Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-288/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədərki dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-574/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədərki dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1962-ci ildə anadan olmuş və Daxili İşlər orqanlarında xidmət etmişdir. O, 90-cı illərdə DİO sıralarında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, ona xidmətləri ilə bağlı müharibə veteranı vəsiqəsi verilmiş, lakin sonradan həmin vəsiqələr geri alınaraq yenidən verilməmişdir. xx.xx.2019-cu il Fərmanına əsasən onun veteran statusu bərpa edilmiş, lakin veteran vəsiqəsi ona bir qədər gec, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Müharibə veteranları üçün müəyyən edilmiş müavinət də ona 2019-cu ilin avqust ayından hesablanmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan fərq ona ödənilməmişdir. O, bununla bağlı cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin ona xx.xx.2020-ci il tarixli imtina məktubu göndərilmiş və imtina onunla əsaslandırmışdır ki, «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra tətbiq edilir. O, bu imtina ilə razılaşmır və bildirmək istəyir ki, həmin statusu 90-cı illərdə döyüş bölgəsində etdiyi xidmətləri müqabilində əldə etmiş, vəsiqənin ona gec verilməsi onun günahı üzündən olmamışdır. Onun cavabdeh təşkilata təqdim etdiyi vəsiqə ilə həmin xidmətləri arasında bağlılıq vardır. O, bu güzəştlərdən istifadə etmək hüququnu həmin vaxtdan əldə etdiyi üçün həmin fərqin ona verilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan müddət ərzində ödənilməyən müavinətinin hesablanaraq ona ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-752/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(105)-377/2020 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)- 752/2020 saylı qərarı ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-574/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (V.Əzizova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, ona veteran vəsiqəsi bir qədər gec, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Müharibə veteranları üçün müəyyən edilmiş müavinət də ona 2019-cu ilin avqust ayından hesablamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan fərq ona ödənilməmişdir. O, bununla bağlı cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin ona xx.xx.2020-ci il tarixli imtina məktubu göndərilmiş və imtina onunla əsaslandırmışdır ki, «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra tətbiq edilir. O, bu imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, lakin məhkəmə qəbul etdiyi qərarında «sosial müavinətlər haqqında» AR Qanununa və «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təsis edilməsi haqqında» AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad etməklə onun iddia tələbini rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhz sadalanan normalar və onun müavinət almaq hüququmun yarandığı tarixdən başlayaraq onun müharibə veteranı statusu ilə bağlı həmin müavinəti almaq hüququ yaranmışdır. Belə hesab edir ki, məhkəmənin bu qərarı qanunsuzdur və ləğv edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 032937 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********2 saylı məktubundan görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona müharibə veteranı vəsiqəsi aldığı gündən əvvəlki dövr üçün sosial müavinətin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2007ci il tarixli 03/102 nömrəli məktubuna və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyi və Prezident təqaüdünü almaq hüququ onlara veteran adının və vəsiqəsinin verildiyi gündən yarandığı, iddiaçının şöbəyə təqdim etdiyi sənədlərə əsasən ona müavinət xx.xx.2019-cu ildən, yəni müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin olunduğu göstərilmişdir. İşdən görünür ki, İddiaçı müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019-cu ildənxx.xx.2019-cu ilə qədərki dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və bu zaman ona istinad olunmuşdur ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər təyin edilirdi, o cümlədən əvvəlki üç il üçün ödəmələrin aparılması təmin edilirdi. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Məhkəmə hesab etmişdir ki, xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti xx xxxx 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alınmışdır. Məlumat üçün bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2006-cı il tarixli 11/27-12 saylı və xx xxxxxx 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, «xx xxxx 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (xx xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995-ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx xxxx 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabınetının xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir». Beləliklə, yuxarıda artıq qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixindən verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə xx xxxxx 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, iddiaçı müharibə veteranı vəsiqəsi xx xxxxx 2019-cu il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı xx xxxxx 2019-cu il tarixindən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki müddət üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-574/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-288/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-288/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver