Məhkəmə qərarları › İş №2-1(105)-296/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-296/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-296/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2- 1(118)-4115/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinə əsasən mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzildən ibarət mirasın Hüseynova (Dərvişova) Fəridə Lazu qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı 01 iyun 2023-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-333/2023 nömrəli iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəf kimi işə cəlb edilməmiş, məhkəmənin 15 fevral 2023-cü il tarixli qətnaməsi idarəyə daxil olmamış və üzərinə heç bir öhdəlik qoyulmamışdır. Müraciətin icrası səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası X5 məxsus olmuşdur. Atası 16 iyul 2007-ci il tarixdə vəfat etmiş, ölən günədək həmin mənzildə yaşamışdır. Atasının vəfatından sonra ondan miras qalmış həmin fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Buna görə də Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, atasından miras qalmış ünvan 3 ünvanında yerləşən 41 saylı mənzildən ibarət mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququna dair çıxarış verilməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı iddiaçının Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin aşkarlanmadığı, iddiaçının müraciətinin Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinin icrası barədə olduğu, lakin hazırki iddia ərizəsinin sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə olduğu müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkün sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-4115/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim:C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələbini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə yönəltsə də, həmin orqana eyni tələblə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun müraciəti Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 333/2023 nömrəli qətnaməsinin icrası ilə bağlı olmuşdur. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki tələblə bağlı iddiaçı tərəfindən cavabdehə müraciətin olmadığını əsas gətirərək iddianı mümkün saymamışdır. Hesab edir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, mübahisəli Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A ünvanda yerləşən 41 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət qədər hüquqmüəyyənedici sənədlər, o cümlədən, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsi olmasına baxmayaraq, cavabdeh müraciətinin icrasından imtina etmişdir. İmtina məktubunda qeyd olunanlar miras əmlakın iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmamasına əsas vermir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə baxan məhkəmə iddiaçı tərəfindən hazırki tələblə cavabdehə müraciət edilmədiyi, bununla da öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtinin ödənilməməsi əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntuya yol verilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İşdən görünür ki, mübahisələndirilən ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzil iddiaçının atası X4 xüsusi mülkiyyətində olmuş, L.B.Dərvişov 16 iyul 2007-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra iddiaçı həmin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsələr arasında mübahisə yarandığından iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinə əsasən mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzildən ibarət mirasın Hüseynova (Dərvişova) Fəridə Lazu qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Daha sonra iddiaçı 01 iyun 2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2023 nömrəli qətnaməsində cavabdehin üzərinə heç bir öhdəlik qoyulmadığını bildirərək müraciətin icrasından imtina etmişdir. Bundan sonra iddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə dair etirazında qeyd edilənlərlə razılaşaraq iddiaçının mənzil üzərində mülkiyyət hüququnun tanınmasına dair müraciətini nəzərə almamış və bu səbəbdən iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, işin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddiaçının hazırki iş üzrə hüquqi marağı məhkəmə qətnaməsi ilə tərəfindən qəbul edilmə faktının müəyyən edildiyi miras əmlak – hazırda mübahisələndirilən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınmasıdır. Hansı ki, cavabdeh orqana müraciəti zamanı da hüquqi marağı, eləcə də ərizənin məzmunu məhz bu formada olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmış və 8.0.4-cü maddədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları belə əsaslar qismində təsbit edilmişdir. Eləcə də, analoji norma Mülki Məcəllənin 139- 1.1.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətin olmasına dair iddianın mümkünlük şərtinin ödənildiyi müəyyən edilir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-4115/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar