Məhkəmə qərarları › İş №2-1(105)-289/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-289/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-289/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus SX№0592807 saylı “Hərbi bilet”inin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür, xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1201 nömrəli Travma haqqında arayışında Sizin xx.xx.2022-ci il tarixdə “URAL” markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində “Avtoqəza Qarın boşluğu orqanlarının çoxsaylı hematoması, bel əzələlərinin cırılması, hemipertoneum, Hemmorrargik travmatik şok İV dərəcə” xəsarəti almısınız. Xəsarətlər hərbi xidmət vəzifələrini yerinə yetirən zaman alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 11483 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, ştatlı hərbi həkim komissiyası tərəfindən almış olduğunuz travmaya əsasən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır”, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəhadətləndirilmişdir. Qeyd olunanlara əsasən, “URAL" markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində almış olduğunuz xəsarətlər həmin vaxtda döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Dövlətimizə və vətənimizə xidmət etməyi özünə mənəvi borc bilmişdir. Mənfur düşmənlə üz-üzə postda xidmət etmək, düşmənin cavabı anında qətiyyətlə vermək, vətən torpaqlarımızın azadlığını qorumaq onun amalı olmuşdur. Qardaşlarımız vətən torpaqlarının azadlığı uğrunda canları bahasına döyüşmüş, şəhid olmuşlar. O, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır və həmin tarixdən xidməti başlamışdır. O və çağırışa gələn digər yoldaşları ilk öncə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərmişlər. Həmin hərbi hissədə N gün müddətində qalmışdır, bu müddətdə ilkin hazırlıqlar, bilik və bacarıqlar, nizam-intizam, silahla davranış, istifadə qaydaları və s. onlara tədris edilmişdir. Hərbi andını içdikdən sonra xidmətini davam etdirmək üçün Şuşa şəhərində yerləşən N saylı hərbi hissəyə göndərmişlər. Şuşa şəhərində postda xidmətini davam etdirmişdir. Postda xidmət zamanı böyrəklərində qlorofit yaranmış, kəskin ağrılar vermişdir. Müayinələrlə hərbi hospitala yazıb, orada 1 ay müalicə almışdır. Müalicəsi bitdikdən sonra hərbi hissədə Şuşa şəhərində tank əleyhinə baterayada xidmətini davam etdirmişdir. Xidmət zamanı əmr əsasında sığınacaq adlı əraziyə traves getmişdir. Hərbi hissəyə qayıdarkən xx.xx.2022-ci il tarixdə “Ural” markalı avtomobillə qəzaya düşmüşdür. Həmin qəza nəticəsində bir əsgər yoldaşı Kazımov Vüsal şəhid olmuşdur. O da həmin qəzada ağır xəsarətlər almışdır. Dərhal onları Füzuli rayonunda yerləşən hospitala apardılar. Artıq həmin vaxt o özündə olmamışdır. Daxili orqanlarında qanaxma olduğundan dərhal əməliyyata götürmüşlər. Aldığı xəsarətlərlə bağlı, çanaq sümüyünün dağılması, sinirinin qırılması və s. bir neçə dəfə əməliyyat olunmuşdur. Çanaq sümüyünü nə qədər yığsalar da, düzəlməmişdir. Sinir qırığı isə olduğu kimi qalır. Yarımcan olmuşdur. Hazırda çəliklə gəzir. Sağlamlığı imkan vermədiyi üçün ondan asılı olmayan səbəblərdən heç bir əmək fəaliyyəti məşğul ola bilmir. Lakin buna baxmayaraq hər zaman vətənimizin, torpağımızın və dövlətimizin keşiyində durmağa hazırdır. Sağalmaz xəstəlikləri ilə əlaqədar ona İll qrup əlillik dərəcəsi verilmişdir. Halbuki ağır xəsarətlər və xəstəlikləri ona verilən əlillik dərəcəsindən qat-qat ağırdır. Xidmət etdiyi hərbi hissə tərəfindən travma haqqında arayış verilmiş, həmin hərbi-həkim komissiyasına təqdim edilmişdir. MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 11483 saylı “Xəstəlik haqqında şəhadətnamə” verilmişdir. Onda olan sənədlərlə ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/2-5599 saylı məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmiş, məhkəməyə şikayət vermək hüququ göstərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə hərbi hissəyə məxsus “URAL” markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində “Avtoqəza. Qarın boşluğu orqanlarının çoxsaylı hemotoması, bel əzələlərinin cırılması, hemipertoneum, Hemmorrargik travmatik şok, İV dərəcə” diaqnozu ilə xəsarət almışdır. Hörmətli məhkəmə, göründüyü kimi iddiaçı hərbi xidmətdə olarkən “Ural” markalı avtomobil texnikasında avtoqəzaya düşərək xəsarət almışdır. Həmin vaxt heç bir döyüş əməliyyatları olmamış və iddiaçının aldığı xəsarət döyüş əməliyyatları zamanı olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteran statusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara (şəxslərə) verilir. İddiaçıya məxsus SX № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür, 05 aprel 2021-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2022-ci il tarixdə ehtiyyata bıraxılmışdır. İş materiallarında olan N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1201 nömrəli “Travma haqqında arayış”dan müəyyən edilir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Ural markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində xəsarət almışdır. Həmin arayışda həmçinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadələri qeyd edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 3160 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə birlikdə həmin qəzada zərərçəkmiş (həlak olmuş) şəxs olan “X4 xx.xx.2022-ci il tarixdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur”, “Bu səbəbdən mərhum V.V. Kazımov qayıtmaz itkilərin uçot sənədlərinə şəhid hərbi qulluqçu kimi əlavə olunmalı, ailəsi tələb olunan arayışla təmin edilməli və Xidmət rəisinin müvafiq göstərişlərinin rəhbər tutaraq ailəsi diqqət mərkəzində saxlanılmalıdır”. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1- 1(095)7/2023 saylı Hökmündən müəyyən edilir ki, yuxarıda qeyd edilən şəxs vətəndaş İddiaçı ilə eyni avtoqəzaya düşmüş, nəticədə o həlak olmuşdur. Göründüyü kimi iddiaçı ilə eyni avtoqəzaya düşmüş X5 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu üçün “şəhid” statusu verildiyi halda, iddiaçıya “döyüş tapşırıqlarını yerinə yetirməməsi səbəbindən” “Müharibə veteranı” statusunun verilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.[11] İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə12.Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması ilə bağlı olmuşdur. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi Şuşa şəhərində yerləşən N saylı hərbi hissədə müddəti həqiqi hərbi xidmət keçməsi, hərbi xidmət zamanı təlim üçün başqa əraziyə gedərkən, xx.xx.2022-ci il tarixdə avtomobillə qəzaya düşməsi, bir əsgər yoldaşının şəhid olması, özünün isə ağır xəsarətlər alması, sağlamlığının pozulması, əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, müvafiq hərbi həkim komissiyası tərəfindən ona “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır”barədə qərar qəbul edilərək, xəstəlik şəhadətnaməsi verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq ərazilər üzrə (müvafiq tarixlərdə döyüşlərdə bilavasitə iştirak etməsi və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (müvafiq ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirməsi halı daxildir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müddətli həqiqi hərbi xidmətdə olarkən baş vermiş avtomobil qəzasında aldığı travma ilə bağlı hallara istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas deyil. Belə ki, iddiaçının aparılmış döyüş əməliyytalarında iştirak etməməsi və ya döyüş tapşırığını yerinə yetirməməsi işin mübahisəsiz halıdır, bu halı hər iki tərəf qeyd edir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı məhz baş vermiş qəzada xəsarət alması ilə bağlı hallara istinad edir. Cavabdeh inzibati orqan məhz iddiaçının aldığı xəsarətlərin döyüş tapşırığının icrası ilə bağlı olmaması halına istinad etmişdir. Kollegiya işin mübahisəli halı ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi avtomobil qəzasının baş verməsinin hər hansı döyüş əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı olması halı müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan müvafiq məhkəmə hökmünün məzmununda baş vermiş hadisənin təfərrüatları qeyd edilmiş, şəxsi heyətin döyüş hazırlığının və fiziki dözümlülüyünün yüksəldilməsi məqsədilə təchizatlı yürüş keçirilməsi, yürüş zamanı yol hərəkəti qaydasını pozması nəticəsində avtomobilin idarə etməsini itirməsi ilə əlaqədar olaraq baş verdiyi qeyd edilmişdir. Göründüyü kimi, baş vermiş avtomobil qəzası məhz təlim məqsədli yürüş keçirilməsi zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş, hər hansı döyüş tapşırığının və ya döyüş əməliyyatının yerinə yetirilməsi ilə bağlı ortaya çıxmamışdır. Halbuki, hazırki iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün zəruri olan şərt məhz həmin halların (döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığını yerinə yetirməsi və bunun nəticəsində travma alması) mövcudluğunun müəyyən edilməsindən ibarət olmuşdur. İndiki halda isə iddiaçıya münasibətdə həmin hallar mövcud olmamışdır. Bununla da, kollegiya hesab edir ki, iddiaçının iddia tələbi müharibə veteran adı və statusunun verilməsi üçün qanunvericilik normasının dispozitiv şərti ilə uzlaşmır, nəticə etibarilə iddia tələbi əsaslı olmamışdır. Həmçinin, kollegiya iddiaçının onunla eyni qəzada həlak olmuş şəxsə “Şəhid” statusunun verilməsi ilə bağlı istinad etdiyi hallarla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “şəhid” statusu ilə “müharibə veteranı” statusu fərqli anlayışlar olmaqla, onların verilməsi qaydaları da qanunvericilik normasında fərqli qaydada tənzim olunmuşdur. Belə ki, “şəhid” statusunun verilməsi əsasları və qaydaları məhz “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları ilə tənzim edildiyi halda, “müharibə veteranı” statusunun verilməsi əsasları məhz yuxarıda istinad edilən qanunvericilik norması ilə tənzimlənir. Başqa sözlə desək, indiki halda iddiaçının iddia tələbinin qanuni (hüquqi) əsası qismində məhz müharibə veteran statusunun verilməsi qaydalarını tənzimləyən yuxarıda istinad edilən qanunvericilik norması çıxış etməklə, iddia tələbinin əsaslılığı məhz həmin normanın tələbinə əsasən yoxlanılır. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan işin müəyyən edilmiş halları əsasında iddia tələbinin onun qanuni əsasını təşkil edən qanunvericilik normasının dispozitiv şərltəri ilə uzlaşmadığı müəyyən edilmişdir. Belə olan halda,kollegiya hesab edir ki, şəhid statusunun verilməsi əsaslarını tənzimləyən qanunvericilik normasının dispozitiv şərtlərinin hazırki iddia tələbinin qanuni əsası qismində çıxış etmədiyi halda, habelə müharibə veteran statusunun verilməsi əsaslarını dəqiq tənzimləyən qanunvericilik norması mövcud olduğu halda, başqa şəxsə şəhid statusunun verilməsi ilə bağlı hallara istinad etməklə, iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbi baxımından müəyyən edilməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçı bərabərlik prinsipinin tələbləri baxımından onunla eyni avtomobil qəzasında həlak olmuş şəxsə şəhid statusunun verilməsi ilə bağlı hallara istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində bərabərlik prinsipinin əsasları təsbit edilmişdir. Qeyd edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi və fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi indiki halda iddiaçının tələbi müharibə veteranı statusunun verilməsi ilə bağlı olsa da, bərabərlik prinsipinin tələbi baxımından cavabdeh inzibati orqanın şəhid statusunun verilməsi ilə bağlı hərəkətlərinə (həmin inzibati icraatla bağlı hallara) istinad etmişdir. Nəticə etibarilə iddiaçı cavabdeh inzibati orqanının hazırki iddia tələbi ilə heç bir bağlılığı olmayan məsələ ilə bağlı hərəkətlərinə istinad etmişdir ki, həmin hal cavabdeh tərəfindən eyni faktiki hallara aid olan iş üzrə fərqli qərar qəbul edilməsi kimi qiymətləndirilməsinin əsası kimi çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı barəsində cavabdehin hərəkətlərində bərabərlik prinsipinin tələblərinin pozulması əsaslarının müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, bərabərlik prinsipinin tələblərinin pozulması o halda müəyyən edilə bilərdi ki, işin eyni faktiki halları mövcud olduğu halda, başqa şəxsə məhz müharibə veteranı statusu verilmiş olsun, lakin iddiaçıya münasibətdə bundan imtina edilsin. İndiki halda isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş faktiki və hüquqi halları əsasında iddiaçıya münasibətdə yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən bərabərlik prinsipinin tələblərinin tətbiq edilməsi əsasları da mövcud olmamışdır. Nəticə etibarilə iddia tələbinin əsaslılığının qanunla müəyyən edilmiş bərabərlik prinsipinin tələbləri baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassız olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına düzgün hüquqi qiymət verilməmiş, bərabərlik prinsipinin tətbiqi əsaslarının mövcudluğu qanunvericilik normasının tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar