Məhkəmə qərarları › İş №2-1(105)-289/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-289/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-289/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünsüz sayılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3715/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2023-cü il tarixdən ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ƏƏSMN-in TSEK-in xx.xx.2003-cü il tarixli qərarına əsasən ona ilk dəfə 2-ci qrup əlillik təyin edilmişdir və hər il qərarlarla bir neçə illər ardıcıl olaraq 2-ci qrup əlillik artırılmışdır və daha sonra ondan xəbərsiz olaraq sənədləşmədə 3-cü qrup əlilliyə dəyişdirilmişdir. X3 araşdırmalarının nəticələrinə əsasən astmadan sağaltmaq mümkün deyildir. xx.xx.2023-cü il tarixdə SS814915460AZ ştrix kodlu sifarişli məktubla göndərdiyi ərizəsində cavabdeh təşkilatdan məhkəmə Qərarı ilə üzərinə qoyulmuş vəzifənin icra olunmasını göstərən cavabdehin qərarının möhürlə təsdiq edilmiş surətini istəsə də, qərarın surəti verilməmişdir, müraciətinə heç cavab verilməmişdir. Hökumət Portalının SS814915460AZ ştrix kodlu sifarişli göndərişin izlənilməsi xidmətinin məlumatından göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktubu xx.xx.2023-cü il tarixdə çatdırılıb. DTSERA qərarını ona vermədiyinə görə SS81492243OAZ ştrix kodlu sifarişli məktubla xx.xx.2023-cü il tarixli şikayət ərizəsini Nazirə, SS814920782AZ ştrix kodlu sifarişli məktubla xx.xx.2023-cü il tarixli ərizəni Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Milli Məclisinə, DTSERA-ya qərar tələbi barədə xx.xx.2023- cü il tarixli ərizəsini SS843753340AZ ştrix kodlu sifarişli məktubla göndərmiş və sairə səlahiyyətli təşkilatlara ərizələr göndərmişdir. Lakin, nəticəsiz qalmışdır. Məhkəmənin qərarının icrasını göstərən borclu DTSERA qərarının surətini ona verməsə də, böyük çətinliklərlə onun kserosurətini məhkəmədən əldə edən kimi Sumqayıt İnzibati Məhkəməsinə hazırkı iddia ərizəmi verir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(105)- 348/2022 nömrəli qərarına əsasən ləğv olunmuş DTSERA-nın xx.xx.2021-ci il tarixli imtinasına yox, özbaşına olaraq xx.xx.2021-ci il tarixli imtinasından 5(beş) il müddətinə ikinci dərəcə əlilliyin xx.xx.2026-cı il tarixinədək təyin edilməsi barədə inzibati orqan qərar qəbul etmişdir. Bu inzibati orqanın özbaşınalığıdır. Onun 64 yaşı tamam olmuşdur və hal-hazırda 65 yaşın içindədir. Rəsmi qaydada istəsə də, inzibati orqan son qərarını ona bu günə kimi verməmişdir. Məhkəmə qərarında 5 il müddətdən də az əlilliyin təyin edilməsi yazılmamışdır. DTSERA-nın xx.xx.2026-cı il tarixində 68 yaşında olduğu dövrdə onu yenidən müayinələrdən keçdirməyi məhkəmə qərarına ziddir, beynəlxalq müqavilələrə ziddir. Yuxarıda göstərilənlərə görə ona ikinci dərəcə əlilliyin xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi DTSERA-nın üzərinə qoyulmalıdır. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3715/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü ildən etibarən İİ dərəcə əlilliyin (sağlamlığın ikinci dərəcə məhdudlaşdırılması halı olan 65-80% ilə) müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anoloji məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-912/2022 nömrəli qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ona əlilliyə görə hal-hazırda faktiki olaraq dövlət qulluğu pensiyası alır. Bir rəqəm mexaniki səhvə yol verdiyinə görə iddia ərizənin tələb hissəsində xx.xx.2023-cü il tarixdən yox, "... ona müddətsiz ikinci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsinin cavabdehin vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi “xx.xx.2021-cü il tarixdən ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində ilk dəfə xx.xx.2003-cü il tarixdə ikinci qrup əlillik təyin edilmiş, sonuncu təyin edilən əlillik müddəti 01 iyul 2021-ci il tarixdə bitmişdir. Sonuncu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin imtinasının əsassız hesab olunması, İddiaçı xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Tibbi-Sosisal Ekspert Komissiyasının qərarı ilə xx.xx.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçıya 5 il müddətində ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İndiki halda iddiaçının hüquqi marağı ona ikinci dərəcəli müddətsiz əlillik təyinatının aparılmasından ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının onun barəsində əlillik təyinatının aparılması ilə bağlı əvvəlki məhkəmə mübahisələri üzrə iddia tələbi məhz ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı olmuş, həmin tələbdə ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı tələb olmamış, iddiaçı tərəfindən həmin hal barəsində məhz əvvəlki məhkəmə mübahisəsinə dair məhkəmə qərarı əsasında məlumatlı olsa da, qanunla tələb olunan müddətdə həmin hal mübahisələndirilməmiş, bununla bağlı inzibati orqana hər hansı müraciəti olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçının özünün cavabdeh inzibati orqana etdiyi müraciətlərin məzmunundan da görünür ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı barədə məlumatlı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciətləri və həmin müraciətlərə aid poçt qəbzlərinin məzmunundan görünür ki, həmin müraciətlər qeyd edilən məhkəmə qərarının icrası və ona dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın təhvil alınması ilə bağlı olmaqla, hazırki inzibati iş üzrə iddia tələbində qeyd edilən hallarla (müddətsiz əlillik təyinatı ilə) bağlı olmamışdır. Həmçinin, iş materiallarında olan iddiaçının yazılı ərizəsinin məzmunundan görünür ki, iddiaçı özü ona məhz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatlı olmuş, hətta ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı sənəd göndərilməsinə dair cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etməsi, məhkəmə qərarının icrasının tələb edilməsi halına istinad etmişdir (İş materialları səh.22). Göründüyü kimi iddiaçı ona müvafiq məhkəmə qərarı əsasında cavabdeh inzibati orqan tərəfindən ikinci dərəcə əlillik təyinatının aparılması və həmin əlillik təyinatının müddətsiz olmaması barədə müvafiq sonuncu xx.xx.2022-ci il tarixli məhkəmə qərarı əsasında tam məlumatlı olsa da (xx.xx.2023-cü il), qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin halı mübahisələndirməmiş, bununla bağlı cavabdeh inzibati orqana müraciəti olmamış, yalnız hazırki iddia tələbi ilə məhkəməyə 05 iyun 2023-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunla tələb olunan mümkünlük şərtlərinə əməl edilməmişdir, hansı ki, həmin hallar iddianın zəruri mümkünlük şərtlərindən biri kimi çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə qeyd edilən əsaslarla iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, iddianının mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi istiqamətində araşdırılma aparılmayaraq, işə mahiyyəti üzrə baxılmış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməyərək, gəldiyi nəticə yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət məhkəmə qərarının ləğv edilməsi hissəsində əsaslı olmaqla, təmin edilməli, iddia mümkün sayılmamalı, habelə iddia mümkün sayılmadığından şikayət iddianın təmin edilməməsi hissəsində əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3715/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar