Məhkəmə qərarları › İş №2-1(105)-292/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-292/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-292/2024 27.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kv.metr olan 53 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-742/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 06 fevral 2004-cü il tarixli, 19 nömrəli aktın surətindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 418 nömrəli, 14 noyabr 2003-cü il tarixli sərəncamına əsasən 800 kvadrat metr torpaq sahəsi ölçülərək və bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq iddiaçıya yerində təhvil verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli, 418 nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir (məhkəmə sorğusu nəticəsində də əldə edilmişdir). Sumqayıt bələdiyyəsinin 49-cu məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 37 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən 53 nömrəli evdə qeydiyyatsız yaşayır. İddiaçıya məxsus əmək kitabçasının notarial təsdiq olunmuş surətinə əsasən iddiaçı “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestində işləmişdir. Memarlıq və Şəhərsalma İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Xalq Deputatları Sovetinin 20 saylı, 28 avqust 1992-ci il tarixli qərarı ilə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinə 49-cu məhəllə ərazisində yaşayış binalarının tikintisi üçün 5 ha torpaq sahəsi ayrılmış, trest tərəfindən həmin sahə mənzilə ehtiyacı olan işçilərə ayrılmışdır. İdarə tərəfindən fərdi ev tikintisi məqsədilə həyətyanı torpaq sahələrinin həmin sahələrdə yaşayan vətəndaşların adına siyahı üzrə sənədləşdirilməsinə etiraz edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında həmin daşınmaz əmlakla bağlı mübahisəli halın olmaması, 0,002 ha zəbt torpaq sahəsinin olması, yerüstü kommunikasiya xətlərinin keçməməsi qeyd olunmuşdur. Sumqayıt şəhər Xalq X2 Heyətinin 20 saylı, 28 avqust 1992-ci il tarixli qərarı ilə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinə fərdi evlərin tikintisi üçün 5,0 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sənədlərin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur və idarənin arxiv əsaslarında torpaq sahəsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli 418 nömrəli sərəncamı isə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən Sumqayıt şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 28 avqust 1992-ci il tarixli 20 nömrəli Qərarı ilə Komissiyanın 25 avqust 1992-ci il tarixli 5 nömrəli protokoluna əsasən Azərbaycan Sənaye Tikinti 2 №li Trestinə 48-ci məhəllənin arxasında Çerkassi küçəsi boyunca fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış 5.0 ha torpaq sahəsinə dair Cavabdeh arxivində məlumatlar və torpaq sahəsinə dair koordinatların əks olunduğu sxem aşkar edilməmişdir. Yuxarda qeyd olunanlara əsasən, iddia olunan Sumqayıt şəhəri, 49-cu məhəllə ərşzisində yerləşən, sahəsi 800 kv.metr olan torpaq sahəsinin Sumqayıt şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 28 avqust 1992-ci il tarixli 20 nömrəli Qərarı ilə Komissiyanın 25 avqust 1992-ci il tarixli 5 nömrəli protokoluna əsasən Azərbaycan Sənaye Tikinti 2 №li Trestinə 48-ci məhəllənin arxasında Çerkassi küçəsi boyunca fərdi yaşayış evlbrinin tikintisi üçün ayrılmış 5.0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib- yerləşməməsi barədə məlumatların təqdim olunması mümkün olmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 418 nömrəli sərəncamına əsasən “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinin 47 nəfər işçisinə 49-cu məhəllə ərazisində ayrılmış və inşa olunaraq faktiki istifadələrində olan fərdi evin 800 kv.m.-dən ibarət həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı sözügedən sərəncamın qəbul edilməsinə əsas olan sənədlərin, habelə, 2 saylı Tikinti trestinin işçilərinə torpaq sahəsi ayrılması barədə tərtib olunmuş siyahının şəhər İcra Hakimiyyətinin arxivində mövcud olmadığı səbəbdən sənədlərin təsdiqedici surətlərinin məhkəməyə təqdim edilməsi və həmin sərəncamın qəbul edilməsini zəruri edən əsaslar (və ya hallar) barədə ətraflı məlumat verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən 53 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildən keçmiş “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestində betonçu və qaynaqçı vəzifələrində işləmişdir. “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti tresti tərəfindən müəssisənin işçilərinə fərdi yaşayış evləri tikintisi məqsədilə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində hər bir işçiyə sahəsi 800 kvadrat metr olmaqla torpaq sahələri ayrılmışdır. Həmin işçilər sırasında iddiaçıya da fərdi yaşayış evi tikintisi məqsədilə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində “V” cərgədə sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi ayrılaraq istifadəsinə verilmişdir. Bu barədə xx.xx.1994-cü il tarixdə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinin şöbə müdiri M.Bədirovun imzası ilə qeyd olunan ərazinin baş planında 53 saylı sahənin ayrılması barədə sxem təsdiq edilmiş və Sumqayıt şəhərinin baş memarı tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş akta əsasən Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə 800 kvadrat metr olan 53 №-li torpaq sahəsi Memarlıq və Şəhərsalma İdarəsinin topoqrafı H.G.Əliyev tərəfindən tərtib edilmiş cizgidə olduğu kimi yerində iddiaçıya təhvil verilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə yaşayır. Sumqayıt bələdiyyəsinin 49-cu məhəllə üzrə 3 saylı məhəllə komitəsinin sədri E.Ş.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 37 saylı arayışda qeyd olunur ki, həqiqətən İddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 53-də yaşayır. Qeyd olunanlara əsasən, müvafiq ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Ancaq iddiaçının müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi 25 avqust 2022-ci il tarixli, **********17 nömrəli cavab məktubunda hüququn dövlət qeydiyyatından imtina olunmuşdur. Buna əsas kimi tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin olmaması göstərilmişdir. Mübahisələndirilən 800 kvadrat metr torpaq sahəsi evlə birlikdə 1994-cü ildən iddiaçının qanuni istifadəsində olduğundan, qeyri-qanuni tutulmuş sahə sayıla bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur və idarənin arxiv əsaslarında torpaq sahəsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli 418 nömrəli sərəncamı isə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111- ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-742/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Xalq X2 Heyətinin 28 avqust 1992-ci il tarixli, 20 nömrəli qərarına əsasən Azərbaycan Sənaye tikinti 2 nömrəli trestinə fərdi evlər tikintisi üçün 5,0 ha torpaq sahəsi ayrılmış, həmin tikinti tresti tərəfindən iddiaçı və digər işçilərin hər birinə sahəsi 800 kvadrat metr olan torpaq sahəsi istifadəyə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 418 nörməli, 14 noyabr 2003-cü il tarixli faktiki istifadə olunan torpaq sahələrinin sənədləşdirilməsi barədə sərəncamına əsasən sözügedən torpaq sahəsi (hər birinə 800 kv.metr olmaqla) iddiaçı və digər işçilərin adına rəsmiləşdirilmişdir. İddiaçı onun adına rəsmiləşdirilmiş və daimi nişangahlar qoyularaq ona təhvil verilmiş 53 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də, inzibati orqan tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, həmçinin, daşınmaz əmlaka dair texniki baxış zamanı zəbt sahəsinin olduğu bildirilərək hüquqların qeydiyyatından imtina edilmişdir. Xalq X2 Heyətinin 28 avqust 1992- ci il tarixli, 20 nömrəli qərarına əsasən iddiaçının çalışdığı “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti Trestinə ayrılmış və trest tərəfindən digər işçilərlə bərabər iddiaçıya da verilmiş 53 saylı torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onun adına sənədləşdirilmişdir. Torpaq sahəsi uzun müddətdir ki, iddiaçı tərəfindən istifadə edilir, həmçinin, orada yaşayış sahəsi inşa edilmişdir. Cavabdeh orqanın imtinasında qeyd etdiyi “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli sərəncamının torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil” hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması həmin sərəncamla deyil (həmin sərəncam torpaq sahəsinə dair sənədləşdirilməni nəzərdə tutur), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar əsasında iddiaçının hüququnun yarandığını müəyyən edir. Cavabdeh eyni zamanda zəbt torpaq sahəsinin olduğunu bildirsə də, bununla bağlı məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı onun texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da göründüyü kimi 0,002 ha hissədə zəbt torpaq sahəsi hər hansı bir şəxsin hüquqlarını məhdudlaşdırmır və mübahisə predmeti deyildir. Cavabdeh inzibati orqanın irəli sürdüyü imtinadakı hallar öz təsdiqini tapmadığı üçün əsassızdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq torpaq sahəsinin ayrılmasına dair Sumqayıt şəhər icra Hakimiyyətinin 418 saylı 14 noyabr 2003-cü il tarixli sərəncamı 2001-ci il yanvarın 1-dən sonra verildiyindən qanunun tələbinə ziddiyyət təşkil edir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri- mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kv.metr olan 53 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur və idarənin arxiv əsaslarında torpaq sahəsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli 418 nömrəli sərəncamı isə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının 14 noyabr 2003-cü il tarixli 418 saylı Sərəncamı ilə fəaliyyəti dayandırılmış “Azərsənayetikinti” birliyinin 2 saylı Tikinti Trestinin adları qeyd edilən siyahıda 47 nəfər olan işçisinin 49-cu məhəllə razisində fərdi ev tikərək faktiki istifdaə etdikləri 800 kv.m həyətyanı torpaq sahələinin onların adlarına sənədləşdirilməsi qərara alınmışdır, həmin siyahıda 35-ci sırada İddiaçı adı qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan müvafiq arxiv idarəsinin 14 dekabr 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, qeyd edilən sərəncamın arxiv nüsxəsi mövcuddur, habelə arxiv sənədlərində müvafiq icra hakimiyyəti orqanının memarlıq idarəsi tərəfindən tərtib edilmiş rəyin məzmununda araşdırma aparılarkən, Sumqayıt Şəhəri XDS İK-nın 20 saylı 28 avqust 1992-ci il tarixli Qərarı ilə “Azərsənayetikinti” Birliyinin 2 saylı Trestində ayrılmış 5 ha torpaq sahəsində Trest tərəfindən tikinti işlərinin aparılmasına imkanı olmadığından həmin sahə Trest tərəfindən, mənzilə ehtiyacı olan işçiləri arasında fərdi yaşayış evi tikintisi məqəsidlə ayrılması, trestin ləğv olunduğu, hazırda həmin ərazidə fərdi evlərin tikilərək, faktiki istifadə olunduğu, siyahıda adları qeyd edilən şəxslərin adına sənədləşdirilmə aparılmasına etiraz etmədiklərini qeyd etmişdir. Həmçinin, iş materiallarından görünür ki, Sumqayıt Şəhəri XDS İK-nın 20 saylı 28 avqust 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Sənaye Tikinti 2 №li trestinə 48-ci məhəllənin arxasında, Çerkassi küçəsi boyunca fərdi evlərin tikintisi üçün 5,0 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə mövqeyinə dair memarlıq idarəsi tərəfindən baş plandan çıxarış tərtib edilmiş, yerləşmə mövqeyi nişanlanmışdır. İş materiallarında olan 06 fevral 2004-cü il tarixli aktın məzmunundan görünür ki, həmin sərəncam əsasənda 800 kv.m torpaq sahəsi yerində ölçülərək, ayrılmış, yerində iddiaçıya təhvil verilmiş, iddiaçı 800 kv.m olan 53 nömrəli bağ sahəsini olduğu kimi yerində qəbul etmiş, habelə baş plandan çıxarışda 53 nömrəli bağ sahəsinin yeri nişanlanmaqla, tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı qeyd edilən müəssisənin işçisi olmuş, bu barədə qeydlər ona məxsus əmək kitabçasında əks olunmuşdur. İş materiallarında olan müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi naturada mövcuddur, hüqumüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,08 ha, faktiki istifadə üzrə 0,082 ha olduğu, bir tərəfdən daş hasar, bir tərəfdən yol, üç tərəfdən qonşu ilə həmsərhəddir, mübahisəli hal yoxdur, tikili mövcuddur, 0,002 ha zəbt sahəsi vardır, torpaq sahəsi mişar daşı vasitəsilə üç hissəyə bölünmüşdür, torpaq sahəsində tikintialtı cəmi 300 kv.m olan 3 ədəd fərdi ev və tikintialtı cəmi 35.0 kv.m olan həyət tikililəri vardır, yerüstü kommunikasiya xəttləri keçmir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Sərəncamın əsas mahiyyəti və məqsədi məhz “Azərsənayetikinti” Birliyinin 2 №li Trestində işləyən və həmin əsasa görə işçilərə fərdi yaşayış evi tikmək məqsədilə verilmiş torpaq sahəsinə dair artıq ev tikərək və faktiki istifadəsində olan şəxslərin həmin torpaq sahəsinə dair onların adına sənədləşdirilmə işlərinin aparılmasına xidmət etmişdir. İndiki halda həmin torpaq sahəsinin ayrılmasına əsas olan sənəd məhz Sumqayıt Şəhəri XDS İK-nın 20 saylı 28 avqust 1992-ci il tarixli Qərarı çıxış etmişdir. Hansı ki, qeyd edilən qərarın məzmununda məhz Azərbaycan Sənaye Tikinti 2 №li trestinə 48-ci məhəllənin arxasında, Çerkassi küçəsi boyunca fərdi evlərin tikintisi üçün 5,0 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Həmin qərar aid adlı siyahı mövcud olmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, həmin qərar əsasında məhz “Azərsənayetikinti” Birliyinin 2 №li trestində işləyən işçilərə fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi verilmişdir, habelə yalnız iddiaçıya deyil, orada işləyən bir çox şəxsə torpaq sahəsi verilmişdir. İddiaçı da qeyd edilən müəssisənin işçisi olduğundan (bu barədə əmək kitabçasında qeyd mövcuddur), ona da qeyd edilən qərar əsasında fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Eyni zamanda, həmin torpaq sahəsi naturada mövcud olmaqla, hazıradək iddiaçının faktiki istifadəsindədir Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin Sərəncamın qəbul edilməsini zəruri edən hal məhz Azərbaycan Sənaye Tikinti 2 №li Trestində işləyən və bu əsasla Sumqayıt Şəhəri XDS İK-nın 20 saylı 28 avqust 1992-ci il tarixli Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan, faktiki ev tikərək, istifadə edən şəxslərin adlı siyahsının müəyyən edilərək, onların adına sənədləşdirilmə işlərinin aparılması çıxış etmişdir. Belə ki, müvafiq qərara aid adlı siyahının tərtib edilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Bu baxımından həmin adlı siyahının sonradan tərtib edilməsi halı həmin torpaq sahəsinin sonradan, yəni müvafiq sərəncamın qəbul edildiyi tarixdə iddiaçının adına ayrılmasını deməyə əsas vermir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin hala formal yanaşma tətbiq edilməklə, torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər tədqiq edilməmiş, müvafiq Sərəncamın qəbul edilməsini zəruri edən faktiki əsaslara diqqət yetirilməmiş, habelə həmin sərəncamın qəbul edilməsinə əsas olan müvafiq XDS İK-nin qərarı olduğu halda (hansı ki həmin qərar yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən mülkiyyət hüququnun yaranması və qeydiyyata alınması üçün əsas qismində çıxış edir), torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və ona dair arxiv sənədlərin aşkar edilməməsi halına istinad etməklə, hüququn dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının həmin hissədə istinad etdiyi arqumentləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi məhz 800 kv.m torpaq sahəsi ilə bağlı olmuş, zəbt sahəsi ilə bağlı hər hansı tələbi olmamışdır. Belə olan halda, cavabdehin torpaq sahəsi ilə bağlı zəbt sahənin olması halına istinad etməklə, müvafiq sənəd üzrə ayrılmış torpaq sahəsinə dair hüququn dövlət qeydiyyatına alınmasından imtina etməsi, qanunvericiliyin tələbinə zidd olmaqla, imtina əsası qismində çıxış etməmiş, formal əsas kimi qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının həmin hissədə istinad etdiyi arqumentləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-742/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar