Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-285/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx xxxxxx 2018ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(118)-409/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx xxxxxx 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixli, 433 saylı İcarə Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsini xx.xx.2018ci il tarixdən xx.xx.2033-cü il tarixədək icarəyə götürmüşdür. Bundan sonra xx xxxxxxx 2018-ci il tarixli, 51 nömrəli Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin İstismarına icazə sənədi əsasında tikinti işlərini həyata keçirmişdir. Bundan sonra ünvan 1ndə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 2 saylı Sumqayıt ərazi İdarəsini tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, **********49 saylı imtina məktubu verilmişdir. Həmin məktubda iki əsas qeyd edilmişdir. 1) Sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. 2) Tikintinin altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Hesab edir ki, qeyd edilənlər həqiqəti əks etdirmir, belə bir hallar mövcud deyildir. Tikinti işləri ayrılmış torpaq sahəsində və elektrik xətlərinin mühafizə zolağından kənarda tikilmişdir. Hesab edirik ki, verilmiş bu imtina məktubu hər hansı bir ciddi araşdırma aparılmadan, imtina üçün hər hansı bir ciddi əsas tapmadan verilmiş bir sənəddir. Belə ki, yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kilovoltluq xətlərdə 20 metr, 220 kilovoltluq xətlərdə 25 metr, 330 kilovolt və 500 kilovolt xətlərdə 30 metr məsafədə tikinti aparmaq qanunla qadağandır. Təkcə bu parametrlərdən göründüyü kimi imtina məktubu formaldır. Çünki oradan keçən hansı gərginlikdə xəttin olması, obyektin ondan neçə metr kənarda tikilməsi göstərilməmiş, həmçinin qeyd edilən 0.0035 kv.m sahənin hansı əraziyə düşməsi qeyd edilməmişdir. Eyni zamanda 302.0 kv.m metr ərazinin də hansı əraziyə düşməsi qeyd edilməmişdir. Hansı ki, bütün tikinti işləri qanunvericiliyin tələbləri əsasında, tikinti normalarına uyğun və sənədlərdə nəzərdə tutulmuş torpaq sahəsi hüdudları çərçivəsində tikilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(118)-409/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Səməd İnqilab oğlu ünvan 2ndə yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Səməd İnqilab oğluna bildirilmişdir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikintialtı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Odur ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətinə qanuna müvafiq qaydada baxılacağı iddiaçının nümayəndəsinə bildirilmiş və bu barədə ona xx.xx.2020-ci il tarixli **********9 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. İşə baxmış birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş və iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən, həmçinin qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikintialtı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyindən sözügedən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə mübahisələndirilən qərarın əsaslandırma hissəsində “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinad etsə də, nədənsə həmin maddi hüquq normasının tələblərinə zidd olaraq sözügedən qeyriyaşayış binasına dair təqdim edilmiş sənədlərdə çatışmazlıq olmasına baxmayaraq İdarə tərəfindən verilmiş imtinada qeyd edilən arqumentləri əsasız hesab etmiş və iddianın təmin edilməsinə dair qərar qəbul etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin iddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs hüquqlarının qeydiyyatı üçün əsas mövcud olduğu halda qanunsuz olaraq hüquqlarının qeydiyyata alınmamasından müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının qeydiyyatı üçün məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeyriyaşayış binasına dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən qeyri-yaşayış binasına dair sənədlərdə çatışmazlıq olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəflərindən verilmiş etirazda göstərilən arqumentləri əsassız hesab etmiş və iddianın təmin edilməsi haqqında qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Məhkəmə mübahisələndirilən qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 230 nömrəli ekspert rəyinə istinad edərək İdarənin etirazında qeyd edilən tikintialtı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazasının İddiaçı icarəyə verilmiş ünvan 2ndə yerləşən 6000 kv.metr torpaq sahəsində inşa edildiyini qeyd edir və məhz həmin ekspert rəyinə istinad edərək İdarənin gətirdiyi birinci arqumenti əsassız hesab edir. Halbuki, müvafiq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza” Birliyinin deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında həmin quruma müvafiq ekspertizanın keçirilməsinin həvalə edilməsinə dair vəsatət versə də, məhkəmə buna məhəl qoymamışdır. Cavabdeh təkrar tikinti-texniki ekspertizanın təyin edilməsi və onun keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə vəsatət vermişdir. Sədrlik edən hakim Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin verdikləri rəyləri nəzərə aldıqlarını, həmin qurumun isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin tabeliyində olduğuna istinad edərək, vəsatəti təmin etməmiş və iddianın təmin edilməsi haqqında qərarını elan etmişdir. İş üzrə sədrlik edən hakim üzərində tikinti-işləri aparılmış sənəd üzrə olan torpağın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşüb-düşməməsini müəyyən etməkdən ötrü yerində baxış keçirilməsindən də imtina etmişdir. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 433 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin surətindən görünür ki, X4 Komitəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış və ünvan 2 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 51 nömrəli Tikinti obyektinin istismarına dair icazəsinin surətindən görünür ki, İddiaçı məxsus tikinti obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Şimal RETSİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3/08-1110 nömrəli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı ünvan 2ndə yanacaqdoldurma məntəqəsi və ticarət xidmətləri obyekti tikintisinin layihələndirilməsinə icazə verilməsi nəzərdə tutulmuş torpaq sahəsindən “xxxx” ASC-nin Şimal RETSİ-nin Paylayıcı Şəbəkə sahəsinə məxsus 35-10-6-0,4 kv-luq kabel və hava xətti keçmir, obyekt mühafizə zonasına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 230 nömrəli ekspert rəyindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin etirazında qeyd olunan tikintialtı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazası İddiaçı ƏMDK tərəfindən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən 6000 kv.m torpaq sahəsində inşa edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********49 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyi, bundan əlavə qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikinti altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edildiyi göstərilmişdir. İşdən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq inşa etdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi İnzibati Prosessual Məcəllənin 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab etmişdir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Həmçinin məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab etmişdir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə düşür. Azərbaycan Respublikası Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış qeyri-yaşayış binasının eskiz layihəsini tərtib etmiş “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun və Sumqayıt memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış birgə imzaladıqları tikinti obyektinin layihə və ölçü planında, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 51 saylı xx xxxxxxx 2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri-yaşayış binasının ümumi sahəsinin 6000 kv.m olması göstərilmişdir. Lakin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi ünvan 2ndə inşa edilmiş qeyri-yaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin 302,0 kv.m hissəsinin kənarda yerləşməsinin bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri-yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri bilmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 230 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin etirazında qeyd olunan tikintialtı sahələri 302.0 kv.m olan avtovervis və təkərlərin satışı mağazası İddiaçı icarəyə verilmiş ünvan 2ndə yerləşən 6000 kv.m torpaq sahəsində inşa edilmişdir. Belə olan halda cavabdehin gətirdiyi birinci arqument əsassız hesab olunmalıdır. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti araşdıraraq məhkəmə hesab etmişdir ki, qeyd olunan arqument iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi həmin obyektin şəhərsalma normalarına uyğunluğunu yoxlamaq məqsədilə, “xxxx” ASC-nin Şimal RETSİ-nə sorğu vermiş və həmin sorğuya cavab olaraq “xxxx” ASC-nin Şimal RETSİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3/08-1110 nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya icarəyə verilmiş ünvan 2ndə yerləşən torpaq sahəsində kabel və hava xətti keçmir, obyekt mühafizə zonasına düşmür. Belə olan halda cavabdehin gətirdiyi ikinci arqument də əsassız hesab olunur. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il tarixli, 433 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən X4 Komitəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış və ünvan 2 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 51 nömrəli Tikinti obyektinin istismarına dair icazəsinə əsasən İddiaçı məxsus tikinti obyektinin istismarına icazə verilmişdir. Bundan sonra İddiaçı xx xxxxxxxx 2020-ci ildə ünvan 2ndə yerləşən qeyriyaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyi, bundan əlavə qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikinti altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edildiyi göstərilmişdir. Lakin cavabdeh imtinasında istinad etdiyi hallara dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, iş materialları ilə cavabdehin imtinasında istinad etdiyi hallar təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 230 nömrəli ekspert rəyindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin etirazında qeyd olunan tikintialtı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazası İddiaçı ƏMDK tərəfindən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən 6000 kv.m torpaq sahəsində inşa edilmişdir. Həmçinin “xxxx” ASC-nin Şimal RETSİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3/08-1110 nömrəli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı ünvan 2ndə yanacaqdoldurma məntəqəsi və ticarət xidmətləri obyekti tikintisinin layihələndirilməsinə icazə verilməsi nəzərdə tutulmuş torpaq sahəsindən “xxxx” ASC-nin Şimal RETSİ-nin Paylayıcı Şəbəkə sahəsinə məxsus 35-10-6-0,4 kv-luq kabel və hava xətti keçmir, obyekt mühafizə zonasına düşmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(118)-409/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-285/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-285/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver