Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-288/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı “Abşeron rayonu Masazır Bələdiyyəsinin ona məxsus Masazır kəndi Niyazi Əsgərov küçəsi ev 11 (yeni qaydada ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,05 hektar torpaq sahəsinə bitişik torpaq sahəsinin başqa şəxsə satması barədə qərarı və digər sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-3352/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Masazır Bələdiyyəsinin onun mülkiyyətindəki Abşeron rayonu Masazır kəndi Niyazi Əsgərov küçəsi ev 11 (yeni qaydada ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,05 hektar torpaq sahəsinə bitişik torpaq sahəsini başqa şəxs satması, digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin torpaq sahəsi üzərində başqa şəxsin hüquqlarını qeydiyyata alması hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılmasını və cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı Abşeron rayonu Masazır Bələdiyyəsinin ona məxsus Masazır kəndi Niyazi Əsgərov küçəsi ev 11 (yeni qaydada ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,05 hektar torpaq sahəsinə bitişik torpaq sahəsinin başqa şəxsə satması barədə qərarı və digər sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Abşeron rayonu Masazır kəndi Niyazi Əsgərov küçəsi ev 11 (yeni qaydada ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin də yerşəldiyi 0,05 hektar torpaq sahəsi mövcuddur. Həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən **********54-10301 reyestr sayı ilə qeydə alınıb, ona inventar sayı 2838 olan 21 İyun 2014-cü il tarixli Texnik pasport verilib.Texnik pasportda evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, əsas yola çıxışı (situasiya planı) öz əksini tapıb. 2014-cü ildən 2020-ci ilədək texniki pasportda göstərilmiş plana uyğun olaraq əsas yola çıxışından maneəsiz istifadə etmişdir. Cavabdeh Masazır Bələdiyyəsi 2020-ci ildə qonşu torpaq sahəsini, o cümlədən onun əsas yola tək çıxış ərazisini ona təklif etmədən və razılığı olmadan başqa şəxsə satıb, cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi də qanunsuz olaraq satılmış həmin torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb. Torpaq sahəsini əldə etmiş şəxs də orada qazıntı işləri apardığından və torpaq sahəsinə giriş üçün alternativ yol olmadığından torpaq sahəsindən və evindən istifadə hüququ tam məhdudlaşıb. Mübahisəli torpaq sahəsi onun evindən və həyətindən yeganə giriş- çıxışını bağladığı üçün cavabdeh Masazır Bələdiyyəsi onu başqa şəxsə satmamalı, cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi də həmin torpaq sahəsinə hüquqların qeydiyyatından imtina etməli idi. Bununla bağlı ayrıayrılıqda cavabdehlərə müraciət etsə də torpaq sahəsinin qanunsuz alqı-satqısı və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilməyib. Sonunc dəfə 18 Aprel 2023-cü il tarixdə ona bildirilib ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktik yerləşməsi arasında konfiqurasiya fərqi mövcuddur, istifadə olunan gediş-geliş yolu digər şaxsin mülkiyyətindədir, buna görə o servitut hüququ ilə bağlı məhkəməyə müraciət etməlidir. Cavabdehlər onun evinə yeganə gediş-gəliş yolunun hansı səbəbdən başqa şəxsə satıldığına cavab verməyiblər. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı iddia tələbində evin qarşısında torpaq sahəsinin bələdiyyə tərəfindən başqa şəxsə satılması nəticəsində mülkiyyətində olan torpaq sahəsinə daxil ola bilmədiyini göstərmişdir. Masazır bələdiyyəsinin məhkəmə prosesində məhkəmə tərəfindən torpağın kimə ayrılması ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi bildirilmişdir. İddiaçı iddia tələbində həmin torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılmasını, sonradan isə torpağın mülkiyyətdə olmasını bildirmişdir. Sübut etmə iddiaçının üzərinə düşdüyündən iddiaçı torpağın bələdiyyə tərəfindən ayrılmasını iddia tələbində göstərsə də torpağın kimə məxsus olması barədə hüquqverici sənəd, nə də bələdiyyənin hansı qərarı əsasında ayrılması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Masazır bələdiyyəsi tərəfindən aparılan araşdırmalar isə hər-hansı bir nəticə verməmişdir. Belə ki, bələdiyyə qərarları yalnız torpaq sahəsinin ölçüsü əsasında torpaqayırma sənədləri hazırlanaraq alqı-satqı edilməsi üçün hərraca çıxarılır. Bu baxımdan məhkəmə tərəfindən göstərilən tələbin icrası adı çəkilən sənədlərin iddiaçı tərəfindən bələdiyyə qərarının tarixi, nömrəsi (digər torpaqayırma sənədləri) və hüquverici sənədlər (Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü) təqdim olunduğu təqdirdə belə bir məlumatın məhkəməyə təqdim edilməsi mümkün olacaqdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3352/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əlavə sübutlar əldə edərək qərardadın 3-cü səhifəsinin sonuncu abzasında göstərib ki, mübahisəli torpaq sahəsi başqa şəxsə 10 mart 1993-cü ildə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi tərəfindən ayrılıb. Lakin həmin faktı təsdiq edən sübutlar iddiaçı tərəf olaraq ona təqdim edilməyib. Həmin mötəbər sübutlar ona təqdim edilsəydi, tələbini yenidən dəqiqləşdirə, cavabdehi əsil cavabdehlə əvəz edə bilərdi. Məhkəmə əlavə sübutlar əldə edərək mübahisəli torpaq sahəsinin başqa şəxsə 10 mart 1993-cü ildə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi tərəfindən ayrıldığını dəqiqləşdirdikdən sonra iddiaçı tərəf olaraq ona iddia tələbini dəqiqləşdirmə, cavabdehin əsl cavabdehlə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında yardım etməyə borclu olduğu halda bu yardımı etməyib, mübahisəli torpaq sahəsini başqa şəxsə satan səlahiyyətli inzibati orqanı müəyyənləşdirsə də bununla bağlı əldə etdiyi sübutları onun tərəfindən gizlədib, sonda da onan gizlətdiyi həmin faktı iddianın mümkünsüz sayılması üçün əsas hesab edib. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. .... Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi “Abşeron rayonu Masazır Bələdiyyəsinin ona məxsus Masazır kəndi Niyazi Əsgərov küçəsi ev 11 (yeni qaydada ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,05 hektar torpaq sahəsinə bitişik torpaq sahəsinin başqa şəxsə satması barədə qərarı və digər sənədlərin ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının torpaq sahəsinə bitişik başqa şəxsə torpaq sahəsini xx.xx.1993-cü il tarixdə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi tərəfindən ayrılması, belə olan halda Masazır Bələdiyyəsinin cavabdeh qismində olması yolverilməz olması hallara istinad etməklə, əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilən əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İndiki halda iddiaçının hüquqi marağını mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə giriş-çıxış üçün nəzərdə tutulmuş sahənin satın alınmasına ilk növbədə onun üstünlük hüququ olduğundan ona təklif edilməli olduğu halda, bələdiyyə tərəfindən qərar qəbul edilərək, başqa şəxsə satılması nəticəsində onun torpaq sahəsinə giriş-çıxış hüququ məhdudlaşədırıldığından, həmin qərarın ləğv edilməsi təşkil etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus olan torpaq sahəsi və onun ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair reyestr nömrləri qeyd edilməklə, ortofoto görünütüsü və həmin qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər tələb edilərək, tədqiq edilmişdir. İddiaçının iştirakı ilə həmin ortofoto görüntüsünə baxış keçirilmiş, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi torpaq sahəsinin məhz xx.xx.1993-cü il tarixdə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi tərəfindən ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçı öz izahatında da onun istinad etdiyi torpaq sahəsinin X1 məxsus olan torpaq sahəsi ilə bağlı olmadığını, həmin qonşu ilə onun arasında hər hansı mübahisə olmadığını bildirmişdir. Göründüyü kimi, indiki halda birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin məhz xx.xx.1993-cü il tarixdə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi tərəfindən ayrılmış torpaq sahəsi olması qənaətinə gəlsə də, bu halı sübut edən kifayət qədər dəlil iş materiallarında mövcud olmamışdır. Halbuki, həmin halın müəyyən edilməsi iddianın mümkünlük şərtlərinin yoxlanılması baxımından zəruri olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsasla iddianın mümkün olmaması barədə gəldiyi nəticə yalnış olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəli hallarının tam aydınlaşıdırlması, iddiaçının hüquqi marağının nədən ibarət olmasını, onun hüququnun pozulub-pozulmadığını, hüquqi müdafiəyə ehtiyacının olub-olmamasının aydınlaşıdırlması üçün ilk növbədə iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə yerində baxış keçirilməli, həmin torpaq sahəsinin giriş-çıxışı və ona mane olan halların mövcud olub-olmaması, mövcud olduğu halda həmin mübahisəli hissədə yerləşən torpaq sahəsinin yerləşmə koordinatlarının, hansı əsaslarla-bələdiyyə,dövlət və ya xüsusi mülkiyyət hüquq əsasında kimə məxsus olması müəyyən edilməli və ona dair hüquqmüəyyənedici sənədlər tələb edilməli, həmin hallar araşdırılılmalı, tələb olunan sənədlər tədqiq edilməli, daha sonra iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalı, zəruri olduğu halda prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin yardım etmək vəzifəsindən irəli gələn tədbirləri həyata keçirilməli, bu əsaslarla iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətinin məzmununda məhkəmə qərardadının ləğv edilməsi ilə yanaşı, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İndiki halda məhkəmə qərardadının ləğvi üçün əsaslar müəyyən olduğundan həmin hissədə şikayət təmin edilməli, qalan hissədə isə digər əsaslarla iddianın mümkünlük şərtlərinin yoxlanılması halı mövcud ola biləcəyindən, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3352/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı “Abşeron rayonu Masazır Bələdiyyəsinin ona məxsus Masazır kəndi Niyazi Əsgərov küçəsi ev 11 (yeni qaydada ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,05 hektar torpaq sahəsinə bitişik torpaq sahəsinin başqa şəxsə satması barədə qərarı və digər sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-288/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-288/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver