Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-293/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X5 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-1(118)-2127/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 31 ünvanında yerləşən ümumi sahəsi 69.94 kv.m olan 39 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının vəkili ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis Şöbəsinə müraciət edərək, X11 və onun azyaşlı övladları X12 və X6 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 31 ünvanında yerləşən 39 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 123-20216Q-3222 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X11, X12 və X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 39 saylı mənzildə faktiki yaşamayn və istifadə hüququ olmayan X11 və onun azyaşlı övladları X12 və X6 onun həmin mənzildən çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X11 və onun azyaşlı övladları X12 və X6 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 31 ünvanında yerləşən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 39 saylı mənzil Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan X11 və onun azyaşlı övladları X12 və X13 onun keçmiş gəlini və nəvələridir. Belə ki, iddiaçının oğlu ilə keçmiş gəlini arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Qeyd olunan şəxslər sözügedən mənzildə yaşamamışlar, sadəcə olaraq qeydiyyatda olmuşlar. İddiaçının oğlu ilə ailə qurduqdan sonra ayrı mənzildə yaşamışlar. Hazırda iddiaçının nə özünün, nə də oğlunun Məhmədyarova Türanə ilə heç bir əlaqəsi, eləcə də harada olması barədə heç bir məlumatı yoxdur. Həmin şəxslərin sözügedən mənzilə formal qeydiyyatları isə mülkiyyətçinin mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə X11, X12 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-1(118)-2127/2022 nömrəli qərarı ilə iddia təmin edilərək X11 və onun azyaşlı övladları X12 və X6 iddiaçının xüsusi mülkiyyətində ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. hakim: V.Əzizova). Həmin qərardan narazı qalan üçüncü şəxs X11 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə onun və azyaşlı övladları X12 və X6 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmağı barədə qərar qəbul etməklə onların yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, onunla iddiaçının oğlu X4 ilə 20 avqust 2007-ci il tarixdə rəsmi nikaha (Sumqayıt şəhəri qeydiyyat şöbəsi 1268 nömrə ilə qeyd edilmişdir) daxil olmuş və nikaha daxil olduğu ildən həmin mənzildə iddiaçının notarial qaydada razılığı ilə qeydiyyata düşmüşdür. Məhkəmə qərarında qeyd etmişdir ki, üçüncü şəxslər həmin mənzildə heç vaxt yaşamamışdırlar. Məhkəmə qərarına diqqət etdikdə isə üçüncü şəxslərin orada yaşamaqlarını təkzib edən hər hansı sübuta rast gəlinmir. T.E.Məmmədova iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduğu gündən həmin mənzildə yaşamışdır. Məhkəmə üçüncü şəxslərin faktiki olaraq orada yaşayıbyaşamamaqları barədə qənaətə gələrkən hər hansı bir sübuta istinad etməmiş, onları qeydiyyatdan çıxararkən yaşamaq üçün əmlakının olub-olmamasını aydınlaşdırmamış, müvafiq dövlət orqanlarına sorğular göndərilməmiş, qanunvericiliyin tələblərini pozaraq üçüncü şəxslərin istifadə hüququna xitam vermişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, üçüncü şəxs X11 ilə onun qardaşı, yəni iddiaçının oğlu 2007-ci ildən nikaha daxil olduqları vaxtdan mübahisələndirilən mənzildə heç vaxt yaşamamış, başqa ünvanda kirayədə yaşamışlar. Üçüncü şəxs Türanə Məhmədyarova ilə qardaşı arasında nikah pozulmuşdur. Üçüncü şəxslər hazırda da həmin mənzildə, başqa ünvanda kirayədə yaşayırlar. Üçüncü şəxs X7 həmin mənzildə qeydiyyata alınmasına iddiaçının notarial qaydada təsdiq edilmiş razılığı olmamışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Məhkəmə araşdırması zamanı üçüncü şəxslərin mübahisəli mənzildən istifadə hüquqlarının olmaması müəyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 31 ünvanında yerləşən 39 saylı mənzil iddiaçının mülkiyyətindədir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayış evində qeydiyyatda olan digər şəxslər X12, X4, X13, X11, X14, X1r. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı qəbul edildikdən sonra üçüncü şəxslər həmin mənzildən qeydiyyatdan çıxarılmışlar. Bundan sonra üçüncü şəxslər qərardan apellyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X17 xx.xx.2018-ci il tarixdən hazıradək, xx.xx.2008ci il təvəllüdlü X12 xx.xx.2016-cı il tarixdən hazıradək, xx.xx.2014-cü il təvəllüdlü X13 xx.xx.2020-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, üçüncü şəxs X11 2018-ci ildən, X12 2016-cı ildən, X13 isə 2020-ci ildən hazırki vaxtadək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-513/2021 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X8 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İ.Məhmədyarov ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2007-ci il tarixdə 1268 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahdan olan X12 və X6 anaları X7 yanında qalmaları qət edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə iddiaçının oğlu ilə keçmiş gəlini arasında 2007-ci ildə bağlanmış nikah 2021-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən gəlini və nəvələri olan hazırkı iş üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən iddiaçıların qonşuları Nəcibə Əsgərova, X24, X9 iştirakı ilə tərtib edilmiş və Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil Kommunal sahəsinin nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 11-ci mikrorayon, ev 31, mənzil 39 ünvanında qeydiyyatda olan X11, X12 və X13 həqiqətən 2008-ci ildən göstərilən ünvanda yaşamırlar. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının oğlu izahatında üçüncü şəxs X11 ilə onun qardaşı, yəni iddiaçının oğlunun nikaha daxil olduqları vaxtdan sözügedən mənzildə heç vaxt yaşamadıqlarını, üçüncü şəxslərin nikah pozulduqdan hazırda da həmin mənzildə deyil, başqa ünvanda kirayədə yaşadıqlarını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, T.Məhmədyarova ilə iddiaçının oğlu arasında bağlanmış nikah pozulmuş və iddiaçının keçmiş gəlini və nəvələri olan üçüncü şəxslər mübahisələndirilən ünvanda qeydiyyatda olsalar da hazırda həmin ünvanda yaşamırlar. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad edərək iddiaçının oğlu ilə 20 avqust 2007-ci il tarixdən rəsmi nikah daxil olduqları tarixdən həmin mənzildə iddiaçının notarial qaydada razılığı ilə qeydiyyata düşdüyünü bildirmişdir. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmin Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Göründüyü kimi iddiaçının istinad etdiyi Mülki Məcəllənin 228-ci maddəsinə əsasən daşınmaz əmlaka yaranan hüquq məhdud əşya hüququ olmaqla, mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Bununla bağlı isə üçüncü şəxsə münasibətdə iş materiallarında hər hansı sənəd və ya sübut mövcud deyildir, sonuncu tərəfindən də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında bunun davamı olaraq göstərilir ki, bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi ailə qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçidən saxlanılmalarını tələb etmək hüququ olan və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququ vardır. Hazırkı işdən isə göründüyü kimi üçüncü şəxslər mənzilin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamamaqla onlar arasında etibarlı ailə münasibətləri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Bu səbəbdən də, kollegiya qeyd edir ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-1(118)-2127/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-293/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-293/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver