut iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarışepikrizidir. Həmin epikrizdə iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinə olunması ilə bağlı qeyd vardır. Lakin epikrizin mətnindən görünür ki, düşmın tərəfindən atılan güllə nəticəsində yaralanma yalnız iddiaçının deməsinə görə yazılmış, bunu təsdiq edən digər sənəd və ya sübuta istinad edilməmişdir. Həmçinin apelyasiya məhkəməsinin istinad etdiyi 20 may 2003-cü il tarixli, 61 saylı müayinə aktının surətindən də görünür ki, həmin müayinə aktı iddiaçı düşmən tərəfindən atılan atəş nəticəsində odlu silah yaralanması xəsarəti alması faktı üzrə təhqiqat aparan Qarabağ Hərbi Prokurorluğunun müstəntiqinin təliqəsi əsasında həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının xəsarət alması ilə bağlı səlahiyyətli dövlət orqanı olan hərbi prokurorluq tərəfindən araşdırma aparılımışdır. Bu halda, prokurorluğun apardığı təhqiqat materialları və həmin yoxlamanın nəticələri üzrə çıxarılan qərar, iddiaçının xəsarət aldığı şəraitin müəyyən edilməsi üzrə məhkəmə araşdırmasından (qiymətləndirməsindən) kənarda qala bilməz. Lakin məhkəmə iddiaçının yaralanması faktı üzrə prokurorluq tərəfindən aparılmış təhqiqat materiallarını tələb edib araşdırmamışdır və təhqiqatla hansı halların müəyyən edildiyi (iddiaçının düşmən tərəfindən atılmış atəş nəticəsində yaralanması faktının təsdiq edilib-edilmədiyi) məlum deyildir” Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna sorğu edilərək, Qarabağ Hərbi Prokurorluğunda N saylı hərbi hissənin əsgəri İddiaçı N aprel 2003-cü il tarixdə düşmən tərəfindən atılan atəş nəticəsində odlu silah yaralanması xəsarət alması faktı üzrə müstəntiq R.Z.Hacıyev tərəfindən aparılmış yoxlama materialının baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon bölməsinə sorğu verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon bölməsi tərəfindən 15 may 2N8-ci il tarixli 417 saylı arayışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğu 19 may 2021-ci il tarixdə HP-05/515 saylı məktubla sorğuya cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı düşmən tərəfindən qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə icraatı dayandırılmış 106092 №li cinayət işində olan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən qəbul edilmiş 12 yanvar 2005-ci il tarixli Qərara əsasən, N aprel 2003-cü il tarixdə N saylı hərbi hissənin əsgəri İddiaçı Ermənistan hərbi birləşmələri tərəfindən atılan atəş nəticəsində yaralanması faktı üzrə Qaradağ hərbi prokurorluğunun müstəntiqi, ədliyyə kapitanı R.Z.Hacıyevin cinayət işi başlanılmasının rədd edilməsinə dair 20 may 2003-cü il tarixli qərarı ləğv edilmiş və fakt üzrə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı N.04.2003-cü il tarixdə saat 12-00 radələrində “Təpəgöz” adlanan postda yağışdan sonra səngərdə təmizləmə işləri apararkən Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində sağ ayağının yuxarı hissəsindən güllə yarası almışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı da izahatında qeyd edilən xüsusatı təsdiq etmişdir. Beləliklə, iddiaçının əsgər olaraq xidmət keçdiyi N saylı hərbi hissənin döyüş zonasında yerləşməsi və döyüş tapşırıqları yerinə yetirməsi, həmçinin iddiaçının hərbi xidmət zamanı Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində yaralanması işin mübahisəsiz halıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, iddiaçının 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması tələb olunur. Lakin, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının aldığı xəsarətin döyüş əməliyyatları ilə səbəbli əlaqəsi olmamış, 02.04.2003-cü il tarixdə N saylı hərbi hissə, o cümlədən hərbi hissənin əsgəri olaraq iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, şəxsi ehtiyatsızlıq səbəbindən səngərdə təmizləmə işləri apararkən düşmən gülləsi nəticəsində yaralanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət aldığını sübut etməlidir. Lakin qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2N9-cu il tarixli, 2-1(085)-183/2N9 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar