Məhkəmə qərarları › İş №2-1(105)-293/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-293/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-293/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-1262/2021 saylı qərarından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1968-ci il təvəllüdlüdür.

2. İddiaçının adına təkrar açılmış 174142 seriyalı əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1988-ci ildən 01.01.1994-cü ilədək Ağdam rayonu Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, 01.04.1994-cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim kimi əmək haqqı almışdır. 05.01.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. X6 filialı tərəfindən verilmiş 18.03.2021-ci il tarixli 30 nömrəli arxiv arayışından görünür ki, Ağdam Rayon Dövlət Arxivində saxlanılan Ağdam Rayon Təhsil Şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən Hüseynova (Cəfərova) Brilyant Arazxan qızı işləmiş və 2001-2005-ci illərdə üzrə əmək haqqı almışdır.

4. TSEK-nin arayışından görünür ki, İddiaçı 23.11.2020-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir.

5. X6 filialı tərəfindən verilmiş 18.03.2021-ci il tarixli 31 nömrəli arxiv arayışından görünür ki, 1988-1993-cü ilə qədər arxiv sənədləri işğal altında olan ərazidə qaldığı üçün filialda mühafizə olunmur. 1994-2000-ci illərin işləməyən müəllimlərin dondurulmuş əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir.

6. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Münasib Əli oğlu ilə 12.11.1988-ci ildə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir.

7. Ağdam Rayon Təhsil Şöbəsinin 19.11.2021-ci il tarixli arayışından görünür ki, Cəfərova (Hüseynova) Brilyant Arazxan qızı 01.09.1988-ci dən. 01.01.1994-cü ilədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri işləmiş, 01.04.1994-cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim işləmiş, 05.01.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

8. Cavabdeh tərəfindən verilmiş imtina cavabından məlum olur ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunnması üçün tələb olunan 22000 manat pensiya kapitalına qarşı 14011,61 manat pensiya kapitalı olduğundan ona əmək pensiyasının təyin olunmasından imtia edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək pensiyasına çıxmaq hüququnun təmin olunması üçün işlədiyi 1988-1993-cü illər və 1994-2000-ci illərin əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1988-1993-cü və 1994-2000-ci illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonu işğal olunanadək, yəni 01.09.1988-ci ildən başlayaraq 05.01.2017-ci il tarixədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, sonradan isə müəllim vəzifəsində çalışmışdır. Bu dövr onun əmək kitabçasında qeyd edilmişdir. 23.11.2020-ci il tarixdə ona ll dərəcəli əlillik təyin edilmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmiş, həmin təşkilatdan ona kifayət qədər pensiya kapitalının olmaması səbəbindən imtina cavabı verilmişdir. O, bununla əlaqədar Ağdam rayon arxivinə müraciət etmiş, cavab məktubunda Ağdam Rayon Təhsil Şöbəsinin 1988-1993-cü ilə qədər olan arxiv sənədlərinin işğalda qaldığı üçün filialda mühafizə olunmadığı və 1994-2000-ci illərdə işləməyən müəllimlərin dondurulmuş əmək cədvəllərinin filiala təhvil verilmədiyi bildirilmişdir. Filial əməkdaşları sonradan 2001-2005-ci illər üzrə işləməsi və orta aylıq əmək haqqı barədə arxiv arayışını taparaq ona vermişlər.

12. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya TSEK tərəfindən 23.11.2020-ci il tarixdə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətli (23.11.2025) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Belə ki, təqdim edilən sənədlərdən görünür ki, iddiaçının sığorta stajına daxil edilməsini istədiyini 1998-ci ildən 1994-cü ilədək olan dövrün arxiv sənədləri məlum hadisələr nəticəsində işğalda qaldığı üçün X6 filialında mühafizəyə verilməmişdir. Bundan əlavə iddiaçının iddia etdiyi 1994-2000-ci illərə dair işləməyən müəllimlərin əmək haqqı alması cədvəlləri də filialın mühafizəsində aşkar olunmamışdır. İddiaçının 2001-2005-ci illərə əmək haqqı alması ilə bağlı arxiv arayışları mövcuddur. Qeyd olunanlar X6 filialının 18 mart 2021-ci il tarixli arxiv arayışında öz əksini tapır. Göründüyü kimi iddiaçının 1988-ci ildən 1994 və 1994-cü ildən 2000-ci ilədək olan sığorta stajı mübahisəlidir. İddiaçının əllilliyinin müəyyən edildiyi tarix 23.11.2020-cu il olmuşdur ki, həmin ildə əmək pensiyasının minumum məbləği 200 manat olmuşdur. Belə olduğu təqdirdə 110 x 200=22.200 edir ki, iddiaçının 22.200 pensiya kapitalı qarşılığında 12.345 (2006-cı ilədək (6*306=1836;1836+ 8,3%+16,7%+ 20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+3%+16,6%=5,561), 2006-cı ildən sonra sığortaolunanın alt hesabında 8441,84 manat pensiya kapitalı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-1262/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova)

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş əmək kitabçası və Ağdam Rayon Təhsil şöbəsi tərəfindən verilmiş arayışdan başqa iddiaçının mübahisələndirdiyi dövrdə işləməsini təsdiq edən hər hansı sənəd (o cümlədən əmək haqqı cədvəlləri, işə qəbul edilmə barədə əmrin surəti və s.) aşkar edilməmişdir. İddiaçının 1988-1993-cü illərdə və 1994-2000-ci illərdə işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan pensiya kapitalı tamam olmadığından onun əlilliyə görə əmək pensiyası hüququ yaranmamış olur.

15. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2-1(118)-1262/2021 saylı qərarında İddiaçı əmək kitabçasında qeyd olunan illərdə (1988-1994) işə qəbul və işdən azad olunması ilə bağlı hər hansı əmrin göstərilmədiyi və bunun da “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na (26 dekabr 1996-cı il tarixli 186 nömrəli) zidd olduğu bildirilmişdir. Məhkəmə əmək kitabçasında olan həmin texniki nöqsanların araşdırılması ilə əlaqədar olaraq heç bir araşdırma aparmamış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı adına tərtib edilmiş əmək kitabçasında olan çatışmazlıqların araşdırılmasından yayınmış, həmin məlumatların tamamlanması və işin həqiqi hallarının müəyyənləşdirilməsi baxımından əlavə araşdırma aparmaq öhdəliyini icra etməmişdir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2- 1(118)-1262/2021 saylı qərarında iddia tələbinin təmin edilməməsinin əsaslarından biri kimi təqdim edilmiş əmək kitabçası və Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş arayışdan başqa iddiaçının mübahisələndirdiyi dövrdə işləməsini təsdiq edən hər hansı sənəd (o cümlədən, əmək haqqı cədvəlləri, işə qəbul edilmə barədə əmrin surəti və s.) aşkar edilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş və məhkəməyə təqdim edilmiş 19.11.2021-ci il tarixli, 51 nömrəli arayışa düzgün hüquqi qiymət verilməmiş, həmin arayışın nəyə görə sübut qismində qəbul edilmədiyi və qiymətləndirilmədiyi qərarda göstərilməmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər məhkəmə binasına buraxılmadığından (1-ci doza vaksin olunduğu və 2-ci doza vaksinin vaxtı çatmadığı halda) və zəruri olsa da məhkəmə iclası təxirə salınmadığından işin nəticəsi baxımından əhəmiyyətli ola biləcək şahidlərin dindirilməsi təmin edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 Cəmil qızı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

27. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, 01.09.1988- 23.07.1993-cü illərə dair arxiv sənədləri aşkar olunmamışdır. Həmçinin, 23.07.1993- 01.01.2001, 01.01.2004-01.06.2004, 01.08.2004-01.03.2005, 01.04.2005-01.01.2006-cı illərə dair əmək haqları barədə məlumat yoxlama aktında qeyd olunmamışdır. Bu səbəbdən də, qeyd edilən illərin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliklə mümkün deyildir. 16 il 6 ay 29 gün sosial sığorta və 14011,61 manat pensiya kapitalı toplanılmışdır. Tələb olunan sığorta kapitalı toplanılmadığından əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir.

28. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

29. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 01.09.1988-ci ildən 01.01.1994-cü ilə qədər Muğanlı kənd orta məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işləmişdir. 01.04.1994-cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim kimi əmək haqqı almışdır. 05.01.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

30. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, ikinci qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir.

32. Qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 12 il 4 ay sığorta stajı olmalıdır.

33. İş materiallarına əsasən qanunun bu şərti yerinə yetirilir. Cavabdeh inzibati orqan da iddiaçının pensiya təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının mövcudluğunu qəbul edir, lakin cavabdeh iddiaçının 1988-ci ildən 1994-cü ilədək və 1994cü ildən 2000-ci ilədək olan sığorta stajını mübahisələndirir.

34. Cavabdehin 01.09.1988-23.07.1993-cü illərə dair arxiv sənədlərinin aşkar olunmaması və 23.07.1993-01.01.2001-ci illərə dair əmək haqları barədə məlumatın yoxlama aktında qeyd olunmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.09.1988-23.07.1993-cü illərdə işləməsi barədə əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması və əmək haqqı barədə məlumatın yoxlama aktında qeyd olunmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır.

35. Belə olan halda, cavabdeh inzibati orqanın arxiv sənədlərinin aşkar olunmaması və əmək haqları barədə məlumatın yoxlama aktında qeyd olunmaması əsası ilə iddiaçının həmin tarixlərdə Muğanlı kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassızdır.

36. İnzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

37. Digər tərəfdən, iddiaçıya 2017-ci il yanvarın 1-dək əmək haqqının ödənməsi 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarının 2-ci bəndinin birbaşa göstərişinə uyğun olaraq ödənilməsi iddiaçının Ağdam rayonu Muğanlı kənd orta məktəbində 23.07.1993-cü ildən əvvəl də işləməsinə dəlalət edir.

38. Məhkəmə kollegiyası hesab edir ki, həmin müddət də iddiaçının sosial sığorta stajına daxil edildikdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-1262/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı 1988-1993-cü və 1994-2000-ci illərdə Ağdam rayonu Muğanlı kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar