Məhkəmə qərarları › İş №2-1(105)-290/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-290/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-290/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)- 422/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus İT-İ seriyalı ******* əmək kitabçasına əsasən - 1975-ci ildən 1977-ci il tarixədək hərbi xidmətdə olmuş, - xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Mənzil Kommunal İdarəsində işləmiş, - xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində işləmiş, - xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermağında işləmiş, - xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində işləmiş, - xx.xx.1993xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində işləmiş, - xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexdə işləmiş, - xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında və xx.xx.2000- xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının sığorta stajı 16 il 04 ay təşkil edir. xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanması zərurəti yaranmış, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək müraciətin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 2006-cı ilədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. Bu hal ona məxsus əmək kitabçasında da öz əksini tapır. Pensiya yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh orqana müraciət etmiş, müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edir ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr iddiaçının əmək kitabçasında öz təsdiqini tapır. Lakin, cavabdeh orqan həmin illərdə işlədiyi idarələrin hüquqi ünvanının məlum olmadığını əsas gətirərək sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hesab edir ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında öz təsdiqinin tapdığından sözügedən Qaydaların 3.1.1-ci bəndinin tələbinə əsasən işlədiyi həmin dövrlər sosial sığorta stajına daxil edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəmə məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdehin xx.xx.2014-cü il tarixli 0539 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində filiala müraciət edərək onu əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirməyi xahiş etmiş, lakin filialın xx.xx.2021- ci il tarixli, **********7 nömrəli məktubu ilə ona imtina verilmişdir. Məktuba əsasən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illərin yerində qarşılıqlı yoxlanması zərurəti yarandığı, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün həmin illərin sosial siğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Belə ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial siğorta stajı, xx.xx.1977-xx.xx.1977-ci illərdə Mənzil Kommunal İdarəsində işlədiyi müddət (1 ay 2 gün), xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində işlədiyi müddət (12 il 4 ay 2 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermağında işlədiyi müddət (1 il 3 ay 19 gün), cəmi 15 il 8 ay 5 gün təşkil edir. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial siğorta stajı xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində (8 ay 21 gün), xx.xx.1993xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində (3 il 3 ay 8 gün), xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində (7 ay 2 gün), xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında (1 il 10 ay 25 gün) və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində (6 il 5 ay 15 gün), ümumilikdə, 12 il 11 ay 9 gün təşkil edir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının işlədiyini iddia etdiyi “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin mövcudluğunu və iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək həmin müəssisələrdə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Bas İdarəsinin xx.xx.2022-ci il tarixli, **********185100 nömrəli cavab məktubunda reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativi ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 27 nömrəli cavab məktubunda “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-422/2022 saylı iş 14 mart 2022-ci il tarixli (hakim Vəfa Əzizova) qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin normasına görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi öz təsdiqini tapmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, işlədiyi müəssisələr barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci tarixli məktubdan da görünür ki, arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilməmişdir. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Qeyd edir ki, işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapır. Belə olan halda hesab edir ki, iddia tələbinin təmin olunmaması tamamilə əsassızdır və hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandirmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-2418/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-2418/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsası kimi iddiaçının malik olduğu soial sığorta stajının 25 ildən az olması halına istinad edərək, iddiaçının əmək kitabçasında qeyd edilmiş, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixlərə aid dövrü əhatə edən müxtəlif müəssisələrdə işlədiyi dövrlərə aid məlumatlar aşkar edilmədiyindən, sosial sığorta stajına aid edilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci insatsniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır, cavabdeh inzibati orqan onun malik olduğu sosial sığorta stajının 15 il 8 ay 5 gün hissəsində qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində (8 ay 21 gün), xx.xx.1993xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində (3 il 3 ay 8 gün), xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində (7 ay 2 gün), xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında (1 il 10 ay 25 gün) və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində (6 il 5 ay 15 gün) işlədiyi dövrlər əmək kitabçasında qeyd olunsa da, ümumilikdə, 12 il 11 ay 9 gün sosial sığorta stajını mübahisələndirmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərə aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür. Belə ki, məhz cavabdeh inzibati orqan iddiaçıya məxsus olan əmək kitabçasında mövcud olan qeydlərin əsassız olması halına istinad edirsə, bu halı sübut etməlidir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin hala dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı yalnız həmin müəssisələrin mövcudluğu ilə bağlı məlumatın əldə edilməsinin mümkün olmaması halı əsaslandırmışdır ki, bu hal isə özlüyündə iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsi əsası qismində çıxış edə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmək kitabçası məhz 2006-cı ilin yanvar 1-nə qədər əmək stajının hesablanmasında yeganə rəsmi sənəd hesab olunurdu. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya məxsus olan əmək kitabçasına dair eyni məlumatlar ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair inzibati icraatın materiallarında da mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid əmək kitabçasını 1977- 1992-ci illərə aid dövrlə bağlı mötəbər sənəd kimi qəbul etməsi, habelə ona əlilliyə görə pensiya təyin edilməsi (həmin icraat materiallarında da eyni əmək kitabçasının mövcud olması) indiki halda isə həmin əmək kitabçasında mövcud olan digər dövrlərə aid qeydlərin mübahisələndiirlməsi halı özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasının əsli təqdim edilmədiyindən (iddiaçı əmək kitabçasının əslinin cavabdeh inzibati orqana təqdim edildiyini bildirmişdir), əmək kitabçasının notarial təsdiq edilmiş surəti olduğundan, habelə cavabdeh inzibati orqanın özündə iddiaçıya aid əlilliyə görə təyin edilmiş pensiya işinin materiallarında da həmin əmək kitabçasının surəti olduğundan (iş materiallarında olan əmək kitabçasının notarial təsdiq edilmiş surəti ilə eynilik təşkil etmişdir) iş üzrə əmək kitabçasının tədqiqi ilə bağlı müvafiq məhkəmə ekspertizasının keçirilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu halın iddiaçının ziyanı şərh edilməsi özlüyündə inzibati icraat haqqında qanunvericiliyin və konstitusion norma və prinsiplərin tələbinə zidd olmuş olar. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh inizbati orqan tərəfindən mübahisələndirilən həmin dövrlərlə bağlı bir sıra sorğular göndərilmiş, həmin müəssisələr barəsində dövlət reyestr məlumatlarında, habelə yerli icra hakimiyyəti orqanlarında, arxiv məlumatlarda hər hansı məlumat aşkar edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş cavab məktubunda “Çinar-93” kiçik müəssisəsi 28 iyun 1996-cı il tarixdən 15 may 1999-cu il tarixədək statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olması, “Santenik” koperativinin adı ilə 2 statisik vahid olduğu, onlardan birinin xx.xx.1996-xx.xx.2006-cı il tarixlərdə qeydiyyatda olduğu, digəri barəsində 18 iyul 1996-cı il tarixində qeydiyyat alınsa da, hər hansı əlavə məlumat olmaması qeyd edilmişdir. Bu hal özlüyündə cavabdehin həmin müəssilərlə bağlı istinad etdiyi halları təkzib edir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə “Orbita Servis” Texniki Mərkəzində işləyən şəxslər şahid qismində dindirilmiş, həmin şəxslərə məxsus olan əmək kitabçasına baxış keçirilmiş, onlara məxsus əmək kitabçasında da məhz həmin idarəyə aid qeydlərin olması aşkar edilmiş, habelə həmin şəxslər də öz ifadələrində iddiaçı ilə həmin müəssisədə bir yerdə işlədiklərini, müəssisənin adının əvvəlcə Məişət texnikası Təmiri İdarəsi kimi olduğunu, sonradan adının dəyişdirilərək, “Orbita Servis” Texniki Mərkəz olduğunu bildirmişlər. Göründüyü kimi, qeyd edilən hallar da özlüyündə cavabdeh inzibati orqanının imtinası əsası kimi istinad etdiyi halları təkzib edir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının əsasları yuxarıda istinad edilən hallar və iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuş, nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə iclasında iddiaçı özü izahat verərək, əmək kitabçasında qeyd edilmiş müəssisələrin hər birində işlədiyini, həmin hallarla bağlı onda heç bir sənədin qalmadığını bildirmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının həmin müəssilərdə işlədiyi dövrlərə aid əmək kitabçasında müvafiq qeydlər olduğundan, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən sosial sığorta stajının müəyyən edilməsində əsas rəsmi sənəd qismində əmək kitabçası çıxış etdiyindən, indiki halda həmin qeydlərin mötəbər olmaması halı müəyyən edilmədiyindən və bu hal təsdiq edilmədiyindən, dolayısı ilə həmin qeydləri təkzib edən hər ahnsı hal müəyyən edilmədiyindən, həmin dövrlər iddiaçının iddia tələbinə uyğun olaraq, sosial sığorta stajına daxil edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyindən, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sosial sığorta satjı tamamlanmış olur. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan (xx.xx.2006-cı il tarixədək), habelə mübəhisəli dövrlərə aid əmək kitabçasında qeydlər olduğundan, həmin qeydləri təkzib edə hal müəyyən edilmədiyindən, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Göstərilən hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə zəruri olan hallar araşdırılmamış, cavabdeh inzibati orqanın imtinasının dəlillərinin əsaslılığı baxımından yoxlanılmamış, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-422/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrıə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar