Məhkəmə qərarları › İş №2-1(105)-286/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-286/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-286/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)- 2939/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" ASC-də avadanlıqların təmiri üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-də, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən hal-hazıradək “X7” MMC-də (hazırda “X7” QSC adlanır) işləyir. İddiaçı ilk dəfə 31 avqust 2021-ci il tarixdə olmaqla bir neçə dəfə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 13 senytabr 2021-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37703,71 manat təşkil edir. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət etmiş və cavabdeh 15 fevral 2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyniməzmunlu imtina cavabı verərək bildirmişdir ki, əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 47760,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42077,86 manat təşkil edir. Cavabdehin 25 iyul 2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Yüngül sənaye bölməsinin (26) Keçə fabriki və keçə istehsalı bəndində (26.10) fəhlələr yarımbəndində (a) kürəli maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər, Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndində təmirçi çilingərlər, Metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı bəndində (3.4) təmirçi çilingərlər peşələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi sənədlərində xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Xovlu-İplik fabrikinin Mexaniki Təmir şöbəsində avadanlıqların təmiri üzrə çilingər, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Alüminium ASC-nin Sumqayıt "xxxx" X3 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexində təmirçi-çilingər, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi Sumqayıt Xovlu- İplik fabrikinin Mexaniki Təmir şöbəsi, Azərbaycan Alüminium ASC-nin Sumqayıt "xxxx" istehsalat Sahəsi Texniki Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexi və Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri sahəsi yuxarıda qeyd olunan keçə fabriki və keçə istehsalı, tökmə istehsalı və boru istehsalı sahələrinə aid deyil. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 16 gün (xx.xx.2000-xx.xx.2005-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyumasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyumasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun xx.xx.1979 - xx.xx.1980-ci illərdə və xx.xx.1982- xx.xx.1995-ci illərdə "xxxx" ASC-nin Mexaniki-Təmir şöbəsində işlədiyi təmirçi çilingər peşəsinin iş xüsusiyyətləri həmin müəssisənin verdiyi arayışda da qeyd olunduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 2211100а-18559 kodu ilə qeyd olunmuş peşənin iş xüsusiyyətləri ilə eynidir. Həmçinin, onun xx.xx.2016 - xx.xx.2020-ci il tarixlərdə "SEMOCO” MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçiçilingər peşəsinin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü bölməsinin 3.4 (a) Boru istehsalı yarımbəndində qeyd olunmuş təmirçi-çilingər peşəsinin iş xüsusiyyətləri ilə eynidir ki, bu fakt da həmin müəssisənin verdiyi arayışla təsdiq olunmuşdur. "xxxx" MMC-nin Mexaniki xidmət sahəsi məhz "xxxx" ASC-nin ərazisində Boruyayma sexində təmir və xidmət işlərini həyata keçirmişdir, yəni həmin dövrdə onun iş yeri faktiki olaraq Qara metallurgiya sahəsi (Azərboru - Boruyayma sexi) olmuşdur. Təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun xx.xx.2022-ci il tarixədək 40 il 9 aydan çox ümumi əmək stajı, 28 il güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı, 42000 manatdan çox pensiya kapitalı vardır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı 25 iyul 2022-ci il tarixli imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı 01,07.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ərizə ilə cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci madəsinin tələbinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olaraq müəyyən edilir. Qeyd olunan siyahının Yüngül sənaye bölməsinin (26) Keçə fabriki və keçə istehsalı bəndində (26.10) fəhlələr yarımbəndində (a) kürəli maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər, Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndində təmirçi çilingərlər, Metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı bəndində (3.4) təmirçi çilingər yarımbəndində nəzərdə tutulan vəzifələrlə iddiaçının işlədiyi vəzifələr uyğunluq təşkil etmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-2939/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə işin faktiki hallarını araşdırmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan iddia təmin olunmamalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün hüququnun yarandığı dövrdə (60 yaş) qüvvədə olan qanunvericilikdə qeyd olunan şərtlərə cavab verir. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək dəlillərində onun Sumqayıt Xovlu-İplik fabriki, Azərbaycan Alüminium ASC və Semoco MMC-də işlədiyi sahələrin AR NK-nin müvafiq Siyahısında qeyd edilən sahələrə aid olmadığını qeyd etsə də, bununla bağlı dəlilini əsaslandırmamışdır. Bunun əksinə olaraq iddiaçının işlədiyi yuxarıda qeyd olunan müəssisələr tərəfindən verilmiş arayışlarla onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi öz təsdini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: Mübahisələndirilən məhkəmə qərarından görünür ki, iddiaçının son dəqiqləşmiş iddia tələbi ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədədir. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçıya 60 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş dörd şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunurdu: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2021), 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinalarda güzəştli iş stajı və pensiya kapitalını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 18 iyul 1979-cu il tarixli, 369742 nömrəli diplomdan görünür ki, iddiaçı 1976-1979-cu il tarixlərində “Əyrici maşınlar üzrə usta köməkçisi” peşəsi üzrə təhsil almışdır. НЗ № ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 12 may 1980-ci il tarixdən 15 may 1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasına əsasən, o xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" ASC-də avadanlıqların təmiri üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-də, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən halhazıradək “X7” MMC-də (hazırda “X7” QSC adlanır) işləyir. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2000xx.xx.2005-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 10 il 10 ay 16 gün müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Belə ki, “Azərikimya” İstehsalat Birliyi “Etilen-Politelien” zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 241 və 242 saylı arayışlardan görünür ki, iddiaçı müvafiq olaraq 13 iyul 2000-ci il tarixdən 30 sentyabr 2003-cü il tarixədək tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun mexaniki təmir sexinin dixloretan, kükürd anhidridi, quru qələvi, karbohidrogen və onun birləşmələri sexinin nasos, kompressorların təmiri sahəsində, 01 oktyabr 2003-cü il tarixdən 21 iyul 2005-ci il tarixədək tam iş günü sexin əsas texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri sahəsində təmirçi çilingər işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, onun birləşmələri, korbohidrogen, onların birləşmələri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 33 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Texniki Xidmət və Təmir Departamentinin Mexaniki Təmir sexinin Boruyayma sexində yivaçma sahəsində təmirçiçilingər vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə AR NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının işlədiyi 1)Sumqayıt Xovlu-İplik fabrikinin Mexaniki Təmir şöbəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Yüngül sənaye bölməsinin keçə fabriki və keçə istehsalı sahəsinə, 2)"xxxx" ASC-nin Sumqayıt "xxxx" istehsalat Sahəsi Texniki Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexinin siyahının Metal emalı bölməsinin tökmə istehsalı sahəsinə və 3)Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri sahəsinin siyahının Metallurgiya istehsalatı bölməsinin boru istehsalı sahələrinə aid olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Sumqayıt Xovlu İplik ASC tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 0/49 saylı güzəştli arayışdan görünür ki, iddiaçı "xxxx" fabrikində xx.xx.1979-cu il tarixdə Mexaniki Təmir şöbəsinə avadanlıqların təmiri üzrə 3-cü dərəcəli çilingər kimi işə qəbul edilmiş, xx.xx.1980-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1982-ci ildə Mexaniki Təmir Şöbəsinə 3-cü dərəcəli çilingər kimi işə qəbul edilmiş, həmin sexdə xx.xx.1982-ci ildə 5-ci dərəcə verilmiş, xx.xx.1984-cü ildə əyirici sexinə usta köməkçisi keçirilmiş, xx.xx.1987-ci ildə Mexaniki Təmir şöbəsinə 5ci dərəcəli təmirçi-çilingər keçirilmiş, xx.xx.1990-cı ildə 6-cı dərəcə verilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək öz hesabında məzuniyyətdə olmuş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982–ci il tarixdən xx.xx.1995-ci tarixədək əmək şəraiti zərərli və ağır olan iş şəraitində ( kod – ******* a – 18559) fəaliyyət göstərmişdir. Qeyd olunanlar iddiaçıya AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 nömrəli əlavənin siyahısına əsasən pensiyaya çıxmaq hüququ verir. Arayışın işin xüsusiyyəti hissəsində qeyd edilir ki, təmirçi – çilingər (kod – 221100a – 18559) Mərkəzi Təmir şöbəsində olan avadanlıqların, qurğuların (kürədi maşınların) xidməti və təmir işlərini icra edir. Adıçəkilən müəssisə tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 0/49 saylı arayışdan göründüyü kimi iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Mexaniki Təmir şöbəsində təmirçi-çilingər vəzifəsində işləmiş, hansı ki həmin vəzifədə kürədi maşınların xidməti və təmir işlərini icra etmişdir. İddiaçının Mexaniki Təmir şöbəsində işlədiyi təmirçi-çilingər peşəsinin güzəştli peşə olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XX. Yüngül sənaye bölməsinin 22111000 kodlu 10-cu yarımbölməsində (Keçə fabriki və keçə istehsalı) kürədi maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər 2211100a—18559 şifrinə uyğun gəlir. Kollegiya hesab edir ki, iddiaçının güzəştli arayışlarda qeyd edildiyi kimi, Mexaniki Təmir şöbəsində işlədiyi kürədi maşınların xidməti və təmir işlərini icra edən təmirçiçilingər peşəsi yuxarıda qeyd edilən siyahıda kürədi maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər vəzifəsinə uyğundur və güzəştli staj olaraq qəbul edilməlidir. Bu hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bundan əlavə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 11 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də təmirçi–çilingər vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi peşə AR NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XİV bölməsinin 4a yarımbölməsinin (Metal emalı-Tökmə istehsalatı) 2150100a – 18559 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. 2 nömrəli Siyahıdan görünür ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də işlədiyi təmirçi–çilingər peşəsi Siyahının 21500000 kodlu XİV bölməsinin 1-ci yarımbölməsinin (Tökmə istehsalatı) 2150100a—18559 şifrinə uyğun gəlir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısından görünür ki, iddiaçının yuxarıda qeyd edilən ASC-də xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi təmirçi–çilingər peşəsi Siyahının 11-ci Metal emalı bölməsinin 11.1-ci yarımbəndində (Tökmə istehsalı) təsbit edilmişdir. Beləliklə, iddiaçının 10 ildən artıq Sumqayıt Xovlu İplik ASC-də, həmçinin, 4 ildən artıq Azərbaycan "xxxx" ASC-də təmirçi-çilingər vəzifələrində işlədiyi dövr ilə cavabdeh tərəfindən mübahisələndirilməyən 10 il 10 ay 16 gün iş stajı nəzərə alındıqda onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir. İddiaçının Semoco MMC-də işlədiyi mexaniki avadanlıqların təmiri sahəsinin metallurgiya istehsalatı bölməsinin boru istehsalı sahəsinə aid olmaması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, MMC-nin fəaliyyət göstərdiyi sahələrə boru istehsalının aid olması iş materialları ilə müəyyən edilmədiyindən bu hissədə cavabdehin şikayətinin dəlilləri əsaslıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququnun yaranması üçün 12.5 ildən artıq güzəştli staja maik olduğu təsdiq edildiyindən, bu hal qərarın ləğvinə əsas ola bilməz. Pensiya kapitalı ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 fevral 2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 47760,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42077,86 manat təşkil edir. Kollegiya hesab edir ki, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunvericiliklə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin ödənilməsi tələb edildiyindən cavabdehin pensiya kapitalının yetərli olmaması ilə bağlı dəlili əsaslı olmuşdur. Bununla yanaşı kollegiya qeyd edir ki, 13 may 2022-ci il tarixli 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Yeni redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qeyd olunan dəyişikliyə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-2939/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar