Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-294/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(118)-4050/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 30 mart 2005-ci il tarixli, 01 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 2,0 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhdullarının istehsalı üçün 3,80 ha, cəmi 5,80 ha, 11 may 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 0,50 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhdullarının istehsalı üçün 3,50 ha, cəmi 4,0 ha torpaq sahəsinin X2 qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 25 nömrəli, xx.xx.1990-cı il tarixli, xx.xx.1991-ci il tarixli qərarı və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2 nömrəli sərəncamı ilə “Şirvan" Ticarət Kompleksinin inşası üçün ümumilikdə 8,0 ha torpaq sahəsi “İnkişaf” Assosiasiyasının istifadəsinə ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi tərəfindən keçirilən monitorinq zamanı məlum olmuşdur ki, hazırda həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Şəhriyar bələdiyyəsi tərəfindən əvvəlcə xx.xx.2005ci il tarixli, 01 nömrəli qərarla 5,8 ha, daha sonra xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarla 4 ha olmaqla “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Hesab edir ki, həmin bələdiyyə qərarları etibarsız hesab edilməlidir. Belə ki, həmin torpaq sahələri “İnkişaf” Assosiasiyasının istifadəsinə verilməklə, dövlət mülkiyyətində qalmışdır. Cavabdeh bələdiyyə isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini “Şirvan" Ticarət Kompleksinin direktoruna satmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına və həmin Fərmanla ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti (bələdiyyə qərarının verildiyi zaman Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti) tərəfindən satıla bilərdi. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla həmin torpaq sahələrinin satılması hüququ səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, Şəhriyar bələdiyyəsi dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, mübahisələndirilən bələdiyyə qərarlarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş 23 aprel 2005-ci il tarixli, JN-1272 saylı və 07 iyun 2005-ci il tarixli, JN-1279 saylı Dövlət Aktlarına əsasən həmin torpaqlar vətəndaşın mülkiyyətinə verilmişdir. DTXK fəaliyyətdə olduğu dövrdə hüquqların qeydiyyatını əks etdirən elektron baza məlumatlarına iddiaçı orqanın çıxış imkanları ən azı 2009-cu ilin iyul-avqust aylarından mövcud olmuşdur. Belə ki, 12 iyul 2006-cı il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması ilə əlaqədar həmin dövrə qədər mülkiyyət hüquqlarının qeydiyyatını aparmış dövlət orqanlarının məlumatları, o cümlədən, DTXK-nin məlumatları yeni yaradılmış DƏDRX-nə verilmişdir. 2009-cu ilin iyul ayında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bazasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış, DƏDRX həmin komitənin tabeliyinə verilmişdir. Həmin dövrdən ƏMDK-nin DTXK fəaliyyətdə olduğu dövrdə hüquqların qeydiyyatını əks etdirən elektron baza məlumatlarına çıxış imkanları mövcud olmuşdur. Mübahisə predmeti olan torpaq sahələri 2010-cu ildə ƏMDK tərəfindən təqdim edilmiş dövlət fonduna aid torpaqların siyahısında 00188687 nömrəsi ilə “Şirvan” Ticarət Kompleksinin ərazisi kimi qeyd olunmuşdur. Qeyd 4,0 ha və 5,8 ha torpaq sahələri dövlət torpaqlarına aid edilmiş ərazinin daxilində yerləşir. Hesab edir ki, hazırkı iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətinə əməl edilməsidir, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarlardan 2006-cı ildən məlumatı olmuş, bununla da hazırkı iddanı müddət ötürməklə qaldırmışdır. Odur ki, iş üzrə iddianın xüsusi mümkünlük şərti ödənilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-3261/2022 nömrəli qərardadı ilə X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2-1(118)-789/2023 nömrəli qərardadı ilə mübahisənin həlli qaydasının inzibati məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli olması əsası ilə iddianı mümkün saymamışdır. (hakim L.Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(105)-341/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-789/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) Birinci instansiya məhkəməsindəki ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(118)-4050/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla, mübahisələndirmə haqqında iddia növünə aiddir. Qeyd edilən iddia növünün xüsusi mümkünlük şərtlərindən olan iddia müddətinə əməl edilməsi şərti hazırkı işdə ödənilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən vətəndaş Nümayəndə1 ünvanlanmış 27 iyul 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı hazırda mübahisələndirdiyi bələdiyyə qərarlarından 27 iyul 2022-ci il tarixdən xəbərdar olmuşdur. Lakin, iddiaçı həmin qərarların mübahisələndirilməsinə dair iddia ərizəsi ilə 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. “İnzibati İcraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş halların hazırkı iş üzrə mövcud olmaması səbəbindən, məhkəmə İPM-nin 13-cü maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsinə inzibati aktın etibarsız sayılması üçün iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi hazırkı iddianın İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid olduğunu qeyd etmişdir. Halbuki, iddia tələbi inzibati aktın ləğvi ilə bağlı deyil, etibarsız hesab edilməsi ilə bağlıdır. Qanunvericiliyə uyğun olaraq iddianın növünün düzgün müəyyən edilməsi məhkəmənin vəzifəsi olduğu halda, işə baxan məhkəmə işin mövcud faktiki hallarına və sübutlara əhəmiyyət vermədən hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmişdir. Məhkəmə mübahisələndirmə haqqında iddianın mümkünlük şərti olan iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Bununla bağlı bildirir ki, məhkəmənin qeyd olunan mülahizəsi ağlabatan və qanunvericiliyin tələbləri baxımından əsaslı deyildir. Belə ki, məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan tarixdən mübahisələndirilən qərarlardan xəbərdar olduğunu, lakin hazırkı iddia ilə 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyini və bununla da iddia müddətini ötürdüyünü qeyd etmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, hazırkı iddia Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən deyil, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq dövlət əmlakının mühafizəsi, qorunub saxlanılması və özəlləşdirilməsi sahəsində dövlət nəzarətini həyata keçirən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qaldırılmışdır. Məhkəmə iddiaçının mübahisələndirilən qərarlardan hansı tarixdən xəbərdar olması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, qanunvericilikdə hazırkı iddia növü üçün iddia müddəti müəyyən edilməmişdir. Hesab edir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə araşdırılmalı olan halları araşdırmamış, qərardadı əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan, məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Birinci instansiya məhkəməsi qərardadında “İnzibati icraat haqqında” Qanunun 65.1ci maddəsində sadalanan inzibati aktın etibarsız hesab edilməsi hallarının heç birinin hazırkı iş üzrə mövcud olmadığını qeyd edərək iddia tələbini mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmiş və iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, işə baxan məhkəmə qaldırılmış iddianın növünü düzgün müəyyən etməmiş, bununla da, iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Bu iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı). Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın etibarsızlığının dəqiq və konkret əsasları müəyyən olunmuşdur və həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə inzibati akt etibarsız sayılır. İddiaçı da iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində vaxtilə dövlət orqanları tərəfindən “Şirvan" Ticarət Kompleksinin inşası üçün “İnkişaf” Assosiasiyasının istifadəsinə ayrılmış və dövlət mülkiyyətində olan torpaq sahəsinin buna səlahiyyəti olmayan orqan cavabdeh bələdiyyə tərəfindən 2005-ci il tarixli qərarlarla vətəndaşa satıldığını qeyd etmişdir. İddiaçının dəlillərindən göründüyü kimi o, bələdiyyə qərarlarının həmin Qanunun yuxarıda qeyd edilən 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, etibarsızlığın tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddiaya yaxındır. Lakin, Qanunun 65-ci maddəsinin tələbi baxımından, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız və ya əhəmiyyətsiz sayıldığı, heç bir hüquqi nəticə yaratmadığı, yəni iddia predmeti mövcud olmadığı üçün qərarın etibarsızlığının tanınmasına yönəlmiş mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının bələdiyyə qərarlarının etibarsız hesab edilməsinə dair tələbi növünə görə mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halıdır. İddianın xüsusi mümkünlük şərtlərinə münasibətdə isə onlar arasında fərq mövcuddur. Hansı ki, müəyyən etmə haqqında iddianın mümkünlük şərti olan subsidiarlıq, yəni, iddiaçı məqsədinə digər iddia növləri, konkret halda mübahisələndirmə haqqında iddia ilə çata bilərdisə, subsidiar iddianın qaldırılmasına yol verilməməsi şərti bu iddia növü üçün keçərli deyildir. Belə ki, etibarsızlığının tanınmasına dair iddianın mübahisələndirmə haqqında iddia ilə yanaşı qaldırılması mümkündür. Bu mənada, hazırkı iş üzrə iddiaçı məhkəmə müdafiəsi hüququndan, eləcə də qeyd edilən iddia növünün xüsusiyyətlərindən irəli gələn imkanlardan istifadə edərək bələdiyyə qərarlarının etibarsızlığının tanınmasına dair iddia irəli sürmüşdür. Digər tərəfdən, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq bu iddianın qaldırılması üçün 30 günlük müddət məhdudiyyəti mövcud deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(118)-4050/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-294/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-294/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver