Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-287/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı və Qəribova Aytən Mönsüm qızının cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 01.06.2020-ci il tarixdə verilmiş AZ İV 447804 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə qızı Dənizin “Qəribova” soyadından “Telmanlı” soyadına dəyildirilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-398/2020 saylı, 08 fevral 2021-ci il tarixli qərarından iddiaçı Qəribova Aytən Mönsüm qızı və İddiaçı vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı və Qəribova Aytən Mönsüm qızı Sumqayıt şəhər qeydiyyat şöbəsinə 01.06.2020-ci il tarixdə verilmiş AZ İV 447804 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə qızı Dənizin “Qəribova” soyadından “Telmanlı” soyadına dəyişdirilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün müraciət etmiş, cavabdehin 25 sentyabr 2020-ci il tarixli, 05/Q-2184/15 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi uşağın yetkinlik yaşına çatmaması göstərilmişdir. İddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 17 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Qəribova Aytən Mönsüm qızı ilə evlənmişdir. Rəsmi nikahdan onların 16.04.2020-ci il tarixdə Sumqayıt şəhərində Dəniz adlı qızları anadan olmuşdur. Qızına anasının soyadı ilə “Qəribova” soyadını vermişdirlər. Belə ki, iddiaçının soyadı sənədlərdə “xxx” kimi qeyd edilmişdir. Onlar hazırda qızları Dənizin "Qəribova" soyadını "Telmanlı" soyadına dəyişdirmək istəyirlər. Bu iddiaçının atasının adıdır. Övladlarının soyadının "Telmanlı" kimi qeyd olunmasına onlar valideyn olaraq razıdırlar, bu soyadının dəyişməsi isə heç kimin hüquqlarını pozmur, ailənin də arzusudur. Uşaqlar atalarının soyadlarını daşımalıdır, iddiaçının isə soyadı "xxx" kimi qeyd olunmuşdur, qızı Dəniz anasının soyadını daşıyır. Buna görə də, qızı Dənizin doğum haqqında şəhadətnaməsində soyadının "Qəribova"dan "Telmanlı" soyadına dəyişdirilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etsə də, imtina cavabı verilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin imtinası qanunaziddir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-398/2020 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə idia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan iddiaçı Qəribova Aytən Mönsüm qızı və İddiaçı vəkili və nümayəndəsi X2 apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qanunda uşağın 18 yaşına çatana qədər soyadının dəyişdirilməsini qadağan edən heç bir norma yoxdur. "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyi müəyyən edilsə də, soyadın digər valideynin soyadına dəyişdirilməsi də istisna edilmir. İddiaçı soyadının olmaması nəzərə alınaraq uşağın baba adına uyğun olaraq soyad verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı idi. Həmçinin iddiaçı bundan əvvəl məhkəməyə müraciət edərək oğlu Sarvanın soyadının "Qəribov” soyadından "Telmanlı" soyadına dəyişdirilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1190/2019 saylı, 24.07.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Göründüyü kimi oxşar iş üzrə qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu səbəbdən məhkəmə hazırkı iddianı təmin etməli idi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçı Qəribova Aytən Mönsüm qızına, cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, qeyd edilən tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Hazırkı işdən görünür ki, iddiaçılar övladları 16.04.2020-ci il təvəllüdlü Qəribova Dəniz İddiaçı qızının soyadının “Qəribova”-dan “Telmanlı”-ya dəyişdirilməsini arzu edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Bu isə o deməkdir ki, uşağın valideyni öz mülahizəsinə uyğun olaraq uşağına istənilən soyadı verə bilməz. Qanunverici uşağın soyadının dəyişdirilməsini yalnız valideyninin soyadına uyğun dəyişdirilməsi ilə məhdudlaşdırmış və bu qaydadan hər hansı istisna nəzərdə tutmamışdır. Belə olan halda iddiaçıların uşağın soyadının öz soyadlarına uyğun deyil, başqa bir soyada dəyişdirilməsi tələbi əsaslı hesab edilə bilməz. Buna görə də, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmadığından, hazırki mübahisə üzrə cavabdehin imtinası qanunazidd deyil və iddiaçıların hüquqlarını pozmamışdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-398/2020 saylı, 08 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-287/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-287/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver