Məhkəmə qərarları › İş №2-1(105)-293/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-293/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-293/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-930/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “iddiaçının 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Quba rayonu, Pirvahid kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı Sovet Ticarəti texnikumuna daxil olub, 1976-cı ildə təhsilini başa vurub, xx.xx.1976-cı ildə diplom almışdır. 24 aprel 1977-ci ildə keçmiş SSR-nin ordu sıralarına çağırılıb, 1979-cu ildə xidmətini başa vurmuşdur. O, 15 avqust 1980-ci ildə keçmiş Quba rayonu Kirov adına sovxoza fəhlə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixə kimi müxtəlif təşkilatlarda işləmiş, ümumilikdə təhsilini, hərbi xidmətini və işlədiyi dövrlər nəzərə alınmaqla 12 ilə yaxın sığorta stajı vardır. 24 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" X6 Telekommunikasiya qovşağına elektrik montyoru vəzifəsinə qəbul edilib. 01 iyul 2014-cü il tarixə kimi həmin müəssisədə çalışmışdır. Cavabdeh təşkilat 02 may 2023-cü il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciət edərkən stajını təsdiq edən sənəd kimi əmək kitabçası və hərbi biletini təqdim etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 19 may 2023-cü il tarixli, 317-1/2-C- 111409/2023 nömrəli məktubu ilə İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması bildirilmişdir. Əlavə olaraq qeyd edilir ki, iddaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Belə ki, İddiaçı əmək kitabçası və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil illəri nəzərə alınmaqla) 8 il 8 ay 2 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, hazırki iş üzrə iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-930/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikaslı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh iddiaçının stajını hesablayan zaman iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirmişdir. Məhkəmə qeyd edilən halın araşdırılması məqsədilə "xxxx" MMC-yə sorğu ünvanlamış, məhkəmə sorğusuna əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri haqqında, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqları üzrə məlumatlar (Forma B3) məhkəməyə təqdim edilmişdir. Belə ki sözügedən sənədlərdən iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənildiyi öz təsdiqini tapır. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və yuxarıda qeyd edilən qanun normasına uyğun olaraq onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı əmək kitabçası və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı i tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 8 il 8 ay 2 gün təşkil etmişdir. Qeyd edilir ki, məhkəmə qərarında iddiaçının fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alındığını və buna görə də İddiaçı yaşa görə əmək pensiyası təyin edilməli olduğunu qeyd etmişdir. Bildirilir ki, məhkəmə prosesi gedişatı zamanı məhkəməyə yazılı formada MİES “Sığorta” alt sistemindən İddiaçı fərdi şəxs hesabında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığına dair çıxarış təqdim edilmiş və şifahi formada məhkəmənin nəzərinə çatdırılmışdır. Eyni zamanda dəfələrlə cavabdeh inzibati orqan tərəfindən mübahisənin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə “Aztelekom" İstehsalat Birliyi və onun yerli qurumuna sorğular ünvanlanmış, lakin sorğular cavablandırılmamışdır. Onu da qeyd edirlər ki, hazırki iş üzrə məhkəmə iclasında İddiaçı fərdi şəxsi hesabında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmayacağı bildirilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda bu kateqoriya işlərdə ilk olaraq Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına müraciət edilməsi və sığorta haqqları alt sistemdə əksini tapdıqdan sonra “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyinat aparılacağı məhkəməyə bildirilmişdir. Mərkəzi Filial tərəfindən Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə 27 fevral 2024-cü il tarixli, 3-17-1/2-4647/2024 nömrəli vəsatət verilmiş, məhkəmə iclası zamanı vəsatətə münasibət bildirilməmişdir. Hazırki tələb üzrə iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından cavabdeh Mərkəzi Filial tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-930/2024 nömrəli qərarının qərara aldı hissəsində iddiaçıya hansı tarixdən yaşa görə pensiya təyin edilməsi göstərilmədiyindən hesab edilir ki, qərar aydın deyil və icrası mümkünsüzdür. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-) Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. (-) 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı xx xxxxx 1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına (65 yaş) çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə imtina əsası təşkil edir. Kollegiya cavabdehin imtina məktubu və apellyasiya şikayətindəki dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddiaçının 25 il sığorta stajı tamam olmamışdır və bu hal mübahisə olunmur. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Göründüyü kimi yaranmış mübahisənin əsasını iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək işlədiyi dövrlərin nəzərə alınaraq qanunvericilikdə müəyyən edilmiş güzəştin tətbiq edilməsi təşkil edir. Məhkəmə kollegiyası həmin hallarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-yə sorğu ünvanlamış, məhkəmə sorğusuna əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri haqqında, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqları üzrə məlumatlar (Forma B3) məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənildiyi öz təsdiqini tapmışdır. İş materiallarının 117-ci səhifəsinə müvafiq ödəmələrin aparıldığı müəyyən edən sənəd əlavə edilmişdir. Eyni zamanda cavabdeh inzibati orqan da qeyd edir ki, sığorta haqqları alt sistemdə əksini tapdıqdan sonra “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyinat aparılacağı məhkəməyə bildirilmişdir Apellyasiya instansiyasında icraat zamanı mübahisənin məhkəmədənkənar həllinə nail olmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinə və "xxxx" İstehsalat Birliyinə müvafiq sorğular verilmiş və aşağıdakı məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 13 mart 2025-ci il tarixli, 3-17-1/2-61991/2025 nömrəli məktubundan qeyd edilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" İstehsalat Birliyinin X1 (SUN: **********0) 2014cü il üçün təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. Bildirilir ki, İddiaçı 2014-cü il üzrə fərdi şəxsi hesab məlumatlarının araşdırılması üçün tələb olunan lazımi sənədlərlə bağlı Filial tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 146005/2024 nömrəli məktubla məlumat verilməsinə baxmayaraq lazımi sənədlər cari tarixədək Filiala təqdim edilməmişdir. Nəzərə çatdırılır ki, 2006-2016-cı illər üzrə sığortaedənlərin düzgün formada təqdim etmədikləri məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlara sığortaolunanların məlumatlarının əlavə edilməsi prosesi Nazirliyin xx.xx.2024-cü il tarixli, 3-17/3-2-184/2024 nömrəli Əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”nda (bundan sonra - “Tədbirlər Planı”) nəzərdə tutulan sənəd və məlumatların təqdim edilməsi vasitəsilə həyata keçirilir. Qeyd edilir ki, “Tədbirlər Planı”nda sığortaolunanların fərdi şəxsi hesablarında düzəlişlərin aparılması ilə bağlı sənəd və məlumatların təqdim edilməsindən başqa bir müddəa nəzərdə tutulmamışdır. Sorğu ilə əlaqədar bildirilir ki, tələb olunan lazımi sənədlər sığortaedən, "xxxx" MMC (SUN: **********0) tərəfindən tam və düzgün şəkildə təqdim edilmədiyindən MEİS-də sığortaedən "xxxx" İstehsalat Birliyinin X1 2014-cü il üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabata İddiaçı məlumatlarının əlavə edilməsi ilə bağlı araşdırmanın aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, MEİS-də qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri, ona nisbətində hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 aprel 2025-ci il tarixli, 3-27-108/2-1559/2025 nömrəli məktubunda qeyd edilir ki, sorğuda qeyd edilən məsələ ilə əlaqədar Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixli, 3-27-108/2-1529/2025 nömrəli məktubla Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət edilmişdir. Müraciətdəki sorğu Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən cavablandırıldıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı araşdırmanın aparılması təmin ediləcəkdir. Sözügedən məktuba qoşma olaraq əlavə olunmuş 15 aprel 2025-ci il tarixli, 3-27- 108/2-1529/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ilə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Cəmiyyət) strukturuna daxil olan hüquqi şəxs olmayan struktur vahidi Quba Rayon Telekommunikasiya Qovşağı (SUN: **********0; VÖEN: **********) ləğv edilərək vergi uçotundan çıxarıldığını bildirmiş, "xxxx" MMC-nin yuxarıda adı qeyd olunan idarənin hüquqi varisi olduğu nəzərə alınmaqla sığortaedənin 2014-cü il üzrə finləşdirilməmiş və bölüşdürülməmiş hesablar bölümündə düzəliş edilməsi üçün Cəmiyyətə funksionallıq verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 30 aprel 2025-ci il tarixli, 3-17-1/2-100184/2025 nömrəli məktubundan görünür ki, sığortaedənin Filiala ünvanladığı, xx.xx.2025-ci il tarixində, 3-17-1/1-83225/2025 nömrə ilə qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli, 3-27-108/2-1529/2025 nömrəli müraciəti ilə əlaqədar X1 (SUN:**********0) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2006-2016-cı illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında əks olunan sığortaolunanların məlumatlarına müvafiq funksionallıq əsasında baxış imkanı keçirə bilməsi üçün Nazirliyin tabeliyində “DOST X3” MMC-yə (bundan sonra – Mərkəz) xx.xx.2025-ci il tarixində 3-17-1/3-1- 28860/2025 nömrəli məktub göndərilmişdir. Məlumat üçün bildirilir ki, sığortaedənin eyniməzmunlu müraciətləri xx.xx.2025-ci il tarixində 3-17-1/2-76593/2025 və xx.xx.2025-ci il tarixində 3-17-1/2-85915/2025 nömrəli məktublarla cavablandırılmış və müvafiq funksionallığın təmin edilməsi ilə bağlı Mərkəzə müraciət olunduğu bildirilmişdir. İşin məhkəmə icraatında olması ilə əlaqədar sığortaedənin sözügedən funksionallıqla təmin edilməsi üçün Mərkəzə xx.xx.2025-ci il tarixində 3-17-1/3-1-37999/2025 nömrəli məktubla yenidən müraciət olunmuşdur. Müvafiq cavab gəldikdən sonra məhkəməyə və sığortaedənə məlumat veriləcəkdir. Yuxarıda qeyd olunan məktublardan da göründüyü kimi hazırki mübahisənin yaranma əsasını inzibati orqanlar arasında mövcud olan texniki məsələlər təşkil etmişdir. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-yə sorğu ünvanlamış, məhkəmə sorğusuna əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər haqqında, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqları üzrə məlumatlar (Forma B3) məhkəməyə təqdim edilmişdir. Belə ki sözügedən sənədlərdən iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənildiyi öz təsdiqini tapır. Həmçinin iddiaçının həmin müəssisədən müvafiq dövrlər üzrə əmək haqqı alması barədə cədvəllər mövcuddur. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınaraq inzibati icraat aparılmaqla yuxarıda adıçəkilən inzibati orqanlarda mövcud olan texniki məsələlər ətrafında zəruri araşdırılma həyata keçirilməli idi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı ilə eyni müəssisədə çalışan və tələbi eyni hüquqi əsasla bağlı olan şəxs barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-1877/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərarında qeyd olunan aşağıdakı mövqeyə diqqət yetirilməlidir: Qeyd edilməlidir ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortacı təşkilata verilən pul vəsaitidir. Qanunun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının hüquq və vəzifələrinə aiddir. İstinad olunan Qanunun tələblərinə uyğun olaraq, iddiaçının 2006-2007-ci illər ərzində işlədiyi Telekommunikasiya Qovşağı tərəfindən ödənilmiş sosial sığorta pulunun hesablanaraq müəyyən edilmiş məbləğin sığortaolunan iddiaçının fərdi sığorta hesabına köçürülməsi sığortaçının vəzifələrinə aid olmuş, onun tərəfindən sığorta edən Telekommunikasiya Qovşağından fərdi sığorta hesabatı (B3) tələb edilməli idi. Nəzərə almaq lazımdır ki, istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqanın vəzifəsi kimi müəyyən olunmuşdur. ..... Mübahisəli dövrdə qüvvədə olan və qərarın yuxarıda göstərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürənin–sığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, son nəticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququ məhdudlaşdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi müddət sığorta stajına daxil edilməlidir. Həmçinin iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisəli dövrlərdə işləməsini və əmək haqqı almasının mötəbərliyinə şübhə edilməsi əsası ilə yox, faktiki səbəblərdən iddiaçının pensiya kapitalının olmamasına istinad edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş şərt ödənildiyindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-930/2024 nömrəli qərarının “qərara aldı” hissəsində iddiaçıya hansı tarixdən yaşa görə pensiya təyin edilməsi göstərilmədiyindən hesab edilir ki, qərar aydın deyil və icrası mümkünsüzdür. Qeyd olunanlarla bağlı iddiaçının hüquqi marağı nəzərə alınmaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona 65 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixindən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının tələbi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğundan ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 24 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona 65 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixindən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-930/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 24 fevral 2014-cü il tarixdən 01 iyul 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" X6 Telekommunikasiya Qovşağında işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilərək, ona 65 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixindən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar