Məhkəmə qərarları › İş №2-1(105)-291/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-291/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-291/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: tikintinin aparılmasına dair müdaxilənin qarşısının alınması, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növü, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 (bir) hektar torpaq sahəsini-notariat qaydada təsdiq olunmuş, AN-İ № 0817979, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, əvəzi ödənilməklə əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Odur ki, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçidən satın alınmaqla əldə edilən zaman qanunvericiliyə zidd hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. Bundan sonra, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisinə görə TFM SMART PROJECT MMC tərəfindən işçi layihəsi sifariş olunmuşdur. Həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq Cavabdehnə xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh 996 №-li, xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətinizdə olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməyinizi tövsiyə edirik. TFM SMART PROJECT MMC tərəfindən hazırlanmış işçi layihəsində kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün hündürlüyü 5 metrə qədər, sahəsi 100 kvadratmetrə qədər bir mərtəbəli obyektlərin inşa olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Odur ki, qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Lakin cavabdehin bəzi vəzifəli şəxsləri müxtəlif vaxtlarda onun mülkiyyətində olan əraziyə daxil olaraq, heç bir rəsmi sənəd təqdim etmədən, bilə-bilə qanunsuz hərəkətlərə yol verərək, heç bir hüquqi əsas olmadan ərazidə aparılan tikinti işlərinin dayandırılmasını tələb etmişlər. Eyni zamanda, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün həmin ərazidə ümumiyyətlə hər hansı bir obyektin tikintisinin aparılmasının qadağan olunduğunu qeyd edərək, inşa olunmuş yarımçıq tikintinin sökülməsinə cəhdlər etmişlər. Tərəfindən cavabdehin vəzifəli şəxslərinə bildirilmişdir ki, ümumiyyətlə kənd təsərrüfatının mənası bitki və heyvan mənşəli məhsulların istehsal olunmasını, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsini, bu məhsulların uyğun şərtlərdə mühafizəsini, işlənib qiymətləndirilməsini və satışa çıxarılmasını, həmçinin iqtisadi dəyəri olan hər cür bitki, heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikləşdirmə fəaliyyətlərini əhatə edir. Bundan başqa, həmin şəxslərin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələbinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilməsini nəzərdə tutduğundan və həmin Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyətində olan torpaq sahəsində maddi hüquq normasının tələbinə müvafiq qaydada tikinti işləri aparmaq onun qanunla qorunan hüququ olduğu üçün onun hüquqlarına qarşı etdiyi hazırkı hərəkətləri əsassız və qanunsuzdur. Onunla cavabdehin vəzifəli şəxsləri arasında yaranmış sonuncu mübahisədən sonra, cavabdeh xx.xx.2021-ci il tarixdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda naməlum şəxsin özbaşına tikinti işlərinin aparılması barədə şikayətlə Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarda göstərilmişdir ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilsin və tərəflərə həmin xüsusatla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Göründüyü kimi, cavabdeh tərəfindən onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququna qarşı edilən bilə-bilə qanunsuz hərəkətlərini ört-basdır etmək üçün istənilən vasitələrə əl atır və bu cür qanunsuz hərəkətlərini davam etməkdə israrlıdır. Cavabdeh tərəfindən torpaq sahəsi üzərindəki onun mülkiyyət hüququna əsassız olaraq müdaxilələr edildiyinə görə və həmin torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilələrin qarşısının alınması üçün məcbur qalıb məhkəməyə müraciət edir. Göründüyü kimi, mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün normativ hüquqi aktların tələbinə uyğun müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinə başlanılmışdır. Lakin, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan onun torpaq sahəsi üzərində olan hüquqlarına qarşı qanunsuz hərəkətlərə yol verilmiş və bunun nəticəsində onun əmlak hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Cavabdehin ona qarşı bilə-bilə delikt törətdiyi tam sübut olunduğu üçün hesab edir ki, ona vurulmuş ziyana görə onun tərəfindən kompensasiya ödənilməlidir. Bundan başqa, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçı guya onun tərəfindən mülkiyyətində olan ünvan 3i ərazisində yerləşən 1 ha torpaq sahəsindı sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin həyata keçirildiyini bildirmişdir. Həmin tikintiyə cavabdeh tərəfindən qanunsuz müdaxilələr olunduğunu qeyd edir. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əsaslı tikinti işləri həyata keçirilir. Ərazidə torpaq sahəsinin təyinatına zidd beton özül işləri aparılmış, mişar daşı ilə hörgü işləri həyata keçirilmişdir. Tərəflərindən qanunsuz tikinti işlərinin aparıldığı müəyyən ediləndən dərhal sonra qanunvericiliyin tələbləri çərçivəsində tikinti sifarişçisi xəbərdar olunmuş və qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən də öz növbəsində qanunsuz tikintinin dayandırılması barədə müvafiq qərar qəbul olunmuşdur. Hazırda həmin qərarda iddiaçı tərəfindən mübahisələndirilir və inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. İddiaçı tərəfindən RİH-nin vəzifə səlahiyyətləri çərçivəsində hərəkət etməsinə onun tərəfindən aparılan qanunsuz tikinti işlərinə müdaxilə edilməsi kimi qiymət verilməsi yolverilməzdir. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsinin qeyd olunması əslində iddiaçının qanunsuz hərəkətlərinin pərdələnməsinə hesablanmışdır və tələbdə həmin ziyanı təsdiq edəcək hər hansı fakta istinad edilməmişdir. İddiaçının qanunsuz işlərinin qarşısının alınmasında RİH tərəfindən aparılan qanuni prosesi ləngitmək, tikinti işlərinin aparılmasına müdaxilələrin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəmədən qərardad əldə etmək niyyəti ilə maddi ziyan tələbini qoymuş, lakin əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində beton özül və beton dayaqlarla mişar daşlarından da istifadə olunmaqla əsaslı tikinti işləri həyata keçirilir ki, bunun da iddia tələbində qeyd olunduğu kimi müvəqqəti tikili və ya qurğu kimi göstərilməsi doğru deyildir. İddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə də iddia tələbində istinad edərək mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü 5 metr sahəsi 100 kvm oolan bir mərtəbəli yardımçı tikililərə görə icazə tələb olunmadığını bildirir. Əslində burada da iddiaçı məhkəməni çaşdırmağa və bununla da diqqəti başqa yönə çevirməyə çalışır. Əslində həmin ərazidə bir neçə min kv.m-lik əsaslı tikinti işləri həyata keçirilir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən torpaq sahəsinin təyinatını nəzərə almamış nəticədə qərar Azərbaycan Respubliksının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Belə torpaq sahələrinin başqa məqsədlər üçün istifadə edilməsi onların kateqoriyasının uyğun kateqoriyaya keçirilməsindən sonra mümkündür. Lakin iddiaçıya məxsus torpaq sahəsi əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, burada yalnız əkin işləri həyata keçirilə bilər və torpaq sahəsinin üst münbit qatının beton örtüklə bağlanıb tikinti altına verilməsi qanunsuzdur. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiklərinə əsaslanaraq müvafiq araşdırma (yerli baxış keçirməklə) aparmadan guya iddiaçı tərəfindən həmin torpaq sahəsində hündürlüyü 5 metrə kimi, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin quraşdırıldığını əsas gətirərək burada müvafiq icra hakimiyyəti orqanlarından icazə tələb olunmadığını və məlumatlandırma icraatı çərçivəsində müraciət tələb olunduğu qənaətinə gəlmişdir ki, bu da öz növbəsində əsassızdr. Ona görə ki, iddiaçı heç də həmin torpaq sahəsində sahəsi 100 kv.m-lik, hündürlüyü 5 metrə kimi qurğu quraşdırmır, hündürlüyü 7-8 metr, sahəsi 5000-6000 kv.m-lik istehsalat sahəsi inşa edir. Bunu təqdim edilən fotoşəkillər də sübut edir. Ən azından məhkəmə qərəzsiz araşdırma aparmaq niyyətində olsaydı yerli baxış keçirməklə və ya təqdim edilən foto şəkillərlə bunu araşdıra bilərdi. Məhkəmə iddiaçının ərizəsində qeyd olunanları qərara köçürməklə iddiaçı tərəfindən onun mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün həyata keçirilən tikinti işlərinə cavabdeh Abşeron RİH tərəfindən qanunsuz müdaxilələr olduğunu qərarın əsaslandırma hissəsində qeyd edir, lakin bu müdaxilələrin nədən ibarət olduğunu və hansı halda qanunsuz olduğuna hüquqi qiymət vermir. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz (müvafiq icra hakimiyyəti orqanlarından razılıqlar alınmadan) əsaslı tikinti işləri həyata keçirildiyi üçün “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən tərəflərindən həmin qanunsuz tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. Belə ki, yuxarıda qeyd olunan Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsinin qeyd olunması əslində iddiaçının qanunsuz hərəkətlərinin pərdələnməsinə hesablanmışdır və tələbdə həmin “ziyanı” təsdiq edəcək hər hansı fakta istinad edilməmişdir. İddiaçı qanunsuz işlərinin qarşısının alınmasında RİH tərəfindən aparılan qanuni prosesi ləngitmək, tikinti işlərinin aparılmasına müdaxilələrin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəmədən qərardad əldə etmək niyyəti ilə maddi ziyan tələbini qoymuş, lakin əsaslandıra bilməmişdir. Məhkəmə də öz növbəsində qərarda ziyan hissəsinə toxunmamışdır. Ümumiyyətlə qərar yalnız iddiaçının mülahizələri əsasında qəbul olunmuş və heç bir araşdırma aparılmamış, qanunvericiliyin tələblərinə məhəl qoyulmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı, iddia ərizəsi ilə birlikdə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1.0 hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılmasının cavabdehə və onun vəzifəli şəxslərinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-17/2021 nömrəli, 6 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılması cavabdehə və onun vəzifəli şəxslərinə qadağan edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-d il tarixli qərardadı ləğv edilmiş, iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının MXMT(105)- 11/2021 saylı 6 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı ərizəsi təmin olunmuş, məhkəmə mübahisəsi başa çatanadək Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1.0 hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılması Cavabdehnə və onun vəzifəli şəxslərinə qadağan edilmişdir. Həmin qərarın 36-40-cı bəndlərində göstərilmişdir ki, mübahisə iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılan tikinti işlərinə cavabdehin müdaxiləsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə görə yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində vəzifəsi tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməkdən ibarətdir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına gorə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikintinin dayandırılması, sökülməsi barədə qərar qəbul edə bilər. İddiaçıya məxsus 1 ha torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 21 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir, iddiaçının Ali Məhkəməyə göndərdiyi Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, iddiaçının tələbi təmin edilərək Tikintidə X2 Agentliyinin iddiaçı barəsində qəbul etdiyi 21 aprel 2021-ci il tarixil qərarı ləğv olunmuşdur. Həmin Qərarın 41-ci bəndində isə qeyd olunur ki, Bəhs olunan hüquq normalarına görə tikinti işlərinin dayandırılması barədə cavabdehin müdaxiləsi qanuni olmamışdır. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən aparılan tikinti işlərinə, Cavabdeh tərəfindən müdaxilə edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçun məcburidir. Digər məhkəmə işi üzrə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və üçüncü şəxs Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixil 0232 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli 0232 nömrəli qərarı ləğv olunmuşdur. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. 3-cü şəxs Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 614/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-614/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qüvvəsini almış və aşağıdakı faktlar və hüquq münasibətləri müəyyən olunmuşdur. İddiaçı ilk öncə tikintisi aparılacaq tikililarə dair işçi layihəsi hazırlamış və tələb olunan sənədlərlə Cavabdehnə müraciət etmişdir. Hazırki iş üzrə üçüncü şəxs Cavabdeh cavab olaraq bildirmişdir ki, iddiaçının mülkiyyətində olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasma aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıya torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı həmin sənədlərlə yenidən Cavabdehnə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Bundan sonra iddiaçı müvafiq tikinti işlərinə başlamışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, torpaq sahəsinin plan və ölçüsünü, eləcə də qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti iiə məşğul olmaq üçün xüsusi razılıq almış MMC tərəfindən tərtib olunmuş tikiləcək qeyri-yaşayış obyektinin (sənaye tipli olmayan, kənd üsulu ilə quş yetişdirən) işçi layihəsini Cavabdehnə təqdim edərək mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektini tikmək niyyətində olduğunu bildirərək üçüncü şəxs olan inzibati orqanı (yəni Cavabdeh) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırmışdır. Üçüncü şəxs (Cavabdeh) normativ hüquqi aktlara istinad etmədən və onların pozulan tələblərini nəinki dəqiq, ümumiyyətlə göstərmədən təqdim olunmuş layihəyə irad bildirmişdir. Belə ki, üçüncü şəxs iradını torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılmasının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əlaqələndirilmişdir. Halbuki, Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması iiə əldə edirlər. İstinad olunan normalardan da göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Beləliklə də, kollegiya belə nəticəyə gəlir ki, qanunvericiliklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsul larinin istehsalı və emalı üçün obyektlərin tikintisi nəzərdə tutulduğundan, inzibati orqan icra hakimiyyətinin aparılmış tikinti işlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması dəlili əsassız olmuşdur. Hətta həmin tikili müəyyən olunan parametrləri keçmiş olsa belə, bu yenə də qeyd olunan irad üçün əsas vermir. Bu halda, məlumatlandırma icraatı tətbiq olunur. İddiaçı da göstərilən tələblərə əməl etdiyindən, yəni lazımi sənədləri icra hakimiyyətinə təqdim edərək onu məlumatlandırdığından, İddiaçı tərəfindən inşa olmuş tikili tikintisinə icazə verilməmiş tikinti obyekti kimi qiymətləndirilə bilməz və hazırkı icraat çərçivəsində bunu istisna edəcək hal müəyyən olunmadığından iddiaçının müraciəti məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılmalıdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul olunmuş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şokayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)- 258/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 45. 1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir.3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin: 3.11.5. yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludurş qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi inzibati orqanın inzibati akt qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə, yəni müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aiddir. Belə ki, indiki halda hazırkı mübahisəyə münasibətdə iddiaçı inzibati orqanın müdaxiləsi nəticəsində özünün hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmalıdır, hüququn pozulması halı isə o halda baş verir ki, belə müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən ona tikinti işlərinin aparılmasına əsassız müdaxilə edilməsini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddianın mümkünlük şərtinin yoxlanılması mərhələsində müəyyən edilməli olan şərtlərdən biri də iddiaçının qeyd olunan mübahisənin həllində və buna yönələn hüquqi marağının olması halının müəyyən edilməsidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən tikilinin tikintisi artıq başa çatmış və istifadə edilir, bu halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halı kimi çıxış edir. Bu halın mövcudluğu özlüyündə bununla bağlı tikintinin aparılmasına müdaxilənin mövcudluğunu istisna etməklə yanaşı,indiki halda qeyd olunan mübahisənin həllinə həllinə yönələn iddiaçının hüquqi marağı müəyyən edilmir. Qeyd olunmaılıdr ki,hər hansı iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və faktiki vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. İndiki mübahisə üzrə iddiaçının hüquqi marağı məhz müvafiq tikinti işlərinin aparılması ilə bağlı olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı gələcəkdə müdaxilələrin baş verməsinin mümkünlüyünə istinad edərək, hüquqi maraqlarının olması halını qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İPM-nin 34.3-cü maddəsində preventiv iddianın irəli sürülməsinin mümkünlük şərtləri birmənalı şəkildə təsbit edilmişdir. İPM-nin 34.3-cü maddəsinə əsasən qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir.İndiki halda isə qeyd olunan normanının dispozitiv şərtləri də aşkar olunmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını pozan aşkar və birmənalı nəzərçarpan qanunsuz müdaxilə etməsi ilə bağlı hərəkətlər edilməsi halı müəyyən edilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məktub ünvanlanmışdır ki, həmin məktubda müvafiq torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olmaması, torpaq sahsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi tövsiyə olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan məktublarla bağlı inzibati orqanın hərəkətinin müdaxilə qismində qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı onu qeyd edir ki, qeyd olunan məktubun cavabdeh inzibati orqan tərəfindən göndərilməsi məhz onun nəzarət funksiyasının icrası ilə bağlı ortaya çıxmışdır. Belə ki, “Yeli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.1.5-ci bəndində qeyd olunmuşdur ki, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Həmçinin, yuxarıda qeyd olunan müvafiq Qaydalara əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktub onun nəzarət funksiyasının icrası ilə bağlı səlahiyyətlərinin həyata keçirilməsinin nəticəsi kimi ortaya çıxmışdır. Bu baxımından qeyd edilən məktub iddiaçının hüquq və maraqlarını pozan müdaxilə qismində çıxış etməməklə, bu halın müdaxilə qismində qiymətləndirilməsi qanunvericiliyin tələbinə uyğun olmamışdır. Nəticə etibarilə, hazırki mübahisəyə münasibətdə iddiaçının yuxarıda qeyd olunan normalarının tələbi və məzmunu baxımından inzibati orqanının onun hüquq və maraqlarını pozan əsassız müdxailədən müdafiə olunmasına dair hüquqi müdafiə marağının mövcudluğu müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar