Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-291/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi iddiaçı X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-2515/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan X7 hərbi biletdən görünür ki, o, N2-N5-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçı barədə olan xəstəlik haqqında şəhadətnamədən görünür ki, onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olması və xəstəliyinin hərbi xidmət dövründə olması qeyd edilmişdir. İş materiallarında olan arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli 3/5-1517 nömrəli sərəncamı ilə iddiaçı tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 72 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi komissarlığa göndərilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlilliyə uyğun olaraq 4400 manat müavinət köçürülmüşdür. Həmçinin iş materiallarında olan Kəlbəcər Hərbi Prokurorluğunun məktubundan da görünür ki, iddiaçı barəsində cinayət işi istintaq edilməmiş, araşdırma aparılmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyininxx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni dəfələrlə özbaşına tərk etməsi və xidmət keçdiyi hərbi hissəsinin döyüş əməliyyatlarında iştirak etmədiyinə görə müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N2-ci il tarixdə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissənin (N2-ci ildə tarixdə) komandirinin 4 saylı əmri ilə bütün növ təminatlara daxil edilərək sıravi əsgər kimi sürücü vəzifəsinə təyin edilmiş və 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Hal-hazırda onda olan sənədlərə görə o vaxtkı N saylı hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 4 saylı əmrinə əsasən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək sıravi əsgər kimi sürücü vəzifəsinə təyin edilmişdir. Yekunda sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə nizami xidmətdən kənar hərbi xidmətə yararlı hesab olunaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli, 3/5-1517 saylı sərəncamı ilə tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 72 saylı nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Hərbi xidməti müddətində hər hansı qanunsuz hərəkəti və cinayəti olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi xx.xx.2023-cü il tarixli imtina aktında onun guya dəfələrlə hərbi hissəni özbaşına tərk etməsi halları yalan və uydurmadır. Əgər belə hallar olsaydı iddiaçı cinayət məsuliyyətinə cəlb olunardı. Lakin o heç vaxt fərariliyə və ya xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməyə görə cinayət məsuliyyətinə (hətta intizam məsuliyyətinə) cəlb olunmamışdır. Amma bu ərizəyə daxil etdiyi cavabdeh tərəfindən verilən sənədlərdə yazılıb ki, guya xidmət etdiyi hərbi hissəni dəfələrlə özbaşına tərk edib sonra yenidən xidmətə qayıtmışdır. Lakin belə hala rast gəlinmir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli. 212- 10295 saylı imtina aktında yazılmışdır ki, guya iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu da yalandır. Belə ki, iddiaçı döyüş bölgəsində hərbi xidmət etmişdir. Notarial qaydada təsdiq edilmiş hərbi biletində yazılanlardan görünür ki, iddiaçı N saylı hərbi hissədə xidmətdə olmuşdur. N0 saylı, 27 dekabr N4-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədə yazılanlardan görünür ki, iddiaçı xx.xx.N3 - xx.xx.N3-cü illərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicədə olmuşdur. Bu xəstəlik şəhadətnaməsində N3-cü ilin aprel ayında Kəlbəcər rayonunda gedən döyüşlərin iştirakçısı olması faktı da yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə həm dinc, həm də müharibə dövründə yararsız hesab olunmuşdur. 2 səhifədən ibarət rus dilində yazılmış N0 saylı, xx.xx.N4-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədə yazılanlar da yuxarıda qeyd edilənləri təsdiq edir. Lakin cavabdehin iddiaçıya göndərdiyi imtina aktında yuxarıda qeyd etdiyi səbəbləri (guya dəfələrlə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi və guya döyüş əməliyyatlarında iştirak etməməsi) göstərməklə ona indiyədək müharibə veteranı adı və vəsiqəsi verməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı N iyun N2 -13 mart N5-ci il tarixləri aralığında döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni dəfələrlə tərk etmiş, habelə iddiaçının xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-2515/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adının döyüş əməliyyatı aparılan hərbi hissədə qeyd edilməsi, habelə onun hərbi xidmət dövründə əlilliyinin müəyyən edilməsi və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmət dövründə alınması, eləcə də hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılması onun qanuni əsasla ehtiyata buraxılması kimi qiymətləndiirlməlidir. Belə olan halda cavabdehin imtinası əsassız hesab edilməli, iddia tələbi isə təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi N nömrəli hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli 100 nömrəli əmrində iddiaçının adının Ağdam döyüş əməliyyatları rayonunda döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin siyahısında qeyd edilməsi sübutuna münasibətdə qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2931 nömrəli arxiv arayışından görünür ki, sözügedən əmrdə iddiaçının adı döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin siyahısında deyil, döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin məişət xidmətini təmin etmək üçün göndərilmiş şəxsi heyətin siyahısında qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “N88-ci il fevralın 1-dən N4-cü il mayın 12- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd edilən hüquq normasından görünür ki, veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi hərbi qulluqçuların döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmasıdır. İddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli 100 nömrəli əmrində onun Ağdam döyüş bölgəsinə ezam olunması göstərilsə də, hansı hərbi hissə və ya bölməyə göndərilməsi qeyd edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlarla yanaşı məhkəmə tərəfindən də iddiaçının hansı hərbi hissəyə ezam olunması müəyyənləşdirilməmişdir. Bundan başqa məhkəmənin istinad etdiyi iddiaçı barəsində tərtib edilmiş xəstəlik haqqında şəhadətnamədə onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olması və hərbi xidmət dövründə xəsarət alması, həmçinin iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlilliyə uyğun olaraq 4400 manat müavinət köçürülməsi sübutuna münasibətdə qeyd etmək lazımdır ki, iddiaçı barəsində tərtib edilmiş 27 dekabr N4-cü il tarixli, N0 nömrəli xəstəlik haqqında şəhadətnamədə onun revmatizm diaqnozlu xəstəliyi hərbi xidmət dövründə alması qeyd olunsa da, bu xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və ya həmin döyüşlərlə əlaqədar alınması müəyyən edilmədiyindən məhkəmənin “Müharibə Veteranı” statusu verilməsi üçün həmin sənədə əsaslanması qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir və əlavə olaraq onu da qeyd etmişdir ki, o müharibə vaxtı döyüş əməliyyatlarında iştirak etməsə də, dəfələrlə müharibə bölgələrinə ezam olunmuşdur. O, sürücü olmuş və şəxsi heyətin məişət təminatını təmin edən, eləcə də qida, tibbi ləvazimat kimi təminatların döyüş bölgələrinə və eləcə də digər hərbi hissələrə çatdırılması üçün ezam edilmişdir. Ezam vaxtı onlar hansısa hərbi hissədə qeydiyyata alınmamış və ona silah təhkim edilməmişdir. Bunun səbəbi isə əsgər yoldaşlarından birinin silahının oğurlanması olmuşdur. Sonuncu dəfə isə döyüş bölgəsində olan əsgərlər üçün daxilində hamam olan qatarların Ağdama çatdırılması üçün ezam edilmiş və onlara orada həmin vaqonların mühafizəsi tapşırılmışdır. Onlar Ağdam vağzalında olmuş, həmin vaxt döyüşlər isə biraz uzaqda, Ağdam ətrafında olmuşdur. Lakin o bir müddət sonra xəstələnmiş və geri qayıtmış, nəticədə onda revmatizm xəstəliyi yaranmışdır. O, revmatizm diaqnozlu xəstəliyi hərbi xidmət dövründə almışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə N.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iddiaçının adının döyüş əməliyyatı aparılan hərbi hissədə qeyd edilməsi, habelə onun hərbi xidmət dövründə əlilliyinin müəyyən edilməsi və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmət dövründə alınması, eləcə də hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılması onun qanuni əsasla ehtiyata buraxılması kimi qiymətləndiirlməlidir. Belə olan halda cavabdehin imtinası əsassız hesab edilməli, iddia tələbi isə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda qeyd edilən Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər: 1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı 2. Bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, döyüş əməliyyatı dedikdə-Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılması başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi N nömrəli hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli 100 nömrəli əmrində iddiaçının adının Ağdam döyüş əməliyyatları rayonunda döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin siyahısında qeyd edilməsi ilə bağlı sübutuna münasibətdə qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2931 nömrəli arxiv arayışından görünür ki, iddiaçının adı döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin siyahısında deyil, döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin məişət xidmətini təmin etmək üçün göndərilmiş şəxsi heyətin siyahısında olmuşdur. Həmçinin qanunvericiliyin imperativ göstərişi hərbi qulluqçuların döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmasıdır. İddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli 100 nömrəli əmrində onun Ağdam döyüş bölgəsinə ezam olunması göstərilsə də, hansı hərbi hissə və ya bölməyə göndərilməsi qeyd edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu hal, yəni iddiaçının heç zaman döyüş əməliyyatlarında iştirak etməməsi, ona silah təhkim edilməməsi, döyüş bölgələrinə ezam edilən zaman hərbi hissə və ya bölmələrə daxil olmaması, döyüş bölgələrinə ezam olunma səbəbinin orada olan şəxsi heyətin məişət təminatının təmin edilməsi üçün ləvazimatların ora çatdırılması olmasına dair etirafedici izahatı ilə də təsdiqini tapmışdır. Bundan başqa məhkəmənin istinad etdiyi iddiaçı barəsində tərtib edilmiş xəstəlik haqqında şəhadətnamədə onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olması və hərbi xidmət dövründə xəsarət alması, həmçinin iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlilliyə uyğun olaraq 4400 manat müavinət köçürülməsi sübutuna münasibətdə qeyd etmək lazımdır ki, iddiaçı barəsində tərtib edilmiş 27 dekabr N4-cü il tarixli, N0 nömrəli xəstəlik haqqında şəhadətnamədə onun revmatizm diaqnozlu xəstəliyi hərbi xidmət dövründə alması qeyd olunsa da, bu xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və ya həmin döyüşlərlə əlaqədar alınması müəyyən edilməmiş, əksinə iddiaçının apellyasiya məhkəməsində verdiyi izahatı ilə də müəyyən olunmuşdur ki, iddiaçı ümumiyyətlə döyüş əməliyyatlarında iştirak etməmiş, həmçinin revmatizm diaqnozlu xəstəliyi hərbi xidmət dövründə alsa da, hərbi əməliyyatlarda iştirak etməsi ilə əlaqədar olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdən də göründüyü kimi iddiaçı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. (İPM 14.3-cü maddə) Belə olan halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsinin sübuta yetirilməsi vacibdir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adının verilməsi üçün zəruri olan və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmət zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Həmin normalar baxımından cavabdehin iddiaçı qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıması üçün, iddiaçı, hər bir halda, həmin şərtlərə cavab verməlidir. Başqa sözlə, müharibə veteranı adının verilməsi üçün iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi qanunvericiliyin imperativ göstərişidir. Beləliklə iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini təsdiq edən mötəbər sübut mövcud deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakını o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini təsdiq edən mötəbər sübutların olmaması formalaşmış məhkəmə təcrübəsini və yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alanda iddia tələbinin əsassız olmasını göstərir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-2515/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1N3-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.