Məhkəmə qərarları › İş №2-1(105)-294/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-294/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-294/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)- 904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2010-xx.xx.2012-ci illərə görə pensiyasının sonrakı indeksləşmələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır. xx.xx.1979-cu ildə Sumqayıt "Üzvü Sintez" İB-də işə qəbul edilmiş və həmin müəssisədə (sonradan müəssisənin adı dəyişdirilmiş və Sumqayıt “Etilen- Propilen” zavodu adlanmışdır) 43 ildən artıq işləmişdir. İşlədiyi istehsal sahəsi zərərli istehsala aid olduğundan 50 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanmışdır. Lakin iddiaçıya 50 yaşdan deyil, 52 yaşım tamam olan tarixdə, yəni xx.xx.2012-ci ildə əmək pensiyası təyin edilmişdir. 50 yaşı tamam olan tarixdə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyini üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(1 12)-2335/2022 saylı qərarı ilə iddia tələbi təmin olunmuş və ona xx.xx.2010-cu ildən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması qət edilmişdir. Qərar qanuni qüvvə almış və xx.xx.2010-xx.xx.2012-ci illərə görə 3154 manat məbləğində pensiyanın ödənilməsi barədə sərəncam verilmişdir. İddiaçı cavabdehin hesablaması ilə razılaşmır. Beləki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial özünün xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək artırılıb. İddiaçı cavabdehin hesablamasını aşağıda qeyd edilənlərə əsasən düzgün hesab etmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına görə “Əmək pensiyaları haqqında" qanunun 9.8-ci maddəsinə görə, qanunun qüvvəyə mindiyi gündən günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanuna yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilə qədər qazanmış olsunlar. 2017- ci ilin iyul ayının 1-dək qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün xx.xx.2017-ci ildən sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə şəxsin xx.xx.2006-cı ilə qədər olan dövrə aid ümumi iş stajımın hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixinə qeyd edilir. xx.xx.2006-cı il tarixində iddiaçının ümumi iş stajı 30 il 23 gün olmuşdur. Qaydaların 4.2.1-ci yarımbəndinə əsasən SH=PSK/T düsturuna müvafiq olaraq 30 il 23 gün x 306 : 144 = 9180 : 144 = 63.7 manat. xx.xx.2017- ci il tarixdən etibarən qanuna edilmiş dəyişikliklərə əsasən, qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabına sığorta hissəsində qeyd edilən illik artım tempinə uyğun olaraq, 2006-2023-cü il üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Azərbaycan Respublikası DSK tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2023-cü il üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qeyd edilənlərə əsaslanaraq pensiyasının sığorta hissəsi 35.49 manat deyil 63,7 manat olmaqla hesablaşma aparılmalı, həmin məbləğ indeksləşməklə pensiyası yenidən hesablanaraq ödənilməlidir. Pensiyasının sığorta hissəsi 63.7 manat olmaqla xx.xx.2010xx.xx.2012-ci illərə görə pensiya sonrakı indeksləşmələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2006-cı ilədək olan dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat olmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2-1(118)- 3934/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair yazılı münasibətimizi təqdim edir. İddiaçı “əmək pensiyasının xx.xx.2010-xx.xx.2012-ci illər üzrə sonrakı indeksləşmələr nəzərə alınmaqla hesablanaraq ödənilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddia tələbi “xx.xx.2006-cı ilədək olan dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat olmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Müvafiq iddia tələbinə münasibətdə 15 yanvar 2012-ci il tarixdən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı tərəfindən onun əmək pensiyasının 50 yaşının tamam olduğu 15 yanvar 2010-cu il tarixdən təyin edilərək yenidən hesablanmasının və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsinə dair məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə icraatı nəticəsində iddia tələbi təmin edilərək əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi Mərkəzi Filiala həvalə olunmuşdur. Sözügüdən məhkəmə qərarına uyğun olaraq İddiaçı əmək pensiyası 11 iyul 2023-cü il tarixdə yenidən hesablanlanaraq 574,07 manatdan 579,30 manata artırılmış və keçmiş müddət üçün ona ödənilməli olan 3153,67 manat pensiya məbləği hesablanmışdır. Həmin 3153,67 manat pul vəsaiti Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə hissə (hər ay 31,53 manat) onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 30 il 23 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,49 manat (30,06 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2010cu il tarixiə indeksləşdirilib 55,00 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1717,92 manat sığorta kapitalına uyğun 11,93 manat (1717,92:144) və 75,00 manat baza hissə əlavə edilərək xx.xx.2010-cu il tarixə ona 141,93 manat (75.00+55,00+11,93 (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 579,30 manat)) artırılmışdır. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçıya pensiya təyin edilməsi barədə məhkəmə qərarına əsasən onun 50 yaşının tamam olduğu 15,01.2010-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir. Məlum olduğu kimi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olduğu dövrdə qüvvədə olan qanunvericilik xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının hər tam ilinin 170-ə vurmagla hesablanması qaydasını müəyyən etmişdir. İddiaçının istinad etdiyi iş stajının hər tam ilinin 306-ya vurmaqla hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci ildən etibarən qüvvəyə minən dəyişilliklə əlavə edilmişdir və yanız həmin tarixdən sonra hüququ yaranan şəxslərə pensiya təyin olunması zamanı tətbiq olunur. Göründüyü kimi iddia tələbinin əsasını təşkil edən məsələnin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddia tələbinə uyğun olaraq məhkəmə tərəfindən İddiaçı hüququ yarandığı xx.xx.2010-cu il tarixdən pensiyanın təyin edilməsi qərara alınmış və həmin dövrün qanunvericiliyinə uyğun olaraq əmək pensiyası hesablanaraq təyin edilmişdir. İddiaçının iddia tələbinə əsasən xx.xx.2010-cu il tarixdən hüququ yaranan şəxsə xx.xx.2017-ci İldən sonra qüvvədə olan qanunvericiliyin tətbiqi mümkün deyildir. Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakın həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən İddiaçı pensiya məbləği 644,18 manat təşkil edir. Eyni zamanda 11 03.2024-cü il tarixli 3-17-1/3-3-3667/2024 nömrəli qərar ilə İddiaçı pensiya məbləği Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 644,18 manatdan 1001,65 manata artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minən) xx.xx.2017-ci il tarixli № 543-VQD nömrəli Qanuna əsasən 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri "Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinə sığortaolunanların xx.xx.2006-cı il tarixinə qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinə AR Prezidentinin fərmanı ilə xx.xx.2017-ci ildə dəyişiklik edilmişdir. xx.xx.2010-cu ildən güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Cavabdehin günahı üzündən pensiya hüququ pozulmuş, məhkəmənin qərarı əsasında bu hüququ bərpa edilmişdir. Göründüyü kimi bu hüquqa xx.xx.2010-cu ildə malik olmuşdur. Belə olan halda cavabdehin günahı təsdiq edilmişdir və pensiya hüququ xx.xx.2010-cu ildən yaranmışdır. Ali Məhkəmənin qərarı əsasında 2010-cu ildə hüququ bərpa olunduğu üçün pensiya 170 manatla deyil 306 manatla hesablanmalıdır. Lakin bu hüquq hal-hazırda təsdiqləndiyinə görə iş stajının hər ili üçün 306 manat götürülməklə hesablanmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. İndiki halda iddiaçının iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat əsas götürməklə hesablanmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya qanuni qüvvəyə minmiş məhkəmə qərarı (16 may 2023-cü il tarixli) ilə 15 yanvar 2010-cu il tarixdən əmək pensiyasının təyin edilməsi, hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən həmin məhkəmə qərarı icra edilərək, iddiaçıya əmək pensiyası təyin edilərək, hesablanaraq, ödənilməsi həyata keçirilmiş, hazırda da iddiaçıya pensiya məbləği ödənilir. İddiaçı iddia tələbinin əsası kimi o hala istinad edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin ona münasibətdə cavabdeh tərəfindən düzgün tətbiq edilməmiş, 2006-cı il tarixədək onun malik olduğu ümumi iş stajının pensiya kapitalının sığorta hissəsi 63,7 manat əsas götürülməli olduğu halda, 35,49 manat əsas götürülüb hesablanmış, hər tam ili 306 manat əsas götürülməklə hesablanmalı olduğu halda 170 manat əsas götürülərək hesablanmış, bununla da əmək pensiyası məbləğinin düzgün hesablanmamış, habelə onun barəsində əmək pensiyasının təyin edilməsi barədə məhkəmə qərarı 2023-cü il tarixdə qəbul edildiyindən, Qanunun 27.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklik əsas götürülməlidir. Cavabdeh inzibati orqan isə iddiaçıya müvafiq məhkəmə qərarı ilə 2010-cu il tarixdən əmək pensiyasının təyin edildiyini, həmin vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulmuş normanın şərtinə əsasən ümumi iş stajının hər tam ili 170 manat əsas götürülməklə müəyyən edildiyindən, iddiaçının istinad etdyi norma 10 mart 2017-ci il tarixdən qanunvericiliyə dəyişiklik edilərək, daxil edildiyindən, iddia tələbinə etiraz etmişdir. Göründüyü kimi indiki halda tərəflər arasında yaranmış məhkəmə mübahisəsinin predmetini məhz müvafiq məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyası məbləğinin hesablanma qaydası ilə bağlı məsələ təşkil edir ki, həmin məsələ də məhkəmə qərarının icrası ilə bağlı ortaya çıxmışdır. Başqa sözlə desək, indiki halda iddiaçı cavabdeh tərəfindən məhkəmə qərarının düzgün icra edilməməsini bildirir.Nəticə etibarilə iddiaçının hazırda mübahisələndirdiyi hal məhz məhkəmə qərarının icrası qaydasında baxılmalı olan məsələ olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında yaranmış məhkəmə mübahisəsi məhz əmək pensiyasının təyin edilməsi barədə müvafiq məhkəmə qərarının icrası ilə bağlı ortaya çıxdığından, həmin məsələ isə ayrıca iddia tələbinin predmeti qismində çıxış etmədiyindən, məhz icra zamanı yaranmış anlaşılmazlıqların məhkəmə qərarına icra sənədi qismində izah edilməsi ilə bağlı müraciət üçün əsas kimi çıxış etdiyindən, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlüyü baxımından mübahisənin xarakteri düzgün qiymətləndirilməmiş, iddianın mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümükün sayılmaması üçün əsaslar olduğu halda, işə mahiyyəti üzrə baxmış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olmuş, iddia mümkün sayılmadığından, iddiaçının şikayəti iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarının icrası zamanı anlaşılmazlıq (düzgün hesablanma qaydası tətbiq edilməməklə, düzgün icra edilməməsi) yarandığı və bu halın onun hüqularının pozulmasına səbəb olduğunu ehtimal etdiyi halda, həmin məhkəmə qərarının icrası ilə bağlı izah edilməsi barədə məhkəmə qərarını qəbul etmiş müvafiq məhkəməyə müraciət etməklə, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar