Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-287/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı X4 Universiteti tərəfindən ona verilmiş 107724 ******* nömrəli, 12 mart 2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)-3281/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət edərək, xarici ali təhsil ixtisasının tanınmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin 14 yanvar 2022-ci il tarixli, NA00003440 nömrəli qərarı ilə ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab olunmaması qərara alınmışdır.
3. Daha sonra, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə X8 Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, 2016-cı ildə X4 Universitetinə köçürülmüşdür. Diplomun tanınması üçün cavabdehə müraciət etmiş, lakin 2022-ci il yanvar ayında diplomun tanınması barədə imtina aktı qəbul edilib. Müxtəlif bəhanələrlə yayınmaq istədikləri halda “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinin tələblərinin yerinə yetirilməməsi və ümumiyyətlə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində (67-ci maddə) qanunsuz aktın qəbul olunmasını əsas götürərək yenidən işə baxılmasını tələb etmişdir. Sentyabrın 19-u elektron ünvanına imtinanın qüvvədə saxlanılması barədə məktub yollanılıb. İddiaçı qiyabi təhsili distant texnologiyaların tətbiqi vasitəsilə almış, ixtisasa yiyələnmiş, dövlət imtahanını və müdafiəni şəxsən Moskvada özü vermişdir. Diploma müvafiq apostil vurulub. Bundan əlavə sonradan həmin ixtisas üzrə qəbul imtahanı verib magistraturaya qəbul olmuş və fərqlənmə ilə bitirmişdir. İmtina aktında cavabdeh bildirir ki, təhsil aldığı ölkədə olma müddəti kifayət deyil və proqramın mənimsənilməsi üçün kifayət hesab edilə bilməz. Tədris distant texnologiyaların tətbiqi ilə həyata keçirildiyi halda bu məzmunda imtina əsassız və qanuna ziddir. Oxşar məsələlərlə bağlı Ali Məhkəmənin qərarlarını nümunə göstərərək, agentlikdən barəsində düzgün qərar verməsini istəmiş, lakin cavabdeh agentlik bunlara məhəl qoymayıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi X3 iddia tələbinə dəqiqləşdirmə verərək, X4 Universiteti tərəfindən İddiaçı verilmiş 107724 ******* nömrəli, 12 mart 2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh tərəfindən xarici kvalifikasiyanın ölkə ərazisində tanınması ilə bağlı inzibati icraat aparılan zaman iddiaçının 2013-2016-cı illərdə X2 Universitetində təhsil aldığını, sonradan xx.xx.2016-cı il tarixində X4 Universitetinə köçürüldüyü müəyyən olunmuşdur. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2013/2014-cü tədris ili üzrə - getməyib, 2014/2015-ci tədris ili üzrə - 4 gün, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018- ci tədris ili üzrə -10 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)-3281/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.
9. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır.
10. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.
11. İddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur
12. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Belə ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət (2013/2014-cü tədris ili üzrə - getməyib, 2014/2015-ci tədris ili üzrə - 4 gün, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə -10 gün) olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü yetinə yetirməyi qeyri-mümkündür. İddiaçı məhkəmə iclasında distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair sənəd (hansı müddətdə dərslər online olacaq, imtahanlar hansı qaydada veriləcək və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətindən kənara çıxaraq iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Rusiya Federasiyasının “Təhsil haqqında” Qanununun 17-ci maddəsində təhsilalma formaları əyani, qiyabi və əyani-qiyabi olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci bəndinə əsasən bakalavriat səviyyəsində həftəlik auditoriya dərslərinin həcmi 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Həmçinin həmin Qərarın 8.7.2-ci yarımbəndinə əsasən bakalavriat səviyyəsində qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat, magistratura səviyyəsndə isə 120-160 saat nəzərdə tutulur. Bununla da, İddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü ali təhsil pilləsinin dövlət standartı və proqramına uyğun yerinə yetirməsi qeyri-mümkün hesab edilmişdir. Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Sözügedən müddəalardan göründüyü kimi, xarici ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi proseduru zamanı beynəlxalq sazişlərin də müddəaları nəzərə alınmaqla, xaricdə əldə olunmuş təhsilin Azərbaycan Respublikasının dövlət təhsil standartların uyğun olub-olmaması müəyyən edilir. Eyni zamanda, Qaydaların 3.4-cü bəndinə müvafiq olaraq, tanınma və ekvivalentliyin müəyyən edilməsi zamanı tədris planının və proqramlarının məzmunu, attestasiya sistemləri, istehsalat təcrübəsi və onun müddəti nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq ediimiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarım, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın Vİ bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olduğu təqdirdə tanınmadan imtina edilə bilər. Konvensiya komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsiiini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Qeyd olunanlar iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrininin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə qeyd edilən öhdəliyinin cavabdehin üzərinə qoymasına dair gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı onunla əsaslandırılmışdır ki, qiyabi təhsili distant texnologiyaların tətbiqi vasitəsilə almış, ixtisasa yiyələnmiş, dövlət imtahanı və müdafiəni şəxsən Moskvada özü vermişdir. Diploma müvafiq apostil vurulub. Bundan əlavə sonradan həmin ixtisas üzrə qəbul imtahanı verib magistraturaya qəbul olmuş və fərqlənmə ilə bitirmişdir. İmtina aktında cavabdeh bildirir ki, təhsil aldığı ölkədə olma müddəti kifayət deyil və proqramın mənimsənilməsi üçün kifayət hesab edilə bilməz. Tədris distant texnologiyaların tətbiqi ilə həyata keçirildiyi halda bu məzmunda imtina əsassız və qanunaziddir. Oxşar məsələlərlə bağlı Ali Məhkəmənin qərarlarını nümunə göstərərək, agentlikdən barəsində düzgün qərar verməsini istəmişdir. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (ekstemat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (...) 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru; (...) 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; (...) 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; (...) 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; (...)
Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).
Maddə 27. Təhsil haqqında dövlət sənədi (...) 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (...) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: (...) 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (...)
Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (...) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. (...)
18. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə:
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 8.27. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir; 8.28. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: 1.1.Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
20. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”: Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: (...) 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). (...)
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
25. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət edərək, X4 Universiteti tərəfindən İddiaçı verilmiş 107724 ******* nömrəli, 12 mart 2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) xahiş etmişdir.
26. Cavabdeh tərəf həmçinin göstərmişdir ki, İddiaçı 2013-cü il tarixində X2 Universitetinə daxil olsa da, 2013/2014-cü, 2015/2016-cı, 2016/2017-ci tədris illərində ümumiyyətlə Rusiya Federasiyasının ərazisində olmamış, 2014/2015-ci tədris ilində isə cəmi 4 gün, 2017/2018-ci ildə isə 10 gün Rusiya Federasiyası ərazisində olmuşdur. İddiaçının təhsil aldığı tədris müddətinin 5 il olması nəzərdə tutulsa da, onun həmin müddətdən daha az müddətə təhsilini bitirməsi, iddiaçının ona təqdim edilmiş diplom əlavəsində nəzərdə tutulan tədris yükünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müəyyən edilmiş standartlara uyğun yerinə yetirməsini istisna edir.
27. İş materiallarında olan Rusiya Federasiyasının X4 Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı tədris yükünün yerinə yetirilməsi haqqında kvalifikasiyaların tanınması departamentinin kvalifikasiyaların tanınması şöbəsinin xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ərizəçinin təqdim etdiyi xx.xx.2018-ci il tarixli, № 107724 ******* diplom əlavəsinə əsasən müəyyən olunur ki, ərizəçi qiyabi formada təhsil almışdır. Ərizəçiyə X4 Universiteti tərəfindən xx.xx.2018-ci il tarixli, № 107724 ******* diplom əlavəsinə əsasən müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) kreditindən ibarətdir. Sözügedən sənədə əsasən ərizəçinin təhsil müddətinin 5 il olması müəyyən edilir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ il - getməyib, İİ il - 4 gün, İİİ il - getməyib, İV - getməyib, V il (xx.xx.2018-ci ilə qədər) - 10 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsil alma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İddiaçı təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü (67 fənnin tədrisi, kurs işləri) yerinə yetirməsi mümkün deyildir və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir.
28. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin 14 yanvar 2022-ci il tarixli, NA00003440 nömrəli qərarı ilə ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab olunmaması qərara alınmışdır.
29. Qərarda qeyd olunmuşdur ki, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz.
30. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət (2013/2014-cü tədris ili üzrə - getməyib, 2014/2015-ci tədris ili üzrə - 4 gün, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə - 10 gün) olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür.
31. İş materiallarından görünür ki, “Hüquqşünaslıq” istiqaməti üzrə distant texnalogiyadan istifadə etməklə ali peşə təhsil proqramı üzrə təhsil alması haqqında müqavilə xx.xx.2013-cü il tarixində iddiaçı ilə X9 Universiteti arasında bağlanmışdır.
32. X4 Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, daha sonra iddiaçı xx.xx.2016-cı il tarixində X4 Universitetinin “Hüquqşünaslıq” ixtisasının 3-cü kursuna köçürülmüş və o, əsas təhsil proqramını qiyabi təhsil forması üzrə mənimsəmişdir. xx.xx.2018-ci il tarixli əmrlə universiteti bitirməsi ilə əlaqədar xaric edilmişdir.
33. Cavabdeh inzibati orqan bildirmişdir ki, iddiaçının təhsil aldığı təlim müddətinin 5 il olması nəzərdə tutulsa da, iddiaçı faktiki 3 il yarıma (onun xx.xx.2016-cı il tarixində yenidən 3-cü kursa qəbul olması nəzərə alınmalıdır) təlimi başa vurmuşdur ki, bu da iddiaçının ona təqdim edilmiş diplom əlavəsində nəzərdə tutulan tədris yükünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müəyyən edilmiş standartlara uyğun yerinə yetirməsini istisna edir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır).
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın tanınması üzrə mənfi rəyin verilməsi üçün əsasdır.
36. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınma üzrə ümumi tələblərə aid edilmişdir və sözügedən Qaydaların 3.10.1-ci bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması kvalifikasiyanın tanınmasından imtina etmək üçün əsasdır.
37. İddiaçının bakalavr təhsili qiyabi formada olmuş və o, distant təhsil texnologiyasından istifadə etməklə təhsil aldığını göstərərək bunun qanunvericiliklə qadağan edilmədiyini göstərmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası ərazisində dörd təhsilalma forması müəyyən edilmişdir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən normativ aktlarda təsbit olunmuş şərtlər ödənilmədiyindən, məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz. Odur ki, mövcud tələb üzrə cavabdehin imtinası əsaslı olmuşdur.
40. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)-3281/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.