Məhkəmə qərarları › İş №2-1(105)-286/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-286/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-286/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “X6 LTD” MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “X6 LTD” MMC-nin sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 219/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “X6 LTD” MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 02.06.2020-ci il tarixli **********200300 nömrəli və 02.06.2020-ci il tarixli **********524900 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək, “X6 LTD” MMC-nin sub-uçot hesabına əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin subuçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanları tərəfindən cəmiyyətin ƏDV sub-uçot hesabına qanunsuz şəkildə süni məhdudiyyətlər tətbiq olunmuşdur. Müəyyən müddətdir cəmiyyətə məxsus ƏDV sub-uçot hesabı vergi orqanı tərəfindən qanunsuz texniki üsullarla "bloka" salınmış və tərəfindən ƏDV-nin məxarici üzrə hər hansı əməliyyatın aparılması texniki baxımdan qeyri-mümkündür. Buna səbəb isə həmin hesabda proqram təminatı tərəfindən yaradılan texniki məhdudiyyətlərdir. Belə ki, ƏDV sub uçot hesabında hər hansı əməliyyat aparmaq istəyərkən "VÖEN səhvdir", "Məlumatın formatı düzgün deyil" kimi standart xətalar ortaya çıxır. Qeyd olunan texniki problemlərlə bağlı dəfələrlə vergi orqanına müraciət olunsa da hər hansı texniki problemin olmadığı bildirilmişdir. Halbuki, ƏDV sub-uçot hesabına texniki blokun qoyulması vergi orqanlarının çoxillik ənənəsidir. Bundan başqa, digər vergi ödəyiciləri "X6 LTD" MMC-nin ƏDV sub-uçot hesabına ƏDV mədaxil etmək istərkən "Bu vergi ödəyicisinin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" yazısı çıxır ki, bu da cəmiyyətin işgüzar nüfuzuna zərər vurur və həmin şəxslərlə cəmiyyət arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Qeyd olunan hallan əyani şəkildə məhkəmə baxışı zamanı sübut edə bilərlər. Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən ƏDVnin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyvəti orqanı tərəfindən müəyyən edilir. Vergi Məcəlləsinin 175.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi" Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı-ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə 2 hesabı mövcuddur: depozit hesabı və sub-uçot hesabı. Depozit hesabı faktiki olaraq pul vəsaitlərinin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesabı hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən elektron proqram təminatıdır. ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həvata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsasları qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, vergi ödəyicisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda cəmləşmiş məbləğlər vergi ödəyicisinin depozit hesabında olan məbləğləri əks etdirməlidir. Depozit hesabından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabında olan göstəricilərdən həmin məbləğin tutulması vergi ödəyicisinə məlum olmalıdır. Bundan başqa, cavabdeh tərəfindən yalnız müvafiq hallar mövcud olduqda elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə aparılan əməliyyatlarla bağlıdır. Yəni, qeyd edilmiş hallarda cavabdeh tərəfindən sub-uçot hesabına hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyaları vasitəsilə vergi ödəyicisinə sub-uçot hesabdan istifadə edilməsindən imtina edə bilər. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə borcu olduqda, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericilikdə nəzərdə tutulan hallar olmadığı halda, qanunsuz şəkildə proqram təminatı vasitəsilə "X6 LTD" MMC-nin ƏDV sub uçot hesabına müdaxilə edir, sub-uçot hesabından istifadə edilməsindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda, əsassız texniki xətalar vasitəsilə imtina edir və nəticədə "X6 LTD" MMC-nin fəaliyyətini iflic edir. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən riskli vergi ödəyicisinin meyarları 28.07.2020-ci il tarixdə təsdiq edildiyi halda, cavabdeh inzibati orqanlar 2020-ci ilin mart ayında "X6 LTD" MMC-ni əmtəəsiz və riskli əməliyyat aparan şəxs kimi qəbul edərək ona qanunsuz məhdudiyyətlər tətbiq etməyə başlamış və cəmiyyət ilə əməliyyat aparan vergi ödəyicilərinə "bu vergi ödəyicisinin əmtəəsiz və riskli əməliyyat aparan vergi ödəyicisi olması ehtimal edilir" məzmunlu yazı (mesaj) ilə xəbərdar edərək, cəmiyyətin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edir və qanunla qorunan hüquqlarını pozur. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələbləri və ümumi prinsiplərinə müvafiq olaraq inzibati orqanların ehtimallar əsasında hərəkət edərək vergi ödəyicilərinin qanuni fəaliyyətinə müdaxilə etməsi kobud və ciddi qanun pozuntusu hesab edilir. Cəmiyyətin 15.05.2020-ci il tarixli məktubuna Dövlət Vergi Xidmətindən ünvanlanmış cavab məktubunda qeyd olunur ki, "cəmiyyətin ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq va ya müəssisənin riskli vergi ödəyicisi olması barədə qeyd müəyyən olunmamışdır". Koronovirus pandemiyası dövründə cəmiyyətin fəaliyyətinə bu cür qanunsuz müdaxilə mövcud iqtisadi şəraitdə sahibkarın maliyyə vəziyyətini daha da çətinləşdirməkdən başqa bir məqsədə qulluq etmir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-219/2020 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “X6 LTD” MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan cavabdehlər apelyasiya şikayətləri vermişdirlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin Hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Həmçinin məlum olduğu kimi, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qurumun təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM 109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM 178.11-ci maddə). Belə ki, vergi ödəyicisinin fəaliyyətinin qida məhsullarının istehsalı olmasına baxmayaraq fəaliyyəti qida məhsulları ilə bağlı olmayan, o cümlədən, müxtəlif tarixlərdə riskli əməliyyatlar apardığı müəyyən edilən "xxxx" MMC-dən (**********) 12.02.2020-ci il tarixdə 7,2 min manat, "xxxx" MMC-dən (**********) 13.02.2020-ci il tarixdə 17,3 min manat, "xxxx" MMC-dən (**********) 14.02.2020-ci il tarixdə 13,1 min manat ƏDV daxil olmuş və həmin vəsaitlər eyni tarixlərdə "xxxx" MMC-yə (**********) köçürülməklə şəkər tozu və başqa qida əlavələri alınmışdır. 21.02.2020-ci il tarixdə isə "xxxx" MMC-dən (**********) 30000 manat ƏDV daxil olmuş və müxtəlif vergi ödəyicilərinə köçürülmüşdür. Qeyd olunan 4 riskli vergi ödəyicisindən daxil olan vəsaitin qarşılığında həmin müəssisələrə “şəkər tozu, peçenye, vafli” göstərilməklə 442,8 min (67,5 min ƏDV-lik) manat dəyərində elektron-qaimələr təqdim edilmişdir ki, bu da həmin vergi ödəyicilərinin fəaliyyətinə uyğun deyildir. Belə ki, "xxxx" MMC (**********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə “kran icarəsi, qovşaq qutusu, qızdırıcı naqil və s.” olmaqla 73,6 min manat ƏDV dəyərində alışında və idxalında olmayan mallar təqdim etmiş və daxil olan vəsaitdən 30 min ƏDV məbləği “X6 LTD” MMC-yə köçürülmüşdür. "xxxx" MMC (**********) tərəfindən 17,2 min manat ƏDV dəyərində alışında və idxalında olmayan “kreslo, divan,stol dəsti, televizor, soyuducu, yataq” "xxxx" MMC-yə (**********), “kondisioner, pendant, kabel bağı, qazon toxumu və s.” "xxxx" MMC-yə (**********), heç bir işçisinin olmadığı halda xidmətlər isə “maliyyə-marketinq məsələləri üzrə məsləhət xidməti” "xxxx" MMC-yə (**********) təqdim edilmiş, əldə olunan vəsait “X6 LTD” MMC-yə köçürülmüşdür. "xxxx" MMC (**********) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinə (**********) “napor, asfalt, katinka, naqil, boru, qaynaq çubuğu və s.” olmaqla (boru istisna) alışında və idxalında olmayan mallar təqdim etmiş və daxil olan 13,2 min manat ƏDV məbləği “X6 LTD” VİMC-yə köçürülmüşdür. "xxxx" MMC (**********) işçisi olmadan "xxxx" MMC-yə (**********) “film çəkilişi üçün lisenziya xidmətləri” təqdim etmiş və daxil olan 7,2 min manat ƏDV-ni fəaliyyətinə uyğun olmayan malların alışı üçün “X6 LTD” MMC-yə ödəmişdir. Göründüyü kimi, 4 riskli vergi ödəyicisi tərəfindən əmtəəsiz və ya riskli əməliyyatlar aparılmaqla əldə olunan ƏDV məbləği təqdim etdikləri qaimələrdə göstərilən mal və xidmətlərdə istifadəsi mümkün olmayan qida məhsullarının alışı kimi göstərilərək “X6 LTD” MMC-yə köçürülməsi qeyd olunan qida məhsullarını faktiki olaraq almadıqları ehtimalını yaradır. Beləliklə, riskli vergi ödəyicisi ilə aparılan əmtəəsiz əməliyyatlar, həmçinin vergi ödəyicisinin özü tərəfindən vergi orqanına dürüst olmayan məlumatların təqdim edilməsi gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən “X6 LTD” MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi X2 apelyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X3 apelyasiya şikayətlərinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, hazırkı işdən görünür ki, iddiaçı “X6 LTD” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı apelyasiya şikayətlərinin dəlili ondan ibarətdir ki, istər Vergi Məcəlləsində, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarından ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. İddia tələbinə etiraz ərizəsində isə cavabdehlər həmçinin göstərmişdirlər ki, iddiaçı məhkəməyə ərizəsində qeyd edilən müdaxilənin vergi orqanı tərəfindən həyata keçirildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı-ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı X1 açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına; Həmin Qaydaların 4.3-cü bəndinə əsasən, alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməlidir və özünə məxsus ƏDV subuçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması səlahiyyəti yalnız vergi ödəyicisinə aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısında göstərilmişdir. Həmin reqlamentin 3.3.2-ci bəndində göstərilir ki, imtina üçün əsas olmadıqda elektron xidməti göstərilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: 1) Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri; 2) İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; 3) Dövlət büdcəsinə borcu olduğu halda digər subuçot hesaba ödəniş aparılmasından imtina edilir; 4) Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. İşin hallarına əsasən belə nəticəyə gəlmək olur ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatların çıxarışlarından ƏDV köçürmə əməliyyatının uğurla icra edilə bilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə nəzərdə tutulmayan “Səhv”!!! yazısı çıxaraq daha sonra “Zəhmət olmasa, VÖEN-i düzgün göstərin” məzmununda bildiriş gəldiyi müəyyən edilmiş, beləliklə də, iddiaçı ƏDV köçürmə əməliyyatını sistemdə mövcud olan məhdudiyyətlərə görə icra edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndində elektron xidmətin göstərilməsindən imtina halları müəyyən edilmiş və bu zaman sistem tərəfindən istifadəçinin ekranına verilən mesajların qəti siyahısı müəyyən edilmişdir. Lakin, “Səhv”!!! “Zəhmət olmasa, VÖEN-i düzgün göstərin” yazısı həmin imtina hallarının və komputer ekranına verilən mesajların siyahısında göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə məsuliyyəti Dövlət Vergi Xidməti daşıyır. Buna baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının daima işlək vəziyyətdə saxlanılması, vergi ödəyicilərinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilmədiyi üçün iddiaçının sub-uçot hesabında məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal fəaliyyət göstərməsinə, habelə üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törədir və gəlir əldə etməsinin qarşısını alır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ƏDV subuçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, əsas fəaliyyət növü şəkər (qənd) və un məmulatlarının istehsalı və satışı olan “X6 LTD” MMC 2020-ci ilin fevral ayında digər vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC" kimi şirkətlər ilə alışveriş əməliyyatı həyata keçirmişdir. Belə ki, "xxxx" MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü “kran icarəsi, qovşaq qutusu, qızdırıcı naqil və s.” ibarət olmasına baxmayaraq, ondan dəyəri 166.667 manat olan “şəkər tozu, peçenye” almış, "xxxx" MMC vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü “kreslo, divan, stol dəsti, televizor, soyuducu, yataq” satışı olmasına baxmayaraq, ondan dəyəri 95.833 manat olan “şəkər tozu, peçenye, vafli, kraker” almış, "xxxx" MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü “napor, asfalt, katinka, naqil, boru, qaynaq çubuğu və s.” satışı olmasına baxmayaraq, ondan dəyəri 72.778 manat olan “şəkər tozu” almış və "xxxx" MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növünün “film çəkilişi üçün lisenziya xidmətləri” göstərilməsindən ibarət olmasına baxmayaraq, ondan dəyəri 40.000 manat olan “qənd, vafli, peçenye” almışdır. Buna görə də, vergi orqanı “X6 LTD” MMC-ni riskli ödəyicilərin siyahısına daxil etmiş və onunla əməliyyat aparan hər bir vergi ödəyicisi qarşısında “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs!” qrafası əks olunur. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyat riskli əməliyyat hesab olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə vergi orqanının qərarı olmadığından iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi yolverilməzdir. Bundan əlavə, “X6 LTD” MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növündən kənar fəaliyyət həyata keçirməsi təsdiqini tapmadığından vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna aid edilməsi əsaslı deyil. Belə ki, vergi orqanı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş siyahıdan məlum olmuşdur ki, “X6 LTD” MMC qeyd olunan şirkətlərdən şəkər tozu və un məmulatları almışdır. Riskli ödəyicilər ilə mal alğı-satqısının həyata keçirilməsinə görə “X6 LTD” MMC-nin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-219/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar