Məhkəmə qərarları › İş №2-1(105)-295/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-295/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-295/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin 30 may 2023-cü il tarixli, 3-17- 1/3-3-11606/2023 nömrəli və 30 may 2023-cü il tarixli, 3-17-1/3-3-11608/2023 nömrəli qərarların ləğv edilməsi və onun əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 2-1(118)-2422/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı “Bakı-Pivə” ATSC-nin soyuducu kompressor sexində xx.xx.1969-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, texnik-mexanik, usta, böyük usta, rəis, xx.xx.1981- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində isə soyuducu kompressor sexində rəis və "xxxx" MMC-nin texniki-xidmət sahəsində xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində kompressor sexinin rəisi, xx.xx.2012-ci ildə tenxiki xidmətə kompressor sahəsinin operatoru vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək xx.xx.2023-cü il tarixədək ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, № 3-17- 1/2-C-163993/23 saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” məktubunda, iddiaçının pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünün, o cümlədən xx.xx.1964-cü il tarixdən xx.xx.1968-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1968-ci il tarixdən xx.xx.1969-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 41 il 1 ay 28 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 12908,10 manat pensiya kapitali, xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 15097,46 manat pensiya kapitalı əsasında İddiaçı xx.xx.2020-ci il tarixdən (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olan müvafiq məktubdan 3 il əvvəl) 613,45 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 683,39 manata, xx.xx.2022-ci il tarixindən 706,63 manata çatdırılmışdır. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli Sərəncamının 1.2-ci bəndinə Əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə Əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 723,29 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə Əsasən 829,61 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildirilir ki, Qanunun 9-cu maddəsinin tələblərinə əsasən İddiaçı hüququ olmadığı halda ona xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olan müvafiq məktubdan 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması hərəkətlərinin aradan qaldırılması və pensiyanın dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11606/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11608/2023 nömrəli qərarların ləğv edilməsi və onun əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. X3 müharibəsində şəhid olmuşdur. Sonuncu iş yeri olan “Bakı-Pivə” ATSC-də 1969-cu ildən müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2009-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh tərəfindən qəbul edilmiş qanunsuz qərarla həmin pensiyanın verilməsi dayandırılmış, artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələb olunmuşdur. Əsas olaraq güzəştli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısındə nəzərdə tutulan vəzifələrə iddiaçının işlədiyi vəzifələr uyğun gəlmir. Halbuki iddiaçının iş yerindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışlarla müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifə adları Nazirlər Kabinetinin qeyd olunan qərarında göstərilən vəzifələrə ad olaraq uyğun gəlməsə də, iş xüsusiyyətləri baxımından eynidir və əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxildir. Eyni zamanda, vəzifə təlimatları ilə iddiaçının əmək funksiyaları,vəzifə öhdəlikləri, tələb olunan bilik və bacarıqlar müəyyən olunur. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə “Bakı-Pivə” ATSC-nin soyuducu kompressor sexində xx.xx.1969-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, texnik-mexanik, usta, böyük usta, rəis, xx.xx.1981xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində isə soyuducu kompressor sexində rəis və "xxxx" MMC-nin texniki-xidmət sahəsində xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində kompressor sexinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Pivə” ATSC-nin soyuducu kompressor qurğuları sexində və xx.xx.1997- xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin soyuducu kompressor sexində rəis vəzifəsində çalışdığı və işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" MMC tərəfindən birgə aktla təsdiq edilmişdir. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 1 ay 21 gün (xx.xx.1969-xx.xx.1971 –ci il, xx.xx.1973-xx.xx.1975-cİ il, xx.xx.1975-xx.xx.1976cı il və xx.xx.1977-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 80945,24 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 26 may 2023- cü il tarixədək X4 Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının dayandırılması və əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında qərarlar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2422/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının dayandırılmasına səbəb olmuş iş stajının olmaması arqumenti əsassızdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən birgə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Aktının “qeyd” hissəsindən görünür ki, iddiaçı xx.xx.1999-cu ildən sözügedən müəssisədə texniki xidmət sahəsinin kompressor qurğusunun maşinisti peşəsində əlavə peşə kimi çalışmışdır. Bu fakt onun əmək kitabçası ilə də öz təsdiqini tapmışdır. İddiaçının həmin dövrlərdə əlavə peşə kimi güzəştli şərtlərlə işləməsi onun iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında qeyd edildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı inzibati orqanın sələfi tərəfindən düzgün aparılmışdır. Belə olan halda cavabdeh tərəfindən qəbul edilən mübahisələndirilən qərarlar qanunsuz olmuşdur. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişim tutulmasına əsas yarada bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

27. Yeyinti sənayesi 27.10 Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr, sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvi yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) a) fəhlələr : bütün adlarda aparatçılar yuyucu maşının maşinistləri təmirçi çilingərlər b) mütəxəssislər : istehsalat sahə ustaları, böyük ustalar

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi cavabdehin cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11606/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11608/2023 nömrəli qərarların ləğv edilməsi və onun əvvəlki pensiyasının bərpa edilməsindən ibarət olmuşdur. İş materiallarından iddiaçının nümayəndəsinin və vəkli tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi və birinci isntansiya məhkəməsinin həmin ərizədə göstərilən tələbə uyöun qəbul edildiyi müəyyən edilir. Lakin məhkəmə iclas portokolundan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilibedilməməsi görünmür. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı aydın olduğundan və məhkəmənin iddianın ifadə tərzi ilə bağlı olmadığından iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan öz təşəbbüsü ilə, yəni konkret əsas olmadan iddiaçıya aid məlumatları yerində dəqiqləşdirmə etmiş, xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı- Pivə” ATSC-nin soyuducu impressor qurğuları sexində qurğuları sexində və xx.xx.1997xx.xx.2009-cu il tarixləri arsındaki dövr ərzində "xxxx"MMC-nin soyuducu kompressor sexində rəis vəzifəsində çalışdığı və işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmadığına istinad edərək həmin əsasla 14 ildən sonra onun əmək pensiyasının dayandırılması və əmək pensiyasının təyin edilməsi barədə qərarının ləğv edilməsi barədə qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçıya aid məlumatların yerində dəqiqləşdirilməsi nəticəsində qəbul etdiyi qərarların və onların əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir. Cavabdeh iddiaçının müəyyən illərdə sex rəisi vəzifəsində işlədiyi dövrləri onun güzəştli iş stajına qəbul etməkdən imtina edir və nəticədə onun tələb olunan ən azı 12 il 6 ay staja malik olmamasını bildirir. Bununla yanaşı diqqətə alınmalıdır ki, yerində qarşılıqlı yoxlama zamanı tərtib edilmiş aktın qeyd hissəsində iddiaçıya xx.xx.1999-cu ildən texniki xidmət sahəsinin kompressor qurğularının maşinisti peşəsinin də həvalə olunduğu qeyd edilmişdir. Cavabdeh apellyasiya şikayətində bununla bağlı qeyd etmişdir ki, həmin peşə ilə bağlı müəssisə tərəfindən güzəştli arayış təqdim edilmədiyindən cavabdeh ögstərilnə dövrü onun sosial sığorta stakına daxil edə bilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında onun iddiaçının işlədiyi dövrlər üzə güzəştli staj kimi qəbul etdiyi 8 il 1 ay 21 gün üzrə də güzəştli arayış təqdim edilməmişdir. Lakin həmin dövr cavabdeh tərəfindən nəzərə alınmışdır. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində ilk dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdə təyin edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıya aid məlumatların yerində dəqiqləşdirməsi zamanı iddiaçının kifayət qədər güzəştli staja malik olmaması halına istinad edərək, həm pensiya məbləğini azaltmış, həm də artıq pensiya məbləğinin ödənilməsini müəyyən etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya aid məlumatların yerində dəqiqləşdirməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin tələbinə də əməl etməmişdir. Belə ki, cavabdeh inzibati orqanın indiki halda istinad etdiyi hal iddiaçı barəsində əmək pensyasının ilk dəfə təyin olduğu vaxtda ona məlum olmuş, həmin vaxtda qeyd edilən hal aşkar olmuşdur, yəni 2009-cu ildən hazıradək iddiaçı tərəfindən hər hansı yeni sənəd və məlumat təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən həmin halın ona müvafiq qərarın qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçının pensiya təyinatının əsası ilə bağlı yanlışlığa yol verilməsi halına istinad etmişdir. Bu hal isə məhz iddiaçıya 2009-cu ildə pensiya təyin edilməsi zamanı da mövcud olmuşdur. İndiki halda isə cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münaisbətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının dayandırılması və ləğv edilməsinə dair qərarları qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2422/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar