Məhkəmə qərarları › İş №2-1(105)-286/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-286/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-286/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-2091/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 iyul 2016-cı il tarixli, 657 nömrəli qərarından görünür ki, Dəvəçi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ qarnizonu hərbi prokurorluğunun 19 sentyabr 2001-ci il tarixli qərarına əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 iyul 1993-cü il tarixdə aldığı, 23 iyul 1993-cü il tarixdən 2 avqust 1993-cü il tarixə kimi Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi. Burun sümüklərinin yerini dəyişməmiş sınığı. Sol yanaq nahiyyəsinin cırılmış əzilmiş yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Siyəzən rayon bölməsinin 31 may 2016-cı il tarixli 132 nömrəli göndərişi, 31 may 2016-cı il tarixli 128 nömrəli arayışı, Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən verilmiş 2 avqust 1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 20 may 2017-ci il tarixli “Ambulator, Stasionar xəstənin tibb kartası”ndan çıxarışından görünür ki, İddiaçı diaqnozu baş beyin travması nəticəsində şəxsiyyət dəyişikliyidir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2017-ci il, 5 yanvar 2018-ci il tarixli “Stasionar xəstənin tibb kartası”ndan çıxarışlardan görünür ki, İddiaçı tam diaqnozu baş beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntusuları və baş verən dekompensasiyalarla olmuşdur. İş materiallarına əlavə edilmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 4403 nömrəli “Məsləhət vərəqi AXTV” görünür ki, İddiaçı diaqnozu postravmatik eksefalopatiya, sol tərəfli xroniki, eşitmə sinirin nevrisi, şəxsiyyətin emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntusuları və baş verən dekompensasiyalarla olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13 iyul 2018-ci il tarixli, 12/2467 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 2 aprel 1992ci il tarixdən 31 dekabr 1994-cü il tarixədək məhz müddətli həqiqi hərbi xidmətdə olmuşdur və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs hesab edilmir. Bu səbəbdən də hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün “Məlumat vərəqi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi qanuna müvafiq deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN DSMF-nın Siyəzən rayon şöbəsinin 24 avqust 2018-ci il tarixli, 09426 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 iyun 2023-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan 078271 nömrəli 24 may 2022-ci il tarixli və 091937 nömrəli 06 may 2023-ci il tarixli çıxarışlardan görünür ki, İddiaçı tam diaqnozu baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və teztez baş verən dekompensasiyalarla olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı göndərilmiş 11 oktyabr 2023-cü il tarixli, 3-17-4/2-A-26857/2023 nömrəli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. ... Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz öz təsdiqini tapmaması ilə bağlı imtina qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? 2) İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 3) İddiaçı əsas diaqnoz olan (F60.3) “Şəxsiyyətin emosional davamsız pozuntusu, Baş beyin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyət emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla” xəstəliyi aşkar edilirmi? 4) İddiaçı (ağırlaşma - XBT 10 kodu F07.0) “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyət emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla” aşkar edilirmi? İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının 4 sentyabr 2024-cü il tarixli, 2557 nömrəli ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: 1) Yoxlanılan şəxs İddiaçı hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. 2) İddiaçı əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından, 1. Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvietik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı, 7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar (yəni, situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik; maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış (və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. 3) və 4) : yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez başverən dekompensasiyalarla” aşkar edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi, həmin qərardan əvvəlki qaydada hesablanmış pensiyanın bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və barəsində əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin olunarkən diaqnozun mətni aşağıdakı kimi olmuşdur : “şəxsiyyətin emosional davamsız pozuntusu, baş beynin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyətin emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla”. Əlilliyin müddəti başa çatdıqda iddiaçının barəsində əsas diaqnoz kimi “şəxsiyyətin emosional davamsız pozuntusu, baş beynin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyətin emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla” (F60.3), (eyni diaqnoz) göstərilməklə səhiyyə müəssisəsi tərəfindən Forma 88 nömrəli göndəriş cavabdeh orqana göndərilmiş, lakin cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində “diaqnoz əlillik əlamətləri təyin etmir” əsası ilə imtina cavabı verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Halbuki, iddiaçıya həmin diaqnoz əsasında 2018-ci ildən etibarən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir və o, müvafiq pensiya ilə təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında da göstərilmişdir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 iyul 1993-cü il tarixdə aldığı, 23 iyul 1993-cü il tarixdən 2 avqust 1993cü il tarixə kimi Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzində müayinə və müalicə olunduğu-trama diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyin yüngül dərəcəli əzilməsi. Burun sümüklərinin yerinin dəyişməmiş sınığı, Sol yanaq nahiyəsinin cırılmış əzilmiş yarası. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alımışdır”. İddiaçı cavabdehin qərarı ilə razı deyildir, çünki səhhətində heç bir düzəliş yoxdur, əksinə daha da pisləşir. Həmin tarixdən etibarən iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar şəraitdə müalicə almışdır. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, Siyəzən rayon sakini xx xxxx 1973-cü il təvəllüdlü iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 22 iyul 2016-cı il tarixli, 651 nömrəli qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi. Burun sümüklərinin yerini dəyişməmiş sınığı. Sol yanaq nahiyyəsinin cırılmış əzilmiş yarası" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı o, baş ağrıları, əsəbilik, yaddaş zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbi olan zaman ətrafdakı əşyalara, yaxınlarına zərər yetirdiyini, bu səbəblə psixiatrik xəstəxanalarda müalicələr aldığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı başın təpə və sol almaçıq nahiyələrində çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, boyu 166 sm, çəkisi 53 kq, BKİ=19.6 müəyyənləşdirilmişdir.... Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, anamnestik məlumatlarında psixiatrik diaqnoza müvafiq şikayət və məlumat bildirməmişdir. Psixi statusu primitiv şəxsiyyət kimi dəyərləndirilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının 25 aprel 2023-cü il - 6 may 2023-cü il tarixli Çıxarışında diaqnoz “Baş-beyin travması nəticəsində (keçirilmiş kontuziya, kəskin qedişli şəxsiyyətin emosional davamsız tipli pozuntu, davamlı davranış pozuntusu və tez-tez baş verən dekompensasiyalarla’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 3 iyun 2023-cü il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi “Baş beynin sağ yarımkürəsində, alın payının subkortekslərində, təksaylı, T2/FLAİR hiperintens siqnallı nonspesifik ocaqlar (fokal qliotik ocaqlar kimi düşünülür). Sağ tərəfli etmoidit və sağtərəfli frontid əlamətləri izlənilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-2091/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 12 iyun 2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patifunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, iddiaçıya 13 may 2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbini dəqiqləşdirmə barədə ərizəsini nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 iyul 1993-cü il tarixdə travma almışır. X3 Mərkəzi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişə əsasən onda əsas diaqnoz XBT10 F60.3 “Şəxsiyyətin emosional davamsız pozuntusu, Baş beyin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyət emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla”, ağırlaşması F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyət emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla” aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 2557 nömrəli komleks ambulator məhkəmə psixiatrik və tibbi sosial ekspetizasının rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez başverən dekompensasiyalarla” aşkar edilir. Ekspert rəyindən göründüyü kimi iddiaçıda sonuncu göndərişdə əsas diaqnozun ağırlaşması kimi göstərilmiş F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin zədələnməsi (kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, depressiv daxil olmalarla” xəstəliyi müşahidə edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin sözügedən ekspert rəyinə zidd olaraq qərar qəbul etdiyini, şəxsə əlilliyin təyin edilməsi üçün əsas diaqnozla yanaşı, həmin xəstəliyin ağırlaşmalarının mövcud olmalı olduğunu bildirsə də, ekspert rəyindən göründüyü kimi iddiaçıda göndərişdə göstərilən əsas diaqnozun ağırlaşması olan xəstəliklər aşkar edilir. Eyni zamanda işin hallarından göründüyü kimi iddiaçıya 2018-ci il tarixdə əlilliyin təyini zamanı qoyulan diaqnoz ilə hazırda qoyulan diaqnozlar eynidir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2018-ci il tarixdən etibarən 5 il müddətində ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun, ümumiyətlə, əlilliyin təyini üçün əsas olmadığını bildirir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2018-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)- ******* nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)- 671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə (Forma 88) qeyd edilən XBT 10 F60.3 “Şəxsiyyətin emosional davamsız pozuntusu, Baş beyin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyət emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla” və əsas diaqnozun ağırlaşması kimi qeyd edilən F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin travması nəticəsində (keçirilmiş kontuziya) kəskin ifadəli şəxsiyyət emosional davamsız tipli pozuntusu, davamlı davranış pozuntuları və tez-tez baş verən dekompensasiyalarla” diaqnozlu xəstəlikləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, F60.3 kodlu xəstəlik (Şəxsiyyətin emosional davamsız pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.7.1, 7.7.1.1 və 7.7.1.2-ci bəndlərinə, F07.0 kodlu xəstəlik isə (üzvi mənşəli şəxsiyyət pozuntusu) həmin bölmənin 7.6.2, 7.6.2.1 və 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının qiymətləndirmədən asılı olaraq 35-60 və 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində yalnız göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmalarının hazırda iddiaçıda aşkar edilmədiyini bildirir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçının hərbi travma olub, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınan “Qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi. Burun sümüklərinin yerini dəyişməmiş sınığı. Sol yanaq nahiyyəsinin cırılmış əzilmiş yarası” diaqnozlu xəstəliyi nəticəsində onda sonuncu göndərişdə əsas diaqnoz kimi göstərilmiş F60.3 və ağırlaşması kimi F07.0 kodlu xəstəliklər yaranmışdır. Belə ki, həmin xəstəliyin patofunksional əlamətlərindən göründüyü kimi iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi baş beynin zədələnməsi (kəllə beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, tez-tez baş verən dekompensasiyalarla” müşahidə edilir. Hansı ki, cavabdeh tərəfindən həmin diaqnozlu xəstəliklə iddiaçıya xx.xx.2018-ci il tarixdən 5 illik müddət ərzində davamlı olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi olsa da, ərizəsində bunu qeyd etmədiyindən, kollegiya iddiaçıya hüquqi yardım edərək, tələbin dəqiqləşdirilməsini təklif etmiş və iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-2091/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar