Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-295/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X9 X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı adı və vəsiqəsi verlənə qədər olan dövr üçün müavinətin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-463/2020 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Zəngilan rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı kimi aldığı müavinətin xx xxxxxx 2012-ci il tarixdən əvvəlki 3 illik müddətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Müharibə Veteranıdır, lakin DSMF-na dəfələrlə müraciət etsə də, Zəngilan şöbəsi tərəfindən müxtəlif yönümlü cavablar verilmişdir. İddiaçı Azərbaycan Respublikasının “Sosial Müavinətlər haqqında” Qanununa əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilənə qədər olan dövr üçün müavinətin hesablanaraq verilməsi Azərbaycan Respublikasının “Sosial Müavinətlər haqqında” Qanununa əsasən cavabdehə həvalə edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-463/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2019-cu il tarixədək sosial müavinət hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Zəngilan rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X6 Bakı şəhər üzrə 1 saylı Xidmət nümayəndəliyi əsl cavabdehAzərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X9 X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxx 2019-cu il tarixdə müharibə iştirakçısı olduğuna görə müavinət alması üçün şöbəyə müraciət etmişdir. Ərizəsi əsasında ona xx xxxx 2019-cu il tarixdən müharibə veteranı kimi 80 manat məbləğində müavinət təyin edilmişdir. Bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtihayata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsus Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən, o cümlədən respublika hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd edilənlərə əsasən İddiaçı “Müavinətlər haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq müharibə veteranı kimi müavinət vəsiqə aldığı gündən, yəni xx.xx.2019 -cı il tarixdən təyin edilərək ödənilir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-463/2020 saylı qərarı qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin apelyasiya şikayətinə etiraz edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-463/2020 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş materiallarına 085236 nömrəli veteranlıq vəsiqəsinin surəti, cavabdehin imtina məktubu, cavabdehin etirazı və sairə sənədlər daxildir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə ona xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı xx xxxxxx 1998-ci il Əmri ilə təsdiq edilmiş “Təlimat”ın tələblərinə uyğun olaraq verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırki iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-463/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-463/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-1(105)-295/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-295/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver