Məhkəmə qərarları › İş №2-1(105)-291/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-291/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-291/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru X1 və vəkili X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus 0,8502 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 100 kv.m olan ticarət obyektinin tikintisinə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1331/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən ümumi sahəsi 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.metr əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-yə məxsusdur.

2. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasport "xxxx" MMC-nin icarəçisi və istifadəçisi olduğu Quba şəhəri, H.Əliyev prospekti 196 ünvanında yerləşən əmlak kompleksi barəsindədir.

3. İddiaçı müəssisəyə məxsus 0,8502 ha torpaq sahəsinin bir hissəsində - 100 kv.metr ərazidə 2 mərtəbəli ticarət obyekti tikmək istəyir. Bu məqsədlə həmin tikilinin layihəsi tərtib olunmuş, ticarət obyektinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında "xxxx" MMC-yə məxsus ticarət obyektinin mühəndis-geoloji axtarış işləri üzrə hesabatı tərtib olunmuş, bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Azərdövlətlayihə tərəfindən həmin ticarət obyektinin şəhərsalma əsaslandırılması izahat yazısı tərtib edilmiş, bundan sonra ticarət obyektinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Azərdövlətlayihə instutu tərəfindən qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması tərtib olunmuşdur.

4. İddiaçı Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən, "xxxx" MMC-nin xüsusi mülkiyyətinə aid olan torpaq sahəsində ticarət obyektinin tikintisi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

5. Cavabdeh inzibati orqanın 17.05.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq təqdim edilmiş layihənin baş planında göstərilən zəbt olunmuş torpaq sahəsini sənədləşdirdikdən sonra tikintiyə icazə üçün Rayon İcra Hakimiyyətinə müraciət edilə bilər.

Birinci instansiya məhkəməsində icraat

6. İmtina ilə razılaşmayan iddiaçı 09.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 100 kv.metr olan ticarət obyektinin tikintisinə "xxxx" MMC-yə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən ümumi sahəsi 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv m əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC müəssisəyə məxsus 0,8502 ha torpaq sahəsinin bir hissəsində cəmi 100 kv m ərazidə 2 mərtəbəli tikinti tikmək istəyir. Bu məqsədlə həmin tikilinin layihəsi tərtib olunmuş, ticarət obyektinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında "xxxx" MMC-yə məxsus ticarət obyektinin mühəndis-geoloji axtarış işləri üzrə hesabatı tərtib olunmuş, bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Azərdövlətlayihə tərəfindən həmin ticarət obyektinin şəhərsalma əsaslandırılması izahat yazısı tərtib edilmiş, bundan sonra ticarət obyektinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Azərdövlətlayihə instutu tərəfindən qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması tərtib olunmuşdur. Bundan sonra "xxxx" MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 100 kv m olacaq tikintiyə icazə verilməsi üçün Quba rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Quba rayon İcra Hakimiyyətinin baçşısının birinci müavini tərəfindən 17 may 2021-ci il tarixli 1088/2 nömrəli məktubuna əsasən təqdim edilmiş layihənin baş planında göstərilən zəbt olunmuş torpaq sahəsini sənədləşdirdikdən sonra tikintiyə icazə üçün rayon icra hakimiyyətinə müraciət edə bilməsi qeyd edilmişdir. İddiaçı cavabdehin cavabını əsassız hesab edir. Belə ki, müəssiəsənin ərazisi 0,85 hektardır. Tikiləcək ticarət obyekti isə cəmi 0,01 ha ərazini (100 kv m) ənatə edir. Həmin ticarət obyektinin tikiləcəyi ərazi zəbt edilməmiş, həmin əraziyə heç maneə yoxdur. Belə olsaydı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi icazə verməzdi.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1331/2021 nömrəli, 30 noyabr 2021ci il tarixli qərarı ilə Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində 100 kv m ölçüdə ticarət obyektinin inşa edilməsinə icazə verilməsinə dair müraciətinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə bütün hallarda tikintiyə icazə və ya icazənin verilməsindən imtina məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı ilə həll edilməlidir. Cavabdehin məktub şəklində imtina cavabı verməsi əsassız olmuşdur. Bundan başqa cavabdehin imtina cavabından iddiaçının təqdim etdiyi layihənin ekspertizadan keçirilməli olub-olmaması, keçirilməli olduğu təqdirdə həmin ekspertizanın keçirilib-keçirilməməsi, aidiyyəti qurumların rəylərinin nədən ibarət olması görünmür. İddiaçının müraciətinin təmin olunmaması üçün onun qanunsuz istifadəsində torpaq sahəsinin olmasının göstərilməsi kifayət deyildir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi imtina cavabı, zəruri materiallar barədə məlumat alınmaması onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən, məhkəmə icraatı çərçivəsində qərarın iddiaçının arzuladığı şəkildə qeyd aparılmaqla qəbul olunmasını birmənalı əsaslı sayan yetərli sübutların da toplanması mümkün olmamışdır. Halbuki, sözügedən sübutların, habelə, onu inkar edən sübutların inzibati orqan tərəfindən əldə olunmasının mümkünlüyü daha ehtimallıdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində göstərilir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ticarət obyektinin tikintisi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciət üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, torpaq sahəsi üzrə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında sənəd üzrə tərtib edilmiş planda zəbt olunmuş torpaq sahəsi qeyd olunmuşdur. Həmin torpaq sahəsinin qanunsuz formada "xxxx" MMC-nin istifadəsində olması, hüquqi sənədlə bu faktın öz təsdiqini tapması və tikiləcək obyektin həmin ərazidə yerləşməsi nəzərə alınaraq, Rayon İcra Hakimiyyəti tərəfindən tələb olunan razılığın verilməsi mümkün hesab edilməmişdir. Tikiləcək obyektin bünövrəsi həmin əraziyə düşməsə belə, gələcəkdə tikinti ilə əlaqədar yararsız və istifadəsiz vəziyyətə düşəcək zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması mümkün olmayacaqdır. Bu da gələcəkdə dövlətin əmlak maraqlarına təhlükə yarada və zərər vura bilər. MMC-nin nümayəndəsinə izah edilmişdir ki, zəbt olunmuş torpaq sahəsi boşaldıldıqdan və qeydiyyat sənədində (və layihənin baş planında) həmin hissə çıxıldıqdan sonra yenidən qanunla müəyyən edilmiş qaydada Rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respiublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

İddiaçının apellyasiya şikayətinə dair etirazı

11. Etirazda göstərilir ki, apellyasiya şikayətində məhkəmənin qərarında hansı maddi və prosessual hüquq normalarını pozulması qeyd edilməmiş, apellyasiya şikayəti əsaslandırılmamışdır. Apellyasiya şikayətində göstərilən halla bağlı Sumqayıt İnzibati Məhkəməsinin qərarında qiymət verilmişdir. Bundan əlavə apellyasiya şikayətində göstərilənlərlə bağlı qeyd etmişdir ki, tikinti tikilməsini istədikləri yer MMC-nin mülkiyyətindədir, həmin sahə ilə planda göstərilmiş, faktiki istifadədə olan sahə arasında 300 metrdən çox məsafə vardır. Həmin torpaq sahəsinin hazırki tikintiyə heç bir aidiyyatı yoxdur. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verməklə əsassız olaraq MMC-nin qanuni mülkiyyətində olan torpaq sahəsində tikinti tikilməsinə maneə yaradır, işi əsassız olaraq yubadır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. 75.14. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iddiaçının və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya ticarət obyektinin tikintisinə icazə verilməsindən imtinası təşkil edir.

18. Cavadehin imtinasının, habelə iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlilləri zəbt olunmuş torpaq sahəsinin sənədləşdirilməməsi olmuşdur.

19. Birinci instansiya məhkəməsi təqdim edilən sübutlara və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən bu nəticəyə gəlmişdir ki, iddiaçının inşa etmək istədiyi tikinti obyektinin inşası üçün icazənin verilməsi zəruridir.

20. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi cavab, zəruri materiallar barədə məlumat alınmaması onu göstərir ki, inzibati orqanda iddiaçının tikintiyə icazə verilməsinə dair ərizəsi üzrə aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamış, “İnzibati icraat haqqında” qanununun tələbləri pozulmuşdur. Digər tərəfdən, məhkəmə icraatı çərçivəsində qərarın iddiaçının arzuladığı şəkildə qeyd aparılmaqla qəbul olunmasını birmənalı əsaslı sayan yetərli sübutların da toplanması mümkün olmamışdır. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qərardan şikayət verməmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olan Quba Rayon İcra Hakimiyyətində iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində ticarət obyektinin tikintisi ilə bağlı ərizəsi üzrə həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilməmişdir. İş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqan Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazə verilməsi qaydalarını tənzimləyən normaları çərçivəsində iddiaçının təqdim etdiyi müvafiq sənədlərə və layihələrə dair araşdırma aparmamış, ümumiyyətlə iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparmamış, iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməmişdir. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsinin sorğusuna və dəfələrlə təkrarlanan yazılı müraciətinə baxmayaraq müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, yalnız etirazında imtina məktubunun məzmununa istinad etməklə “tikintiyə icazənin verilməsi dövlətin əmlak maraqlarına təhlükə yaradacağından və zərər vuracağından” iddia tələbinin təmin edilməməli olduğunu göstərmişdir.

22. Məhz bu səbəbdən birinci instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehin yuxarıda qeyd edilən məzmunlu məktub şəklində imtina cavabı verməsi əsassız olmuşdur. Bu baxımdan da, cavabdeh inzibati orqanda hər-hansı inzibati icraat aparılmadığından məhkəmə icraatı çərçivəsində iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün olmamışdır. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1331/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar