Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-288/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2223/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 2223/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əkskəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, yeni pul təminat xərcliyi əsasında hesablanan üç illik təminatı məbləğində kompensasiya məbləğinin iddiaçıya ödənilməmiş hissəsinin və vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ildən 1999-cu ilədək kursant kimi təhsil almış, 1999-cu ildən təxris olduğu xx.xx.2021-ci il tarixə qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində tabor komandiri kimi xidmətdə olmuşdur. 2020-cı ildə Vətən Müharibəsində iştirak etmiş, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonlarının və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, müxtəlif medallarla təltif olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra pul təminatına dair arayış tərtib olunaraq 3 illik təminat xərcliyi həcmində kompensasiya məbləği hesabına köçürülmüşdür. Lakin pul təminatında iddiaçının xidmət etdiyi illər ərzində aldığı bütün əlavələr deyil, yalnız vəzifə, hərbi rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi və ixtisas dərəcəsi göstərilmiş, ümumilikdə 1701,7 manat pul təminatı hesablanmışdır. İddiaçının xidmət göstərdiyi sahə Kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinə aid olduğu üçün ona xidməti illər zamanı daim bu məbləğdən daha yuxarı məbləğ bank hesabına köçürülmüş, ehtiyata buraxılmamışdan qabaq sonuncu dəfə 4307,80 manat məvacib almışdır. Bu da onu göstərir ki, iddiaçı bütün xidməti illər zamanı aldığı aylıq əmək haqqısı pul təminatı haqqında arayışda qeyd olunan məbləğdən çox olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət olunsa da, cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə iddiaçının tələbinin icrasından imtina olunmuşdur. Buna görə də iddiaçının xidməti illər zamanı aldığı bütün əlavələrin hesablanaraq məlumat vərəqəsinə düzəliş olunmasına zərurət vardır. Qeyd olunan təminat xərcliyinin düzgün hesablanmaması iddiaçıya ödənilən həm kompensasiya məbləğində, həm də pensiya məbləğində öz əksini tapmışdır. Cavabdeh bununla bağlı cavab məktubunda qeyd etmişdir ki, hərbi qulluqçuların vəzifə və rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları (qatlar) xidmətdə olan hərbi qulluqçuların hərbi xidmətinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövründə ödənilir və bu əmsallar (qatlar) daimi xarakter daşımır. Eyni zamanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarına istinad olunaraq, iddiaçıya verilən əlavələrin həmin qərarda göstərilmədiyi qeyd olunmuşdur. Halbuki işin mübahisəsiz halıdır ki, iddiaçı xidməti dövrdə vəzifə maaşına əlavələr almışdır. Əgər cavabdehin qeyd etdiyi kimi bu əlavələr Nazirlər Kabinetinin siyahısında əks olunmayıbsa, bu əlavələrin verilməsi də qanunsuz olardı. Halbuki rəsmi qaydada, bank kartına köçürmə yolu ilə, istisnasız bütün xidməti dövrdə aldığı əlavələrin qanunsuz olmasını iddia etmək tamamilə absurddur. Xüsusilə qeyd olunmalıdır ki, bu əlavələrin müvəqqəti xarakter daşıdığı qeyd olunmuşdur. Burada fərq ondan ibarətdir ki, iddiaçıya verilən əlavələr hər hansı şərtdən asılı olmamış, hər hansı zaman (xəstəlik, ezamiyyətdə olarkən və s.) verilməsi dayandırılmamış, bu əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Bununla da sübut olunur ki, iddiaçıya verilən əlavələr müvəqqəti xarakter daşımamışdır. İndiki halda iddiaçının sosial təminat hüquqları həm də ona görə pozulur ki, xidməti dövrdə hesablanan 3000 manat əmək haqqından 500 manatdan çox məcburi dövlət sosial sığorta haqqı tutulmuş və iddiaçı təxminən 2500 manat əmək haqqı almışdır. Bu tutulan vəsaitlərin mahiyyəti ondan ibarətdir ki, gələcəkdə həmin vəsaitlər şəxsə pensiya olaraq geri qaytarılsın. Bu halda isə iddiaçı həm böyük miqdarda sosial sığorta haqqı ödəmiş olur, həm də onları pensiya olaraq əldə edə bilmir. Cavabdehin iddiaya qarşı yazılı etirazında İddiaçı “5 illik pul təminatı həcmində sığorta ödənişinin” iddia tələbi ilə bağlı aşağıdakıları bildirir: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 418-VİQD nömrəli Qanun xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən ”Sığortaolunan dedikdə - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər”; başa düşülür. Həmin Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4.2-ci bəndinə əsasən sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular, o cümlədən kəşfiyyat və əkskəşfiyyat subyektlərinin əməkdaşları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bır hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711İİQ nömrəli Qanunu İddiaçı tətbiq edilə bilməz. Çünki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 418-VİQD nömrəli Qanun xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydasının 7.1.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.11-ci maddəsi ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 296-İQ nömrəli Qanunu (bu Qanuna dəyişiklik edilməsi barədə 418-VİQD nömrəli 3 dekabr 2021-ci il tarixli Qanun nəzərə alınmaqla) və Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə sığorta olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq xəsarət (yaralanma, travma, kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına 3 illik miqdarında kompensasiyanın ödənilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı qüvvələrin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 may 2000-ci il tarixli 409-3 nömrəli Sərəncamının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin 03 fevral 2014-cü il tarixli 020 nömrəli əmrinə (məxfi olduğu üçün əlavə edilmir) uyğun olaraq N nömrəli hərbi hissənin, o cümlədən N nömrəli hərbi hissənin hərbi qulluqçularının vəzifə və hərbi rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə artım əmsalları tətbiq edilir. Bu əmsallar həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların xüsusilə ağır olan hərbi xidmətlərinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövrü ərzində ödənilir. Bu səbəbdən əmsallar daimi xarakter daşımır. Belə ki, Müdafiə nazirinin yuxarıda qeyd edilən əmrinin 3-cü bəndində göstərilir: “Xidməti vəzifələrin icra edilmədiyi dövrlərdə (xəstəlik (bilavasitə xidməti vəzifələrin icrası zamanı zədə, travma alınması səbəbindən hospitalda müalicə müddəti istisna olmaqla), təhsillə bağlı ezamiyyətlər, həbs) hərbi rütbə və vəzifə maaşları üzrə artım əmsalları tətbiq edilmədən ödənilsin.” Göründüyü kimi, rütbə və vəzifə maaşlarına tətbiq olunan əmsallar daimi deyil, yalnız hərbi qulluqçunun kəşfiyyat subyektinin əməkdaşı qismində xidməti vəzifələrin icra edildiyi dövrdə ödənilir. Xidməti vəzifələrini icra etdiyi dövrlərdə iddiaçıya ödənilən hərbi rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları daimi xarakter daşımadığı üçün qeyd edilən əmsalların təminat xərcliyinə daxil edilməsi qanunsuz və əsassızdır. İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən təxris olunarkən ona əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tələblərinə uyğun olaraq hərbi xidmətdən buraxıldığı günə aldığı - aşağıda qeyd olunan ödəniş növlərindən ibarət təminat xərcliyi hesablanmışdır: vəzifə maaşından; rütbə maaşından; xidmət illərinə görə faiz əlavəsindən; vəzifə maaşından hesablanan ixtisas dərəcəsinə görə əlavədən; ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 10-cu maddəsinin 2-ci bəndində hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsinin müəyyən edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir (Qanundan çıxarış əlavə olunur). Göstərilən Qanunun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 633 nömrəli Fərmanının icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında hərbi qulluqçuların aylıq maaşlarına üstəlik verilən pul təminatı növləri göstərilmişdir (Qərarın surəti əlavə olunur). İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqində göstərilən pul təminatı növləri (təminat xərcliyi) Nazirlər Kabinetinin qeyd edilən Qərarına uyğun tərtib olunmuşdur. Hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, Nazirlər Kabinetinin qeyd edilən Qərarının 2-ci bəndinin tələblərinə uyğun olaraq hazırlanmış Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin tələblərinə uyğun olaraq hərbi qulluqçulara aid ödəniş növlərindən yalnız uzun müddət xidmətə görə verilən faiz əlavəsi eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşından hesablanır. İddiaçıya xidmət müddətində tətbiq olunan artım əmsalları Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında nəzərdə tutulmadığından qeyd edilən artım əmsallarının pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5. maddəsinin tələblərinə uyğun olaraq təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. N nömrəli hərbi hissənin hərbi qulluqçularının hərbi rütbə və vəzifə maaşlarına xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının tətbiq edilməsi - bu maaşların bir neçə qat miqdarında olması kimi hesab edilir. Bu səbəbdən də xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının iddiaçı oğluna pensiya təyin edilməsi üçün tərtib edilmiş Məlumat vərəqində göstərilən pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi mümkün deyildir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsindən də göründüyü kimi hərbi qulluqçuların aylıq vəzifə maaşı dedikdə, onların ştat üzrə təsdiq edilmiş bir qat, bir aylıq vəzifə maaşı nəzərdə tutulur. Azərbaycan Ordusunun xüsusi təyinatlılarından başqa, həm də bəzi hərbi hissələrdə xüsusi ağır qulluq şəraitini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən hərbi qulluqçuların aylıq vəzifə və rütbə maaşları müəyyən dövrlərdə bir neçə qat ödənilmişdir. Buna misal olaraq bildirirlər ki, hərbi qulluqçuların vəzifə və hərbi rütbə maaşları döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə - üç qat və iki qat, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə - bir qat yarım, xüsusi təyinatlı qüvvələrdə - dörd qatadək, hərbi hava qüvvələrinin uçuş qalxma heyətində və uçuşların təhlükəsizliyini təmin edən vəzifələrdə isə xx.xx.1997-ci ilədək beş qatadək olmuşdur. Müdafiə nazirinin əmri ilə bir neçə qat həcmində ödənilən maaşlar müvəqqəti xarakter daşıyır. Pensiya təyin olunarkən həmin qatların nəzərə alınması hərbi qulluqçular arasında onların sosial təminatı sahəsində ədalət prinsipinin pozulması vəziyyətinə gətirib çıxara bilər. Təsəvvür edin ki, bir hərbi qulluqçu uzun müddət (20 il) döyüş şəraitində yerləşən (Xüsusi təyinatlı qüvvələrə daxil olan) hərbi hissədə xidmət edir və xidmətdən buraxılmamışdan bir ay qabaq döyüş şəraitində olmayan (Xüsusi təyinatlı qüvvələrə daxil olmayan) və ya aylıq vəzifə maaşı bir qat olan hərbi hissəyə dəyişdirilərək xidmətdən tərxis edilir. Bu hərbi qulluqçuya pensiya bir qat maaşdan hesablanır. Digər hərbi qulluqçu isə uzun müddət döyüş şəraitində yerləşməyən hərbi hissədə xidmət edir və tərxis olunmamışdan bir ay qabaq döyüş şəraitində yerləşən hərbi hissədən tərxis olunur. Bu hərbi qulluqçuya isə iki və ya üç qat maaşdan pensiya təyin edilməsini digər hərbi qulluqçuya qarşı sosial ədalətsizlik kimi qiymətləndirmək olar. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu səbəbdən də, iddiaçı ehtiyatda olan polkovnik-leytenant İddiaçı sonuncu xidmət yeri olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş MN № 036846 nömrəli 31 iyul 2021-ci il tarixli “Pul attestatına” müvafiq olaraq tərtib edilmiş MN-15358 nömrəli xx.xx.2021-ci il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbyacan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2342 nömrəli Fərmanına müvafiq olaraq iddiaçı ehtiyatda olan polkovnikleytenant İddiaçı daha öncə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə tərəfimizdən yenidən tərtib etdiyi MN-15358 nömrəli xx.xx.2024-cü il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilmişdir. Məlumat üçün bildirirlər ki, iddiaçının iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, iddianın rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçının hüquq və mənafeləri ilə bağlı olaraq irəli sürdükləri tələblərdən biri ondan ibarətdir ki, iddiaçı xidmət etdiyi bütün dövrdə vəzifə (rütbə) maaşı ilə yanaşı rəsmi qaydada, bank kartına köçürmə yolu ilə əlavələr almışdır. İddiaçıya ödənilən əlavələr, əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin təxris olunduqdan sonra pensiya təyin olunarkən həmin əlavələr nəzərə alınmamışdır. “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir ki, “Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.” İndiki halda hər iki şərt ödənilmişdir. Hesab edir ki, cavabdeh orqanın həmin əlavələri nəzərə almaması qanuna müvafiq olmamışdır. İkinci tələb “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlıdır. Bu müavinətlər iddiaçıya ödənilməmişdir. Cavabdeh orqan tərəfindən bu onunla əsaslandırılmışdır ki, iddiaçının tutduğu vəzifələr Müdafiə nazirinin əmrilə kəşfiyyat fəaliyyəti subyekti sırasına daxil edilmədiyinə görə qeyd edilən müavinətlər ödənilməmişdir. Bu mövqeyi qanuni və əsaslı hesab etmirlər. Belə ki, Müdafiə Nazirliyinə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektini müəyyən etmək kimi bir səlahiyyət verilməmiş, cavabdeh inzibati orqan tərəfindən bildirilən “N və onun tabeçiliyində olan hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir” kimi bir şərt nəzərdə tutulmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat subyekti olan bir hərbi hissədə xidmət etmişdir və həmin hərbi hissədə məhz kəşfiyyat fəaliyyəti ilə əlaqədar vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan sənədlərdə daim 2014-cü ildən sonrakı vəzifələr qeyd edilərək bildirilir ki, 2014-cü ildən sonrakı müvafiq əmrdə iddiaçının adı göstərilmədiyindən müavinət ödənilməmişdir. 2014-cü ilədək müavinətlərin hansı əsasla ödənilməməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu göndərilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubda iddiaçının 2014-cü ilədək N nömrəli hərbi hissədə və tabeliyində olan hərbi hissələrdə xidmət etdiyi illər ərzində kəşfiyyat və əks-kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş vəzifələrdə xidmət etdiyi qeyd edilmişdir. Belə olduğu halda ən azı 2014-cü ilədək həmin müavinət ödənilməli idi. Digər bir tələb paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən bu pul mükafatının ödənilməməsi ilə əlaqədar hər hansı əsaslı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında yalnız müvafiq mükafatın heç bir əməkdaşa ödənilmədiyi və iddiaçı tərəfindən şərtlərin ödənilmədiyi qeyd olunsa da, şərtlərin nədən ibarət olması ümumiyyətlə iddiaçıya məlum deyil. Heç bir əməkdaşa ödənilməməsi ifadəsi məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən səsləndirilmişdir. Tələbin sonuncu hissəsi sığorta ilə bağlı olmuşdur. Bu “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunda nəzərdə tutulan imtiyazdır. İddiaçı sığorta olunmalı və sığorta ödənişi almalı idi. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, 1999cu ildən 2021-ci ilədək xidmət etmişdir. 1999-cu ildən 2014-cü ilədək tabor komandiri kimi birbaşa kəşfiyyat subyektlərinə daxil olmuşdur. 2014-2021-ci illərdə rəhbərliyin əmrilə digər vəzifələri icra etmişdir. 2014-cü ildən qoşun xidməti vəzifəsində, sonra idarə rəisinin müavini vəzifəsində çalışmışdır. Döyüş şəraitində 2016-cı ildə aprel döyüşləri zamanı, həmçinin 2020-ci ildə Vətən Müharibəsində döyüş tapşırığını icra etmişdir. Döyüşlərdə iştirak etdiyi zaman başqa vəzifədə olduğu üçün kəşfiyyat subyekti hesab edilməyə bilər. Lakin 2014-ci ilədək birbaşa kəşfiyyat subyektlərinə daxil olmuşdur. Döyüşlərdə yaralanmış və 2-ci dərəcəli müharibə əlilli olmuşdur. Əlilliyinə görə ona 6600 manat sığorta ödənişi verilib. Ona 3 illik kompensasiya ödənilib, hesab edir ki, kəşfiyyat subyekti olduğuna görə ona 5 illik sığorta ödənişi verilməli idi. 3 illik məbləğdən də narazıdır, artım olduğu halda həmin məbləğ də artacaqdır. Məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinət, müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət, həmçinin paraşütlə tullanmağa görə pul mükafatı ödənilməyib. Paraşütlə tullanmaq 2000-2010-cu illərdə baş verib. Hazırda 5.180 manat pensiya alır. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdi, yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək xidmət etdiyi hərbi hissə və tutduğu vəzifə (N nömrəli hərbi hissənin qərargah rəisinin gündəlik fəaliyyət və qoşun xidmətinə nəzarət üzrə köməkçisi) Azərbaycan Respublikası müdafiə nazirinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahılarının müəyyən olunması üzrə Müdafiə nazirinin 2014-2017-ci illərdəki müvafiq əmrlərinə daxil edilməmişdir. Həmçinin hərbi xidmətini davam etdirməsini istisna edən xəsarəti alan zaman tutduğu vəzifə - N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsi rəisinin qərargahın fəaliyyətinin planlaşdırılması üzrə müavini vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2017-2020-ci illərdə olan müvafiq əmrlərinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahılarına daxil edilməmişdir. Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 №-li Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb edilən kompensasiyanın, 2014-2021-ci illər üçün “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsi ilə nəzərdə tutulmuş iki aylıq pul təminatı həcmində əlavə pul təminatının ödənilməsi (məzuniyyətə çıxdıqda) və Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə müvafiq olaraq müalicə olunmaqla əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət İddiaçı şamil olunmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubda iddiaçıya 3 illik pul təminatı miqdarında kompensasiyanın düzgün ödənilməsinin qeyd olunması ilə bağlı bildirir ki, həmin dövrdə N saylı hərbi hissənin bütün hərbi qulluqçularına istisnasız kompensasiya ödənilib. Bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hərbi hissəyə sorğu göndərilmişdir. Cavab olaraq Vətən Müharibəsindən sonra rəhbərliyin əmrilə bütün hərbi qulluqçulara istisnasız kompensasiya ödənildiyi bildirilmişdir. Əslində bu ödəniş düzgün həyata keçirilməmişdir. Yalnız kəşfiyyat subyekti olan hərbçilərə ödənilməli idi. Hərbi qulluqçuların kəşfiyyat subyekti olması Müdafiə Nazirliyinin müvafiq əmrində göstərilir. Əmrdə ya vəzifələr, ya da konkret adlar qeyd olunur. Sorğu əsasında həmin əmrlər təqdim oluna bilər. 2015-ci ilədək kəşfiyyat subyektləri ilə bağlı müdafiə nazirinin əmrləri olmayıb. xx.xx.2023-cü il tarixdən artımlar nəzərə alınmaqla iddiaçının pensiyası 2,1 dəfə artırılmışdır. Hazırda onun pensiya məbləği 5180 manat təşkil edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı 2021-ci il tarixdə təxris olunan zaman hərbi hissəsinin rəhbərliyi şərait yaradaraq onun maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə onun yaxşı xidmət etdiyi illər nəzərə alınaraq, üç ilin kompensasiyası hesablanaraq ödənilmişdir. İddiaçı xüsusi təyinatlı qüvvələr yaradılandan xidmət edir. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə uyğun olaraq kaşfiyyat subyekti olmadığına baxmayaraq, bu məbləğ ona mükafat kimi verilmişdir. Sadalanan hallar iddianın təmin edilməsi üçün əsas deyildir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən düzgün olaraq hesab etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortaolunan dedikdə - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər başa düşülür. Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 4-4-cü maddəsinə əsasən: Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən: 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. 20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. 20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. 20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 20.13. Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. 20.14 Əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki azasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən: Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi dörd hissədən ibarətdir, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə ayrılıqda münasibət bildirilməlidir. Belə ki, iddia tələbinin - “İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi” barədə tələbi hissəsində iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, vətəndaş İddiaçı bəzi dövrlərdə xüsusi ağır qulluq şəraitlərində xidmət üçün Müdafiə Nazirliyinin əmrinə əsasən bir neçə qat həcmində əmək haqqı almışdır. Yəni, iddiaçının vəzifə maaşının bir neçə qat həcmində maaş alması müvəqqəti xarakter daşımışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçının xidmət etdiyi dövr ərzində Müdafiə Nazirliyinin əmri ilə 2-3 qat vəzifə maaşı verilib, həmin pul əlavə vəzifə maaşı sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına əsasən sığortalanırlar. İddia tələbinin ikinci və üçüncü tələbləri olan - “vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi” hissəsinə münasibətdə araşdırma apararaq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, yuxarıda sadalanan qanunvericilik normalarının qarşılıqlı təhlili onu göstərir ki, iddiaçının tələb etdiyi müavinətlərin kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektlərinə münasibətdə ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi ilə yanaşı məhkəmə kollegiyası da, İddiaçı kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri sırasına aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə Müdafiə Nazirliyinə müvafiq sorğular vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, N və onun tabeçiliyində olan hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. N nömrəli hərbi hissədə kəşfiyyat subyekti hesab edilən vəzifələr (bütün vəzifələr deyil) yalnız 2015-ci ildən etibarən təsdiq edilmişdir. N nömrəli hərbi hissədə xidmət etmək və ya döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olması anlamını vermir və əməkdaş hesab edilən vəzifələr ayrıca əmr ilə elan olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrdən İddiaçı xidmət dövründə tutduğu vəzifələrin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilib-edilməməsi barədə verdiyi sorğular əsasında göstərilmişdir ki, İddiaçı tutduğu vəzifələr Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-19/2-R-9xxxx/2023 nömrəli məktubu ilə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, rütbə və vəzifə maaşlarına tətbiq olunan əmsallar daimi deyil, yalnız hərbi qulluqçunun kəşfiyyat subyektinin əməkdaşı qismində xidməti vəzifələrin icra edildiyi dövrdə ödənilir. Xidməti vəzifələrin icra edildiyi dövrlərdə Sizə hərbi rütbə və vəzifə maaşlarına titbiq olunan əmsalları daimi xarakter daşımadığı üçün qeyd olunan əmsalların təminat xərcliyinə daxil edilməsi qanunsuz və əsassızdır. N nömrəli hərbi hissə tərəfindən İddiaçı pul təminatı barədə verilmiş arayışda göstərilmişdir: hərbi rütbə maaşı 152 manat; vəzifə maaşı 910 manat; xidmət illərinə görə faiz əlavəsi (30%) 319,20 manat və məharət (ixtisas) dərəcəsi (35%) 318,50 manat olmaqla, ümumilikdə 1701,70 manat təşkil edir. Məlumat üçün bildirilir ki, hərbi qulluqçuların vəzifə maaşları Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilir və bütün hesablamalar və ödənişlər zamanı vəzifə maaşının yalnız birqat həcmi götürülür. Göstərilən pul təminatınına uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixdə 61.261,20 (1701,70 x 36 ay) manat məbləğində 3 illik pul təminatı miqdarında kompensasiya düzgün ödənilmişdir. N nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli 2198 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, İddiaçı 2014-cü ilədək N nömrəli hərbi hissədə və tabeliyində olan hərbi hissələrdə xidmət etdiyi illər ərzində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri üçün nəzərdə tutulmuş vəzifələrdə xidmət etmişdir, lakin 2014-cü ilədək Azərbaycan Respublikası müdafiə nazirinin N nömrəli hərbi hissə üzrə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları barədə nəzərdə tutulmuş müvafiq əmri olmadığı üçün nəzərdə tutulan məvaciblə təmin olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin ünvanlanmış 44 nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli 8/2090 nömrəli və N nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli 2146 nömrəli cavab məktubların bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək xidmət etdiyi hərbi hissə və tutduğu vəzifə (N nömrəli hərbi hissənin qərargah rəsinin gündəlik fəaliyyət və qoşun xidmətinə nəzarət üzrə köməkçisi) Azərbaycan Respublikası Müdafiə nazirinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahılarının müəyyən olunması üzrə müdafiə nazirinin 2014-2017-ci illərdəki müvafiq əmrlərinə daxil edilməmişdir. Həmçinin hərbi xidməti davam etməyə istisna edən xəsarəti alan zaman tutduğu N hərbi hissənin maddi-texniki təminat şöbəsi rəisinin qərargahın fəaliyyətinin planlaşdırılması üzrə müavini vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2017-2020-ci illərdə olan müvafiq əmrlərinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2017-ci il tarixli 194 nömrəli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı, N nömrəli hərbi hissənin qərargah rəisinin gündəlik fəaliyyət və qoşun xidmətinə nəzarət üzrə köməkçisi, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0298 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsi rəisinin qərargah fəaliyyətlərinin planlaşdırılması üzrə müavini vəzifəsinə təyin edilmiş hesab edilmiş, təyin olunmuş komissiya heyətinin iştirakı ilə vəzifəsini 3 gün müddətinə qəbul etməsi və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Əsas: Baş Qərargan rəisinin xx.xx.2017-ci il tarixli 0298 nömrəli əmrindən çıxarış (d/o-638) N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2021-ci il tarixli 228 nömrəli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsi rəisinin qərargahın fəaliyyətinin planlaşdırılması üzrə müavini, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0782 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq geyim daşımaq hüququ verilməklə istehfaya buraxıldığına görə işləri və vəfizələri təhvil vermiş hesab edilmiş, 2021-ci ilin növbəti məzuniyyəti 68 təqvim günü verilməklə xx.xx.2021-ci il tarixədək hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilməsi, polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2021-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə almağa layiq olması və polkovnikleytenant İddiaçı istehfaya buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi əmr edilmiş, həmçinin 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardımın ödənildiyi qeyd edilmişdir. Əsas: Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0182 nömrəli əmrindən çıxarış (d/o-783) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 260/923 nömrəli məktubu ilə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirilmişdir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası müdafiə nazirinin ““Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında” əmrləri 2016-ci ildən etibarən hər ilə görə ayrıca verilmiş və həmin əmrlərlə N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. İddiaçı N nömrəli hərbi hissə və tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyi vəzifələr həmin siyahılara daxil edilməmişdir. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə qərargah rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılması və qoşun xidmətinə nəzarət üzrə köməkçisi vəzifəsində, xx.xx.2017-ci il tarixdən etibarən N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsi rəisinin qərargahın fəaliyyətinin planlaşdırılması üzrə müavini vəzifəsində xidmət etmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 471 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0782 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı göstərilən vəzifələri Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşları hesab olunan vəzifələr siyahısında qeyd olunmadığından “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan imtiyazlar da ona şamil edilə bilməzdi. Sözügedən əmrlər tam məxfi olduğundan və Müdafiə Nazirliyinin Mərkəzi Məxfi Şöbəsində saxlanıldığından həmin əmrlərin surətlərinin məhkəməyə təqdim olunması mümkün deyildir. Məhkəmə kollegiyası bu hallar ilə kifayətlənməmiş, N nömrəli hərbi hissənin məxfi bölməsinin əməkdaşları X2 və X3 iştirakı ilə İddiaçı 2014-cü ildən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində kəşfiyyat subyekti hesab edilib-edilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə (tam məxfi olduğu üçün əmrlərin məzmunu açıqlanmır) baxış keçirmiş və müəyyən etmişdir ki, İddiaçı 2014-cü ildən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində işlədiyi vəzifələr -müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 0028 nömrəli, xx.xx.2017-ci il tarixli 0098 nömrəli, xx.xx.2019-cu il tarixli 0024 nömrəli, xx.xx.2019-cu il tarixli 00159 nömrəli (2020-ci ilə aid) tam məxfi əmrlərində kəşfiyyat və əks kəşfiyyat fəaliyyətini həyata keçirilən vəzifələrin (şəxslərin) siyahısında öz əksini tapmamışdır. 2018-ci ilə dair əmr mövcud deyildir. Sadalanan hallardan göründüyü kimi iddia tələblərinin bu hissədə də, təmin edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, tələblər bu hissədə də, təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının sonuncu tələbinə münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri dairəsinə “paraşütlə tullanmaq üçün pul mükafatı” almaq qaydası təsdiq edilmişdir. İddiaçının hazırkı tələbi əsasında cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə qeyd olunan pul mukafatının alınmasına dair şərtlərə uyğun gəlmədiyi üçün həmin hissələrdə pul mukafatının ödənilməsi tətbiq edilməmiş və heç bir hərbi qulluqçuya ödənilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının tələblərinin təmin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, İddiaçı 2014-cü ildən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində kəşfiyyat və əks kəşfiyyat fəaliyyətini həyata keçirilən vəzifələrdə işləməsini və kəşfiyyat subyekti olmasını sübuta yetirə bilməmişdir. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2223/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-288/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-288/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver