Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-286/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz regional ərazi filialına qarşı cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1308/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 15.01.1956-cı ildə Qusar rayonun Əvəcuq kəndində anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ 15.01.2021-ci il tarixdə yaranmışdır.
2. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh 04.05.2021-ci il tarixli, **********5 saylı məktubu ilə iddiaçının tələb olunan 25 illik sığorta stajı və eyni zamanda fərdi hesabının sığorta hissəsində 01.07.2018-ci il tarixə kimi pensiya kapitalının olmadığından yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 08.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.01.1956-cı il tarixdə Qusar rayonun Əvəcuq kəndində anadan olmuş, əmək fəaliyyətinə 04.12.1973-cü il tarixindən başlamaqla 03.12.1999-cu il tarixinədək müxtəlif müəssisə və idarələrdə işləmişdir. Onun ümumilikdə həmin illər üzrə 25 il 5 ay sığorta stajı vardır. 15.01.2021-ci il tarixdə 65 yaşı tamam olmuş və yaşa görə pensiya hüququ yaranmışdır. O, yaşa görə pensiya təyin olunması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi idarəsinə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, 25 il 5 aylıq sığorta stajını təsdiq edən əmək kitabçası, iş yeri və əmək haqqı barəsində arayışları cavabdehə təqdim etmişdir. Cavabdeh onun müraciətinə 04.05.2021-ci il tarixli **********5 saylı məktubla cavab verərək ona yaşa görə pensiya təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası onun 04 dekabr 1973-cü ildən 14 may 1974-cü ilədək Qusar rayonunun sabiq K.Marks adına sovxozunda fəhlə işlədiyi dövr üçün sığorta stajının (işə qəbul və işdən çıxma əmrlərinin) əmək kitabçasına qeyd edilməməsi ilə, habelə 26 avqust 1986-cı il tarixdən 03 dekabr 1999-cu il tarixədək Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər aparılsa da, Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsinin əmrlər kitabının və şəxsi hesab kitablarının arxivə təhvil verilmədiyindən onun həmin idarədə işləməsi haqqında hər hansı bir məlumatın olmaması ilə əsaslandırmışdır. Cavabdeh ona bildirmişdir ki, həmin səbəblərdən onun 04 dekabr 1973-cü ildən 14 may 1974-cü ilədək Qusar rayonunun sabiq K.Marks adına sovxozunda fəhlə işlədiyi dövrün və 26 avqust 1986-cı il tarixdən 03 dekabr 1999-cu il tarixinədək Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işlədiyi dövrün iş stajına daxil edilməsi mümkün deyildir. O, cavabdehin imtinasına etiraz olaraq bildirir ki, onun 04 dekabr 1973-cü ildən 14 may 1974-cü ilədhk Qusar rayonunun sabiq K.Marks adına sovxozunda fəhlə işlədiyi dövr üçün sığorta stajı (işə qəbul və işdən çıxma əmrləri) əmək kitabçasına qeyd edilməsə də o, cavabdehə həmin dövr üçün iş stajı və əmək haqqı barəsində Qusar rayon Dövlət Arxivinin verdiyi 27 aprel 2021-ci il tarixli 123 saylı arayışını təqdim etmişdir. 26 avqust 1986-cı il tarixdən 03 dekabr 1999-cu il tarixinədək Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işlədiyi dövrün sığorta stajı əmək kitabçasında qeyd edilmişdir. Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsi tərəfindən əmrlər kitabının və şəxsi hesab kitablarının arxivə təhvil verilməməsi onu həmin dövr üçün sığorta stajından məhrum edə bilməz, çünki həmin sənədlərin arxivə təhvil verilməməsi onun məsuliyyətinə aid məsələ deyildir. Bundan əlavə o, cavabdehə Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işləməsi, həmin dövrə aid əmək haqqı barəsində arayışları təqdim etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu, 04.12.1973-cü il tarixdən 03.12.1999-cu il tarixədək müxtəlif müəssisə və idarələrdə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bu səbəblə də, İddiaçı işlədiyi illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının tələbi təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Etirzada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə istinad edilməklə göstərilir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 iİ sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Onun kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İşin mübahisələndirilməyən halı iddiaçının 31.05.1974 - 16.06.1976-cı illərdə hərbi xidmətdə olduğu dövrdür. 06.09.2020-ci il tarixli 309/40 nömrəli arxiv arayışına əsasən iddiaçının 1977 - 1978, 1980 - 1981, 1984 - 1991-ci illərdə Əhaliyə Məişət Xidməti İstehsalat Birliyində işləməsi və əmək haqqı alması barədə qeydlər mövcuddur. Arxiv arayışındakı qeydlərdə 1989-cu ilin sentyabr ayının əmək haqqı cədvəllərində Bayramov soyadında qaralama olduğu qeyd edilmişdir. X4 Xidməti Kombinatının 1979, 1982 və 1983-cü illərin əməkhaqqı cədvəlləri rayon arxivinə təhvil verilməmişdir. Eyni zamanda Qusar rayon X2 Məişət Xidməti İstehsalat İdarəsinin əmrlər və şəxsi hesab kitabları təhvil verilməmişdir. Bu məqam da, iddiaçının həmin müəssisədə işləməsi faktını şübhə altına alır. Bundan əlavə İddiaçı 04.12.1973-14.05.1974-cü illərdə Qusar rayonu sabiq K.Marks adına sovxozda işlədiyini iddia edir. Lakin, həmin illər əmək kitabçasında qeyd edilmədiyindən sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qusar rayon Dövlət Arxivinin 27.04.2021-ci il tarixli 123 nömrəli arayışına əsasən iddiaçının Qusar rayonu sabiq K.Marks adına sovxozda işləməsi ilə əlaqədar əmək haqqı cədvəlləri qeyd edilmişdir. Buradan görünür ki, 1973-cü ilin dekabr ayında, 1974-cü ilin yanvar - aprel aylarında iddiaçıya əmək haqqı ödənildiyi göstərilmişdir. Qalan aylar üzrə əmək haqqı ödəmələri qeyd edilməmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1308/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, onun arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin məzmunu etirazın məzmunu ilə eynilik təşkil edir. Cavabdeh şikayətində bir daha göstərir ki, iddiaçının sovxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. 06.09.2020-ci il tarixli 309/40 nömrəli arxiv arayışına əsasən iddiaçının 1977-1978, 1980-1981, 1984-1991-ci illərdə Əhaliyə Məişət Xidməti İstehsalat Birliyində işləməsi və əmək haqqı alması barədə qeydlər mövcuddur. Arxiv arayışındakı qeydlərdə 1989-cu ilin sentyabr ayının əmək haqqı cədvəllərində Bayramov soyadında qaralama olduğu qeyd edilmişdir. X5 Xidməti Kombinatının 1979, 1982 və 1983-cü illərin əməkhaqqı cədvəlləri rayon arxivinə təhvil verilməmişdir. Eyni zamanda Qusar rayon X2 Məişət Xidməti İtehsalat İdarəsinin əmrlər və şəxsi hesab kitabları təhvil verilməmişdir. Bu məqam da, iddiaçının həmin müəssisədə işləməsi faktını şübhə altına alır. Bundan əlavə iddiaçı 04.12.1973-14.05.1974-cü illərdə Qusar rayonu sabiq K.Marks adına sovxozda işlədiyini iddia edir. Lakin, həmin illər əmək kitabçasında qeyd edilmədiyindən sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qusar rayon Dövlət Arxivinin 27.04.2021-ci il trixli 123 nömrəli arayışına əsasən iddiaçının Qusar rayonu sabiq K.Marks adına sovxozda işləməsi ilə əlaqədar əmək haqqı cədvəlləri qeyd edilmişdir. Buradan görünür ki, 1973-cü ilin dekabr ayında, 1974-cü ilin yanvar-aprel aylarında iddiaçıya əmək haqqı ödənildiyi göstərilmişdir. Qalan aylar üzrə əmək haqqı ödəmələri qeyd edilməmişdir.
11. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazında göstərilir ki, X5 Xidməti Kombinatında işləməsi əmək kitabçasında qeyd olunmuş, möhür qoyulmuş, imza atılmışdır. Socvozda işlədiyi dövrlər barədə də arxiv arayışı təqdim etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
21. SSRİ Nazirlər Sovetinin 17 oktyabr 1964-cü il tarixli, 859 saylı qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinə pensiyalar təyin edilməsi və verilməsi qaydası haqqında” Əsasnamə: İş stajını aşağıdakı sənədlər sübut edə bilər a) ... arxiv idarələrinin arayışları.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının 65 yaşına çatması, habelə onun 31.05.1974-16.06.1976-cı illərdə hərbi xidmətdə olduğu dövrün sığorta stajına daxil edilməsi işin mübahisəsiz haldır.
28. Cavabdehin imtinasında iddiaçının tələb olunan 25 illik sığorta stajının olmamasına və fərdi hesabın sığorta hissəsində 01.07.2018-ci il tarixə kimi pensiya kapitalının olmamasına istinad etmişdir. Cavabdeh iddiaçının 04.12.1973-14.05.1974-cü illərdə Qusar rayonu sabiq K.Marks adına sovxozda işlədiyi dövrü sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd edir, habelə onun Əhaliyə Məişət Xidməti İstehsalat Birliyində işləməsi faktının şübhə altında olduğunu bildirir.
29. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aradşrılaraq qiymət verilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 123 saylı 27.04.2021-ci il tarixli arxiv çıxarışında İddiaçı K.Marks adına sovxozun 04.12.1973-cü il tarixli əmri ilə 04.12.1973-cü ildən sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilməsi, 14 may 1974-cü ildən fəhləlikdən azad edilməsi göstərilmiş, Qusar rayon Dövlət Arxivinin 123 saylı 27.04.2021-ci il tarixli arxiv arayışında iddiaçının K.Marks adına sovxozda işlədiyi həmin dövrlərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur.
30. İddiaçı 21.11.1977-ci ildən 03.12.1999-cu ilədək Qusar rayonu X4 Xidməti Kombinatında işləməsini təsdiq edən sənəd kimi əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini təqdim etmişdir. Bundan əlavə, Qusar rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli 309/40 saylı arxiv çıxarışından görünür ki, İddiaçı 21 noyabr 1977-ci ildən (149 nömrəli əmrə əsasən) 03.06.1991-ci il tarixədək (44 nömrəli əmrə əsasən) Qusar rayonu X4 Xidməti Kombinatında işləmişdir. Qusar rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli 309/40 saylı arxiv arayışında iddiaçının Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövrlərdə aylar üzrə aldığı əmək haqqlarının miqdarı qeyd olunmuşdur. Eyni zamanda iddiaçı 1992-ci ildən 1999-cu ilədək həmin müəssisədə aldığı əmək haqqına dair arayışların əslini birinci instansiya məhkəməsinə təqdim etmişdir.
31. Cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək iddiaçının yuxarıda göstərilən 04.12.1973-14.05.1974-cü illərdə Qusar rayonu sabiq K.Marks adına sovxozda işlədiyi dövrü və əmək kitabçasına əsasən 21.11.1977-ci ildən 03.12.1999-cu ilədək Qusar rayonu X4 Xidməti Kombinatında işlədiyi dövrləri nəzərə almaması bu qərarın 15-22-ci bəndlərində sadalanan qanunvericilik aktlarının tələblərinə uyğun deyildir.
32. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
33. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 17-19-cu bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə qeyd edilən zavodda işləməməsini sübuta yetirə bilməmiş, yalnız arxiv arayışına əsasən iddiaçının 1977 - 1978, 1980 - 1981, 1984 - 1991-ci illərdə Əhaliyə Məişət Xidməti İstehsalat Birliyində işləməsi və əmək haqqı alması barədə qeydlərin mövcud olması, arxiv arayışındakı qeydlərdə 1989-cu ilin sentyabr ayının əmək haqqı cədvəllərində Bayramov soyadında qaralama olması, X4 Xidməti Kombinatının 1979, 1982 və 1983-cü illərin əməkhaqqı cədvəlləri rayon arxivinə təhvil verilməməsi, Qusar rayon X2 Məişət Xidməti İstehsalat İdarəsinin əmrlər və şəxsi hesab kitablarının təhvil verilməməsi kimi hallara istinad etməklə iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə işləməsini şübhə altına almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hallar əmək kitabçasındakı qeydlərin şübhə altına alınması üçün yetərli əsas ola bilməz və əmək kitabçasında göstərilmiş iş stajına dair bu və ya digər sənədlərin arxivdə mövcud olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əksinə, qeyd edilən arxiv arayışındakı məlumatlar və iddiaçının əslini təqdim etdiyi 1992-ci ildən 1999-cu ilədək həmin müəssisədə aldığı əmək haqqına dair arayışlar iddiaçının həqiqətən də Əhaliyə Məişət Xidməti Kombinatında işləməsini təsdiq edən sübutlar kimi çıxış edir.
35. Yuxarıda qeyd edilən iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı onun arxiv arayışı ilə təsdiq olunan 04.12.1973-14.05.1974-cü illərdə Qusar rayonu sabiq K.Marks adına sovxozda işlədiyi dövr və mübahisələndirilməyən hərbi xidmət dövrü də nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajı olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir.
36. İddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1308/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.