Məhkəmə qərarları › İş №2-1(105)-285/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-285/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-285/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "hərrac qaydaları pozulduğundan hərracın etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2-1(118)-429/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 13 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi qərara alınmış və bununla bağlı xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda X7 qalib olmuş, həmin müəssisəyə dair ƏMDK ilə onun arasında xx.xx.2017-ci il tarixli, 3350 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, daha sonra müqavilə əsasında daşınmaz əmlak üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı "xxxx" MMC, İddiaçı və digərləri cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki qaydada məhkəmədə iddia qaldıraraq, "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın və onunla bağlı verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdirlər. Quba Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(027)-914/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində X9 ilə X4 arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Şaiq Orucovun adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(105)-3450/2019 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-914/2019 nömrəli qətnaməsi qismən – hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(102)- 2211/2020 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3450/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı və digərləri cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X3 qarşı inzibati qaydada iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli, 13 saylı sərəncamının etibarsız sayılmasını xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(105)-1338/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(105)-133/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin 2-1(105)- 1338/2021 nömrəli qərardadı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(102)-873/2022 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)- 133/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, "xxxx" MMC özəlləşdirilərkən əmək kollektivinə heç bir məlumat verilmədiyi, hərracın keçirilmə və təşkili qaydaları pozulduğundan yenidən hərracın keçirilməsini xahiş etmişdir. Cavabdeh 06 fevral 2023-cü il tarixli, 3-21-3/2-P-0006/3-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, MMC-nin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” na və “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları” na uyğun olaraq 04 aprel 2017ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. MMC-nin özəlləşdirilməsi zamanı təqdim olunbmuş işçilər siyahısında əmək kollektivi haqqında məlumat qeyd edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti və ƏMDX Xaçmaz Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı keçirilən hərrac qaydaları pozulduğundan yenidən hərracın keçirilərək iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə texniki passport və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi olmaqla, 30 ildən artıqdır ki, həmin müəssisəyə rəhbərlik edərək idarə edir. Həmin müddət ərzində müəssisədə bir çox abadlıq işləri görmüş və tikintilər inşa etmişdir. Hətta susuzluqdan əziyyət çəkən kənd əhalisi üçün su arteziani da istifadəyə vermişdir. Bundan sonra, həmin bu ərazidə meyvə emalı sexi tikmiş, həmin sex və digər daşınmaz əmlaklar anbarlar, tarlalar onun təsisçi olduğu "xxxx" kiçik müəssisəsi adı altında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 06 oktyabr 1998-ci il tarixdə mülkiyyətçi kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisi kimi Vergilər Nazirliyində qeydiyyata alınmış, VÖEN alaraq fəaliyyətə başlamışdır. Həmçinin, 1994-cü ildə Quba rayon "İİ Nügədi" meyvəçilik sovxozunun komissiyasının 04/1993-cü il tarixli, 02 nömrəli əmrinə əsasən X1 yaşayış evi tikmək üçün "xxxx" kiçik müəssisəsinə bitişik 0,08 ha torpaq sahəsi verilmişdir. Lakin, manatın bir neçə dəfə devalvasiya olmasına görə, müəssisədə krizis yaranmış və həmin meyvə emalı sexi bir müddət fəaliyyətini dayandırmış və mövcud vəziyyət barədə Vergilər Nazirliyinə xəbər vermişdirlər. Bu yaxınlarda Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2017-ci il tarixli, **********451700 saylı məktub ilə "xxxx" MMC-nin dayandırılması haqqında arayışın vaxtının bitdiyini və xx.xx.2018-ci il tarixindən etibarən uçot məlumatlarında sahibkarlıq fəaliyyətinin bərpa ediləcəyi bildirilmişdir. Lakin, fəaliyyətlərini bərpa etmək imkanları olmadığı üçün bir daha sənədlər toplamış və sahibkarlıq fəaliyyətinin uzadılması barədə məktub hazırlayıb Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə ünvanlamışdır. Bütün bunların qeyd edilməsində məqsəd həmin müəssisə və onun yerləşdiyi ərazinin sözügedən şəxslərə məxsus olduğunu bildirməkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi hərrac qaydalarına riayət etmədən “Şahmehi" MMC-ni və onun ərazisini Quba rayon "İİ Nügədi" meyvəçilik sovxozu tərəfindən ona verilmiş yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsini X2 alqı-satqı müqaviləsi əsasında 100.000 manata xüsusi mülkiyyət formasında satmışdır. Tərəflərindən ərizə ilə cavabdeh orqana müraciət edilərək, yenidən hərrac keçirilməsi xahiş olunsa da, müraciətinə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 13 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi qərara alınmış, qeyd edilən müəssisənin özəlləşdirilməsi barədə 28 fevral 2017-ci il tarixli Hərrac Komissiyası iclas keçirmiş, lakin, MMC-nin əmək kollektivinə heç bir məlumat verilməmiş, ilk olaraq həmin müəssisənin özəlləşdirilməsi əmək kollektivinə təklif olunmamış və hərracın keçirilmə və təşkili qaydaları pozulmuşdur. Eyni zamanda, hərracın keçirilmə prosesi ilə bağlı məlumatların əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğular ünvanlansa da, sorğulara dolğun cavab verilməmişdir. Eyni zamanda, digər cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Nazirlik yanında ƏMDX Xaçmaz Ərazi Şöbəsinə ərizə ilə yenidən hərracın keçirilməsi üçün müraciət olunsa da, bu günə kimi ərizəyə cavab verilməmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 13 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və həmin müəssisəyə dair xx.xx.2017ci il tarixində keçirilmiş hərracda X7 hərracın qalibi olmuşdur. Sonuncu ilə ƏMDK arasında xx.xx.2017-ci il tarixli, 3350 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, MMC-nin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyin tələblərinə riayət etməklə həyata keçirilmişdir. İddiaçı isə iddia ərizəsində öz tələbinin hüquqi əsası kimi hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun müddəalarının pozulduğunu qeyd etmişdir. Bununla əlaqədar bildirir ki, dövlət əmlakının hərrac vasitəsilə satışı “İpoteka haqqında” Qanunla tənzimlənmir. Belə ki, Mülki Məcəllənin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Buna uyğun olaraq dövlət əmlakının hərrac vasitəsilə satışı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” na və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalan”na uyğun olaraq həyata keçirilir. İddiaçı, həmçinin, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinin - yəni, əmək kollektivi üzvlərinin güzəştli satış hüquqlarının pozulduğunu və ilk olaraq həmin müəssisənin özəlləşdirilməsinin əmək kollektivinə təklif olunmadığını və hərrac barədə onlara məlumat verilmədiyini bildirmişdir. Bununla bağlı bildirirlər ki, özəlləşdirmə zamanı MMC-nin əmək kollektivi mövcud olmamış və müəssisə fəaliyyət göstərməmişdir. İddiaçının və digərlərinin "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olub olmaması məsələsi artıq bir dəfə məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, iddiaçının "xxxx" kiçik müəssisəsinin işçisi olub-olmaması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilərək, iddiaçının həmin müəssisənin əmək kollektivinin üzvü olmadığı, bu səbəbdən, müəssisənin özəlləşdirilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirir ki, iddiaçının "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvü olmaması artıq qanuni qüvvəyə minmiş digər bir məhkəmə qərarı ilə təsdiq edilmişdir və həm iddiaçı, həm də cavabdeh həmin məhkəmə işinin tərəfləri olmuşdurlar. Bununla da, iddiaçının "xxxx" kiçik müəssisəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olmadığı və bu səbəbdən, həmin müəssisənin özəlləşdirilməsinə dair keçirilmiş hərracın qanuniliyini mübahisələndirmək üçün subyektiv hüquqa da malik olmadığı öz təsdiqini tapır. Digər tərəfdən, iddiaçı özəlləşdirmənin də qanuniliyini məhkəmədə mübahisələndirmiş və məhkəmə araşdırması zamanı müəssisənin özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi, hərracın qanunvericiliyin tələbinə uyğun olaraq keçirildiyi müəyyən edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddia əsassız olmaqla yanaşı iddiaçının hazırkı iddianı məhkəmədə qaldırmağa subyektiv hüququ da yoxdur. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilən hərrac qaydaları pozulduğundan hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2-1(118)-429/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mövcud mübahisə üzrə kifayət qədər məhkəmə araşdırması mövcuddur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı hərrac qaydaları pozulduğundan yenidən hərracın keçirilərək iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanlar üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı apellyasiya şikayətini dəqiqləşdirərək, "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilən hərracın etibarsız hesab edilməsi, yenidən hərracın keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi zamanı müəssisənin əmək kollektivinin qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququna malik olması faktına hüquqi qiymət vermədən qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, lakin, nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: Hazırkı halda, iddiaçı "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı hərracın keçirilməsi və təşkili qaydaları pozulduğunu iddia edir, bu baxımdan, onun nəticələrinin etibarsız hesab edilməsini və yenidən hərracın keçirilməsini xahiş edir. Bununla bağlı kollegiya qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.3-cü bəndində göstərilir ki, dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı mübahisə predmeti də "xxxx" MMC barəsində keçirilmiş hərracın təşkili və onun nəticələri olduğundan, bu halda, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı qeyd olunan tələblə mülki qaydada iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərini mübahisəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin, işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli Cəmiyyət onun bazasında yaradılıb, əvvəlki işçilərlə bağlanmış müqavilələr ləğv edilsədə, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMCnin əmək kollektivinin üzvü olmayıb və ümumiyyətlə həmin Cəmiyyət fəaliyyət göstərməyib. Bu isə, iddiaçıların hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamaları qənaətinə gəlməyə əsas verir. İddiaçı apellyasiya şikayətinin dəlillərində onun "xxxx" MMC-nin təsisçisi olaraq 30 ildən artıqdır həmin müəssisəyə rəhbərlik etməklə onu idarə etdiyini, bu baxımdan, müəssisənin özəlləşdirilməsi ilə bağlı keçirilən hərrac zamanı müəssisənin əmək kollektivinin onu satın almaqda üstünlük hüququ, dolayısı ilə subyektiv hüququ olduğunu bildirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək bildirir ki, işin yuxarıda qeyd olunan hallarından görünüyü kimi qeyd olunan hərracın keçirilməsi və onun nəticələri mülki inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmiş və həmin məhkəmə araşdırması zamanı iddiaçının hazırkı şikayətinin də qeyd olunan dəlillərinə hüquqi qiymət verilmişdir. Həmçinin, iddiaçı daha sonra "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamını və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli, 13 saylı sərəncamını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün sayılmamışdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə, “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunanlara əsasən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesba eidr ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2-1(118)-429/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar