Məhkəmə qərarları › İş №2-1(105)-284/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-284/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-284/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-4/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6nün şimali-qərb hissəsindən yolun mühafizə zonası saxlanılmaq şərti ilə yol kənarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, tibbi müəssisə tikmək məqsədi ilə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin "xxxx" ASC tərəfindən su-kanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutlmuş layihənin icrası nəticəsində tikinti altına düşdüyünə əsasən torpaqların dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10%-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, əmlakından istifadədən məhrum olduğu üçün isə dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla, cəmi 240.400 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi, X6 ilə üzbəüz yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xətti keçir. Torpaq sahələrinin yolun mühafizə zolağından 30 m kənarda yerləşməsinə baxmayaraq, həmin ərazidə hal-hazırda Cavabdeh ASC tərəfindən iri texnikalar qazma işləri aparılaraq mülkiyyətdə olan torpaq sahəsi yarasız hala salınmışdır. Hesab edir ki, mülkiyyətçi ilə razılaşdırılmadan və ya məhkəmənin qərarı olmadan xüsusi mülkiyyətdə olan torpaq sahəsinə hər hansı bir müdaxilə qanunsuzdur. Həmin ərazidə su-kanalizasiya xəttinin çəkilməsi, mülkiyyətində olan torpaq sahəsinin həmin əraziyə düşməsi, bu barədə iddiaçı ilə danışıqlar aparılması barədə məlumat verilməli olduğu halda rəsmi qaydada heç bir məlumat verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən tikinti altına düşən torpaq sahəsinin mülkiyyətçisinin ünvanına rəsmi qaydada məktub göndərilməli və bu barədə məlumat verilməlidir. Sözügedən ərazidə 0.0505 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli **********72 reyestr nömrəli və 0.0395 ha sahəsi xx.xx.2013-cü il tarixli **********79 reyestr nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətindədir. Həmin ərazidə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi də icra edilməkdədir. Bundan əlavə torpaq sahəsinin plan-ölçülərinə əsasən mülkiyyətdə olan torpaq sahəsinin koordinatları daxilində su-kanalizasiya çəkilməsi üçün nəzərdə tutulmuş plan-layihə ilə uyğunluğu yoxlanılmamış, torpaq sahəsinin tikinti altına tam və ya qismən düşməsi barədə iddiaçıya məlumat verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən təyin edilən 10 noyabr 2017-ci il tarixli, 250/11-17/E-08-S saylı ekspertiza rəyi ilə torpağının 2017-ci il üçün 1 sotunun dəyəri 12.000 manat (yəni 0.01 ha 12.000, 0.09 ha 108.000) olması müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, keçmiş "xxxx" MMC-yə məhkəmə qərardadına əsasən həmin torpaq sahəsinə müdaxilə edilməsi qadağan edilsə də inzibati iş üzrə Cavabdeh ASC cavabdeh olmadığı üçün “Azərsu ASC" torpaq sahəsini yarasız hala salmışdır. Qeyd edir ki, bu günə qədər gedən məhkəmə çəkişmələrində və hazırda torpağın dəyəri ona ödənilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2-1(118)-4/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,009 ha torpaq sahəsinin 0,0215 ha hissəsinə vurulan ziyanla bağlı 25800 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 5160 manat əlavə haqq, cəmi 30.960 manat pul kompensasiyasının iddiaçıya dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim V.Əzizova). Həmin qərarla razılaşmayan cavabdeh qərardan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2-1(118)-4/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi qərardan apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2- 1(118)-4/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(105)-284/2022 nömrəli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir (hakim H.Babayeva). APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sumqayıt avtomobil yolunun tikintisi layihəsi üzrə işlər həyata keçirilmişdir. Həmin torpaq sahəsinə görə kompensasiya ödənilməsi üçün iddiaçı tərəfindən Azərbaycan X3rşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmənin 17 sentyabr 2018-ci il tarixli 2-1(85)-32/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçının verdiyi apellyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2-1(105)-56/2019 nömrəli qərarı ilə qismən təmin edilərək iddiaçının mülkiyyətində olan 0,09 ha torpaq tikinti sahəsinə düşdüyü üçün torpaq sahəsinin əvəzi olaraq 108000 manat məbləğdə və 20 faiz satınalma qiyməti olaraq 21600 manat məbləğin dövlət büdcəsi hesabına ödənilməsi Azərbaycan Avtomobil Yolları Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərarlar məhkəmə iş materiallarına əlavə edilsə də, məhkəmə qərar qəbul edərkən bu sübutları qiymətləndirməmiş, onlara hüquqi qiymət verməmişdir. Digər tərəfdən iddaçinin Abşeron rayonu Saray qəsəbəsində sahəsi 0,09 ha olan torpaq sahəsinin mülkiyyətçisi olması mübahisə doğurmur və bu fakt ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla da təsdiq edilir. Torpaqları dövlət ehtiyacları üçün alan orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. İşə baxan məhkəmə, qərarında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmış olduğunu göstərsə də, hər hansı sənədə, akta istinad etməmiş və etməsi üçün də əsaslar mövcud olmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması və torpağı alan orqanın müəyyən edilməsi barədə AR Nazirlər Kabinetinin hər-hansı qərarı mövcud deyildir. Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alıcı Azərbaycan Avtomobil Yolları Agentliyi müəyyən edilsə də, su-kanalizasiya layihəsi üzrə alıcı orqan "xxxx" ASC müəyyən edilməmişdir. Belə olan halda hesab edir ki, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 5160 manat əlavə haqq ilə bağlı məhkəmənin gəldiyi nəticə əsasızdır. Torpağın dəyərinə dair aparılmış qiymətləndirmə ilə əlaqədar hesab edir ki, torpağın bir sotunun 12000 manat (on iki min) miqdarında müəyyən edilməsi ağlabatan rəqəm deyil. Qərar qəbul edilərkən ekspert rəylərinə istinad olunsa da, bu qiymət torpağın hazırkı real bazar qiymətini əks etdirmir. Hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən məhkəmə aididyyatı qaydaları pozulmuşdur. Belə ki, səhmləri 100 faiz dövlətə məxsus kommersiya hüquqi şəxs olan Cavabdeh ASC balansında olan magistral və paylayıcı su şəbəkə kəmərləri vasitəsilə hüquqi və fiziki şəxslərin içməli su ilə təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərir və bu sahədə təbii inhisarçı qismində çıxış edir. Qeyd edir ki, su və kanalizasiya xidmətlərinin tikintisi cəmiyyətin inhisarçı fəaliyyətinə aid deyildir, həmin tikinti işlərini istənilən təşkilatlar həyata keçirə bilərlər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, birinci instansiya məhkəməsinə tədim etdiyi iddia ərizəsində kompensasiyanın cavabdehlə yanaşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən də tutulmasını tələb etmişdir. Lakin Maliyyə Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs olduğundan, iddia tələbini dəqiqləşdirərək, kompensasiyanın ödənilməsini yalnız cavabdehdən tələb edir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməli, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin 0,0215 ha hissəsinə Cavabdeh ASC tərəfindən su-kanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutulmuş layihənin icrası nəticəsində tikinti altına düşdüyünü iddia edərək bunun müqabilində kompensasiyanın və maddi ziyanın ödənilməsini tələb edir. Lakin, məhkəmə tərəfindən təyin edilmş məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqatı ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsində gördüyü işlər nətiəsində iddiaçının mülkiyyətində olan 0.09 (0.0505+0.0395) ha torpaq sahəsinin cəmi 0.0215 ha hissəsi tikinti altına düşmüşdür. İddiaçının mülkiyyətində olan 0,0505 ha və 0,0395 ha torpaq sahələrinin real bazar dəyəri 108000 manat təşkil edir. Belə olan halda həmin torpağın bir sotunun qiyməti 12.000 manat təşkil etmiş olur. 0.0215 ha torpaq sahəsinə görə vurulan ziyan 25800 manat təşkil edəcəkdir. Məhkəmə hesab edir ki, vurulan ziyana əlavə olaraq torpağın 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0395 ha torpaq sahəsinin 0.0215 ha hissəsinə su-kanalizasiya xəttinin çəkilməsi layihəsinin icrası nəticəsində vurulan ziyan ilə əlaqədar 25800 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 5160 manat əlavə haqq, cəmi 30.960 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, iddianın mümkünlük şərtlərini araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edildiyi kimi, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırkı işdən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0505 ha və 0.0395 ha torpaq sahələri xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10%-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, manatın devalvasiyası və əmlakından istifadədən 3 ildir məhrum olduğu üçün isə dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla, cəmi 240.400 manat kompensasiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2-1(85)- 32/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2-1(105)-56/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2- 1(85)-32/2018 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan 0,0505 ha və 0,0395 ha torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 108.000 manat, daşınmaz əmlakın bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, cəmi 129.600 manat pul kompensasiyasının iddiaçıya dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2-1(102)- 2948/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2-1(105)-56/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd edilən qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.09 ha torpaq sahəsi “Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tam olaraq tikinti altına düşdüyündən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun tələbinə əsasən, torpaq sahəsinin alınması baş vermiş və torpaqları alınan iddiaçıya 129.600 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununa əsasən, alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.(maddə 1.1.1, 1.1.6, 7.1, 7.2) Sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, iddiaçının xüsusi mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, yəni həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi yolu ilə həmin torpağın mülkiyyətçisindən əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması baş verdiyindən, hazırda iddiaçının sözügedən 0,09 ha torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun pozulmasına istinad etməklə kompensasiya tələb etmək hüququ qalmamışdır. İddiaçı məhkəmənin qərarının icra edilmədiyini, mülkiyyətində olan torpaq sahəsinə görə hazırkı vaxtadək kompensasiyanı ala bilmədiyini qeyd edərək, hazırda da torpaq sahəsinin onun mülkiyyətində olduğunu və cavabdehin hərəkətləri ilə hüququnun pozulduğunu iddia etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmənin qərarı hazırda icra edilməmiş olsa belə, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə 129.600 manat məbləğində kompensasiyanın ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə qərarı vardır. Həmin qərara əsasən, iddiaçı dövlət ehtiyacları üçün ondan məcburi qaydada alınan 0.09 ha torpaq sahəsinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən kompensasiyanın ödənilməsini tələb etmiş və məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, İddiaçı dövlət ehtiyacları üçün artıq ondan alınan və əvəzində dəyərinin tam həcmdə ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilən 0.09 ha torpaq sahəsinə dəymiş ziyanla bağlı Cavabdeh ASC-yə qarşı kompensasiyanın ödənilməsinə dair iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halı araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2-1(118)-4/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar