Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-295/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X2, üçüncü şəxslər Qobustan rayon Bələdiyyəsinin sədri X3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-404/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 başçısı 18 iyun 2019-cu iltarixli 047/1 saylı sərəncamı ilə Cavabdeh1 başçısının iddiaçıya müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi haqqında 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv etmiş, 047/1 saylı sərəncamında Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi Cavabdeh1 başçısının memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Məzahir Əliyevə tapşırılmışdır. 047/1 saylı sərəncam 18 iyun 2019-cu il tarixdə verilmiş olsa da, iddiaçı həmin sərəncamdan Qobustan rayon İH-nin ona qarşı Qobustan rayon məhkəməsində qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair mülki işə baxılarkən xəbər tutmuş və həmin sərəncamın surətini məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 2019-cu ilin noyabr ayının 11 və ya 12- də İHB-nın aparatının ümumi şöbəsindən ala bilmişdir. İddiaçı bildirmişdir ki, baş memarın məlumatının surətinin ona verilməsindən imtina olunmuşdur. Cavabdeh1 başçısı 18 iyun 2019-cu iltarixli 047/1 saylı sərəncamı Qobustan rayon məhkəməsində iddiaçının zərərinə olan 2(026)-157/2019-saylı qanunsuz, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına əsas olduğu, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan hüquqlarımı pozduğu üçün, 047/1 saylı sərəncam tamamilə qanunsuz, əsassız olduğundan iddiaçı məhkəmə qaydasında həmin sərəncamın ləğv olunmasını, pozulmuş hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sərəncamda göstərilir ki, iddiaçı tərəfindən aparılan tikintinin yerləşdiyi torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdur və yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi rayonun baş memarı Məzahir Əliyevə tapşırılsın. Məhz bu sərəncamdan sonra rayon İH iddiaçıya qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Qobustan rayon İHB-nın 047/1 saylı sərəncamı əsassızdır, ona görə ki, yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin 05.08.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB 27.10.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyə əsasında müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı lahiyə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üçün ayırırdı və Qobustan rayon İHB 099 saylı 27.10.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi iddiaçıdan alına bilməz. Çünki Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi,“Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tululmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tulumuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. İddiaçının atasının vəfat etdiyi 10 noyabr 2018-ci ilin səhəri günü İH başçısı iddiaçını çağırmış və tikilini müavini Təranə adlı xanımla şərikli davam etdirib şərikli işlətməyi təklif və tələb etmişdir. İddiaçı gələcək təzyiqləri nəzərə alıb razılıq vermişdir. Təranənin əri ilə tikiliyə baxmağa getmiş, iddiaçı tikiliyə çəkilən xərcin məbləğini yarısını ondan istəmişdir. Həmin adam axşam zəng edəcəyini demişdir. Zəng etməmiş və bundan sonra başçı və baş memar tikilinin çəkilən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşüb-düşməməsi aydınlaşana kimi tikintini davam etdirməyə iddiaçıya imkan verməmişdirlər. Atasının ölümündən sonra tikinti apardığı ərazinin gah meşə fonduna aid olduğu, gah Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşdüyü bəhanəsi ilə iddiaçıya tikinti davam etdirməyə imkan verməmişdirlər, həm də başçının tikintini müavini ilə şərikli tikib işlətməyi təklifindən sonra iddiaçı başa düşmüşdür ki, avtovağzal bəhanədir, torpağı özləri üçün əlindən almaq istəyirlər və bu reyde basqınına “qanuni” don geyindirmək üçün 047/1 saylı sərəncam və Qobustan rayon məhkəməsində çıxartdıqları 2(026)-157/2019 saylı qətnamə ortaya çıxmışdır. Qobustan rayon İH Başçısının 047/1 saylı sərəncamı qanunsuzdur, ona görə ki, 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliydə çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsini daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintinin davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Həmçinin, iddiaçıya Cavabdeh1 müvafiq sərəncamına əsasən maddi ziyan dəymiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti apardığı müəyyən edilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin, vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlər tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmişdir. Vətəndaşa dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşdan ərazini əvvəlki vəziyyətə gətirilməsi tövsiyyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi bildirilsə də, vətəndaş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsi boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qobustan Rayon Məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş 27 oktyabr 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün 18 iyun 2019-ci il tarixli 047/1 nömrəli sərəncamla ləğv edilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh1 18 iyun 2018-cu il tarixli, 047/1 saylı Sərəncamı ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.09.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2-1(118)-404/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh1 099 nömrəli 27.10.2015- ci il tarixli Sərəncamı torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına razılığın verilməsi ilə bağlı olmuşdur və həmin torpaq sahəsinin Himət Sərkərova aidiyyatının olmaması səbəbindən torpaq sahəsi ilə qarşılıqlı əlaqəsi 27.10.2015-ci il tarixli Sərəncamı ləğv edən 18 iyun 2019-cu il tarixli Sərəncamın mübahisələndirilməsinə də Hikmət Sərkərovun subyektiv hüququ yoxdur. Yəni, həmin Sərəncamlar birbaşa Hikmət Sərkərovla bağlı deyil, onun sahibliyində olmayan torpaq sahəsinin üzərində tikinti işlərinin aparılması ilə bağlı olmuşdur. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab olunması və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı şikayətində iddia ərizəsinin məzmununa və iş üzrə əvvəlki məhkəmə qərarlarına istinad edərək göstərir ki, istər apellyasiya məhkəməsi, istərsə də kassasiya instansiyası məhkəməsi iddia tələbinin mümkünsüzlüyü ilə bağlı fikir yürütmədiyi halda məhkəmə iddia tələbini mümkünsüz hesab etmişdir. Məhkəmənin bu mövqeyi tam əsassızdır. Şikayət onunla əsasladırılımışdır ki, tikinti işlərinin aparılmasına dair icazə ona qüvvədə olan bələdiyyə qərarı əsasında ayrılmış həmin torpaq sahəsi üzərində tikinti işləri aparmaqla böyük məbləğdə vəsait sərf etmişdir. Lakin, məhkəmə birtərəfli və qeyri obyektiv mövqe nümayiş etdirməklə əsaslı iddia tələbini mümkünsüz hesab etmişdir. İddiaçı şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddəsinə istinad edərək göstərmişdir ki, qərardad hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə prosesi iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və üçüncü şəxs Qobustan rayon Bələdiyyəsinin sədri apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-404/2022 nömrəli qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəmədən Cavabdeh1 18 iyun 2018-cu il tarixli, 047/1 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı (1); əlverişsiz inzibati akt olmalı (2); iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli (3); iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı (4); qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM32.1, 35.1, 38.1) (5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3cü bənd). Hazırkı işin yuxarıda qeyd edilən hallarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsindəki birinci icraat zamanı iddianın mümkünlüyü ilə bağlı məsələyə baxılmış və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün sayılaraq ona mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilmiş, həmin qərardan verilmiş şikayət əsasında da işə yuxarı instansiya məhkəmələrində baxılmışdır. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərildikdən sonra tərəflərin iştirakı ilə keçirilmiş 5 məhkəmə iclasının heç birində iddianın mümkünlüyü ilə bağlı məsələ tərəflərlə müzakirə edilmədən, iddianın mümkünsüz sayılması ilə bağlı ortaya çıxmış hər-hansı halla bağlı tərəflərin (o cümlədən iddiaçının) dinlənilmə hüququ təmin edilmədən məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gəlmişdir. Gəldiyi nəticəni iddiaçının 18 iyun 2019-cu il tarixli 047/1 nömrəli sərəncamı mübahisələndirilməsinə subyektiv hüququnun olmaması ilə əsaslandıran məhkəmə öz qərardadında göstərir ki, Cavabdeh1 başçısının 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamında İddiaçı məxsus 192 m2 ölçüdə rayon icra hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş, daha sonra cavabdeh inzibati orqan həmin Sərəncamın qanunsuz olduğu qənaətinə gələrək, 18 iyun 2019-cu il tarixli 047/1 nömrəli sərəncamı ilə 099 nömrəli 27.10.2015-ci il tarixli inzibati aktı ləğv etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunidir. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə “İnzibati İcraat Haqqında” qanunun 67-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı cavabdehin ona sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi barədə 27.10.2015-ci il tarixli 099 nömrəli Sərəncamının ləğv edilməsinə dair 18 iyun 2019-cu il tarixli 047/1 nömrəli sərəncamını mübahisələndirərək onun ləğv edilməsini tələb edir. 18 iyun 2019-cu il tarixli 047/1 nömrəli sərəncam iddiaçı üçün əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Eyni zamanda İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırkı iş üzrə iddianın digər mümkünlük şərtləri mübahisə predmeti deyildir. Birinci instaniya məhkəməsinin istinad etdiyi iddiaçının müvafiq sərəncamın mübahisələndirilməsinə subyektiv hüququnun olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ məhz 27.10.2015-ci il tarixli 099 nömrəli Sərəncamdan irəli gələn sahibkarlıq obyekti tikilməsinə yaranmış hüququnun müdafiə etmək marağından yaranır. Çünki, 27.10.2015-ci il tarixli 099 nömrəli Sərəncamla iddiaçıya sahibkarlıq obyektinin tikintisinə icazə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Belə olan halda müvafiq torpaq sahəsinin iddiaçıya aidiyyatının olmaması əsası ilə onun iddiasının mümkün sayılmaması iddiaçının yuxarıda sadalanan normalardan irəli gələn sahibkarlıq hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi müvafiq hallar iddianın mümkünlüyü ilə əlaqədar deyil, onun əsaslılığının yoxlanılması zamanı ortaya çıxan və qiymət verilməli olan hüquqi məsələlərlə bağlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-404/2022 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-295/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-295/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver