Məhkəmə qərarları › İş №2-1(105)-287/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-287/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-287/2024 26.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2-1(118)-4065/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 07 iyun 2023-cü il tarixli, **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2022-ci ilin iyul ayı üzrə İddiaçı MMC barəsində 104.619,14 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı MMC cavabdeh DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 07 iyun 2023-cü il tarixli, **********566900 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh uyğunsuzluq məktubunda vergi dövrünü xx.xx.2022-xx.xx.2022 tarix aralığını qeyd etsə də, hesablama üçün həmin ayın əməliyyatlarını deyil, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri aralığını, yəni 47 ay üzrə aparılan əvəzləşdirmə və ƏDV-yə cəlb olunan əməliyyatları müqayisə etmişdir. Bununla da, cavabdeh Vergi Məcəlləsinin 12-ci, 83-cü, 85.4-cü, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün kənarlaşmalar hansı ayda olarsa, hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Lakin vergi orqanı müəyyən dövrün əməliyyatlarını bir ay ərzində əks etdirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, xüsusilə bildiririlir ki, əlavə olunan arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırmışdır. Cavabdeh tərəfindən hər hansı nəzarət tədbiri ilə iddiaçının faktiki fəaliyyət göstərdiyi təsdiqini tapmadığı halda, hesablama 2022-ci ilin iyul ayına, yəni fəaliyyətin dayandırıldığı aya aparılmışdır. Göründüyü kimi, cavabdeh növbəti dəfə kobud prosessual pozuntuya yol vermişdir. Hesablamanın mahiyyətinə gəldikdə isə, cavabdeh iddiaçının idxal etdiyi mallara gömrük orqanları tərəfindən idxal zamanı müəyyən olunan statistik dəyəri alış dəyəri kimi qəbul etmiş və iddiaçının satışı ilə həmin dəyər arasındakı fərqi kənarlaşma kimi qeyd etmişdir. Halbuki, vergi ödəyicisinin satışı tamamilə sənədlərlə təsdiq olunur və gömrük orqanları tərəfindən malların rəsmiləşdirilməsi kimi əks olunan qiymət heç bir halda malın satış dəyəri kimi qəbul oluna, bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin idxalda gömrük orqanlarının müəyyənləşdirdiyi statistik dəyərə uyğun ödənilən ƏDV məbləğindən az olmasına istinad etməklə əlavə hesablama aparması tamamilə qanunsuz olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2.778.040,33 manat olmasına baxmayaraq, ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2.196.822,88 manat qeyd olunmaqla, müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur. Yaranmış kənarlaşma üzrə (2.778.040,33- 2.196.822,88)*18%=104.619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulmuşdur. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixdə **********953500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2022-ci ilin iyul ayına 104.619,14 manat əlavə dəyər vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********421000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş boş bəyannamə (sonuncu xx.xx.2023-cü il tarixdə) təqdim edilməsinə baxmayaraq, hər hansı təsdiqedici sənəd təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixli **********566900 nömrəli Qərarla hesablanmış kameral bərpa edilmişdir. “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi” qaydalarına əsasən arayışda göstərilən müvafiq məlumatlarla (mal qalığı, pul vəsaitləri və debitor borclarının) Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumatlar, o cümlədən, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə göstəriciləri arasında kənarlaşma aşkar edilərsə, bu zaman həmin məlumatlar əsasında Bəyannamələr strukturları tərəfindən qanunamüvafiq tədbirlər görülür. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin ƏDV qeydiyyat tarixindən başlayaraq əvəzləşdirilən məbləğlə daxil olma məbləği arasındakı fərqlə bağlı bildirir ki, vergi ödəyicisinin 3 ildən əvvəlki olan dövrü üzrə (xx.xx.2018-xx.xx.2019) hesablanan ƏDV məbləği əvəzləşdirilən məbləğdən çox olduğundan qeyd olunan dövr vergi ödəyicisinin xeyrinə nəzərə alınmışdır. Əlavə olaraq bildirir ki, vergi ödəyicisinə göndərilmiş sənədlərin təqdim edilməsi ilə bağlı məktubuna vergi ödəyici tərəfindən hər hansı sənəd təqdim edilməmiş, məktubda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlanıldıqda bütün malların satıldığı və mal qalığının olmadığı bildirilmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2-1(118)-4065/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi iddiaçının ƏDV-dən azad olunan malları əvəzləşdirməklə azad olunan mal kimi satması iş materiallarında olan bəyannamələrlə təkzib olunur. Məhkəmə həmçinin bildirir ki, iddiaçının idxal etdiyi mal ətinin satışının ƏDV-dən azad olması xx.xx.2020-ci ildən Vergi Məcəlləsinə əlavə olunduğu üçün, ondan əvvəlki illərdə eyni növdə malların ümumi qaydada əvəzləşdirilməsi tam qanuni olmuşdur. Həmin mallardan hər hansı hissənin satışı 2020-ci ildə baş vermişsə, bu zaman həmin heyvan ətinin satışı artıq yeni qanunla ƏDVdən azad olduğundan hər hansı pozuntu baş vermir. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün yalnız həmin ay ərzində aparılmış satış əməliyyatları dövriyyə kimi müəyyən olunmalıdır. Bununla cavabdeh Vergi Məcəlləsinin 12-ci, 83-cü, 85.4-cü, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********566900 nömrəli qərarı ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Cəmiyyətin səlahiyyətli nümayəndəsinə məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, onun nümayəndəsi xx.xx.2023-cü il tarixdə 2022-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində göstərilən debitor borcların hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) qoşulması nəticəsində ləğv edilməsi səbəbindən bütün öhdəliklərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçdiyini bildirmişdir. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (Ləğv prosesindədir) "xxxx" MMC-yə qoşularaq yenidən təşkil olunması barədə dövlət reyestr məlumatlarında dəyişiklik edilməmişdir. Araşdırma zamanı iddiaçı MMC-nin və "xxxx" MMC-nin təsisçi və direktorunun X2 olduğu, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər olduğu müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəlinə əsasən 2020ci ilin əvvəlinə 82300,27 kq soyudulmuş sümüklü mal ətinin olduğu, 2020-ci il ərzində 49500,0 kq soyudulmuş sümüklü mal ətinin idxal edildiyi, həmin idxalda ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsinə baxmayaraq, elektron qaimə faktura ilə miqdarı 85356,0 kq, dəyəri isə 425688,67 manat məbləğində ƏDV-dən azad olan əməliyyatlar çərçivəsində soyudulmuş sümüklü mal əti təqdim etdiyi müəyyən edilmişdir. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh Vergi Məcəlləsinin imperativ normalarının tələblərini pozaraq bir ayın bəyannaməsində əvvəlki dövrlərin əməliyyatlarını əks etdirmişdir. Cavabdeh hesablama apararkən tətbiq etdiyi yanaşmanı nə inzibati aktda, nə də uyğunsuzluq məktubunda əks etdirməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əlavə edilən dəyişikliyə görə, heyvan və quş ətinin satışı ƏDV-dən azad edilmişdir. İddiaçı isə xx.xx.2020-ci-il tarixədək quş əti idxal etmiş və həmin quş ətini idxal edərkən ödənilən ƏDV məbləğini qanunvericiliyə uyğun şəkildə tam qaydada əvəzləşdirmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1704-VQD nömrəli Qanunun 2.1-ci bəndinə görə, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Lakin idxal olunan quş ətinin hamısı xx.xx.2020-ci il tarixədək satılmamış, 620.988,97 manat dəyərində mal 2020-ci ilə mal qalığı olaraq keçmişdir. İddiaçı da 2020-ci ildə həmin malları təqdim edərkən qüvvədə olan normanı (VM 164.1.37) tətbiq etməklə quş ətini ƏDV-dən azad əməliyyat kimi təqdim etmişdir. Göründüyü kimi, iddiaçı əvəzləşdirməni də, satışı da əməliyyatın aparıldığı dövrdə qüvvədə olan qanun normasına uyğun şəkildə həyata keçirmişdir. Cavabdeh isə qeyd olunan satışı ƏDV-dən azad əməliyyat kimi qəbul etməyərək iddiaçıya fərqli əsaslandırma ilə ƏDV məbləği tətbiq etmişdir. xx.xx.2020-ci il tarixdən sonra alınan malların əvəzləşdirilməsinə münasibətdə isə bildirir ki, iddiaçı həmin dövrdən sonra alınan malları tam şəkildə deyil, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq xüsusi çəki tətbiq etməklə həyata keçirmişdir. Yəni, iddiaçının həm ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan, həm də ƏDV-dən azad olan dövriyyəsi olarsa, həmin dövrdə (xx.xx.2020-ci ildən sonrakı) alınan malların əvəzləşdirilməsi də Vergi ödəyicisinin həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad əməliyyatları olarsa, bu halda əvəzləşdirmə Vergi Məcəlləsinin 175.4-cü maddəsində nəzərdə tutulmuş qaydada vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq həyata keçirilir və bu göstəriciləri X3 (BTP) avtomatik olaraq özü müəyyən edir. Yetər ki, dövr üzrə aparılmış əməliyyatlar müvafiq xanalarda əks olunsun. Qeyd olunanları ümumiləşdirərək cavabdehin iddiaçının fəaliyyətinin dayandırıldığı dövrə hesablama aparmasını, 48 ay üzrə əməliyyatın bir hesabat dövründə əks etdirilməsini, 2022-ci ilin iyul ayında iddiaçıya heç bir vəsaitin daxil olmamasını və xx.xx.2020-ci il tarixdən sonra ƏDV-dən azad kimi satılan mallara əvvəlki qanunu tətbiq etməklə ƏDV-yə hesablanmasının qanunsuz olmasını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 3 illik fəaliyyət dövrü əsas götürülmüşdür. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 iyun 2023-cü il tarixli, **********566900 nömrəli qərarın ləğvinə yönəlmişdir. Həmin qərarla iddiaçı barəsində 2022-ci ilin iyul ayı üzrə 104.619,14 manat ƏDV hesablanmış və verginin hesablanmasına əsas iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2.778.040,33 manat olmasına baxmayaraq, ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2.196.822,88 manat qeyd olunmaqla, müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılması olmuşdur. Cavabdehin dəlillərinə görə artıq ödəmə yaradılmasının səbəbi iddiaçının 2020-ci ilin əvvəlinə 82300,27 kq soyudulmuş sümüklü mal ətinin olduğu, 2020-ci il ərzində 49500,0 kq soyudulmuş sümüklü mal ətinin idxal edildiyi, həmin idxalda ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsinə baxmayaraq, elektron qaimə faktura ilə miqdarı 85356,0 kq, dəyəri isə 425688,67 manat məbləğində ƏDV-dən azad olan əməliyyatlar çərçivəsində soyudulmuş sümüklü mal əti təqdim etməsi olmuşdur. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə xx.xx.2020-ci il tarixdən edilən dəyişikliyə görə, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad əməliyyatlara aid edilmişdir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, “Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir”. Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək heyvan və ya quş əti alınırsa, idxal zamanı ƏDV məbləği ödəsə də, onun həmin məbləği əvəzləşdirmək hüququ yoxdur. Qeyd olunan norma vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan malı ƏDV-yə cəlb olunan əməliyyatlar olmadan təqdim etdiyi halı nəzərdə tutur. Vergi ödəyicisinin həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad əməliyyatları olarsa, bu halda əvəzləşdirmə Vergi Məcəlləsinin 175.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Belə ki, həmin maddəyə görə vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin iddiaçı MMCnin idxal əməliyyatları haqqında cədvəl məlumatlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə yalnız 2020-ci ilin yanvar-mart ayları ərzində mal əti (satışı ƏDV-dən azad mal) idxal edilmiş, həmin mallara görə hər ay üzrə 16444,8 manat məbləğində ƏDV ödəmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin yanvar-may və iyul-avqust ayları üzrə ƏDV bəyannamələrindən müəyyən olunur ki, iddiaçı həmin dövrlərdə ƏDV-dən azad olunan mal ətinin satışını həyata keçirməklə yanaşı, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatları da olmuşdur. Belə ki, 2020-ci ilin yanvar ayı üzrə bəyannamə məlumatlarına əsasən iddiaçı 2020ci ilin yanvar ayında 49300,23 manat məbləğində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatı həyata keçirdiyini (301-ci sətir), alınmış mal ətinin 11747,34 manat hissəsini ƏDV-dən azad olan mal kimi satdığını (303-cü sətir) göstərmiş, idxalda 16444,8 manat məbləğində ƏDV ödəsə də, həmin məbləğin yalnız 13280,82 manat hissəsini əvəzləşdirmiş (310, 317-ci sətirlər), qalan 3163,98 manat hissəsi isə əvəzləşdirilməsinə yol verilməyən məbləğ olmuşdur. İşə əlavə edilən digər aylar üzrə ƏDV bəyannamələrində də eyni qaydada ƏDV məbləğləri əvəzləşdirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 2020-ci ilin yanvar ayından sonrakı dövrdə həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad edilmiş əməliyyatlar aparılmış, bu baxımdan, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinə uyğun olaraq ƏDV-yə cəlb olunan əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun ƏDV əvəzləşdirilməsi aparılmışdır. Qeyd olunanlara əsasən, kollegiya cavabdehin dəlillərini əsassız sayır. Bununla yanaşı, işin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, sözügedən vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 3 illik fəaliyyət dövrü əsas götürülmüşdür. Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2022-ci ilin iyul ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin iyul ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2022-ci ilin iyul ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində əsassız qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya kameral vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin, onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2-1(118)-4065/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar