Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-284/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X4 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməklə, 24734 reyestr və 814 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4618/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməklə, 24734 reyestr və 814 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv.m torpaq sahəsi ilə birlikdəə vahid əmlak kimi iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4618/2023 nömrəli qərardadı ilə 2-1(118)-4618/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin əsasını Bakı şəhərində yerləşən torpaq sahəsi təşkil etdiyindən, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi tətbiq edilməli və işə daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki işdə mübahisələndirdiyi daşınmaz əmlak kimi mülkiyyət hüququ ilə ona məxsus ev və onun yerləşdiyi torpaq sahəsi Bilgəh qəsəbəsi, döngə 9 küçəsi, dalan 3, ev 2 ünvanı Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşsə də, Abşeron rayonu ərazisinə aid edilən Zeytunluq sovxozunun hüquqları daxilində olmaqla Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış və hazırda da idarəciliyindədır. Həmin torpaq sahələrinə dair hər hansı hüquq müəyyənedici sənədlərin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətinə aid edilmişdir və hazırda da həmin qurumun səlahiyyətindədir. Həmçinin həmin torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində olmaqla məhkəmə mübahisəsi olmayan işlər üzrə bütün rəsmi sənədlər (çıxarış, texniki pasport və s.) həmin qurum tərəfindən verilir və həmin sənədlərin qanunsuzluğu heç bir dövlət orqanı tərəfindən, o cümlədən 4 saylı Abşeron Ərazi İdarəsinin tabe olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilmir və qurum bu sahədə fəaliyyətini hazırda da davam etdirilir. Cavabdehin iddiaya ərizəsinə etirazında da işin ərazi aidiyyəti mübahisələndirilmir. İddia ərizəmizdə göstərildiyi kimi daşınmaz əmlak kimi mülkiyyət hüququ ilə ona məxsus ev və onun yerləşdiyi torpaq sahəsi Bilgəh qəsəbəsi, döngə 9 küçəsi, dalan 3, ev 2 ünvanının yerləşdiyi torpaq sahəsində onun qonşuları, onun atası, qardaşı, bacısı və s. yaxın qohumlarıdır. Həmin torpaq sahələri Bilgəh Bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli qərarı ilə alqı-satqı yolu ilə ona, atası X9, həyat yoldaşı X3, qardaşı X12, bacısı X10 və bacısının həyat yoldaşı X1 və torpaq sahələrində tikilmiş daşınmaz əmlakların (evlərin) texniki pasportlarında göstərilməklə mülkiyyətdə olmalarına dair çıxarışları vardır. Həmin torpaq sahələrinin bir giriçi olmaqla bir hasarın daxilində onların hamısı tərəfindən mübahisəsiz istifadə olunur. Hazırkı iddiada olduğu kimi yuxarıda qeyd edilən şəxslərin hamısı mülkiyyətlərində olan evlərə yerləşdiyi torpaq sahələri ilə birlikdə vahid əmlak kimi çıxarış almaq üçün hazırkı cavab təşkilata müraciət etmiş, onlara da eyni əsaslarla imtina edilmiş və onlar aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddialar qaldırılmış və iddialar təmin olunaraq cavabdeh təşkilat tərəfindən icra olunmuşdur. Həmin iddiaçılardan X2 iddiasının təmin olunmasından cavabdeh hüquqi şəxs apellyasiya və kassasıya şikayətləri versə də, sonda şikayət təmin edilməmiş və məhkəmə qərarı icra olunmuşdur. Həmin iş üzrə də işin ərazi aidiyyəti mübahisələndirmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə işin ərazi aidyyətinin Sumqayıt İnzibati Məhkəməsinə aid olduğu müəyyən edilmiş və işə Sumqayıt İnzibati Məhkəməsində baxılaraq yekun qərar qəbul edilərək icra olunmuşdur. Ali Məhkəmədə işə baxılarkən işin ərazi aidiyyəti qaydalarına düzgün riayət olunduğu göstərilmişdir. Cavabdeh təşkilat həmin işlərin ərazi aidiyyətini heç vaxt mübahisələndirməmiş və qəbul olunmuş məhkəmə qərarlarını da icra etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qərarlarında yuxarıda qeyd edilən digər işlər üzrə də işlərin ərazi aidiyyəti məsələsini münasibət bildirərək iddia ərizələrinə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olmasını qanuni hesab etmişlər. Hazırkı iddiaçı bir hasarın içərisində olan həmin ərazidə yuxarıda qeyd edilmiş şəxslərə məxsus torpaq sahəsində mülkiyyətlərində olan daşınmaz əmlaklara bitişik olan qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinin və tikdirdiyi daşınmaz əmlaka vahid əmlak kimi çıxarış almaq üçün müraciət edən son şəxsdir. İddiaçıların analoji tələbləri üzrə işlərə Sumqayıt İnzibati Məhkəməsində baxıldıqdan sonra həmin ərazidə olan daşınmaz əmlaklara dair Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyini məhdudlaşdıran, qadağan edən və bu səlahiyyətin onlardan alınıb Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə verilməsinə dair nə ölkə Prezidentinin müvafiq sərəncamı, nə də Nazirlər Kabinetinin, həmçinin ümumi məhkəmə təcrübəsi baxımından Ali Məhkəmənin hər hansı bir qərarı yoxdur. Birinci instansiya məhkəməsi işin ərazi aidiyyətini müəyyən edərkən qeyd edilən halları araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirar daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini cavabdehin imtinasının əsassız hesab edilməklə, 24734 reyestr və 814 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmaqla, Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İndiki halda mübahisə predmetini məhz daşınmaz əmlaka dair hüquqla bağlı inzibati hüquq münasibətləri təşkil edir və həmin daşınmaz əmlakı inzibati ərazi vahidi olaraq Sabunçu rayonu ərazisində yerləşir. Qeyd olunan inzibati ərazi vahidi üzrə ərazi aidiyyətinə görə səlahiyyətli məhkəmə orqanı qismində Bakı İnzibati Məhkəməsi çıxış edir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, qeyd olunan qanunvericilik normalarında ərazi aidiyyətinin müəyyən edilməsinin meyarı kimi məhz daşınmaz əmlakın və ya ərazinin olduğu yer qeyd edilmiş və bu norma imperativ norma kimi müəyyən edilməklə, bununla bağlı hər hansı istisna norma nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, inzibati ərazi vahidlərinin bölgüsü və sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlər məhz müvafiq qanunvericilik normaları (“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunu) ilə müəəyən edilmiş qaydada tənzimlənir. Nəticə etibarilə iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmaqla, mübahisə predmeti olan ərazinin inzibati ərazi vahidi olaraq məhz Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilməsini təkzib edilməsinin əsası kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, 2-1(118)- 4618/2023 saylı inzibati işi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4618/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-284/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-284/2024
12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver