Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-288/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X6 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2- 1(118)-1436/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən sahibkarlıq-tikinti məqsədilə X7 adına ayrılmış 0,66 ha torpaq sahəsinin yerinin naturada müəyyən olunması, mərzlərin vurulması, plan və ölçüsünün hazırlanması, həmçinin, cavabdeh tərəfindən sənədləşdirilməsi və müvafiq çıxarışın verilməsinin cavabdehlərə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra, iddiaçı dəqiqləşmə barədə ərizə verərək, Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X6 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 10 noyabr 2006-cı ildə ərizə ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə müraciət etmiş və Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən ona sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətindən 0,66 ha torpaq sahəsi ayrılması barədə qərar verilmişdir. X10 26.12.2019-cu il tarixdə vəfat etdiyi üçün iddiaçıya 16 fevral 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illərdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsini özəlləşdirə və onun üzərində tikinti işləri apara bilmir. Torpaq sahəsinin ayrılmasına dair rəy alınması üçün 04 iyun 2007-ci ildə 222 saylı məktubla Abşeron rayonu Mehdiabad bələdiyyəsi tərəfindən DT və XK-nın Abşeron rayon şöbəsinə müraciət olunmuşdur. DT və XK-nin Abşeron rayon şöbəsinin 13.06.2007-ci il tarixli 721 saylı rəyindən görünür ki, Binəqədi-Novxanı şossesinin sağ tərəfində pay torpaqları arasında yerləşməklə, yararsız torpaq sahəsinin sahibkarlıq məqsədilə X1 etiraz edilməmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpağın plan ölçüsünün verilməsi ilə əlaqədar 08 avqust 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən 17.08.2018-ci il tarixli **********22 saylı məktubla torpağın qeydiyyata alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsinin sahibkarlıq-tikinti məqsədilə satılması üçün rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, torpaq sahəsinin yeri dəqiqləşdirilməmiş, yerquruluşu işləri (planalma) aparılmamış, yerin plan və ölçüsü hazırlanmamış, qanunvericiliklə müəyyən olunmuş qaydada alğı-satqı aktı tərtib edilməmişdir. Abşeron rayon şöbəsi tərəfindən 13.06.2007-ci il tarixli 721 nömrə ilə uçota alınmış rəy məktubundan göründüyü kimi Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən ayrılacaq 0,66 ha torpaq sahəsi Binəqədi-Novxanı şossesinin sağ tərəfində pay torpaqları arasında yerləşməklə, yararsız torpaq sahəsidir. DT və XK-nın Abşeron rayon şöbəsinin 313 saylı arayışından da göründüyü kimi ayrılan torpaq sahəsi 20 ballı V keyfiyyət qrupuna daxil olan yararsız torpaq sahəsidir. Rəyin 3-cü bəndində deyilir ki, fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Yuxarıda qeyd edilənlərə əsasən imtina məktubu qanunsuz və əsassız hesab edilir. Ona görə ki, ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmiş və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”na əlavəyə əsasən torpaqların alğı-satqısına dair akt tərtib edilərək, Mehdiabad bələdiyyəsinin büdcəsinə 10020 (on min iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüş və 20 fevral 2018-ci il tarixdə təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən edilmiş imtina qərəzlidir və buna görə də həmin qurumun rəhbərliyi barədə xüsusi qərardad qəbul olunmalıdır.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Mehdiabad bələdiyyəsi tərəfindən X9 0,66 ha torpaq sahəsinin 14 iyun 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, alğı-satqı aktının 20 fevral 2018-ci ildə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 dekabr 2020-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi qeyd edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”na əlavədə torpaqların alğı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqısı Qaydaları”na əlavədə - “Torpaqların alğı-satqısına dair akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəllənin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 saylı qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən iddiaçının mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına arayış verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
12. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
13. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları
7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
18. Hazırki işin hallarından görünür ki, Mehdiabad bələdiyyəsinin 14.06.2007-ci il tarixli 13 saylı qərarı ilə mərhum X2 məqsədilə 0,66 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 13.06.2007-ci il tarixli, 721 nömrəli rəyi ilə mərhuma həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmin torpaq sahəsinin dəyəri olaraq 10020 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı torpağın alğısatqısına dair müqavilə tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh isə imtina təqdim etmiş və göstərmişdir ki, Mehdiabad bələdiyyəsi tərəfindən X9 0,66 ha torpaq sahəsinin 14 iyun 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, alğı-satqı aktı 20 fevral 2018-ci ildə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi 03 dekabr 2020-ci il tarixdə verilmiş, torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Həmçinin, əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməmişdir. Eləcə də, sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aiddir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin 16.02.2021-ci il tarixli 505 nömrəli məktubuna əsasən 26.12.2019-cu ildə vəfat etmiş X7 əri - İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və onun hüquqi varisidir.
20. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 03.12.2020-ci il tarixli, 141 nömrəli rəyinə əsasən 0,66 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə sənədləşdirilməsinə etiraz edilməmişdir.
21. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 10.12.2021-ci il tarixli, 247 nömrəli məktubuna əsasən ayrılmış torpaq sahəsi Binəqədi-Novxanı yolunun sağ tərəfində pay torpaqları arasında yerləşməklə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla torpaq sahələrinin yararsız torpaq sahəsidir. Torpaq sahəsinin Teyyubə Əzimovanın adına sənədləşdirilməsinə etiraz edilməmişdir.
22. Mehdiabad bələdiyyəsinin 14.06.2007-ci il tarixli 13 saylı protokolundan çıxarışa əsasən sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətində boş sahə (0,66 ha) X3.
23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 13.06.2007-ci il tarixli, 721 nömrəli rəyinə əsasən torpaq sahəsinin çıxarışa əsasən sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətində boş sahə (0,66 ha) X1 etiraz edilməmişdir.
24. 20.02.2018-ci il tarixdə tərtib edilmiş “Torpaqların alğı-satqısına dair akt”a əsasən X4 bələdiyyəsinin 14.06.2007-ci il tarixli 13 saylı qərarı ilə ona ayrılmış 0,66 ha torpaq sahəsinin dəyərini (10020 manat) Mehdiabad bələdiyyəsinin hesabına köçürmüşdür.
25. İş materiallarına olan 15.02.2018-ci il tarixli mədaxil qəbzindən (dublikat) görünür ki, X10 tərəfindən Mehdiabad bələdiyyəsinin hesabına 10020.00 manat ödənilmişdir.
26. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilməməsi, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 saylı protokolundan çıxarışdan görünür ki, X9 0,66 ha torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. 15 fevral 2018-ci il tarixli ödəniş qəbzinə əsasən X10 həmin torpaq sahəsinə görə 10020 manat məbləğində bələdiyyənin hesabına pul ödəmişdir. Torpaq sahəsinə dair plan və ölçü sənədi də tərtib edilmişdir. 0,66 ha torpaq sahəsinin satılması barədə tərəflər arasında torpaqların alğı-satqısına dair akt bağlanmışdır.
27. Torpaq sahəsinin 14 iyun 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alğı-satqı aktının 20 fevral 2018-ci il tarixdə bağlanması iddiaçının mülkiyyət üzərində hüququnun qeydə almaqdan imtina üçün əsas deyil. Texniki sənəd olan Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının hansı hüquq norması baxımdan qanunamüvafiq qaydada təsdiq edilməməsi ilə bağlı isə cavabdeh hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir.
28. T.Əzimovaya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır.
29. Apellyasiya şikayətinin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusu zamanı əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25.09.2021-ci il tarixli arayışına əsasən Mehdiabad bələdiyyəsinin qərarı ilə X9 ayrılmış 0,66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir, şərti yararsızdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, kənd təsərrüfatı ehtiyacları üçün yararsızdır. Kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar isə xüsusi mülkiyyətə verilə bilər. Mübahisəli torpaq sahəsi isə kənd təsərrüfatı ehtiyacları üçün yararsız olduğundan xüsusi mülkiyyətə verilə bilər.
31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdehin imtinası qanuni hesab edilə bilməz və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyil.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14.06.2007-ci il tarixli iclasının tarixi 14.07.2007-ci il kimi göstərilmişdir. Bu isə gələcəkdə məhkəmə qərarının icrasında çətinliklər yarada bilər.
33. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 nömrəli qərarı dəyişdirilsin. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14.06.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən iddiaçının mərhum arvadı X9 ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına arayış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.