Məhkəmə qərarları › İş №2-1(105)-284/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-284/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-284/2025 17.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2747/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2024-cü il tarixli 2-1(118)- 2747/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə İddiaçı bəraət verilib, İddiaçı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 12 gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılıb və qəti olaraq 01 il 06 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılıb, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablanıb. 09 avqust 2023-cü ildə cəza müddəti başa çatdığına görə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Bundan sonra iddiaçı cəzaçını çəkmiş şəxslərə verilməli olan birdəfəlik müavinətin alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan 24 noyabr 2023-cü il tarixdə sosial müavinətin təyin olunmasından imtina edib. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli 6351 nömrəli arayışının surətinə əsasən iddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 1 il 6 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023- cü il tarixədək həbsdə saxlanılmış və cəza müddəti qurtardığına görə xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasında cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı azadlıqdan məhrum etmə ilə bağlı penitensiar müəssisədə cəza çəkmədiyindən ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir ki, iddiaçı bunların heç birində saxlanılmamışdır. Beləliklə, İddiaçı istintaq təcridxanasında saxlanıldığından və Qanunun 1.0.1 maddəsində anlayışı verilmiş hər hansı penitensiar müəssisədə - cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən, iddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə və sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil. Belə ki, Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən cəzanın icrasının və çəkilməsinin qaydası müəyyən edilmişdir. Ümumi rejimli cəzaçəkmə müəssisə ilə istintaq təcridxanasının rejimlərinin fərqli olduğu isə aydındır. Penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. İddiaçı isə ümumiyyətlə penitensiar müəssisədə cəza çəkmədiyindən sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. İddiaçı on gündən gec olmayaraq cəzasını çəkmək üçün istintaq təcridxanasından ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməməsinin səbəbi, məhkumun razılığının alınıbalınmaması, məhz təsərrüfat və məişət xidməti işi üçün saxlanılıb-saxlanılmaması, istintaq təcridxanasının müdiriyətinin qərarının olub-olmaması müəyyən edilmir. Məhkəmə bu halları araşdırmamışdır. Məhkəmə tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməmiş, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-276622/2023 nömrəli məktubla iddiaçıya müavinəti verməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər hesab olunur. Həmin qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılıması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(124)-88/2023 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İddiaçı CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 02 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 12 gün təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılmış və qəti olaraq üzərində 01 il 06 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6351 nömrəli arayışdan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(124)-88/2023 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə ilə 1 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İddiaçı cəza müddəti qurtardığına görə xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Göründüyü kimi, iddiaçının cəzadan azad edilməsi cəza müddətinin başa çatmasına görə olmuş, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin başa çatması ilə bağlı deyildir. Onun istintaq təcridxanasında olması davam edən cinayət işi üzrə məhkəmə araşdırması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə tətbiq etdiyi norma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində nəzərdə tutulan bərabərlik prinsipinə ziddir. Bu səbəbdən də iddiaçının tələbi qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən təmin edilərkən düzgün qərar qəbul edilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2747/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar