Məhkəmə qərarları › İş №2-1(105)-287/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-287/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-287/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mənzilinin tam sahibi kimi onun adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 4163/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “təqdim etdiyi sənədlər əsasında Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X3 çatası 1/5 hissəsi, yəni 36.000 : 5 = 7200 manat pulu tərəfindən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verərək Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi onun adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək "xxxx" MMC-nin Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X3 çatası 1/5 hissəsi, yəni 36,000 : 5 = 7200 manat pulu tərəfimdən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verilməli olduğunu 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınaraq Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin 14 nömrəli mənzilinin tam sahibi kimi onun adına reyestrdə qeydə alaraq müvafiq çıxarış verilməsini xahiş etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona ünvanladığı 11 mart 2024-cü il tarixli 3- 21-3-34/2- H 0031-8/2024 nömrəli imtina məktubu verilmişdir. Cavabdehin bu imtinası ilə razılaşmır və bu imtinam qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4163/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə iddiaçı kimi ona təqdim etdiyi imtina məktubunda yazmişdır ki, "Sizin, Şabran şəhəri, Fətəli xan Xoyski küçəsi 16 nömrəli binada yerləşən 14 saylı mənzil üzərində tam mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Bildiririk ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-54/2023 saylı qətnaməsinə əsasən Şabran şəhəri, F.X.Xoyski kiiçəsi, 16 nömrəli evin 14 nömrəli mənzilin açıq hərracdan satılaraq, satış pulu paylara uyğun bölünməsi göstərilmişdir. Həmin qətnaməyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır". Lakin cavabdeh inzibati orqan həmin məkubunda bu səlahiyyətin onlara aid olmaması barədə qeyd edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, Şabran rayon İcra və Probasiya şöbəsinin 25 dekabr 2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı məktubunda göstərmişdir ki, "Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin 14 nömrəli mənzili açıq hərracdan satılaraq, satış pulu paylara uyğun bölünməsinə dair hissəsində X1 bank hesabına 7200 manat məbləğində pul vəsaiti köçürülmüşdür ". Həmin vəsait X4 tərəfindən götürülmüşdür və onun həmin mənzildə olan payına faktiki xitam verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin 8.0.3. mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr reyestrdə qeydə almasına məsul müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən reyestrdə qeydə almalı olan müvafiq icra hakimiyyəti orqanıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi mənzilinin tam sahibi kimi onun adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil iddiaçının ərinə məxsus olmuş, daha sonra əri vəfat etdiyindən, vərəsələrin həmin mənzil üzərində onun və 4 nəfər övladının hər birinin 1/5 hissədə miras payı müəyyən edilmiş, övladlarından X3 (hazırki iş üzrə üçüncü şəxs qismində çıxış edir )çatası 1/5 hissədə payı açıq saxlanılmışdır. Daha sonra 3 nəfər övladı iddiaçının xeyrinə miras payını bağışlamış, nəticə olaraq həmin mənzil üzərində 4/5 hissədə paylı mülkiyyət hüququ iddiaçının adına (1/5 hissədə isə açıq saxlanılmaqla) dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmişdir. İş materiallarından görünür ki, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sözügedən mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi qərara alınmış, həmin məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Həmin icra sənədinin icrası mərhələsində icra məmuru qanunla müəyyən edilmiş qaydada icra tədbirlərini həyata keçirmiş, hərracın predmeti olan əmlakın qiymətləndiirlməsi aparılmış, mənzilin qiyməti ilkin olaraq 36000 manat müəyyən edilmiş, icra iş üzrə tələbkar 4/5 hissədə pay sahibi kimi əmlaka tam mülkiyyt hüququ əldə etmək məqsədilə qalan 1/5 hissədə payı satın almaq üçün həmin mənzilin 1/5 hissədə payın sahibi Həsənov Samirə həmin hissənin dəyərinin-7200 manat pul məbləğinin ona ödənilməsini təklif etmiş, icra məmuru həmin təklifi Həsənov Samirə etsə də, onun tərəfindən həmin pül vəsaitinin götürülməsindən imtina olunmuş, həmin məbləğ müvafiq icra çöbəsinin deposit hesabına köçürülmüşdür.İcra məmurunun müvafiq qərarı əsasında həmin icra sənədi tam icra edildiyindən icraata xitam verilməsi qərara alınmışdır (Həsənov Samir həmin qərardan şikayət etsə də, məhkəmə qərardadı ilə şikayəti təmin edilməmişdir). Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən həmin məbləğdə pul vəsaiti ödənilmiş, bank qəbzi mövcud olmuşdur. Göründüyü kimi məhkəmə aradırması zamanı icra işinin materiallarının tədqiq edilməsi əsasında iddiaçının müvafiq payın dəyərinin məhkəmə qətnaməsinin icrası qaydasında onun tərəfindən ödənildiyi (borclu şəxsin həmin vəsaiti qəbul etməkdən imtina etməsi halı bu hüququn tələbkara keçməsinə mane olan hal kimi çıxış etməmişdir) müəyyən edilmişdir. Hansı ki bu hal həmin əmlak üzərində pay hüququnun ona keçməsinə səbəb olmuşdur. Nəticə etibarilə iddiaçının həmin əmlak üzərində tam mülkiyyət hüququnun yaranması əsasları məhz müvafiq məhkəmə qətnaməsinin icrası nəticəsində ortaya çıxmışdır. Bu hal məhz həmin məhkəmə qətnaməsinin icrası ilə bağlı icra işinin materialları əsasında aşkar görünür. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan mübahisənin (miras paya mülkiyyət hüququnun xitam verilməsi ilə bağlı məsələnin) mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti işin yuxarıda sadalanan hallarına və qanunvericilik normasının tələbinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. İndiki halda iddiaçının hüquqi marağı məhz sözügedən mənzil üzərində 1/ 5 hissədə pay hüququnu satın aldığından, həmin əmlak üzərində tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq məhkəmə qətnaməsi ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair öhdəlik qoyulmaması halına istinad edərək imtina etmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən mübahisəli hüquq münasibətinin xüsusi hüquq və ya publik hüquq sahəsinə aid olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin münasibətin xarakteri, subyektləri və hüquqi təbiəti araşdırılmalıdır. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının sözügedən mənzil üzərində olan payı satın alaraq, tam mülkiyyət hüququnun mövcudluğu əsasları müəyyən edildiyindən, mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı yaranmış mübahisəli münasibətlər məhz inzibati xarakterli münaisbətlər kimi ortaya çıxmışdır. Başqa sözlə deəsk, indiki halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri həm subyekt tərkibinə, həm xarakterinə görə inzibati xarakterli münasibətlər olmaqla, inzibati məhkəmə icraatının predmetini təşkil edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməmiş, işin hallarında yuxarıda istinad edilən qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, mübahisəli hüquq münasibətinin xarakteri və mahiyyəti düzgün təhlil edilməmiş, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən bu əsasla iddianı mümkün saymamaqda haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hazırki inzibati iş üzrə inzibati prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməsi əsasları mövcud olduğundan, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılan zaman bununla bağlı müvafiq tədbir görülməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4163/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mənzilinin tam sahibi kimi onun adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar